Öz gücünə 3 dil öyrənən azərbaycanlı: “Filmdə Nəsiminin dialoqları çox zəifdir”

Öz gücünə 3 dil öyrənən azərbaycanlı: “Filmdə Nəsiminin dialoqları çox zəifdir”
23 oktyabr 2019
# 09:01

Kulis.az bir müddət əvvəl “Nəsimi, Vəhdət-Vücud, Hürufilik” adlı essesi ilə maraq doğuran Emin Mustafa ilə müsahibəni təqdim edir.

- Mən bilən, bir neçə dil bilirsiniz...

- Hava limanında bir İrak şirkəti ilə işləyirəm. Gələn təyyarələrin hazırlıq prosesini həyata keçiririk. Danışıqlardı-filandı... Biz orda ərəb dilində danışırıq.

- Ərəbcəni necə öyrəndiniz?

- İl yarım Hacı Cavad məscidində mədrəsəyə getmişəm. Ərəb dilini bir az öyrəndim. Amma təbii ki, mükəmməl səviyyədə yox. Ondan sonra özüm davam etdirdim. Deyim ki, çox əziyyət çəkdim. Bəzən, çörəkpulunu kitaba verdim. İllərlə oxudum. Tanıyanlar şahiddir buna.

- Təxminən neçə il çəkdi öyrənmək prosesi?

- Mən indi də öyrənirəm.

- İndi ərəbcə nəsə yaza bilərsiniz?

- Lazım olsa yazaram.

- Bəs ingiliscəni necə öyrəndiniz?

- Həyat yoldaşım ingilisi dili müəlliməsidir. Evdə ondan öyrəndim əsasən. Ümumiyyətlə, mən dil öyrənməyə heç vaxt pul xərcləməmişəm.

- Bir də fars dili var işin içində...

- Hə. Biz ərəbcə öyrənəndə zatən farsca öyrənməli idik. Çünki başqa ədəbiyyat yox idi. Farscanı işlətməmişəm deyə, danışıqda çətinlik çəkə bilərəm, amma oxumaqda yaxşıyam. Məsələn, sizin sayta Nəsimi haqda məqalə yazanda bir çox mənbələrə fars dilində baxmışdım.

- Çox maraqlıdır. Demək, ərəb, ingilis və fars dillərini öz hesabınıza öyrənmisiniz.

- Bəli.

- Bəs təsəvvüfə marağınız hardan yarandı?

- Uşaqlıqdan əxlaqı sevən adam olmuşam. Əxlaq öz-özünə məni dinə, ordan da təsəvvüfə gətirdi. Misal üçün, Nəsimini öyrənməyə xüsusi vaxt sərf eləməmişəm. Mən ümumi yolu-ərkanı öyrənmişəm və hamı kimi Nəsimi də bu sistemə daxildir. Təsəvvüf özü şeirə aparır.

- Əxlaqdan dinə, dindən təsəvvüfə, təsəvvüfdən şeirə... Maraqlı səyahətdir...

- Hə. Lap əvvəl şəriətdə idim. Mənim üçün yalnız halal və haram vardı. Sonra hiss etdim ki, bildiklərim kafi deyil. Məncə, bu, insanın fitrətində olur. Belə götürəndə, şeir mənasında orta məktəb mənə heç nə vermədi. Təhsilimizin elə bir səviyyəsi yox idi. Nə yalan deyim, şeirin nə olduğunu orta məktəbdən sonra anladım.

- Adətən şəriətdən növbəti mərhələlər keçmək üçün adamın həyatında kimsə olur, onun təsiri ilə, belə deyək, bəsirət gözü açılır...

- Dayımın bir dostu vardı, ilahiyyatı bitirmişdi. Onun mənə təsiri çox oldu. Əvvəllərdə onun fikirləri mənə qəribə gəlirdi, qəbul etmirdim. Getdikcə anlamağa, özüm üçün kəşf etməyə başladım. Sən demə, çox dərin adammış.

- Mürşidiniz olub...

- İndi mürşid-mürid söhbəti o qədər aktual deyil, amma hardasa elə götürmək olar.

- Nə oxuyursunuz indi?

- Kitabxanamda hər mövzuda kitab var. Elmi, tarixi, psixoloji... İrfan ədəbiyyatı da çoxdur. Hamısını demirəm, bir hissəsini oxumuşam. Bəzilərini türk dilində oxuyuram. Çünki orijinalda - ərəb dilində olan kitablara əlim çatmır.

- Hürufilik haqda nə düşünürsünüz?

