İki dəqiqə iyirmi saniyə... Bu müddət Niyaməddin Musayevin məşhur “Dünya sənin, dünya mənim, dünya heç kimin...” mahnısının girişidir. Mahnını bu girişdən düz iki dəqiqə iyirmi saniyə sonra başlayır oxumağa Niyaməddin.
Hətta bu mahnını ifa etdiyi bir mötəbər məclisdə – o məclisin videoyazısını yəqin ki, hamınız izləmisiniz, hansı ki, orada prezidentdən başlamış, indi bu dünyada olan və olmayan onlarla məşhur var – Niyaməddin Musayev 2 dəqiqə 20 saniyə bitəndən sonra da mahnıya gecikir... Niyaməddin Musayevin mahnılarından ən çox mütəəssir olan adam elə özüdü. "Dünya sənin, dünya mənim, dünya heç kimin" sözlərini onun qədər içdən duyan ikinci adamın varlığına inanmıram. Niyaməddin öz yollarına döşənmiş, özünə körpü olmuş sənətkardır.
Sanballı poeziya mahnıya gəlmir, çünki şeirin öz nəğməsi olur, şairin nəğməsi ilə bəstəkarın zümzüməsi uzlaşmayanda alınmır ki alınmır. Niyaməddin Musayev Məmməd Arazın məşhur şeirini o qədər öznünküləşdirib ki, şeirin nəğməsini tutmaq olmur. Elə bil, Məmməd Araz bu şeiri yazanda Niyaməddin Musayev yanında durub bu mahnını zümzümə edib.
Bunu səs analizçiləri daha dəqiq bilər, amma biz də duyuruq ki, Niyaməddin Musayev səs ölçülərinə görə vərəq üzərində bir çox həmkarına uduza bilər, amma bu nə sehrdirsə, o balaca səslə ifa etdiyi mahnılarını heç kəs təkrarlaya bilmir. “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısını xeyli müğənni oxuyur, ancaq heç kəs Niyaməddinin ifasına çata bilmir.
“Atları yəhərləyin” filminin soundtreklərindən olan “Anama deyin...” mahnısını ifa edən şəxsin Niyaməddin Musayev olduğunu uzun illər sonra bilmişəm. Bizim dövrün uşaqları göz açandan onu estradada görmüşük, uzun illər xanəndəlik etdiyini bilməmişik. Hansı ki, 1968-ci ildə o, “Muğam-68” festivalının qalibi olub. Təvazökarlığı ucbatından nə həmkarları, nə də kütlə tərəfindən lazımi diqqəti almadığından çoxumuz Niyaməddin Musayevin Azərbaycanda milli estradanın əsasını qoyan şəxs olduğunu bilmirik.
Çox az adamlardandır ki, haqqındakı bütün lətifələr sənəti, imici və yazımın qayəsi olan novatorluğu ilə bağlıdır.
Toyların birində Canəli Əkbərovla birgə muğam oxuyurmuş. Niyaməddin bəmdə mahir olduğundan Canəli hər mikrofon əlinə keçəndə bilərəkdən zilə qalxır, Niyaməddinin işini çətinə salırmış. Bununla belə toyda daha çox sevilən tərəf Niyaməddin imiş. Məclisdə keflənən silahlı bir adam dəfələrlə musiqiçilərə yaxınlaşıb Niyaməddinə hörmət əlaməti olaraq onlara pul verir. Hər dəfə də tapançasını çıxardaraq Niyaməddinə “sənin xətrinə dəyəni güllələyərəm” – deyir. Xeyli belə get-gəldən sonra həmin adam Niyaməddinə yaxınlaşıb fikrini konkretləşdirir:
- Mənə xətrinə dəyən birini göstər, bu dəqiqə güllələyim!
Niyaməddin həyəcanlansa da, özünü itirmir. Onu növbəti dəfə zilə çəkməyə hazırlaşan Canəlini göstərib deyir:
- Vur bunu, canım qurtarsın!
“Niyaməddin effekti” kimi bildiyimiz qəribə səs effektlərini çıxaran cihazlar, deyilənə görə, Azərbaycanda ilk dəfə Rəşid Behbudovun ansamblında olub. Rəşid Behbudov 1960-cı illərdə hazırda öz adını daşıdığı Azərbaycan Mahnı Teatrında məşq edirmiş. Alətlər o qədər maraqlı imiş ki, Niyaməddin Musayev və dostları teatra gəlib, o alətlərlə tanış olmaq istəyirmiş, Rəşid Behbudov isə özündən başqa kimsəni o alətlərdə məşq etməyə qoymurmuş. Çarəsiz qalan Niyaməddin Musayev gecələr icazəsiz teatra girərək işıqları yandırmadan alətləri işə salır, orada dostları ilə məşq edirmiş. Bəlkə də bu gün qulağa yad gələn həmin qəribə səslər Niyaməddin Musayevin nabələdlikdən kəşf etdiyi effektlərdir.
Hər şeyə ironiyanın mümkünlüyü fonunda bu gün yeniliklər etmək çox da cəsarət tələb etmir. Amma böyük bir utopiya olan SSRİ içində ilk dəfə cins şalvar geymək, qeyri-adi stildə saç saxlamaq, fərqli musiqilər ifa etmək hər sənətçinin cürət edəcəyi şeylər deyildi. Niyaməddin Musayev sırf saçlarına görə karyerasında uzun illər yerində sayıb, dövlət tədbirlərinə, konsertlərinə, televiziyaya buraxılmayıb. O isə qarşılıq nə olur-olsun olduğu kimi qalıb. Təkcə bu əməli Niyaməddin Musayevin nə dərəcədə böyük xarizma və sənət sahibi olduğunu sübut edir.
“Bir dəfə mənə dedilər ki, səni dövlət konsertinə salırıq. Amma bunun üçün saçını kəsdirməli, qara kostyum, ayaqqabı geyinməli və qara qalstuk taxmalısan. Dedim ki, kostyum gözəldir, geyinə bilərəm. Ancaq imicimi konsert üçün dəyişə, saçlarımı kəsdirə bilmərəm. O konsertdə oxumadım. Sonradan gördülər ki, xalq məni sevir, dedilər, necə varsansa, elə də gəl”.
Bu sitatından da görünür ki, sənətkar imtina mədəniyyəti ilə qadağaları dağıdıb.
Azərbaycanda Niyaməddin qədər qeyri-adi imicə, sənətə sahib olan və bu qeyri-adiliyi zaman-zaman lağ hədəfinə çevrilməsinə, təhdid olunmasına rəğmən sonuna qədər qoruyan ikinci sənət adamı yoxdur.
Əminəm ki, Niyaməddin Musayev günlərin bir günü saçını kəssəydi, bu amansız dünyada azar, qazandığı bütün uğurları itirərdi.
İyunun 1-i 80 yaşını qeyd edən sənətkarın doğum günü həm də “Uşaqlar günü”nə təsadüf edir.
Məncə, Niyaməddin Musayev bizim üçün bir novatorluq nümunəsidir.
İdeallarını sevirsənsə, onlara sadiq qalmağı da sevməlisən. Cığallıq etmədən prinsipiallıq göstərmək rahat gəlməsin, adamın içi özünü yandırır, çölü hamını.
Lağı da, qadağanı da təbəssüm kimi görmək, bəsləyib sevgiyə çevirmək "sənin, mənim olmayan" bu dünyada ata biləcəyimiz ən böyük addımdır.