Seksdən yazan bacılar

Seksdən yazan bacılar
9 iyun 2014
# 11:47

Xatirimdədir, böyük və tənbəl kinoşünas Aygün Aslanlı bir dəfə “Kiss by kiss” adlı bir yazı yazmışdı. Söhbət, dünya kinosunun ən məşhur və ən çəkici öpüş səhnələrindən gedirdi. Açığı, bu yazıdan sonra heyranlıqla seyr etdiyim bir çox səhnələrdə çəkilən aktyor və aktrisalara yazığım gəldi.

Şübhəsiz dublun və ağız qoxusunun nə olduğunu bilənlər Aygünü asanlıqla anlayacaqlar. Üstəlik, bu “həsəd doğuran” proses böyük bir çəkiliş qrupunun qarşısında, güclü projektorların altında istəmədən baş verirsə...

Bu gün, çoxsaylı saytlar diqqət cəlb etmək üçün erotik, bəzən isə pornoqrafik mövzulara müraciət edir. Burax mədəniyyət-ədəbiyyat portallarını, hətta siyasi saytlar da bu cür yazı və xəbərləri manşet eləməkdən çəkinmir. Mövzu qıtlığı yarananda, yəni kimsə soyunmayanda, zorlama və təcavüz hadisələri baş verməyəndə və s. qəşəng bir bacı peyda olur, cazibədar fotoşəklini yanına qoymaq şərti ilə təxminən bu cür köşələr paylaşır: “Yengədən imtina edirəm”, “İlk toy axşamı...”, “Mən vətəndaş nigahındayam”, “Əsl seksin sirləri”, “Orqazm nədir?” və s. Ok. Bir etirazımız yox. Adamdır də, yazıb, istəmirsən, oxuma. Peşman olarsan belə yazıları tıklayasan: adam cümlə qura bilmir! Amma yazının oxunma sayı rekord qırır.

Bütün bunlar cəhənnəm! Müəllif bu cür yazılarla, hətta ciddi qələm adamları arasında tanınır, tezliklə populyarlaşır, özünə maraq yarada bilir. Tezliklə, onun fanatları, heyranları əmələ gəlir, çoxlu sevənlər peyda olur.

Gizlətməyək... Bu tendensiya ədəbiyyata da sirayət etməkdədir. Bu gün, mahiyyətində heç bir ciddi mətləb dayanmayan “paça ədəbiyyatı” formalaşmaqdadır. Halbuki dünya təcrübəsində bu cür çəkici mövzulardan yalnız əsas ideyaları təqdim etmək üçün vasitə kimi istifadə olunub. Bir yazının və bir əsərin məqsədi əsla və əsla şəhvət yaratmaq ola bilməz. Bunun üçün tibbi vasitələr var.

Bayaq Aygün Aslanlını havayı yerə xatırlamadım: mətləb peşəkar əlində estetik görünür!

# 7837 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #