İzləmədiyiniz qeyri-adi, fərqli bir Azərbaycan filmi

İzləmədiyiniz qeyri-adi, fərqli bir Azərbaycan filmi
8 avqust 2019
# 09:00

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Yüz min manat” bədii televiziya filmini təqdim edirik.

Süjet: Əhvalatda bir neçə paralel süjet yer alıb. Bir süjetdə hadisə restoranda baş verir. Restoran müdirinin (Rövşən Kərimduxt) mafioza (Nadir Əbdülrəhimbəyov) yüz min manat borcu var. Borcun vaxtı yetişsə də, o, pulu qaytara bilmir. Müdirin borc istədiyi adamlar isə ona pul verməkdən imtina edirlər. Digər süjetin əsas personajları gənc sevgililərdir (Rüfət Əzimov, Güllər Kərimova), onlar rəqslə məşğuldurlar. Evlənmək istəyən cütlük, oğlanın ev şəraiti uyğun olmadığından toyu təxirə salmağa məcburdurlar. Başqa süjet restoran mühafizəçisi (Aymen Seldl), ofisiant (Anday Baxış) və aşpazdan (Xurşid Alparslan) bəhs edir. Onların hər üçü bir yerdə kirayədə qalır. Maddi imkanları yetərsiz olduğundan çox pul qazanmağın yollarını düşünürlər. Növbəti süjet yeni yaranmış musiqi qrupunun fəaliyyətindən bəhs edir. Sonuncu xətt isə mafiya başçısı və onun mühafizəçiləri olan iki qızla (Zülfiyyə Qurbanova və Rada Nəsibova) bağlıdır.

Restoran müdirinin borcunu qaytarmaq üçün tapdığı pulu ofisiant görür və pulu oğurlayır. Təsadüf elə gətirir ki, pul evlənmək istəyən gənclərin əlinə keçir…

“Yüz min manat” sosial komediyası 2009-cu ildə rejissor Cavid Təvəkkül tərəfindən çəkilib. Film İTV-in istehsalıdır.

Cavid Təvəkkül yeni nəsil istedadlı rejissorlarımızdan biridir. Onun “Əzizim Fellini”, Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkdiyi “Dərs” (digər həmmüəllif Rafiq Əliyev) son dövr milli kinomuzun az-çox uğurlu işlərindəndir.

Müəllif ilk baxışda əlaqəsi olmayan əhvalatları tədricən və təmkinlə bir-birinə bağlayır. Və günümüzün aktual məsələlərini, trendləri komik, absurd dillə təsvir edir. İlk epizod müxtəlif dillərdə teleproqramalardan fraqmentlərlə başlayır. Məlum olur ki, belə bir kollaj yerli telekanallardan birində canlı yayım vaxtı texniki səbəbdən baş verib. Və texniki nasazlığın baş verdiyi telestudiyada qonaq olan dindar, şair, modernist, qəzəlxan və müğənni yaratdıqları musiqi qrupunu tanıtmağa çalışırlar. Onların qrupu yaratmaqda əsas məqsədləri şou-biznesə daxil olaraq pul qazanmaqdır.

Bütün film boyu qrupun üzvləri arasındakı mənasız müzakirələr, mübahisələr yer alır. Və atmosfer etibarilə Mirzə Cəlilin “Sirkə”, “Nigarançılıq” hekayələrində cəfəng müzakirələr edən personajları xatırladır. Qrup üzvləri tədbirin keçiriləcəyi restoranda şarların asılıb-asılmamasına, geyim dükanında solistin çəkmə və ya qalstuk geyməsinə taleyüklü məsələ kimi yanaşır. Qrupda modernizmi təmsil edən gənc (Tural Baxış) isə qəzəlxana, aşığa qarşı çıxaraq postmodernist üslubu önə çəkir və şalvarsız çıxmağı təklif edir. Belə bir aniteza ilə rejissor güman ki, yeniliklə köhnəliyin toqquşmasından çox, anlayışların mahiyyətinə varmadan onların yerli-yersiz, dəb xatirinə istifadəsinə işarə edir.

Filmə baxanda bir daha əmin olursan ki, cəmiyyətdə dominant məsələ fərdlərin sosial, iqtisadi vəziyyətlərini yaxşılaşdırmağa çalışmalarıdır. Ofisiant ferma, aşpaz ayaqqabı dükanı, mühafizəçi futbol klubu açmaq, cütlük ev almaq üçün maliyyə tapa bilmir.

Onların bu arzuları reklam anturaji stilində vizuallaşdırılır.

Fasiləsiz musiqi yorucu olsa da, bəzi məqamlarda yerinə düşür. Gənc oğlan və qızın görüşü romantik musiqi fonunda təsvir olunsa da, görüş mahiyyətcə romantikadan uzaqdır, sosial problemlərin müzakirəsinə köklənib.

Finalda rejissor maraqlı fəndə əl atır. Guya Kventin Tarantino müsahibə verərək film haqda təəssüratlarını bölüşür. Rejissor onun dilindən filmin az büdcə ilə, qısa zamanda çəkildiyini anladır. Tarantinonun təkcə rejissor işini bəyənmədiyini deməsi isə rejissorun özünə ironiyası kimi səslənir.

# 2735 dəfə oxunub

Müəllifin son yazıları

# # #