Karantinin ən məşhur toyu

Karantinin ən məşhur toyu
1 sentyabr 2020
# 09:17

Uşaqlıda hər dəfə Motsartın “Fiqaronun toyu” operasının adını eşidəndə elə bilirdim söhbət füqəranın toyundan gedir. Sonra Əzim Əzimzadənin “Varlı toyu”, “Yoxsul toyu” rəsm əsərləri ilə tanış olanda bir daha anladım ki, bu toy çox ciddi məsələdir.

İlin-günün bu vaxtı Azərbaycanda qlobal bir hadisənin – “pandemiya-karantin” buludunun toy üzərindən parçalanması təsadüfi deyil. Bu təkcə “varlı toyu, kasıb toyu”, “bizə olmaz, sizə olar” məsələsi deyil, bunun altında olduqca ciddi şüuraltı abidə yatır.

Amma əvvəlcə onu deməyə borcluyuq ki, elimizin toy kimi bir adəti var və bu adət yarı xoş, yarı zor xalqımızın kult halına gətirə bildiyi ən böyük hadisədir. Min illərlə yaşı olan toy Azərbaycanda industriya halına almış yeganə adətdir.

Azərbaycanda toy təkcə iki adamın qovuşmasının qeyd mərasimi deyil, böyük bir sosial çarxdır. Karantin günlərində toyların qadağan olunması bu çarxın kimlərin dəyirmanına su tökdüyünü, bu mexanizmin hərəkətə gəlməsi sayəsində hansı sosial təbəqə nümayəndələrinin əli çörəyə çatdığını aydın göstərdi.

Diqqət edək: bir restoranda keçirilən toy ümumilikdə Azərbaycana necə təsir edir?

- Gözəllik salonlarında eyni toya görə 100-dən artıq qadın bəzənir...

- Paltar mağazalarından eyni gündə 100-dən artıq don və kostyum alınır...

- Orta hesabla 100-ə yaxın taksi eyni toya qonaqların gətirilməsi, aparılmasında iştirak edir. (Toydan sonra ayıq sürücü xidmətinə də ehtiyac olur)

- Gəlinlik donu, gəlinlik maşını, atəşfəşanlıq, gül, tort, şampun...

- Qızıl!

- Cehizlik üçün alınan min çeşiddə əşya (nəzərə alın ki, Azərbaycanda bu da bir bəhsə-bəhs oyunudur və qız valideynləri bu prosesə minlərlə pul xərcləyir)

- Restoranda istifadə olunan spirtli içkilər də daxil olmaqla bütün qidaların istehsalçıları və satışını həyata keçirən tərəflər... (Bunun bir başı gedib kənddə qoyun, cöngə bəsləyən Mahmud kişiyə çıxır).

- Restoran sahibi, ofisiantlar, operator, fotoqraf, müğənni, ansambl, rəqqas, aşgətirən, şalvardan dovşan çıxaran və s.

İnanın, sadalandıqca uzanan bir zəncirdir və onun son halqasını müəyyən etmək mümkün deyil. Bir də toy bir müddət əvvəldən planlaşdırılan hadisə olduğundan əksər Azərbaycan kişisi həmin gün xüsusilə səxavətli və centlmen olur, qarşısına çıxan hər kəsə ənam verir. (Gör, sənin toyunda neyləyəcəm!” əhdi)

Toy aktı təkcə sosial çarxı hərəkətə gətirmir, bunun ictimai, mənəvi, individual tərəfləri də çoxdur. Toy meydançası həm də festival, bayram, teatr, kinoteatr, piknik, səyahət kimi tədbirləri funksional olmayan bir toplum üçün gözəllik, əzələ, istedad nümayişi meydanıdır, kütləvi tribunadır. Analar öz ərlik qızlarını toyda gün üzünə çıxarır. Boşanmış qadınlar ikinci ər diqqətinə tuş gəlməyi toylardan umur. Oğlanlar, kişilər burda rəqs edib, tost deyib, dava salıb öz məharətlərini nümayiş edə bilirlər.

Toy həm də xalqımızın kütləvi stress atdığı əyləncə sektorudur; qərbdə barlarda, diskotekalarda edilən kef, Azərbaycanda toy zamanı baş tutur.

Qısası, tam əminliklə deyə bilərik ki, bu gün TOY bir gəlinlik lenti kimi, bu və ya digər şəkildə, hamımızın həyatından keçir.

“Mən toyumu yaşıllıqda, 10-15 əzizimlə bir yerdə edəcəm, dəbdəbədən zəhləm gedir”, deyən yüzlərlə oğlan görmüşəm ki, sonradan bu böyük çarxa təslim olmaq zorunda qalıb, tər axıda-axıda “Qudam, ay qudam”a da oynayıb, yengə ilə bir maşında deyə-gülə evinə də gedib. Olub bir evin kişisi.

Bu böyük çarxla zarafat etmək olmaz!

Qəti!

Əzər keçər!

Bununla məzə qılmaq istəyən şəxslərin aqibətinə az sonra qayıdacam.

İnanın, dünyanın ən böyük mədəniyyət industriyası sayılan Hollivud kino sənayesi, o böyük büdcəli filmlərin çəkiliş meydançasında gedən proses zənciri belə bizim toylardakı qədər rəngarəng, çoxhalqalı deyil.

Özü özünü yaradan və ayaqda saxlayan bu nəhəng çarx əslində həsədlə baxdığımız bir sektordur. Biz – mədəniyyət adamları bu böyük hadisəyə həmişə təəssüf və heyrətlə baxmışıq. Çünki Azərbaycanda kütləvi xitab forması kimi yaranan mədəniyyət hadisələri - kino, teatr, ədəbiyyat toy kimi kulta çevrilə bilmədi. Dünyanın işıqlı ölkələrinin mayakı olan bu sahələr Azərbaycanda nəinki toy, heç ciyəraxşamı qədər funksionallıq qazanmadı.

Məntiqlə düşünəndə, az əvvəl sadaladığım mədəniyyət hadisələrinin daha böyük rezonans doğurmalı olduğunu görürük, çünki kitabın, filmin mərkəzində böyük bir dünya, heyrətamiz estetika dayanır. Toya səbəb olan hadisə isə lokaldan lokaldır: “Fərhad kişinin oğlu ilə Ağamirzə dayının qızı bundan sonra bir evdə yaşayacaq!”.

Təəssüf ki, bizdə baş verən əksər hadisələr kimi toy mexanizminin də bu qədər funksional olmasında təməl məntiq axtarmaq nəticə vermir.

Yeniyetməlik od-alovunun səngiməsindən sonra hər birimiz dərk edirik ki, Azərbaycanda toy təməli illər əvvəl bərkimiş – kimin üçünsə çox sevimli, kimin üçünsə arzuolunmaz bir kultdur. Bu kulta qarşı açıq savaşa çıxmaq Don Kixotluqdur.

Düzdür, son illər bəzi gənclər fərdi münasibət göstərərək öz toylarını bu dəbdəbəli çarxdan kənarda tuta bilir ki, elə toya qarşı ən yaxşı mübarizə üsulu da bu, sadə, səmimi, xoş atmosferli məclislərin nümunəyə çevrilməsidir.

Amma toy kultuna qarşı kütləvi çağırışlar, bu adətlə məzələnmək insanlara baha başa gəlir.

Qayıdaq dünyada tətbiq olunan karantin və bu karantinin gətirdiyi kütləvi psixozun, etirazların Azərbaycanda toy üzərindən partlamasına...

Burada təkzibedilməz bir şüuraltı olay var: bizi toydan ayırmaq mümkündür, amma toyu bizdən ayrı salmaq əsla!

Toy Azərbaycan xalqının taleyidir!

Sərt karantin zamanı müxtəlif ölkələrdə müxtəlif səpkidə hadisələr baş verdi: Gürcüstanda dini liderlər “Pikap”larla şəhəri müqəddəs su şırnağına qərq etdi, Türkiyədə toplum etiraz edib kütləvi namazları bərpa etdi, ABŞ-da bəzi iş adamları etiraz aksiyaları keçirərək müəyyən məhdudiyyətlər qoyulmaqla öz iş yerlərinin fəaliyyətini bərpa etdi...

Azərbaycanda isə karantin ərəfəsində baş verən ən ciddi hadisə məlum toy olayı oldu. Təəssüf ki, həmin olay ictimaiyyət tərəfindən Tovuz döyüşlərindən az müzakirə edilmədi.

Əvvəldə qeyd etdiyim kimi, məlum toy hadisəsinin cəmiyyətdə ciddi rezonans doğurmasının səbəbi təkcə “bizə olmaz, məmurlara olar?” sualı deyildi, insanları həm də min illik çörək ağacının – toyun adına toplantı deyilməsi qıcıqlandırmışdı!

Bax, bunu eləmək olmazdı.

Toy toydur!

Xalqımızın öz əlilə qurduğu bu böyük sənayenin nəinki özünü, hətta adını da dəyişmək bağışlanmır!

# 4443 dəfə oxunub

Müəllifin son yazıları

# # #