Yaqub Zurufçunun ikinci ayrılığı

Yaqub Zurufçunun ikinci ayrılığı
15 sentyabr 2021
# 11:20

Ömür nəğməyə bənzəyir.

Başlayır, zilə qalxır, bəmə enir, oxunur, çalınır və bitir.

Yaqub Zurufçu hər iki vətənin ürəyindən nisgilli nəğmə kimi ötdü.

Güneydən ayrılalı uzaq-uzaq ölkələrə getdi, dünyanı gəzdi, lakin bu, Azərbaycandan ayrılmaq yox, şam kimi onun başına dolanmaq idi.

Onu doğulduğu yerlərdən cüda salan da nəğmələr idi.

Öz nəğmələri!

Yiyə durmaq istədiyi nəğmələr.

Öz evində, öz ocağında oturub oxuya bilmədiyi nəğmələr...

Fürsət düşən kimi Bakıya qaçırdı.

Onu uzaq-uzaq ellərdə axtarıb, Bakıda tapırdıq.

Gözləmədiyimiz anda, gözləmədiyimiz ünvanda rastımıza çıxırdı.

Sanki iki Yaqub Zurufçu vardı və onlardan biri daima Bakıda yaşayırdı.

O Bakı ki, azad bir ölkənin paytaxtı olması üçün Yaqub Zurufçunun da zəhmətləri vardı.

Hələ üfüqdə görünən daha böyük arzuları demirəm: Təbrizin, Ərdəbilin, Xoyun, Əhərin xoş müjdələri...

Həmişə yaxşı olmur.

Tale arzulara çatmağı həmişə nəsib etmir.

Başa varanlara şükür, varmayanlara səbr etməkdən başqa əlimizdən nə gəlir?

Azad Azərbaycanı gördü, azad Şuşanı gördü.

Böyük işdir!

Bakıya gəlişləri kimi, dünyadan gedişi də gözlənilməz oldu.

Bədnam xəstəlik elə yerdən vurur, elə yerdən aparır, yatsan yuxuna girməz.

Mərhum şairimiz Tofiq Bayaramın misraları yadıma düşür:

Bu kobud əllərimlə sərhəd məftillərində
Bir muğamat çalaram, Azərbaycan deyəndə...

Diqqətlə baxanda sərhəd xətti doğrudan da tara bənzəyir: məftillər sim, dirəklər pərdə!

Yaqub Zurufçunun “Ayrılıq” mahnısına çəkdirdiyi klip həm də bu misraların vizual həllidir.

Bu elə ayrılıq mahnısıdır ki, milyonlarla əl çalır, milyonlarla dil oxuyur.

Bütöv Azərbaycanın uzun, lakin əbədi olmayan ayrılığına daha bir ayrılıq qoşuldu.

Əbədi bir ayrılıq!

Bircə təsəllimiz var: bu ayrılıq cismanidir!

Yaqub Zurufçu həmişə bizimlədir.

Ruhu şad olsun.

# 5340 dəfə oxunub

Müəllifin son yazıları

# # #