Salam Sarvan: “Adlarını siyahıda görməyəndə adama düşmən kəsilirlər” - SÖHBƏT

<b><span style="color:red;">Salam Sarvan:  “Adlarını siyahıda görməyəndə adama düşmən kəsilirlər” - <span style="color:red;">SÖHBƏT </b>
25 iyul 2017
# 12:23

Kulis.az Şərif Ağayarın Salam Sarvanla müsahibəsini təqdim edir.

– Salam bəy, son vaxtlar yaradıcılığınızda bir aktivlik müşahidə olunur. Həm yazırsınız, həm maraqlı tərcümələriniz yayımlanır, həm də oxuyursunuz. Sizcə, yaradıcı insan necə aktivləşir? Bu bir məhsuldarlıq mövsümüdür, yoxsa istənilən vaxt yaratmaq mümkündür?

– Bilirsən ki, Tərcümə Mərkəzində redaktoram. Yəni indi oxumaq həm də mənim işimdi, çörəyim oxumaqdan çıxır. Tərcümələri də qonorara görə edirəm. Amma burası da var: pul aldığım bu işlərdən həm də zövq alıram, nədən ki, ikisi də yaradıcılıqdı, əslində...

– Redaktorluq da?

– Sən özün dilə həssas adamsan, bilirsən ki, cümlə qurmaq asan məsələ deyil. Bəzən tərcümə mətnlərinin redaktəsində elə hallarla qarşılaşırsan ki, cümləni, doğrudan da, yaratmaq lazım gəlir. Söhbət qrammatik quruluşdan getmir ki. Cümləni dilin enerjisiylə yükləmək, dilin işığıyla nurlandırmaq, kontekstə uyğun dil qatlarını tapıb üzə çıxarmaq da redaktor işidi. Deyə bilmərəm ki, çox yaxşı redaktoram, amma sözün də şıltaqlığı var, o, bəzən adamdan gizlənə bilir: görürsən, hansısa söz dilimizdə, lüğətimizdə var, amma hansısa tərcüməçinin qabında yoxdu, o söz məhz hansısa redaktordadı, onu götürüb yerinə qoymağın bir ayrı həzzi var.

– Bodlerdən daha çox tərcümələr etdiniz. Niyə məhz bu imza? Daxili ehtiyacdanmı?

– Yox, daxili ehtiyac deyildi. Əslində, şeir tərcüməsinə Ukraynanın çağdaş şairlərindən başlamışam. Bu yaxında Tərcümə Mərkəzi həmin şairlərin antologiyasını çıxarmışdı, o kitabı Mahir Qarayevlə, Zahid Sarıtorpaqla birlikdə tərcümə eləmişik. Bodler də xüsusi seçimim olmayıb. Açığı, Bodlerin tərcüməsi əvvəl-əvvəl canımı sıxırdı, təxminən on şeirdən sonra şairin dünyasına girə bildim. Fransız simvolistlərində simvollar çox dərin qatlarda gizlənir, axtarmalısan, qazmalısan. Tərcümə prosesinin ilk baxışdan yorucu gəlməsi də bununla bağlıdı. Bu mənada Pol Valeri lap ağırdı.

– Ədəbiyyata ikinci dəfə gəlmək deyə, şərti bir anlayış var. Bunun, yəqin ki, hansı anlamda deyildiyini bilirsiniz. Söhbət ədəbiyyata yüksək erudisiya ilə gələn və sonra yaradıcılığında duğrunluq yaşayan qələm adamlarından gedir. Bəzən bu ikinci gəliş istedadlı müəlliflərə müyəssər olmur. Elə bil ilkin dövrdəki üstünlüklər onlara mane olur. Bu keçid dövründə faciələr yaşayan yazıçı-şairlər də olub. Sizin yaşadığınız, çox zaman mətbuatda və sosial şəbəkələrdə oxuculardan gizlətmədiyiniz gərginliklər ədəbiyyata “təzədən gəlmək”, özünü “keçməyə” çalışmaq ehtiyacından doğmur ki?