- Etiraf edim ki, hürufiliyə xüsusi marağım yoxdur. Əgər “vəhdət vücud” fəlsəfəsini bildinsə, təsəvvüfü bildinsə, hürufilik də onun içərisində gedir. Məncə, Fəzlullah Nəimi həmin dövrün dini boşluğuna görə hürufiliyi seçdi. Mən belə fikirləşirəm. Hürufilikdə çox böyük düşüncə bazası yoxdur.

- Bəs Nəsimi necə yetişdi?

- Nəsimi təkcə hürufi deyildi. O, xəlvətiyyə yolu keçmişdi. Çox şeyi də Həzrət Hüseyndən götürmüşdü. Xüsusən başını vermək məsələsini. Nəsimi öz yolunda başından keçməyə hazır idi və keçdi də.

- Bizim Nəsimişünasların yazdıqları ilə tanışsınız?

- Yox. Oxumamışam. Səadət Şıxıyevanın sizdə gedən müsahibəsini oxudum. Maraqlı idi. Firudin Qurbansoy isə daha çox mifə meyllənmişdi. Deyir, qəbri iki yerdə ola bilər. Bunun üçün bir az dəlil lazımdır.

- “Məhşər” romanını necə, oxumusunuz?

- Romanı oxumamışam, lakin filmə dəfələrlə baxmışam.

- Firudin Qurbansoy deyir, İsa Muğanna hürufiliyi dərindən bilmirdi, ona görə film zəif alınıb.

- Mən də razıyam. Nəsiminin dialoqları çox zəifdir orda. Sufilik, “vəhdət vücud” fəlsəfəsi açılmır. Amma sovet dövründə çəkilən film kimi təqdirəlayiqdir. İndi çəkilsə, tamam başqa şeylər çəkilməlidir.

- Belə düşünənlər də var ki, Nəsimi əslində Xaqani, Füzuli səviyyəsində şair deyil, sovet ideologiyası onu bir az böyüdüb.

- Füzuli həmişə bir nöqtəyə vurub, Nəsiminin şeirlərində pərakəndəlik var. Amma hamısının dərdi eşq dərdidir. Bu, “vəhdət vücud” fəlsəfəsinin özəyidir. Tanrı bir nurdur, yerdə qalanlar o nurun zərrələri. Mövlanəni oxumusunuz də. İlk misraları yadınızdadır?

- Dinlə neydən ki, hekayət etmədə

Ayrılıqlardan şikayət etmədə...

- Bizi qamışlıqdan ayırıblar-filan... Neyi insan bənzədir, içindəki bəndləri insan əzalarına.

- Bu mətləb Füzulidə də var:

Ney kimi hər dəm ki, bəzmi-vəslini yad eylərəm,

Ta nəfəs vardır quru cismimdə fəryad eylərəm.

- Eynən. Bunların hamısının mənbəyi eynidir. Bunlardan əvvəl Yunus Əmrə vardı...

- Bizim aşıqlarda da irfan güclüdür. Qurbani, Abbas Tufarqanlı, Açşıq Ələsgər...

- İrfan şairləridir, bəli. Nəsimi ilə Füzulinin fərqi bu idi ki, daha mürəkkəb, daha sirli danışırdılar.

- Quş dilində...

- Bəli. Füzulinin “Meyvələrin söhbəti” də odur. Bütün yaradılışların dilini bilmək.

- Bildiyim qədər, Mövlanədən də yazmaq istəyirsiniz.

- Hə. Mövlanənin ilk beytlərindən yazmaq fikrindəyəm. Yaxın günlərdə saytınıza göndərəcəyəm.

- Bayaqdan fikir verirəm, siz daha çox ərəb və fars dillərində oxuduqlarınızdan danışrısınız. Bəs ingilis?

- Qərb maddidir, Şərq mənəvi. Mənim üçün Şərq daha maraqlıdır.

- Sizcə Qərbdə mənəvi dəyərləri dərindən əks edən əsərlər yoxdur?

- Var. Əlbəttə. Mən ümumiləşdirib dedim.

- İngilis dilini daha çox hansı ehtiyacdan öyrəndiniz?

- Sivilizasiyadan kənar qalmamaq üçün.

- Bəlkə, Qərbə meylinizə din mane olur?

- Bizim indiki din, o deyil. Klassik qadağalarla çox örtülüb. Məncə şəriətdə ilişib qalmaq olmaz. Lakin biz şəriətdə ilişib qalanları da qınamırıq, çünki tutumu odur. Hər insan şəriəti adlaya bilmir. İradə və psixologiya məsələsidir. Kim haracan gedə bilər, oracan gedir.

- Müsahibə üçün sağ olun.

- Siz də sağ olun.

# 7032 dəfə oxunub

Müəllifin son yazıları

# # #