Nitsşenin öldürə bilmədiyi Allah – Şərif Ağayar yazır...

Nitsşenin öldürə bilmədiyi Allah – <span style="color:red;">Şərif Ağayar yazır...
23 yanvar 2018
# 11:12

Kulis.az Şərif Ağayarın Karen Armstronqun “Miflərin qısa tarixi” kitabı haqda yazdığı esseni təqdim edir.

Rayonların birində qadın qohumum yaşayırdı. Uşaqlığımız bir yerdə keçmişdi. Üzdən gözəl olsa da, nitqində kiçik qüsur var idi. Məktəb üzü görməmiş, savad almamışdı, dünyagörüşü geniş deyildi. Atası onu zorla ruhi xəstəliyi olan bir oğlana ərə vermişdi, qadın da daima ağlayırdı. Sonra tale onlara gözəl bir oğlan hədiyyə etdi. Çox yaxşı oxuyurdu. Bakıda qohumlarıgildə qalırdı. Neçə tərifnaməsi, diplomu vardı. Bir gün qəfil dünyasını dəyişdi. Adi bir qızdırmadan. Yasa mən də gedəsi oldum. Amma bir az gec getmişdim. Ona görə uşağın yaxınları, xüsusən anası ilə söhbətləşmək imkanım oldu.

Qadın dəli olmuşdu. Dözə bilmirdi. Hətta bir dəfə özünü yandırmaq da istəmişdi, qonşular təsadüfən bilib xilas etmişdilər. Gözdən qoymurdular. Məni görəndə oğluna aid əşyaları tökdü ortalığa və xeyli ağladı. Axırda da isterik təbəssümlə gülümsünüb dedi: “Onsuz da özümü öldürəcəm, həmişə yanımda olmurlar ki!”

Onu intihardan və həyata asilikdən çəkindirmək üçün çox çalışdım. Sözlərim ağlına batmırdı. Nə qədər isti danışsam da onun buza dönmüş qəlbinə təsir etmirdi. İmkan olsa, nəinki özünü, yeri-göyü oda verərdi.

Birdən necə oldusa, mənə dedi: “Eşitmişəm adam axar suyun üstündə danışanda ölən uşağı onu eşidir, doğrudur?”

Dəli oldum. Amma özümü tez ələ aldım. Qadının zəif yerini tapmışdım artıq. Başladım ona ruhdan danışmağa. Dedim, oğlun cismən ölsə də onun ruhu yaşayır, o, indi Tanrının hüzurundadır, sən nə desən, nə pıçıldasan, hətta ürəyindən nə keçirsən ona agah olur. Bir gün sən də dünyanı dəyişəndə oğlunun yanına gedəcəksən. Amma intiharla yox, Tanrı istəyəndə. İntihar eləsən, ruhun da öləcək və oğlunu bir daha görməyəcəksən. Sən oğluna görə özünü nə qədər incitsən, oğlun bir o qədər narahat olur, inciyir. Sən yaxşı olduqca o da rahatlayır. Əmin ol. İnan mənə. Biz qohumuq. Mən sənə yalan demərəm.

Qadın inanılmaz şəkildə rahatladı.

Sonralar qohumlar dedilər ki, o, sənə inanıb, əməlli-başlı özünə gəlib.

Bu əhvalatı yaza-yaza Volterin məşhur sözünü xatırladım: “Tanrı olmasa belə, onu uydurmaq lazım gəlir.”

Tanrı da, ruh da, digər dini-mifik təbəddülatlar da inandığın, əmin olduğun qədərdir.

Modernizm öz əməliylə, Fridrix Nitsşenin diliylə “Tanrını öldürdü”, lakin insanlığı xilas edə bilmədi. Əksinə, bir çox uğurlarla yanaşı böyük fəlakətlər törətdi. Təkcə İspaniyanın vətəndaş müharibəsində bir əməliyyat zamanı modern texnologiyanın köməyi ilə 1600-dən çox adam öldürüldü. İki dünya müharibəsi baş verdi. Atom fəlakəti yaşandı.

Tanrısız modernizm fiaskoya uğradı və dünya yeni bir mərhələyə - postmodern epoxaya qədəm qoydu.

Postmodernliyi mifsiz dünyagörüşü saymaq olmaz. Amma tam mif üzərində də qurulmayıb. Dövrün insanı tanrıya mənim qohumum qədər inanmır, ona o qədər təvəkkül etmir. Ancaq onun öldüyünə də Nitsşe qədər əmin deyil.

Bəşəriyyətin zaman-zaman miflərə münasibətini ümumi necə xarakterizə etmək olar? Suala cavab vermək şübhəsiz ki çətindir. Çünki bu, geniş araşdırmalar, böyük zəhmətlər tələb edir.

Amma bu araşdırma aparılıb və bu zəhmət çəkilib!

Bu araşdırmanın, bu zəhmətin bəhrəsini görmək üçün 110 səhifəlik balaca bir kitabı oxumaq, demək olar ki, yetərlidir. Karen Armstronqun “Mifin qısa tarixi” kitabını deyirəm... Kitab Azərbaycan dilinə də çevrilib və TEAS Press nəşriyyatında çap olunub. Tərcüməçisi dostumuz Yalçın İslamzadədir.