– Sualı elə qoyursan ki, çox mətləbləri xırdalamaq, çox sirləri açıb-tökmək lazım gəlir. Uzun söhbətdi bu. Əvvəla, nə qədər boynumuzdan atmaq istəsək də, şeirdə bir təbii fatallıq var, şair demiş, əllərini tale kimi adamın çiyninə qoyur, sənin yaşantılarını, həyat tərzini diktə eləyir. İstedad tək gəlmir axı, o, həm də özüylə bir xasiyyət gətirir adama. Belə adamlar vasvası olurlar, həssas olurlar, ortamdakı oyun qaydalarıyla qaynayıb-qarışa bilmirlər, praqmatik reallıqlarla dil tapa bilmirlər. Həm də vaxt gəlir, daşımadığın dəyərlərin içində yaşamaq azarı pristuplar verməyə başlayır. Kamil də deyilsən ki, metafizik rahatlıqda tapasan özünü. Belədə heçliyin-puçluğun, faniliyin duyğusu adamı bürüyür, tənhalıq girdabına düşürsən. Bunun da üstünə gəl həyatdakı “mənalarla” bağlı düşüncə depressiyasını – yəni hətta həyatımızdan keçən anlayışların məğzi-mənasıyla bağlı çaşqınlıqları, gözümüzün önündəki böyük kütləvi bəsitliklə qarşıdurmanı. Poeziyanın nəcibliyi insandakı qaba heyvani şəhvaniliklə əzablı şəkildə çulğaşıb. Bunu hiss eləmək ağırdı, bu vəziyyəti yaşamaq ondan da ağırdı. Adamın başına hava gələr. Yəni məncə, şeirlə bağlı deyil bu. Az-çox təcrübəm var, anlayıram ki, mənim indi ədəbiyyatdan gedən yaşımdı, “ikinci gəliş” barədə təsəvvürüm belə yoxdu. Hərçənd, öz ölçülərimlə bir roman yazmaq fikrim var, amma bu istək ölüm-dirim məsələsi deyil, yazmaya da bilərəm.

– Amma sizin həssas bir oxucunuz olaraq, başqalarından daha çox özünüzlə mübarizənizi, hətta mücadilənizi hiss edirəm. Sanki Azərbaycan şeirinə möhürünü qoymuş 30 yaşlarındakı Salam sizə nələrdəsə mane olur.

– Düz tutmusan, o mücadilə var, özü də getdikcə zəhlətökən hal alır. Ancaq yenə deyirəm, şeirlə bağlı məsələ deyil. Məsələn, mən indiyəcən içinə girdiyim çərçivələrin, buxovların fərqinə indi-indi varmaqdayam. Getdikcə bu qəliblər məni sıxmağa başlayır, nəfəsimi kəsir. Yadındadırsa, bu hissləri bir az dar tutumda şeirdə də yazmışdım: “Həyatımıza o qədər adam yığdıq ki, indi onların əlindən tənhalığa çəkilmək də olmur...” Bəlkə belə də demək olar ki, mənim ağlım indi-indi kəsməyə başlayır. İçimdə ibtidai hisslər oyanır və mən onun qarşısını kəsməklə məşğulam. Mücadilə dediyin də, hardasa, budu. Amma təfərrüatları çoxdu.

– Deyirlər, 30-dan, 40-dan sonra insanın içindəki şair keyfiyyət dəyişikliyinə uğrayır. Poetiklikdən müdrikliyə doğru meyllənmə yaranır. Siz bu dövrü necə yaşayırsınız?

– Heç bu barədə düşünməmişdim. Hər halda, ən yaxşı şairlərimizin çoxu 40 yaşa qədər ölüblər. Onçün də onlardakı sən deyən keyfiyyət dəyişikliyini izləyə bilməmişik. Bilmirəm, bəlkə də bu, ilahi nizamdı ki, şair 40 yaşdan sonra ölməlidi və ölür də. Yəni belə çıxır ki, biz həyatda salamat qalmışıqsa da, şeirdə ölmüşük. Görəsən, mənim 40-dan sonra yazdıqlarım nədi? Şeirdmi? Lal adam adi halda əl-qol hərəkətləri eləyirsə, sözdü, həmin əl-qol hərəkətlərini suda boğulduğu halda eləyirsə, instinktdi. Yəqin mənim 40-dan sonra yazdıqlarım da instinktdi, deyəsən, ədəbi şərtiliklərə aidiyyatı yoxdu bu şeirlərin. Amma bir sirr açım sənə: mən gənclikdəki şeirlərimi gülə-gülə yazırdım, yazı prosesində bütün varlığımı təbəssüm bürüyürdü, indisə şeir yazanda ağırlaşıram, kədərlənirəm, hətta kövrəlirəm də.

– Son vaxtlar sanki müasir imzaları da yenidən və daha əsaslı oxumağa, eyni zamanda etiraf etməyə başladınız. Əvvəl, inciməyin, çox eqoist görünürdünüz.

– Hamı bilir ki, Azərbaycanda minlərlə şeir yazanların içində beş-altı, lap yuxarısı, altı-yeddi imza var. Həmin imzaları istəsəm də, etiraf etməyə bilmərəm. Onlar talantdırlar, gözümüzün qabağında şimşək kimi çaxırlar, Rafiq Tağı demiş, yaşıl burulğan kimi tuturlar adamı. Düzdü, bir balaca vasvasılığım var, ancaq təkcə başqalarına qarşı yox, özümə də qarşı. Məsələn, bu aralarda əvvəlki kitablarımda getmiş 70 şeirin üstündən imzamı götürmək qərarına gəldim, onları bu yaxında çıxacaq “yeganə kitabıma” salmadım. Amma başqa məqam da var. Hə, axır vaxtlar adlar çəkəndə bir az ehtiyatlı davranmağa çalışıram. Çün minlərlə şeir yazan var, əksəri öz adını hansısa siyahıda görməyəndə adama düşmən də kəsilə bilir. Yəqin hiss eləmisən, hətta “like” məsələsi indi adamlar arasında münasibətləri sərt şəkildə tənzimləməkdədi. Bizə xırda görünən detallar kimlərçünsə həyat əhəmiyyətlidi. İndi mənim vəziyyətim bir az köntöydü, axır vaxtlar çoxlu düşmənlər qazanmışam və bu mənə xoş deyil. Ta bəsdi.

– Yetmiş şeirdən imtina... Üstəlik, artıq klassikaya çevrilmiş, az qala, hamının əzbərində olan şeirlərinizə də əl gəzdirirsiniz, bildiyim qədərilə. Bir zamanlar Vaqif Bayatlı Odər də belə etdi və Vaqif Cəbrayılzadəni sevən oxucuların etirazına səbəb oldu. Siz necə, bu mənada oxuculardan çəkinmirsiniz ki? Bir növ onların məhrəminə əl uzadırmışsınız kimi gəlir mənə.

– Belə baxanda, bir az absurd səslənir. Yəni nə deməkdi bu? Yazıdan imtina mexanizmi necə olur ki? Ev deyil ki, tikəndən sonra xoşuna gəlməyə, gedib uçurasan, vəssalam, daha heç kəs görməyəcək. O şeirlər ən azı internetin yaddaşında mənim imzamla həmişə var. Yəni bu imtina oxucularçün deyil, mənim özümçündü, mümkün qədər özümü artıq bildiyim yüklərdən boşaltmaq istəyirəm. Belədə rahat oluram bir az.

– Bəs səbəb? Nəyini artıq bildiniz o şeirlərin, nəyi xoşunuza gəlmədi?

– Cavanlıqda yazılan şeirlər həm də özünütəsdiq instinktiylə yaranır. Adam həm də özünəqədərki ənənələrə meydan oxumaq istəyir. Yaş ötdükcə nələrsə dəyişir və başlayırsan özünüinkara. Söhbət təkcə şeirlərdən getmir. Bir status da yazmışdım: keçmişə baxan kimi görürsən ki, bütün addımların səhv olub. Yəni söhbət hətta keçmiş yaşantılardan da imtina eləməkdən gedir, sadəcə, uşaqlığıma qayıdıb məftildən düzəltdiyim arabaların modelini dəyişmək imkanım yoxdu. Həm də biz bütün həyat süjetimizi bəri başdan yazıb qarşımıza kitab kimi qoymamışıq ki, bu “əsərdə” istədiyimiz vaxt otuz səhifə qabağa baxandan sonra qayıdıb indiki abzasımızı redaktə eləyə bilək. Amma şeirdə redaktə mümkündü, çün indi də əlinin altındadı. İndiki təfəkkürdən, təcrübədən baxanda görürəm ki, həmin yetmiş şeiri yazmamalıydım, ya da o cür yazmamalıydım. Bəlkə də beş ildən sonra indiki vəziyyətə baxıb 50 şeirdən də imtina edəcəm. Hətta bəlkə ömrün axırında yerdə qalanlardan da əlimi çəkib gedəcəm və məndən bircə dənə də şeir qalmayacaq. Hər halda, bu dünyada heç bir iz qoymadan əli cibində fit çala-çala ölüb getmək də ayıb bir şey deyil.

– Vaqif Bayatlıdan söz düşmüşkən, bir açıqlamanız oldu ki, Mədəniyyət Nazirliyinin verdiyi mükafat ona yox, mənə layiqdir. Bildiyimə görə, Vaqifi şair kimi də, insan kimi də çox sevirsiniz. Bu açıqlamanı bir az da açarsınızmı?

– Nəsə belə düşünürdüm ki, Vaqif Bayatlı sövdələşməylə keçirilmiş bir müsabiqənin mükafatını qəbul etməməliydi. Bu, mənim sevdiyim şairdən, sevdiyim insandan umacağım idi. Ola bilsin, statusdakı tərz “əndrəbadi” olub. Axı mən heç o müsabiqəyə kitab da göndərməmişdim, mükafata necə iddialı ola bilərdim?! Ümumən, indiyədək heç bir müsabiqəyə qatılmamışam, heç bir mükafata yazı göndərməmişəm. Cəmi bircə dəfə “Altay-Alp” mükafatı almışam, onu da 25 il qabaq Afaq Məsud “Yol” qəzetində çıxan silsiləyə görə Tərcümə Mərkəzinin adından verib, xəbərim olmadan, məni şəxsən tanımadan, rayonda yaşadığım vaxtda. O zaman Əlisəmid Kür bir səhifə şeirimi vermişdi orda. Sonradan bildim ki, mükafatçün adımın seçimində Ramiz Rövşənin də iştirakı olub... Yəni Vaqif müəllimə qarşı ərk eləmişdim, əslində. Yeri gəlib, qoy eyni ərklə ədəbi mühitin taleyini həll eləyən, ədəbiyyatla bağlı bütün tədbirlərin münsifində oturan dostlara da üz tutum: gözəl insanlar, sizi and verirəm inanclarınıza, ta bəsdi, bu boyda ədalətsizliklərin içində olmağı özünüzə rəva görməyin, bu boyda haqsızlıqların iştirakçısı və təşkilatçısı olmayın. Başınızı qaldırıb hərdən göy üzünə baxın, orda həm də ömrünüzün qürub nişanələri görünür, hamınız öləcəksiniz, dirilik suyu yoxdu bu dünyada. Başa düşürəm, bataqlıqda yaşayıb palçığa batmamaq mümkün deyil, amma barı topuğacan batmaqla kifayətlənin, boğazacan batmayın.

– Azərbaycanda keçirilən ədəbi müsabiqələrlə bağlı çoxu narazılıq edir, onların obyektivliyi şübhə altına alınır. Bəlkə, heç bu problemin köklü həlli mümkün deyil, necə düşünürsünüz?

– Bu məsələlərdən danışanda yanlış anlaşılır, elə bilirlər, mənim özümün ad, mükafat umacağım var. Nə deyim, qəliz məsələdi. İnsafən, hörmətli nazirimiz Əbülfəs Qarayev haqda zövqlü dostlardan yaxşı fikirlər eşitmişəm, deyirlər ki, mətn duyumu var, talantlı yazını bilir, zövqü adekvatdır. Ancaq nədənsə bu keyfiyyəti nazirliyin keçirdiyi müsabiqələrdə nəticəyə təsir göstərə bilmir. Görünür, münsiflərin seçiminə inanmalı olur. Ona görə də, ümumən, ədəbi müsabiqə keçirən qurumlar mexanizmi dəyişsələr, yaxşı olar. Məsələn, əgər müsabiqələr onsuz da sövdələşməylə keçirilirsə, yəni mükafatçıların adları bəri başdan məlumdursa, əsər qəbulu elanı verib camaatı əziyyətə salmasınlar, həmin “doğma imzaları” ədəbi prosesin içindən özləri ayırıb götürsünlər. Bu format dünya təcrübəsində də var, hərçənd oralarda seçim ədalətli olur. Ya da belə eləmək olar: madam ki, imkanlı adamlara mükafat verməyə dəhşətli ehtiyac var, onda eyni nominasiyanın adını imkanlı talantsıza versinlər, pulunu isə talantlı kasıba. Mənzərə təxminən belə olacaq: imkanlı adam, məsələn, “Qızıl yarpaq” mükafatının quruca diplomunu alacaq – ona da məhz bu status lazım idi ki, hər yerdə adının qabağına yazsın – kasıbasa bir yarpaq çəkisində, tutalım, beş-altı qram qızıl verəcəklər. Bu da bir variantdı, həm də Azərbaycan mühitinə ən uyğun variantdı.

– Gəlin, yaradıcılığınızın ikinci dövrü haqqında bir az əhatəli danışaq. Sirr deyil ki, bəziləri bu mərhələnin birinci dövrdən güclü olmadığını düşünür. Özünüz necə hesab edirsiniz?

– “İkinci dövr” nəyə deyirsən? Məncə, mənim yazdıqlarımın arasında sərt sərhəd olmayıb. Uzaqbaşı, onları yaradıcı ovqatın fərqliliyi ayırır: bayaq dedim axı, yazanda şeirin sarsıntısını hiss elədiyim vaxtlar və eləmədiyim vaxtlar. Hərçənd burda da maraqlı yanaşmalar var: bəziləri də son illərdə yazdıqlarımı daha güclü sayırlar. Belə baxanda, mənim öz yazılarıma münasibətim çox sadədi, fərqi yoxdu, hansı şeir nə vaxt yazılıb, onların hamısını bütövlükdə üç-dörd cümləylə təhlil eləyə bilirəm.

– Məsələn, necə?

– Bunu bir dəfə demişəm... Məncə, yazdığım şeirlər dağınıq düşüncə qatlarının, ruhun, ovqatın, hətta estetikliyin fərqli hallarının sayrışmalarıdır. Hər halda özüm belə hiss eləmişəm, mətbəximi belə görmüşəm. Məsələn, sənə misralar deyirəm:

Kəndiri rezinmiş dar ağacımın –

bəxtəvər başıma, hələ dartılır!..

Ana, məni basdırarsan

boyumu soxduğun yerə .

Dərdin doqquzuncu mərtəbəsində

bizim gözümüzdə saatnandı su

Bunlar ənənəvi şerimizi bir vaxtlar doldurmuş “ölüm”, “dərd”, “göz yaşı”, “sevgi” pafosuna ironi­yadı. Amma yaşantılardan yara­nan şeirlər də var. Məsələn:

Hər şeyi, hamını unutmaqla ölü kimi bir şeysən,

təkcə soyuducunun fasiləli səsidi

həyatı arabir yadına salan.

Elə məqamlar da var ki, həyatilikdən uzaq təxəy­yül kom­bi­nasiyalarıdı. Onları ədəbiyyat yuxuları da saymaq olar. Məsələn:

Öləsən …

Gözünü qapaya bir qız əlləri –

bu, sənin ilk qadın sığalın ola!

Elə şeirlər də var ki, müşahidələrin poetik sayrışmalarıdır:

Zibil qutularında hər gün

çörək tullantılarını yığan bomj

bu dəfə tullanmış solğun gülləri yığırdı

qadınına bağışlamaqçün.

Nəhayət, həm də söz texnikasının qabarıqlığı:

Sənə deyiləsi deyil

sənə deyiləsi sözüm

– Arada fəlsəfə ilə bağlı kitab hazırladığınızı söyləmişdiniz. Tərs kimi həmin vaxtlar filosof Ağalar Məmmədov da şeirdən danışırdı. Qəribə bir paradoks yaranmışdı.

– Fəlsəfə mənim yarımçıq papaqçılıqlarımdan biridi. Dörd il sərasər bu girdabın içində oldum. Mən, sadəcə, dünya fəlsəfəsiylə yaxından tanış olmaq istəyirdim, ancaq burulğan başqa yerə apardı. Azərbaycandilli mənbələrdən heç bir məlumat ala bilmirdim, ya başdansovduydu, ya da qəliz: eyni mətləbi Azərbaycan dilində oxuyub heç nə anlamırsan, rus mənbələrində başa düşürsən. Nəsə ağlıma gəldi ki, fəlsəfə tarixini anlaşıqlı dildə rus mənbələri əsasında əhatəli yazmaq lazımdı. Vəssalam, iş belə olub.

– “Yarımçıq papaqçılıqlarım” deyirsiz... Başqa xobbiniz də var?

– Çox olub. Bir ara videomontajı öyrənməyə başladım. Bir ara hətta kompüter proqramlaşdırmasına həvəsim yarandı. Bir il ərzində “Visual Basic” və “Delphi” proqramlaşdırma dillərinə girişdim. Bilənlər bilir, proqramlaşdırma dillərinin sayı 10-dan çoxdu, hərəsinin də özünəməxsus sintaksisi var. Hətta özümçün primitiv proqramlar da yaratmışdım: məsələn, sadə brauzer, şən budilnik, həmsöhbət proqram, oyunlar... İndi də başqa həvəsə gəlmişəm: tərcümə prosesində tipik yanlışlıqlar haqda kitabça yazmaq istəyirəm. Redaktor kimi qarşıladığım məqamlar üzərindən yəni.

– Bayaq “like” məsələsindən danışdınız. Hərdən mənə elə gəlir ki, sosial şəbəkələr, konkret facebook ən çox Salama ziyan vurur. Onun enerjisini, əsəbini alır, yaramaz adamların asan hədəfinə çevirir və s.

– Neyləməli? Sakit dayanmaq olmur. Düşünürsənsə, o düşüncəni hərdən dilə də gətirmək istəyirsən, bu da başqalarının dünyagörüşüylə toqquşur. Adamlardan qaçmaq mümkün deyil axı. Sən adamları görməməkçün avtobusdan imtina edib şəxsi maşın ala bilərsən, amma adamların obrazları onsuz da həmişə səninlədi, sənin düşüncə qatlarındadı. Düşüncəni toplumdan yayındırmaq alınmır. Düşüncə tənhalığı mümkün deyil. Əslində, feysbukdakı bütün konfliktlər kimlərləsə ümumi dil tapmaq ehtiyacındandı. Şərt deyil ki, hamı bir-birini mütləq başa düşsün. Yox, söhbət onda deyil. Sadəcə, istəməzdim belə çıxsın ki, biz ayrı-ayrı dillərdə bir-birimizi anlamırıq. Barı biz bir-birimizi eyni dildə anlamayaq, barı anlaşılmazlıqlarımıza bir ümumi dil tapaq. Heç olmasa, bura qədər yaxınlaşaq barı.

