Kulis.az “Əsl kino” layihəsində Amat Eskalantenin “Eli” və Fen Syaoqanın “Mən Pan Tszinlyan deyiləm” filmlərini təqdim edir.
Meksikalı rejissor Amat Eskalantenin premyerası 2013-cü ildə baş tutan “Eli” filmi Meksika, Niderland, Almaniya və Fransanın birgə istehsalıdır.
Süjet: Hadisələr Meksikanın kiçik bir şəhərində baş verir. Əsas qəhrəman Elinin (Armando Espitiya) on yeddi yaşı var. O, atası, bacısı, arvadı Sabrina (Linda Qonsales) və körpəsi ilə kasıb mənzildə yaşayır. Atası kimi o da avtomobil zavodunda işləyir. Bacısı 12 yaşlı Estela (Andrea Verqara) özündən yaşca böyük Alberto (Xuan Eduardo Palaşios) adlı gənclə görüşür. Polis akademiyasında təhsil alan Alberto pul əldə etmək üçün yüksək rütbəli zabitlərdən birinə məxsus olan kokaini oğurlayır və onu Estelaya evində gizlətməyi tapşırır. Təsadüfən kokaini tapan Eli onu suya tullayır.
Zabitin adamları Elinin evinə soxularaq atasını öldürür, Eli və bacısını qaçıraraq işgəncə verir. Hadisələr getdikcə amansız şəkil alır...
Film Kann festivalında ən yaxşı rejissor işinə layiq görülüb.
“Eli” psixoloji cəhətdən hazırlıqlı tamaşaçı üçündür. Burdakı psixoloji və fiziki zorakılıq səhnələri rejissorun epataj effekti yaratmasına hesablanmayıb. Əksinə dramaturji xətdə önəmli yer tutur və Meksikada geniş yayılmış narkotik alverinin, qətllərin səbəblərini araşdırır. Misalçün, Eliyə işgəncə verilən epizodda kiçik yaşlı uşaqlar amansız səhnəni rahatlıqla, sıradan bir şey kimi seyr edirlər. Uşaqlıqdan zombi kimi böyüdülən bu balacalar kəskin süjetli kompüter oyunları oynayır, kokainin dadına baxırlar. Və kiməsə gözləri qarşısında işgəncə verilməsi onların gündəlik həyat tərzidir. Müəllif bu filmdə faşizmin başqa formasını göstərir.
Narkotik alveri, onun qurbanları, cinayətkar dəstələr arasında qanlı mübarizə haqda müxtəlif filmlər çəkilir. Amma Eskalantenin nəqli effektli operator işinin, təsvir dərinliyinin, dəqiq psixoloji, sosial vurğuların, hekayəsinin strukturundakı maraqlı fəndlərin sayəsində məna miqyasını, bədii estetik əhəmiyyətini artırır.
İlk epizodda kamera təmkinli, ləng templə artıq işgəncələrə məruz qalmış iki kişiyə fokuslanır. Onları aparan maşın dayanır, cinsiyyət orqanı kəsilmiş, eybəcər hala salmış kişi meyiti şəhərciyin mərkəzindəki körpüdən asılır. Sonrakı epizodlarda öldürülənin Alberto olduğunu biləcəyik. Artıq ekspozisiyada müəllif şok epizodla hekayəsi haqda ipucu verir. Sonrakı səhnələr sosial dram kimi başlayır. Sakit həyat sürən, kasıb, məişət qayğıları olan ailənin taleyi gedişatda kriminal drama çevrilir. Estelanın zorlanmadan sonrakı susqunluğu, Elinin travmaları ilə hekayə finala doğru ünsiyyət böhranı, psixoloji qatda işlənir.
Dinc, əmin-amanlıq içərisində yaşayan şəhərciyin və onun qaranlıq dünyasında kriminal aləmin təsvirindəki ziddiyyətlə müəllif ölkənin mühüm problemlərinə güzgü tutur: polis guya narkotik alverinə qarşı mübarizə aparır və televiziyada bunu nümayiş etdirir, əslində isə o özü də cinayətkarlarla əlbirdir. Həkim Estelanın müayinəsi üçün çox pul istəyir. Ailənin sosial təminatı zəifdir. Zorakılıq burda adi haldır. Və Estelanın taleyi ilə kimsə maraqlanmır.
İnsanlar mövcud vəziyyətdə çarəsizcə yaşamaq məcburiyyətindədir. Bu vəziyyətdə onları ancaq sevgi, anlayış, dəstək xilas edə bilər.
***
Çin rejissoru Fen Syaoqanın 2016-cı ildə ekranlara çıxan “Mən Pan Tszinlyan deyiləm” filmi isə San Sebastyan festivalında Qızıl balıqqulağı mükafatına layiq görülüb.
Süjet: Kənd qadını Li (Fan Binbin) əri ilə məqsədli şəkildə boşanır. Boşanmaqda əsas məqsəd yerli hakimiyyətdən daha bir mənzil almaqdır. Bundan istifadə edən ər başqa birisi ilə evlənir. Və keçmiş arvadının “ləçər, fahişə” olması haqda dedi-qodu yayır. Bundan qeyzlənən qadın ədalət axtarışına çıxır və boşanmanın saxta olduğunun təsdiqinə nail olmaq istəyir. O, ədaləti bərpa etmək üçün məhkəməyə müraciət edir. Amma bütün məmurlar onun şikayətinə etinasız yanaşır. Qadın isə mübarizəni inadkarlıqla davam etdirir.
...Filmin ilk epziodunda Pan Tszinlyan adına aydınlıq gətirilir. Pan Tszinlyan 17 əsrdə yazılmış “Qızıl güldanda gavalı çiçəkləri” klassik romanının qəhrəmanıdır.
Qəhrəman Pan Tszinlyan ərdə olsa da məşuqələri var. Bu səbəbdən filmin adı ingiliscəyə “Mən madam Bovari deyiləm” kimi tərcümə olunub. Hamı şəhərdə Lini Pan Tszinlyana bənzədir. Bu isə qadını incidir.
Li 20 il bu boşanmanın saxta olduğunu sübut etmək üçün mübarizə aparır və bu mübarizə fonunda ölkədəki bürokratik əngəllərin, məmurların etinasızlığı, sosial həyatın satirik təsviri verilir. Başqa bir tərəfdən filmdə nəhəng şəhərdə tək qalan, qohumlarının belə öz məqsədləri üçün istifadə etdiyi fərdin tənhalığı ön plana çıxarılır.
Getdikcə Linin mübarizəsi onun həyatının tək mənasına çevrilir. Ədaləti bərqərar etməkdən çox o, prosesin özüylə yaşayır. Ərinin yol qəzasında ölümündən sonra Linin məhkəmələrə müraciəti üçün daha əsas qalmır. Artıq mübarizəsinin bitdiyini anlayan Li üçün həyat da anlamını itirir və o, intihar etmək istəyir.
Film müasir Çin yazıçısı Lyu Çjenyunun eyni adlı romanı əsasında çəkilib. Baş rolun ifaçısı Fan Binbin bu roluna görə San Sebastyan festivalında Gümüş balıqqulağı mükafatına layiq görülüb.