Bəsti Cəfərova: “O vaxt Həsənağa Turabov mənə rol verilməsinə qarşı olub”

Bəsti Cəfərova: <span style="color:red;">“O vaxt Həsənağa Turabov mənə rol verilməsinə qarşı olub”
13 may 2017
# 13:00

Kulis.az Akademik Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərova ilə müsahibəni təqdim edir.

- Bəsti xanım, artıq 40 ilə yaxındır ki, sənətdəsiniz, teatr səhnəsində, televiziya tamaşalarında bir-birindən gözəl, yaddaqalan rollar ifa etmisiniz. Neçə illərdi pedaqoji fəaliyyətlə də məşğulsunuz. Bunların üzərinə bir də məişət qayğılarını gəlsək, əslində bütün bunlar bir qadının zərif çiyinləri üçün çox ağırdır. İndi geri çevrilib o illərə, keçmişə boylananda, heyrətlənmirsiniz?

- Çox heyrətlənirəm. Siz elə bil ki, bu sualı mənim ürəyimi oxuyub verdiniz. Geriyə çevrilib baxanda öz-özümə fikirləşirəm ki, ilahi bütün bunları mən təkbaşına, köməksiz, dəstəksiz necə etmişəm? Siz bilirsiniz ki, teatrda işləmək çox çətindir. İstər şəxsi həyatımda, istərsə də teatrda çox çətinliklərlə rastlaşmışam. Düzdür bizim böyük yazıçımız rəhmətlik İlyas Əfəndiyev o dövrdə mənim üçün çox köməkliklər etmişdi. O, mənə həmişə o qədər qayğı və hörmətlə yanaşmışdı ki, bu günə qədər də onun mənə qarşı olan xeyirxah münasibətini, yaxşılıqlarını unuda bilmirəm. İlyas müəllim, məni aktrisa kimi ilk dəfə “Büllur saray”da Lalə obrazı ilə bəyənmişdi. Bundan sonra mən onun “Şeyx Xiyabani” pyesində Gülruxu, “Ağıllılar və dəlilər”də Azadə xanımı, “Hökmdar və qızı”nda Ağabəyimi, “Tənha iydə ağacı”nda Sürəyyanı və nəhayət “Xurşudbanu Nətavan”da Nətavan obrazlarını ifa etmişəm.

Neçə illərdir ki, mən İlyas Əfəndiyevin heç bir əsərində iştirak etmirəm. Ancaq artıq on üç ildir işlədiyim İncəsənət universitetində bu günə qədər dörd kurs təhvil vermişəm. Hər kursun buraxılışında mən öz tələbələrimlə İlyas Əfəndiyevin bir pyesini səhnəyə qoymuşam. Birinci kursla “Bahar suları”, ikinci dördillikdə “Məhv olmuş gündəliklər”, üçüncü də “Büllur saray”, indi də “Ağıllılar və dəlilər” pyesini səhnələşdirmişik. Əslində İlyas müəllimin məşhur əsərindən yola çıxsaq həmin ifadəni onun özünə də şamil etmək olar ki, İlyas müəllim bu gün də bizimlədir. Çünki o, böyük kişi, böyük sənətkar və şəxsiyyət idi. Onun əsərləri bu gün də aktualdır. Əsl klassika da məhz budur.

Keçdiyim həyat yolundan danışanda həyatımda, sənətimdə olan işıqlı insanlardan söz açmaq istəyirəm. Həmin insanlardan bir də Vaqif İbrahimoğlu olub ki, o, da gənclik illərində mənə mənən çox dəstək olub. O, vaxtı mən teatra gələndə gənc idim. Və burada sözün əsl mənasında böyük sənətkarlar vardı. Düzdür, onlar məni yaxşı qarşılamışdılar, köməklik edirdilər. Amma nə qədər olsa, iynələyənlər də olurdu. Bunlardan yorulanda, həmişə Vaqif müəllimin yanına gedirdim. Və o, həqiqətən də öz müdrikliyi ilə mən böyük dəstək olurdu.

Mən sonralar bildim ki, Vaqif müəllim məndən cəmi on yaş böyük olub. Amma o zaman elə bilirdim ki, həddindən artıq yaşlı bir insanla söhbət edirəm. Vaqif müəllim çox müdrik insan idi. O, ölümünə qədər də mənimlə həmin dövrdən başlanan dost münasibətini qoruyub, saxladı.