– Ümumiyyətlə, facebook haqqında nə düşünürsünüz? Burda fəallıq şairdən nə alır, nə verir?

– Açığı, texnologiyanın basqısına mehriban baxa bilmirəm. Sıçrayışlar məni diksindirir. Bir az ləngərli həyatı sevirəm. Şam işığındakı, at üstündəki yaşayışın mümkünlüyü tarixdən məlumdu. Eqoist olmayaq, hələ bilmək olmaz ki, hansı dövrdə yaşamaq daha maraqlı olub: xəbərin çaparla çatdırıldığı vaxtlarda, yoxsa radioyla çatdırıldığı vaxtlarda. Təbiiliyin itməsinin harası yaxşıdı ki? Ocaq tüstüsü yoxa çıxır, mətbəxdə nə qədər avadanlıq olar, qardaş?! Bundandı ki, xörəyimiz də dəmir dadır. Mən hələ də o hissiyyatdayam ki, həyatın duzu anamın əliylə paltarı yuyub-sıxıb-sərməsindəydi. Bir azdan insanlar öz yaratdıqları əşyaların ünsiyyətinə kənardan baxmalı olacaqlar. Özü də, texnologiya həyatı asanlaşdırmır, əksinə, getdikcə çətinləşdirir, gərginliyi artırır. Virtual aləm də bu mənada zərərli sıçrayışlardan biridi. Bax da, indi biz yalnız xəbərçün yaşayırıq, gözləntilərimiz də yalnız təzə xəbər gözləntisidi. Əslində, bu, yaşayış deyil, məhz xəbər istehsal eləməkdi – həyatımızın qayəsi, mahiyyəti bu qədər daralıb, bu qədər mexanikləşib yəni. “İnformasiya əsri” deyilən bir bəla. Cansıxıcıdı. Amma bu, gedişatdı, durdurmaq olmaz, uyğunlaşmaqdan başqa yolumuz yoxdu.

– Yeni yazanlar haqqında düşünmüsünüzmü? Aqşin Yeniseydən sonra şeirimizdə nə baş verir? Kimlər var və sizcə hara doğru gedirik?

