Qocaların dəyirmanında üyüdülən Azərbaycan gəncliyi

Qocaların dəyirmanında üyüdülən Azərbaycan gəncliyi
2 fevral 2021
# 12:06

Alman filosof Erik From İslam dinində Allah-bəndə münasibətləri ilə Xristian dinindəki Allah-bəndə münasibətlərindən söz açanda bu iki dini təlimdəki sevgi anlayışının maraqlı müqayisəsini verir; müsəlmanların Allahının bəndəsinə sevgisi ata sevgisidir – məni sev, mənə hörmət et, mən də səni sevim.

Xristianların Allahının sevgisi isə ana sevgisidir – məni sev, amma məni sevsən də, sevməsən də səni həmişə sevəcəyəm.

Filosofun demək istədiyi məsələnin ardınca getmədən atanın oğula sevgisindən yapışsaq, dünyanı əzəldən saran bir mövzuya – atalar-oğullar məsələsinin ölkəmizdəki Azərbaycansayağı təzahürünü görəcəyik.

Əksər tendensiyaları kəsə, təhrif olunmuş şəkildə qəbul etdiyimiz kimi Şərqdə ataya hörmət məsələsində də bəzi yersiz komplekslərə yenilmişik.

Avropanın taleyini müəyyən etmiş Sofoklun “Şah Edip” əsərində Edipin bilmədən atasını öldürməsi Qərb incəsənətində ənənəyə bağlanmaq ənənəsini məhv etdi.

Firdovsinin “Şahnamə”sini “Şah Edip”in “Şərq qütbü” sayan Orxan Pamuk “Qırmızı saçlı qadın” romanında “dastanlar taleyimizə yön verə bilərmi?” sualı ətrafında bizə hiss elətdirməyə çalışır ki, Firdovsi Rüstəmə (ataya) bilmədən Söhrabı (oğulu) öldürtməsi əslində Şərqin mənəvi müqəddəratıdır.

Pamuk məhz bu müqayisədə atanı “öldürən” Qərbi qılaflanmış ənənəyə qalib gəlmiş cəmiyyət, oğlu “öldürən” Şərqi isə yenilikləri boğmuş toplum kimi təqdim edir.

Bu yerdə - Şərq deyiləndə müsəlman Şərqi nəzərdə tutulur: çünki Çin filosofları deyirdi: ən gözəl ustad müəlliminə qalib gəlib tələbəsinə uduzandır.

Yaponların “Narayama əfsanəsi”nə görə isə qocalar özləri bir vaxtdan sonra könüllü Narayama dağına qalxaraq ölümlərini gözləyirdilər.

Patriarxalizm təkcə qadınların yox, həm də oğulların əzilməsidir. Ata xaqanlığında oğullar üçün də təbii yetişməyə, bir gün atasına sağlam şəkildə qalib gəlməyə imkan yoxdur, çünki ataların könüllü məğlub olmaq niyyəti də hiss olunmur. O, ömrü yetdikcə hakimdir, dünyasını dəyişdikdən sonra da vəsiyyətinə uyğun mərmərdən ucaldılmış baş daşından hökmünü davam etdirir.

İnsanlar qocaldıqca uşaqlaşır. Onlara qayğı, sayğı mütləqdir. Ancaq hörmət adı altında ataya hakimiyyət verib bütün məsuliyyətlərdən kənarda durmaq oğulun fərsizliyidir. Hörmət qırmadan, hiss etdirmədən ataya rəmzi krallıq verməkdir.

No description available.

Azərbaycanda atalar-oğullar münasibətindəki fəlakət məhz bu mövqedə özünə yuva qurub.

Ataların sona qədər mütləq hakimiyyəti yeniliklərin boğulması, yeni tendensiyaların azarlanması deməkdir. Bütün mədəniyyətlərdə gənclik dövrün hakimi sayılır, Şərqdə isə bu, yalnız sözdədir, funksionallığı yox səviyyəsindədir.

Gənc sözü “gəncinə” – dəfinə, xəzinə sözündəndir.

Bəs, hanı o xəzinə?

Azərbaycanın dəfinəsi kimə saxlanır?

Gənclərə nə zaman yetərincə etimad göstəriləcək?

Azərbaycanda gənc olmaq ümidlə qocalığa doğru getməkdən başqa bir şey deyil.

Biz gənclər bu gün yalnız vasitə, məmulat, xammal kimi mövcuduq. Qocaların dəyirmanında öyüdülərək yem oluruq.

Azərbaycanda atalar oğullarını özləri kimi böyüdür. Sovet mədəniyyətində formalaşmış qocalarımız mütləq hakimliklərini və kimliklərini qoruyaraq ətrafda baş verənlər, dəyişənlər, sayrışanlara qəti məhəl qoymadan öz balaca kopyalarını yaradırlar. Bu kopyalar onların öləcəyi günü gözləyərək ən yaxşı halda qoca şahzadələr kimi ümidlə yaşayırlar.

Axı dünya fırlanır!

XXI əsrdə baş vermiş fantastik texnologiya bumu belə Azərbaycanda atalar oğullar problemini sahmana sala bilmədi. Hələ də idarələrdə qeydlərini sarı kitabçalara yazan, hesab-kitab işlərini vərəqlərdə aparan babalar mövcuddur.

Yeganə dəyişiklik odur ki, rayonlarda şagirdlərin qulaqlarını əvvəllər “Moskviç”in açarı ilə dartan direktorlar indi “Prado” açarı ilə dartır.

İnsafən deyək ki, son bir-iki il ərzində siyasi arenada gəncləşməyə cəhdlər, kadr islahatları zamanı gənclərə üstünlük verildiyini görürük. Lakin bu tendensiya ən vacib sahələrdən olan mədəniyyət, ədəbiyyat sferasına sıçraya bilmir.

Bütün seçimlər zamanı pencəyini çiyninə aşırmış qoca şairlər, tükənmiş yazıçılar öndə olur.

Bu gün – 2 fevral Azərbaycanda Gənclər Günüdür.

Çoxlarının səsi yüksək tribunalardan gəlməsə də, artıq gənclikdə bir tərpəniş hiss olunur. Artıq onlar fərdi qabiliyyət və bacarıqları ilə axıb çuxurlarını tapmaqdadır.

O gün olsun, atalar da əbədilik kompleksindən qurtulsun, gənclərin fərdiyyətini məhv etməsin, onların üzünə gülümsəyərək səmimi xeyir dua versin!

# 3292 dəfə oxunub

Müəllifin son yazıları

# # #