Hamı bir-birini didməyə hazırdır - Sevda yazır...

Hamı bir-birini didməyə hazırdır - Sevda yazır...
24 fevral 2021
# 11:30

Kulis.az Sevda Sultanovanın “Azərbaycanlı oxucunun şüur defisiti” adlı yazısını təqdim edir.

Dəqiq yadımda deyil, hansısa sosial problem haqda məqalə yazmışdım. Kişi oxuculardan biri ünvanıma belə rəy yazmışdı: “Yaxşısı budur, siz mətbəxdə bozbaş bişirəsiz”. Rəy xoşuma gəlmişdi. Çünki oxucu konkret təklif verirdi. Daha didaktik danışıb zəhlə aparmır, söyüş söymür, özünü ağıllı göstərməkdən ötrü əndirəbadi cümlələr qurmur, psevdointellektuallıq etmirdi…

Sosial şəbəkələr yeni münasibətlər sistemi, yeni etik normalar, yeni trendlər meydana gətirdi. Və əlbəttə ki, yeni oxucu tipləri. Virtual kontaktın təklif olunmuş şərtlərinə görə, oxucu müəlliflə intensiv dialoqa girir, əksər hallarda isə oxucu-tamaşaçı rəyləri aqressiya, söyüşlə müşayiət olunur. Monitorinq aparılsa, güman ki, etik qaydalar, normal, polemik fikirlər söyüşlərin, təhqirlərin sayına, təmkin aqressiyaya uduzar.

Niyə bunlar baş verir? Niyə hamı qəzəbli, bir-birinin ətini didməyə hazır vəziyyətdədir? Bu suallara konkret, aydın cavablarım yoxdur. Çünki cəmiyyətin hansı ritmdə (geniş mənada) yaşamasının dəqiq mənzərəsini göstərmək – dəqiq, əhatəli sosioloji araşdırmalar, aqressiyanın arxasında dayanan hekayələri analiz edərək ümumləşdirmək əmək istəyir. Mən isə uzağı müşahidə və təxminlərimi, şəxsi təcrübəmi bölüşə bilərəm.

İş elə gətirib ki, cəmiyyətdə aqressiya çoxdandır sosial norma kimi təzahür edir. İnsanlar ən xırda problemlərinin həlli zamanı aqressiya nümayiş etdirməyə məcburdurlar. Əlbəttə ki, onları aqressiv davranışa təhrik edən ciddi səbəblər var. Səbəblərin başında çətin iqtisadi vəziyyət, məmur səhlənkarlığı, onun vətəndaşı iqnor etməsi gəlir.

Çox yaxında rastlaşdığım vəziyyətdir. Avtobusda gənc bir qadın telefonda məişət problemini həll etməyə çalışır, əsəbi səsi avtobusun salonuna yayılırdı. Söhbətdən anladım ki, mənzilinin qaz sayğacında nasazlıq yaranıb. Qadın, dəstəyin o başındakı adamı işinin öhdəsindən gələ bilməməkdə, boşuna maaş almaqda qınayırdı. Heç şübhə eləmirəm ki, qadının sərt və sərrast sözləri sərnişinlərin əksəriyyətinin ürəyindən tikan çıxarırdı. Bir də onu təsəvvür edin ki, elementar problemini məmur vecsizliyi üzündən həll edə bilməyən adam sosial şəbəkələrdə paylaşılan hansısa yazını oxuyub, və ya hansısa verilişə baxıb, emosional vəziyyətinin təsiri altında kimisə rahatlıqla söyə bilər. Onun aqressiyasını situativ nəticə hesab edərək bu tip oxucunu anlamaq mümkündür. Çünki hər birimiz lazım olmayan yerdə qəfildən emosional partlayış keçirə bilərik.

Düzdür, hər oxucu təhqirinin, söyüşünün arxasında necə bir şəxsi dram-faciənin, hansı motivlərin dayanması haqda məlumatlı olmasaq da, bütün hallarda yazılış tərzindən, intonasiyadan qərəzin olub-olmaması seziləndir.

Sosial şəbəkələrdə bir qayda olaraq, təhqiri leksikonunda normaya çevirən, provokativ vəziyyətlər yaradan daha çox trollardır: hakimiyyətin, müxalifətin, ayrı-ayrı partiya və şəxslərin trolları. Baş verənləri total nəzarətdə saxlayan trollar gizli kamera kimi sosial şəbəkələrin hər künc-bucağına bərkidiliblər. Ancaq əsas mövzu trollar olmadığından (çünki bu, ayrıca bir yazının mövzusudur) onlara xüsusi passaj ayırmaq istəmirəm.

Haqqında danışmaq istədiyim yayğın olan oxucu tipinin əlamətləri aşağıdakılardır: oxuduğu mətni anlamırlar, ya başlığı, ya da məqalədən bir-iki cümlə oxuyub fikir yürüdürlər, arqumentasiyaları arqumentsizlik, rişxənd, söyüşdür, ancaq öz görmək istədikləri, eşitmək istədikləri həqiqətləri görüb duyurlar. Mətn başqa şeydən danışır, onlar tamamilə fərqli şeydən. Polemika mədəniyyətləri sıfırdır, onlar üçün yalnız ağ və qara var, xeyir və şər var. Paranoyadan əziyyət çəkdiklərini ehtimal etmək olar, çünki onlara elə gəlir ki, reallıqdan müsbət söz deyən adam mütləq şəkildə hakimiyyətin sifarişini yerinə yetirir, onların diliylə desək, “satılıb”. Əllərində dəlil olmadan, ehtimallarını, konspiroloji fikirlərini fakt kimi irəli sürürlər, məlumatı olmadıqları hadisələr haqda mülahizələrinin dəqiqliyinə əmindirlər və s.

Əli Novruzovun AzLogosda yayımlanan “TikTokun Kralı” məqaləsinə görə, sosial şəbəkələrdə müəllifə aşağılayıcı rəylər gəlmişdi. Bir rəy diqqətimi çəkdi: “İnsan nə qədər vicdansız olar ki, Elmanı (millət vəkili Elman Nəsirov nəzərdə tutulur) tərifləyər”. Bunu yazan oxucu aydındır ki, məqaləni diqqətlə oxumayıb, oxuyubsa da anlamayıb, hər nədirsə ciddi problemi var. Çünki məqalədə E. Nəsirov təriflənməyib, əksinə sərt tənqid olunub.


“TikTokun Kralı” məqaləsinə gələn və absurdun, dəxlisizliyin dibinə vurmuş, şüursuzluq mücəssəməsi olan şərhlər.
Yaxud, sənətşünas Aliyə Dadaşovanın böyük publikası olan Əlixan Rəcəbovun “Luger” filmi haqda peşəkar tənqidi məqaləsinə gələn reaksiyalarda rasional yanaşma yoxdur: “Sən hakimiyyətə işləyirsən. Sən kimsən ki, Əlixanı tənqid edirsən?”. Yazıda isə sadə fikir ondan ibarətdir ki, bizim rejissorlar sosial problemlə istehlak münasibətlərini qarışıq salırlar, sosial problemin kökünü göstərə bilmədiyindən məsələyə səthi yanaşırlar.


Əminəm ki, yazım paylaşılanda ancaq başlığı oxuyub, ya mətndən nəsə anlamayıb söyüb, rişxəndli replikalar atanlar mütləq olacaq. Bütün hallarda onlara anlayış göstərmək, mərhəmətli olmaq, şəfqət və sevgi göstərmək lazımdır: çünki sivil adam kimi irad bildirmək, mədəni polemikaya girmək, arqument səsləndirmək şüur tələb edir. Və əgər quyuda heç vaxt su olmayıbsa, onu doldurmağa çalışmaq Sizif əməyidir.

/azlogos.eu/

# 2990 dəfə oxunub

Müəllifin son yazıları

# # #