#

Eşidirsənsə, əlimi sıx!

Sərdar Amin, yazar

Sərdar Amin, yazar

25 aprel 2023
# 12:00

Kulis.az Sərdar Aminin yeni yazısını təqdim edir.

Görəsən, bütün atalar atam kimi ölür?

Belə ölürsə, atası sağ olanların hamısı yazıqdı. Onların hələ atası öləcək.

Məni heç vaxt qucaqlayıb öpməmişdi, sevgisinin nə boyda olduğunu ilk dəfə həmin iyunda başa düşdüm...

Bir azdan leysan yağacaqdı, bəlkə də qaratoyuq bu leysanı hiss etdiyinə görə tut ağacımıza naqolay qondu, bəlkə də leysana qədər balalarına tut aparmaq üçün tələsdi, alt paltarında gəzən uşağa yaxalandı...

Həmin leysan yuvada sarı ağzını var gücüylə açan üç ətcə balanın içinə dolacaqdı...

Həmin qaratoyuq öldürdüyüm ilk qanlı canlı idi. Qabağıma düşən kimi sevindim. Atam qaratoyuğu əlinə götürəndə onun da sevinəcəyini düşündüm, ancaq bircə kəlmə dedi:

“Bax e...”

Atam gözlərimə baxırdı, ancaq məni görmürdü, neyləyəcəyini düşünürdü. İlk dəfə idi mənə belə baxırdı. Qorxdum.

Anama tərəf döndü:

- Burda yuvası olan ana qaratoyuğu öldürdü.

Qaçıb tövlənin dalında gizləndim. Ağlamağım gəldi.

Bütün kənd uşaqları quş vurub sevinirdi. Mən də ilk quşumu vurmuşdum.

Atam o qaratoyuğu mənə günah yazılmasın deyə bişirib yedi.

*

Bakıdan rayona gedən yolda dostum Səfiyar hər nə qədər məni uzaqlara aparsa da, fikrim bacımın telefondan eşitdiyim səsində, həmin cümlələrin yanında qalmışdı:

- Papa yaxşı deyil. Mama deyir, bir tərəfi tərpənmir, nəsə danışır, başa düşülmür.

Həmin ilk üç gün ki var idi, atamın sağalacağına inanırdım, həkimlər bir ağızdan dedi ki, ümid yoxdu, yerdə qalan altı günü də ha dedilər ki, ümid artır, bu dəfə mən inanmadım.

Ağ xalatlarının cibinə göy, sarı, çəhrayı kağızlar qoymaqdan başqa nəsə bacarmırdım. Bir də deyirdim, mən burdayam, divarın o tayında, it kimi orda gözləyirəm.

Hər səhər tibb bacılarının foyeyə çıxıb adımı çağırmağını gözləyirdim, əl boyda resepti qapıb təngnəfəs aptekə qaçırdım.

Həmin üç günə qədər atam nəsə danışırdı, bəzilərini başa düşürdüm:

“Sənə əziyyət oldu...”

“Məni burdan çıxar...”

“Bura xaraba qalsın...”

Mənsə elə hey deyirdim ki, papa, bu dəfə də ölmədin, hər şey keçdi, həkimlər deyir, təhlükə yoxdu, sağalırsan.

Yalanı azərbaycanca deyirdim ki, bəlkə ləzgi tibb bacıları başa düşməyə.

Üç gündən sonra atam susdu, gözlərini yumdu. Aramızdakı yeganə ünsiyyət belə idi; danışırdım, ona günü, saatı, sağalacağını deyirdim, axırda da dəqiqləşdirirdim: papa, eşidirsənsə, əlimi sıx! Sıxırdı. Bəsim idi.

O soyuq qış günlərində Günəş şəfəqlərini xəstəxananın foyesinə ilan zəhəri kimi qusurdu. O foyenin səhər-axşam sap-sarı saralan pəncərələrindən zəhləm gedirdi. Doqquz gün orda qaldım.

Reanimasiya xəstəxananın sonuncu – dördüncü mərtəbəsindədir, bu mərtəbənin foyesindən baxanda yuxarı ilan kimi qıvrılan daha bir pilləkən var və bu pilləkən bacımı narahat eləyirdi:

- Bura dördmərtəbəlidi, bəs bu pilləkən hara qalxır?

Mən belə suallar çox eşitmişəm, insan ən dəhşətli anlarda ən mənasız şeylərlə maraqlanır; necə ki, Kamyunun yad qəhrəmanı məhkəmədə öz edam hökmünü eşidə-eşidə çöldə çığıran dondurmasatan uşağı düşünür. Necə ki, dar ağacı qabağında başına torba keçirilən Dostoyevski öncə dördnala çapılan at səsi uydurur, sonra o səsi böyüdüb müşahidəçiyə çevirir, həmin çapar onun həyatını xilas edir.

Bacım da elə idi, onun bu sualına gülümsəməsəm, o da pilləkəni ilana oxşadardı.

Ölümündən sonra onu nə vaxt istəsəm, yuxuda görürəm, ancaq hər görəndə bircə kəlmə deyir:

“Aman bala, niyə ağlayırsan?”

- Papa, elə danışırsan, guya mənim ağlamaqdan ötrü ürəyim gedir.

İndi istədiyim gecə yuxuda gördüyüm atamı onda görmək üçün aramızda bircə divar var idi, divarın da qapısı var idi. Mən ağxalatlıların cibinə rəngli kağızlar doldurduqca atamı görə bilirdim, üstündən aylar, illər keçəndən sonra ən yaxşı halda haqqında yaza biləcəyim atamın ilıq əllərini tuta bilirdim, o da əlimi sıxa bilirdi.

Bu ağxalatlıları qınamırdım, bir neçə gün sonra can verəcək bu kişi onlar üçün səksən yeddi yaşlı bir qoca idi, ancaq onlar bilmirdi ki, bu qocanın əlləri...

Anamın evi yığışdırdığı, döşəmə sildiyi, efirdə sovet simfoniyalarının səsləndiyi bazar səhərləri atam həmin əlini mənə açardı. Ağlamağımı dayandırıb dirijorumun əlinin ardınca gedərdim. O əl mənə yaşıl qaranlıqlarda qəhvəyi çubuqlardan hörülmüş qaratoyuq yuvalarını, bu yuvaların içindəki firuzəyi yumurtaları göstərərdi. Sonra havada yellənib kiməsə salam verərdi.

Mən doğulanda əlli üç yaşı olub, həmin böyük, ilıq ovcunda böyümüşəm.

Bütün kənd uşaqları kimi utana-utana sinfimizin ən gözəl qızını sevirdim. Bacım da hər dəfə mənlə dalaşanda bərkdən qızın adını deyirdi. Atam eşidəndə yerə girirdim.

Bir gün tərəvəzdə çubuqdan şişə çəkdiyi qarğıdalı kababanı yeyirdim. Ocağa baxa-baxa dedi:

- Babası sağ olsaydı, o qızı deyərdim səninçün.

*

Mən xəstəxananın foyesinə süzülən həmin şüaları başqa heç nəyə bənzədə bilmirəm, elə ilan zəhəri kimi idi, üstümə axırdı, mürgüləyirdim.

Birdən bacımın dediyi pilləkən məni də narahat elədi. Astadan qalxıb pilləkənə getdim. Axşam idi, foyedə, dəhlizdə kimsə qalmamışdı, beşinci mərtəbəyə qalxırdım. Bu ilan kimi qıvrılan pilləkənin başından xoş sədalar, ilıq hava gəlirdi. Pilləkənin qıvrılan yerinə çatanda aşağı sallanan yamyaşıl yarpaqları gördüm. Yuxarı sarmaşıqla dolu idi. Atam sapı işıldayan çomağı ilə qarpız yarpağını qaldırıb altında gizlədiyi balaca qarpızı Mahmuda, Mövluda göstərirdi, sonra üçü də dönüb mənə baxdı.

Mürgülədiyim yerdən qalxıb ağlaya-ağlaya reanimasiyaya qaçdım. Hə, atamı elə indicə süni nəfəs aparatına qoşmuşdular. Həkim əlcəklərini çıxara-çıxara başını buladı:

- Can verirdi, aparata qoşdum. Bilirsən də, bu aparat nədir?

- Bilirəm. Nəfəsi üstündə evə çatdıra bilərik?

- Şlanqı çıxarmasaq, bəlkə çatar. Ancaq söz vermirəm.

- Papa, kəndə girdik.

Əlimi sıxır.

- Papa, məhəlləmizə çatdıq.

Əlimi sıxır.

İtimiz hürür, iki dəfə əlimi sıxır.

Papa, evimizdəyik, son altı gündə ilk dəfə gözlərini açır, hər yerə baxır, mənə də baxır, ancaq heç nə görmür. Bu baxışlar mənə çox tanışdı. Son dəfə idi mənə belə baxırdı. Və yenə qorxdum, yenə ağladım. Nəyisə düz eləməmişdim. Hardansa yağan leysan bu dəfə atamın boğazına doldu.

*

- Papa, cənnət bostanında yarpaq altında yenə balaca qarpızlar gizlə, çox uzaqda deyiləm, divarın bu tayında. İt kimi gözləyirəm. Onlar yetişənə mən də gələcəm.

Eşidirsənsə, əlimi sıx!

qafqazinfo

# 2943 dəfə oxunub

Müəllifin son yazıları

# # #