20 noyabr gündəliyim – Şərif Ağayar yazır…

20 noyabr gündəliyim – Şərif Ağayar yazır…
20 noyabr 2019
# 21:01

Kulis.az Şərif Ağayarın “20 noyabr gündəliyim” yazısını təqdim edir.

İl 1989. Laçının Qarakeçdi kəndindən bizim kəndə - Ağbulağa gedirəm. Bu kəndlərin arasında “Qatar daşları” deyilən yer var. Yolun sağında və solunda qatar kimi uzanır. Daş qatarının arasındakı yolda həmişə güclü külək əsir. Yenə belədir. Külək ağzıma dolub məni boğur. Mən vecimə almadan oxuyuram:

Günahı yoxdu noyabrın...

Bu sözləri eşidən olsa, heç nə başa düzməz. Amma özüm nə oxuduğumu yaxşı bilirəm. Demək istəyirəm ki, təbiətin heç bir günahı yoxdur, bu vaxt dağlara qar düşməyibsə, Allaha min şükür.

Külək mənası yalnız özümə aid olan bu nəğməni gah ağzımdan çıxmağa qoymur, gah da ağzımdan alıb aparır. Gözlərim sulanır. Külək məni yaxalayıb aparmasın deyə, arxamı çevirirəm, ard-arda addımlayıram. Qarakeçdidə danışırlar ki, ermənilər hücum edə bilər. Camaat gizli-gizli silahlanır. İçimdə məchul bir səksəkə var. Oxuduğum mahnıyla həm də o səksəkəni ovuduram. İnanmaq istəyirəm ki, hər şey yaxşı olacaq.

İl 1991. Çobanam. Payızlığa düşmüşük. Ağcabədinin Boyat kəndində pambıq sahəsində qurduğumuz alaçıqda uzanmışam. Nəmişlikdir. Qəfil guppultu eşidilir. Qorxub dikəlirəm. Çoban yoldaşım deyir, yəqin bulud dağıdan toplardır, atırlar ki, yağış yağmasın. Deyirəm, axı yağış yağır artıq, havayı niyə atırlar? Yuxudan ayılır elə bil. Başını qaşıyır. Bu dəfə ikinci guppultu eşidilir. Sən demə, Qarakəndin üstündə vertolyotu vururmuşlar! Bunu sonra biləcəkdim. O atəşləri eşidirdim desəm də, heç kim inanmayacaqdı. Ordan-ora səs getməz deyəcəkdilər.

İl 2011. Yazıçı Rafiq Tağının bıçaqlanması xəbərini eşidirəm. Sarsılıram. Həyəcanlanıram. Təzyiqim qalxmasın deyə, cibimdən dərman çıxarıram. Dərmanı mənə Rafiq Tağı yazıb. Qiyməti də ucuzdur. Həmişə ala bilim deyə, xeyli düşünüb-daşınandan sonra yazmışdı. İndi mənə kömək edəcəkmi əcəba? Ömrümdə ilk dəfə bıçaqlanan həkimin yazdığı dərmanı atıram. Üstəlik sevdiyim bir yazıçının... Dostumun...

İl 2018. “Savalan” qrupunun rəhbəri Novruz Novruzlunun ölüm xəbərini oxuyuram. Gözlənilməzdir. İnana bilmirəm. Və elə bu xəbərin ağırlığından yola çıxıb, ömrümün bütün 20 noyabrlarını düşünürəm; yaddaşımda cəmi dörd detal var.

Doğrudan, mən Xocavənddəki açılan atəş səslərini Ağcabədidə necə eşitmişəm?

Rafiq Tağını niyə vurdular? Ona necə qıydılar?

Görəsən, “Qatar daşları”nda yenə külək əsirmi? Kimsə keçirmi ordan? Nəsə oxuyurmu?

Hava günəşli olsa da, arada külək əsir. Lap ağzıma da dolur. Ancaq heç nə oxumaq istəmirəm…

# 4033 dəfə oxunub

Müəllifin son yazıları

# # #