Dünya “mythos” (mif) və “logos” (loqos, məntiqli mühakimə, arqument) arasındakı münasibət üzərində qurulub. Mif hissləri, loqos ağlı simvolizə edir. Hisslərlə rasional mənada çox uzağa getmək olmur, ağıla hökmən ehtiyac duyulur. Lakin yalnız ağıl və məntiq də dünyanı axıracan izah edə bilmir.

K.Armstronq sübut edir ki, loqossuz yaşanmaq mümkün olmadığı kimi, mifsiz də həyat mümkün deyildir. İnsan oğlu yarandığı gündən indiyədək öz həyat və məişətinə uyğun miflər yaradıb, yaradır və yaradacaq və o miflərdə təsəlli tapıb, tapır və tapacaq. Çünki loqos ağıl və zəkanın ötəsinə adlamaq iqtidarında deyil.

Tamam, mitosu və loqosu bir sivilizasiyanın qoşa qanadı sayaq da rahatlayaq. Amma sorun burdadır ki, İspaniyada bir gündə 1600 adamı məhv edən loqos kimi mitosun da zərərli, təhlükəli tərəfləri var. Demək biz ağla bir az hissi yanaşdığımız kimi, hissə də bir az ağıllı yanaşmalıyıq. Mitosun və loqosun sərhədlərini çoxaltmalıyıq. Nəinki arasında uçurum qazmaq, ayrımçılıq salmaq…

Armstronqun fikrincə, bu işdə sənətin, eləcə də ədəbiyyatın müstəsna rolu vardır.

Necə ki, dahi rəssam Pablo Pikasso məşhur “Gernika” rəsmiylə həm adı gedən İspaniya qırğınına münasibət bildirmiş, həm də bütün dünyanı silkələyib düşünməyə vadar etmişdi. Pikassonun fırçasının ucunda mitosla loqos öpüşmüşdü, ona görə belə qeyri-adi nümunə yaranmışdı.

Dünyanın ən böyük problemi mitosun özünü loqos, loqosun özünü mitos kimi apardığı məqamlarda yaranır. Misal: bir molla Quran ayəsindən misal çəkib ona müasir elmdə əsas tapmağa çalışır və ya loqos əlinə bel götürüb Adəmin sümüklərini axtarır, tapmayanda onu qəti şəkildə inkar edir, mətn olaraq da, söz olaraq da, simvol olaraq da, təsəlli olaraq da qəbul etmək istəmir.

Rayonda yaşayan qohumumun təskinlik tapdığı Tanrıyla, İŞİD-in istinad edib uğrunda adam öldürdüyü Tanrı eyni məfhum deyil. Bunlar eyni olsalar belə, biz onları biri-birindən ayırmalı, ikincini Nitsşenin ixtiyarına verməliyik. Bu işdə bizə loqos – elm, ağıl, praktika, rasionallıq kömək edir. Amma biz loqos tərəfdarları çox da qızışıb qohumumun sığındığı Tanrının üstünə getməməliyik. Çünki min illərin təcrübəsi göstərir ki, onsuz yaşamaq çətindir.

Yazımı bu yaxınlarda şahidi olduğum bir əhvalatla bitirirəm. Qonşumun 4 yaşlı ağıllı bir uşağı var, pişikləri dəhşətli dərəcədə çox sevir. Hər görəndə qucaqlayıb bağrına basır. Di gəl, pişik tükünə allergiyası var. Həkim bu heyvanlarla hər cür ünsiyyətini qadağan edib. Amma uşaq! Beli üstə düşərmi? Efirdə, həyətdə, blokda pişik gördümü başlayır zar-zar ağlamağa. Axır atası çıxış yolunu tapdı. Uşağa bir nağıl danışdı. Biri varmış, biri yoxmuş bir kişi varmış, onun gözəl bir oğlu varmış. Oğlan çox ağıllı imiş, pişikləri də çox sevirmiş. Amma onlara əl vuran kimi xəstələnirmiş. Atası nə qədər çalışır, uşaq pişiklərdən əl çəkmir. Bir gün atası əsəbiləşir, harda pişik görürsə, başlayır boğazını xırç eləyib üzməyə. O qədər üzür-üzür ki, şəhərdə bir dənə də pişik qalmır.

Uşaq fikrə getdi. Dedi, ata, bəlkə, atası pişiklərin boğazını üzməsin, uşaq da atasına qulaq asıb onlara toxunmasın?

Atası “Əlbəttə, olar” – deyib nağılın finalını dəyişdi:

- O ağıllı oğlan atasına söz verir ki, bir daha pişikdən ötrü ağlamayacaq, görəndə onlara əl vurmayacaq, atası da pişiklərin boğazını üzmür.

Uşaq nağılın sonluğundan məmnun qalıb inanılmaz xoşbəxtliklə gülümsündü.

Çünki o, ağıl və düşüncə ilə (loqos) qərar verib, miflə (mitos) rahatlıq tapmışdı.

# 1440 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #