Sovet senzurasını ələ salan Azərbaycan filmi

Sovet senzurasını ələ salan Azərbaycan filmi
13 aprel 2021
# 11:57

Sovet dönəmində incəsənət nümunələrimizdə milli, dini elementlərin axtarışı çox adama yersiz görünür. Çünki, təxminən 70 illik müddət ərzində bir neçə müstəvidə belə məqamlara qarşı hakimiyyət səviyyəsində ciddi mübarizə aparılıb; görk olaraq, 1930-cu illərdə müxtəlif ölkələrdə ziyalılar sürgün edilib, güllələnib və toplumlar vahid ideologiya altında birləşdirilib.

Daha sonra ədəbiyyatda, filmdə cücərmək istəyən milli, dini, əks-ideoloji istəklər də senzura vasitəsilə beşikdəcə boğulub.

Sovet “qılıncının iki tərəfi də kəsdiyi” bir dönəmdə – 1975-ci ildə çəkilmiş bir filmdə açıq-aşkar dini motivlər, Allaha, cənnətə, göndərmələr ilk baxışdan inandırıcı görünmür. Ən təəccüblüsü isə üstündən 40 il ötməsinə baxmayaraq bu gün də həmin filmin batini simasını üzə çıxaran bir fikir söylənməyib.

Söhbət 1975-ci ildə kinorejissor Arif Babayevin quruluş verdiyi, ssenarisi Alla Axudovaya məxsus “Alma almaya bənzər” filmindən gedir.

Əslində, bu film heç sovet Azərbaycanı filmləri silsiləsində öndə gedən filmlərdən də sayılmır. Çünki sovet adamı o qədər reallıqla çulğalanmışdı ki, onun qarşısına alternativ cərəyanlara aid ciddi sənət nümunəsi çıxsa belə, ona ağız büzüb keçirdi. Ortadoksal sovet tamaşaçısının ağız büzdüyü filmlərdən olub “Alma Almaya bənzər”.

Hər şey kəndin adı – Cənnətməkan və buradan çıxan alma ilə başlayır.

Cənnət alma əslində çox şeyi deyir.

“Ne kurit, ne sorit” lövhəsinin düz yanında oturub siqaret tüstülədən iki nəfər əslində cənnətin qadağasını pozan insan övladına işarədir. Özü də bu hadisə kənddə “duz-çörək Həsən” kimi tanınan şəxsin idarəsində.

Cənnətməkan kəndi və “duz çörək Həsən”…

Cənnətməkandan ayrılan sürücü Qurban və onunla yol yoldaşı olan Mədinə…
Titrlərdə qeyd olunur: “Duz çörək qurbanı”.

Filmin fabulası hər kəsə bəllidir; bu yazı SSRİ senzuraçılarının gözündən pərdə asmaq üçün düşünülən süjet xətti, yəni, filmin səthi mənası deyil, onun batini ifadəsi haqqındadır.

Cənnətməkandan ayrılan sürücüyə “duz çörək” Həsən deyir ki, “İki dənə almaya görə duz çörəyi tapdamayacaqsan ki”. Beləcə “bu dünyaya”, yəni rayona yola düşən sürücü özüylə bərabər almanı da gətirir. Alma da nə alma, tumsuz alma. (“İxlas” surəsində Allahın təsviri: “O, nə doğmuş, nə də doğulmuşdur”.)

Alma rayona çatan kimi bazarda hər şey ədalətlə həll olunmağa başlayır. Bazarın sahibi satıcılardan birindən soruşur: “Manat yarımlıq almanı niyə 50 qəpiyə satırsan?” Satıcı cavab verir: “Özüm də bilmirəm bu nə möcüzədir, manat yarım demək istəyirəm, ağzımdan 50 qəpik çıxır”.

Hansı ki, almanın real qiyməti bazarda 50 qəpik olmalıdır. Tumsuz alma bazara gələn kimi şişirdilmiş qiymət möcüzəli şəkildə əriyir.

Elə həmin satıcının 7 qızı var, arvadı 8-ci uşağın ağrısı ilə xəstəxanaya aparılır. Bəs görəsən, bu kişinin qızlarının sayı niyə 7-dir?

İlahi təsvvürlərdə Allah dünyanı 6 günə yaradıb, 7-ci gün boşluqdur. 8-ci gün isə əksər mədəniyyətlərdə yeni gün, yeni mərhələ kimi qəbul olunur. Hamilə qadın möcüzəvi almanı yedikdən sonra 8-ci uşağı oğlan doğulur.

Yoldaşının doğmasını gözləyən kişiləri göstərən kadrda, arxa fonda saat 8-dir, 9-a işləyib. Doğuşu gözləyən atalardan biri dillənir:

“- Bu haqq hesab uzun çəkir?”

8-ci uşağı doğulacaq kişi cavab verir:

“ - O daha bizdən asıllı deyil”.

Rejissor filmin birinci qatında onu deyir ki, yəni doğan qadındır, kişilərdən heç nə asılı deyil. Amma səhnənin alt qatında ciddi mesaj var:

“8-ci günün, yeniliyin doğuluşu insan iradəsindən kənardır”.

Filmdəki orta məktəb müəllimi (Aişə rolunda İnarə Quliyeva) ortodoksal sovet vətəndaşıdır – materialist təfəkkürlü, görmədiyinə inanmayan bir adam... Müəllim qaydalarla hər şeyin izahını verir. Ancaq toxumsuz alma bu izahı məhv edir. Yəni, hər şeyin qaydalarla tənzimlənmədiyini göstərir. Kərimovun yediyi almadan toxum çıxmadıqda, əvvəlcə müəllim əsəbiləşir, sonra heyrətlə əlavə edir:

“Toxumsuz almalar olduğunu eşitmişdim, amma gözümlə görməmişdim”.

Filmdə əsl həngamə möcüzəvi alma alimə təqdim ediləndə baş verir. Vasvası sovet aliminin timsalında materializmin bəsit nümayəndələri, elmdən kənarda heç bir şübhə saxlamayan insanlar ifşa olunur. Filmdə alim almanın toxumsuz olduğunun fərqinə belə varmır. Materializmin bariz nümayəndəsi kimi möcüzədən yan keçib almanın qurdu ilə maraqlanır:

“Qurdun başı nə rəngdə idi?”

Alim tumsuz almanı şirəçəkən aparata atıb suyunu çıxarır: “99 faiz şirə, bir faiz tullantı”. (“Əraf” surəsi, 180-cı ayə. «Allahın 100-dən bir əskik, yəni 99 adı var)

Bezdirici alimdən boğaza yığılan ixtiraçı Nadir baba (Hüseynağa Sadıqov) və Mehdi (Fazil Salayev) yenidən kəndə qayıdır. Yolda dincələn zaman Mehdi gileylənir: “Biri toxum istəyir, biri alma qurdu istəyir...

Biri sıxıb suyunu çıxarır. Bəs alma, alma heç kəsə lazım deyil?!” – deyib əllərini göyə açır. Növbəti planda buludlu səma, buludların arasında günəş görünür.

Filmin növbəti səhnələrində cənnətə qayıdış çox maraqlı simvol, kodlarla təqdim olunur.

Filmdə orijinallıqla təsvir olunan məqamlardan biri də cənnətdən ayrı düşən insan övladının ilk vətəninin xiffətini çəkməsi, xatirələrin həmişə reallıqdan daha gözəl olması, maraqlı dialoq üzərində göstərilməsidir. Məsələn, Cənnətməkanda Qurbanla Mədinə arasında belə dialoq olur:

“- Yaman çərənləyirsən ha!

- Niyə, ərə getməmişəm deyə səsimi də əlimdən alan deyilsiz ki?”

Amma sonradan Qurban bu dialoqu xatırlayarkən vulqar sözlər dialoqdan çıxır, ifadələr daha gözəl sözlərlə xatırlanır:

“- Çox danışırsan ha!

- Niyə danışmayım, elçi qabağına çıxmamışam ki, lal-dinməz oturum”.

Əslində, filmdəki adlara da diqqət etsək, çox şey aydın olur: Qurban, Aişə, Mehdi, Mədinə, KƏRİMov, Məmmədəli və s.

İlk kadrdan sona qədər partlamamış minaya bənzəyən bu filmin adı da Allah bilir nədən xəbər verir: Alma almaya bənzər...

# 4440 dəfə oxunub

Müəllifin son yazıları

# # #