Ramil Ağasıyevin “Mən Gəncəyəm” sənədli filmi adından göründüyü kimi ötən il Gəncədə baş vermiş terror aktlarına həsr olunmalıydı. Lakin filmin əsasında terrordan əziyyət çəkən insanlardan çox, aktyor Ziya Ağanın məni dayanır. Çünki 30 dəqiqəlik sənədli lent, Ziya Ağanın güman ki, xəyalında yaşatdığı, baş rolu oynamaq istədiyi hansısa filmin qaralamasıdır. Bütün səhnələrdə o, mərkəzdədir, əsas fiqurdur, qəhrəmandır. Terror aktı nəticəsində dağılmış binaların xarabalığında, şəhərin küçələrində, avtomobildə, mehmanxana nömrəsində kamera onu vurğulayır. Sadəcə, ilk səhnələrdən birində-fəryad qoparan qadının səhnəsini nəzərdə tuturam- necə olubsa, Ziya Ağa arxa plana düşüb.
Kimisə və ya hansısa hadisəni araşdırmaq üçün qəhrəmanın yola çıxması əsasında yüzlərlə bədii, sənədli film çəkilib. Və uzun bir yolçuluğa başlayan həmin qəhrəmanın konkret funksiyası olur, o, nəyisə araşdırır, hansısa hadisələrin, konfliktlərin içinə düşür, nəticə əldə edir və dəyişir. “Mən Gəncəyəm” filmində isə Ziyanın funksiyasının mahiyyəti anlaşılmır. Əslində, o, özü də bu filmdə hansı tapşırığı yerinə yetirməli olduğunu bilmir. Qısaca, onun hərəkət trayektoriyasını təsvir etməyə çalışacağam: bütün film boyu o, əlində fotoaparat rastına çıxan səhnələri, mənzərələri çəkir, kadrarxasından dekadent, lirik mətnlər səsləndirir, Tanrıyla İblis arasındakı əbədi haqq hesabın arasına girib, dərin fəlsəfi fikirlərə cəhd göstərir, arada Rodenin məşhur obrazı kimi əlini çənəsinə dayayıb, özünü dərin düşüncəyə dalmış kimi göstərir, avtomobildə, küçədə yol gedir (uzun, incə bir yolda intonasiyasında), mehmanxana pəncərəsindən onu tərk etmiş sevgilisini gözləyən romantik yeniyetmələr tək dalğın-dalğın baxır.
Şəhər sakinləri, terrordan zərərçəkmiş adamlarla dialoq qura, kameraya nədən danışacağını bilmir. Bir səhnədə xarabalıqda əşyalarını axtaran kişiyə asta-asta yanaşaraq, kömək lazım olub-olmadığını soruşur. Kişi çiyinlərini təəccüblə çəkərək, əlacsızlıqla “nə mənada kömək” dillənir. Doğrudan da, maraqlıdır, dünyası dağılmış adama konkret nə kimi kömək edə bilərdi o anda? Sakinlərə ünvanladığı “burda yaşayırdız, həmin gecə burdaydınız” tipli suallara dolğun cavablar ala bilmir.
Yaxud, mehmanxanada saçlarına sığal çəkərək, eynəyini taxıb (yəqin intellektual abu hava yaratmaq istəyir) kədərli ifadəylə kameraya ümumi söz yığnağından ibarət fikirlərini (“Mən Ziya istəməzdim Gəncəyə ilk dəfə belə bir hadisəyə görə gəlim, amma qismət belə oldu. Bu gün biz çalışdığımız qədər komandayla Gəncənin gözəl, maraqlı, yəni hətta deyərdim Bakıda belə görmədiyimiz gözəlliklərə sahib olan yerlərini çəkməyə ki, necə belə bir gözəl yeri, belə bir gözəl, hansısa binanı nəticədə də sənədli filmdə görəcəyiniz formaya salmaq olar”- cümlə redaktəsiz, olduğu kimi saxlanılır) bölüşür.
Mehmanxana demiş, sözügedən epizodların filmdəki təyinatı da qeyri müəyyəndir. İnsanlar evindən didərgin düşüb, qəhrəman isə rahat, isti mehmanxana nömrəsində, yataqda oturaraq faciə haqda tavtalogiya danışır. Bu kontrastı rejissor əsaslandırmır... Əgər çəkiliş prosesinin mətbəxini, arxa plandakı detallarını göstərmək və ya təəssüratı bölüşmək məqsədi güdürsə, seçilən məkan, ifadə vasitələri süjetin atmosferinə nəinki uyğun, etik belə deyil.
Bundan başqa, Ziyanın əlindən fotoaparat düşmürsə, o dramaturgiyada nəyəsə xidmət etməlidir. Başqa cür desək, süjetlə fotoapart arasında əlaqə qurulmur. Nəticədə o, sadəcə, rekvizit rolunu oynayır.
Ziya Ağa sənədli adlandırılan filmdə təbii ola bilmir, o, gerçəklikdən uzaq və üzündəki ifadəyədək saxtadır: dağılmış binanın qalıqları üzərində ehtiyatla yeriyən uşağa “yavaş, yıxılarsan balaca” qayğıkeşliyi də, tükənmiş, yorğunmuş ədasıyla gözlərini ovması da, asta, kədərli səslə danışması da, qəmli musiqinin müşayiəti ilə yerişi də, yaxın planlarda göstərilən qüssəli baxışı da... Bu, Gəncə faciəsi haqda film deyil. Bu, faciə hesabına özünü nümayiş, yapmacıq oyunuyla duyğuları istismara cəhddir. Bəlkə rejissor peşəkar olsaydı, misalçün, Ramil Ağasıyevin yerinə Mehriban Əlkəbərzadə kimi təcrübəli rejissor filmi çəksəydi, Ziya Ağaya çəki düzən verib, uyğun mizanlar, özünü ifadə vasitələri taparaq oyununa inandıra bilərdi.
Kadrarxası səsləndirdiyi bu mətn də Ziyanın aktyor eqosunu necəsə önə çəkməyindən doğur: “Qəfildən elə hadisələr baş verir ki, mənim varlığımın, həyatımın bir hissəsinə çevrilən səhnə birdən birə qapanır, bağlanır. Heç ağlıma gəlməyən səbəblərdən, virus, xəstəlik, pandemiya, daha sonra azadlıq mübarizəsi, qisas, qan qada... Görürəm ki, artıq özüm də hiss etmədən qaranlıq səhnəni tərk edib, obyektiv reallığın içinə düşmüşəm. Burda isə hər şey başqa cür imiş. Burda dekorları dəyişməklə həyatı dəyişmək olmur. Burda yorulub bezdiyin vaxt məşqi saxlaya bilmirsən” və s.
Hiss olunur ki, yaradıcı heyət çəkilişə konsepsiyasız, hazırlıqsız gedib, hadisəyə konkret necə nəzər nöqtəsindən baxmağı müəyyənləşdirə bilməyib, alınmayan, ideyasız improvizələrlə işləyib. Janrı belə bilinməyən “Mən Gəncəyəm” reallığa toxunmur, burda faciənin ağrısı duyulmur, gerçəkliyə başqa tərəfdən baxılmır. Gəncədəki terror aktları müxtəlif telekanalların reportajında təsirli, əhatəli əksini tapıbsa, o zaman hadisə haqda yeni söz deyə, rakurs tapa bilməyən bu sənədli filmin yararı nədədir?
Ötənlərdə Kino Evində rəssam rejissor Rəşad Babayevin “61 qram” bədii filmi göstərildi. Müəllif bir konserv qutusu üzərində təsirli, vizual hekayə qurur. Amma Gəncə faciəsi haqda müəlliflər ortaya normal film çıxara bilmirlər.
Sual isə budur ki, “Mən Gəncəyəm” Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas müsabiqəsinə necə düşüb və necə olub ki, münsiflər heyətinin diplomuna layiq görülüb?! Münsiflərdən biri Səlim Babullaoğlunun ədəbiyyat adamı olduğunu nəzərə alıb, ona necəsə bu səhvi keçmək olar. Bəs təcrübəli rejissor Elməddin Alıyev hansı meyarlarla filmə diplom verilməsində iştirak edib? Bəlkə bu, münsiflərdən biri, aktyor həmkarını dəstəkləmək istəyən Mehriban Zəkinin təsiriylə baş verib?