– Düzdü, həmişə deyirik ki, ədəbiyyat futbol meydançası deyil ki, oraya komanda şəklində gələsən, hər kəs ədəbiyyata tək gəlir. Amma burda bir əmma. Ki, “torpaq yetişdirir” düsturunda həqiqət payı olduğu kimi, “dövr yetişdirir” qənaətində də doğrular var. Məsələn, hər şair poeziyaya öz düşüncə tərzini, öz havasını-intonasiyasını, öz ekzistensial yaşantılarını gətirir. Amma bu yaşantılar həm də hansısa dövrün reallıqlarının içindən keçir axı, o səbəbdən də konkret dövrün sosial-psixoloji ovqatını da özünə hopdurur. Ümumən, Azərbaycan ədəbiyyatının son 50-60 ilinə eləcə əlini alnının üstünə qoyub uzaqdan baxan kimi zamanın izlərini aydın görürsən. Məsələn, 40-50-ci illər ədəbiyyatının hətta romantizmi də sosromantizm idi. Obrazların iç yaşantılarında da ideoloji sistem, ictimai kompleks vardı. Yəni başdan-ayağa sosial pafos. 60-70-cı illərdə siyasi həyatda bir balaca yumşalma gedən kimi ədəbiyyatda “sovet insanı” kollektiv obrazından çıxıb fərdə çevrildi. Şeir də, nəsr də zərbəçi insandan nəzərlərini yayındırıb, onun daxili dünyasının dərin qatlarına, mənəvi mahiyyətinə baxmağa başladı. Əsərlərdə cəmiyyət həyatı artıq “ictimai quruluş” kimi deyil, “əxlaqi sistem” kimi göründü. 80-ci illərdə ədəbiyyat, daha çox, cəmiyyətin neqativ-pozitiv qarşıdurmasını verməyə başladı. 90-cı illərdə vəziyyət tamam ayrıydı. Hər şey dağılırdı: imperiya dağılırdı, ictimai quruluş dağılırdı, ideologiya dağılırdı. Bir keçid dövrü yəni. Kapitalizmə keçid, təzə əlifbaya keçid, sərhədsiz informasiya məkanına keçid, virtuallığa keçid... Gördün, ədəbiyyatda nə baş verdi? O da başladı dağıtmağa. Şeirə dekonstruksiyanın, ironiya axınının gəlməsi, məncə, bununla bağlıydı. Aqşingilin nəsli maraqlı gəldi. Şeirdə də, nəsrdə də, publisistikada da... Ancaq 2000-cilər sayılan Aqşingil də, onlardan sonrakı 2010-cular da, əslində, 90-cı illərin ovqatının içindədilər. Bu üç nəsli eyni zamanın gərginliyi birləşdirir. Amma Aqşindən sonrakılarda bir şey nisbətən qabarıqdı: qloballaşma, internet uşaqlarıdı onlar. Poetik ağılları kəsən kimi gördülər ki, vay-vaay, artıq istehlak cəmiyyətində yaşayırlar, ona görə də insan həyatının, özü də düşünən insan həyatının mənasızlığı, çıxılmazlıq hissi hədəfə gəldi. Həndəvərdəki mənəvi-ruhani boşluğun təzyiqindən idi bu. İroniklikdən sentimentallığa, oynaqlıqdan ləngərə keçid də bu səbəbdəndi, məncə.

– Bir az da köşə yazılarınızdan danışaq. O yazılarda şəkilçilərdən istifadə etməməyinizi bəziləri tənqid də eləmişdi...

– Əslində, bu tərzi publisistikada yeni dəst-xətt sayanlar da vardı. Amma elə deyil, mən təzə heç nə icad eləməmişdim, sadəcə, şeirin texnikasını publisistikaya gətirmişdim. Məsələn, biz şeirdə “Qaşların çərpələngdir, kipriklərin oxdur...” əvəzinə belə yazırıq da: “Qaşların çərpələng, kipriklərin ox...” Yəni şəkilçilərə ehtiyac duyulmur burda. Eyni texnikanı publisistikaya yönəldəndə də maraqlı alınır. “Məlumdur” əvəzinə “məlum” yazırsan, vəssalam. Bu, həm də sürət dövründə, oxucunun konkretliyə qaçdığı dövrdə informasiyanı daha sürətlə çatdırmaq deməkdi. Etiraz eləyənlər dilin qaydalarını əsas gətirirdilər. Deyirdilər, bu qaydaları pozmaq olmaz. Nə demək? Bu mövzuda mübahisəyə ərinirəm. Həm də heç axır vaxtlar köşə də yazmıram axı.

– Son illərdə elə bir şeiriniz varmı ki, istədiyiniz kimi alınmayıb, gizlətmisiniz çapdan?

– Beş-altı dənə olar.

– Birini paylaşa bilərsinizmi bizimlə? Elə-belə, maraq üçün...

– Geri dön qabağına qara pişik çıxanda...
Geri dön o pişik arxanca baxanda...
Geri dön üstündə payızın şimşəyi çaxanda...
Geri dön üstünə yağışlar yağanda...
Geri dön o yağış suyuna qoşulub axanda...

# 2468 dəfə oxunub

Müəllifin son yazıları

# # #