Ümumiyyətlə mən şəxsi həyatımda da, məişətdə də hər bir işi həmişə özüm etmişəm. Heç vaxt şəxsi köməkçim filan olmayıb. Düzdür anam sağ olanda, qızıma baxıb. Amma yenə də mən övladımın bütün ağırlığını heç vaxt yaşlı anamın üzərinə atmamışam. Onun pal-paltarını da özüm yumuşam, xörəyimi də hazırlamışam, ev işlərimi də daima yerinə yetirmişəm. Anam isə uşağımı idarə edib, onu nəzarətsiz qoymayıb. Yəni mən bacardıqca çalışmışam kli, anam əziyyət çəkməsin.

Anam rəhmətlik həmişə deyərdi ki, sənə baxanda ürəyim ağrıyır. Başını balışa qoyan kimi yatırsan.

Bu səbəbdən mən indi baş verən söz-söhbətlərə əhəmiyyət vermirəm. Çünki sənət baxımından allahımdan həmişə çox razıyam. Ola bilər ki, şəxsi həyatımda nəsə uğursuzluqlar olub. Amma lap elə şəxsi həyatımda da qəbahət sayılası məqamlar yaşanmayıb. Sənətdə elədiklərimi vaxtında etmişəm. İlyas Əfəndiyev, Vaqif İbrahimoğlu və sənətimə qiymət verən dövlət məmurlarımızın mənəvi dəstəyi olub, amma mən də öz boynuma düşən işlərin hamısına öz zəhmətim hesabına nail olmuşam.

- Teatr sənətindən bəhs edən iki kitabın müəllifiniz. Necə oldu kitab yazmaq qərarına gəldiniz?

- 2013-cü ildə mən professor adını alanda, Timurçin müəllim mənə və bir neçə sənət adamına kitab yazmaq barədə tövsiyə etdi ki, iki il ərzində kitab yazıb müdafiə edək. Mən də çox yaxşı qarşıladım. Çünki madam belə bir maarifpərvər təklif üçün mən də nəzərdə tutulmuşam niyə də bunu reallaşdırmayım?

Kitab yazmağı qərara alanda məhz elə teatrdan yazmaq istədim. Çünki, mən artıq neçə illərdi bu aləmin içərisindəyəm, özümü burdan kənarda hiss edə bilmərəm. Teatr artıq mənim həm ikinci evim, həm yaşam tərzimdir. Üstəlik uzun müddətdir istər tələbələrimlə, istər iş prosesimlə bağlı özümə məxsus iş prinsiplərim, texnikam var. Bu səbəbdən də onları oxucularla, sənətlə maraqlanan insanlarla paylaşmaq istədim. İlk kitabım adı “Akademik Milli Dram Teatrının inkişaf mərhələləri” idi. İkinci kitabım isə “Aktyorun rol üzərində iş metodu”. Bu kitaba qədər isə xeyli sayda metodik vəsaitlər və xeyli sayda məqalələr yazmışam.

- Bəsti xanım, tələbələrinizlə dərs prosesi necə baş verir? Onlar üçün olar, olmazlar tətbiq edirsiniz?

- Təbii ki, dərs və iş prosesində hər şey olur. Bilirsinizmi, mənim bu sahədə uduşum ondan ibarətdir ki, mən praktik aktrisayam. Burda səhnədə rolumu ifa edib, sonra auditoriyaya gedirəm. Uşaqlar üçün bu cür pedaqoq çox vacibdir. Baxın, misal üçün mən təzə kurs götürəndə, onlara səhnə hərəkəti dərsi keçilir. Bununla başqa pedaqoq məşğul olur. Ancaq yenə də özüm ilk dərs ilində onlara bu dərsi keçirəm, məşq edirəm. Bilirəm ki, o fənni tədris edən yaxşı müəllimlərimiz var. Amma mən özüm öz istədiklərimi də onlara tədris etmək istəyirəm. Çünki gələcəkdə onlarla tamaşa hazırlayanda onlar artıq bilirlər ki, nə istəyirəm. Onların öz daxili aləmlərinə sirayət edə bilmələri, bədən əzələləri ilə tanışlıq, həm düşünüb, həm də fiziki hərəkəti idarə etmək, öz fərdi keyfiyyətlərini üzə çıxarmaq kimi məsələləri məhz özüm başa salıram. Bu baxımdan tələbələrim ikinci kursa başlayanda, həm fiziki hərəkətləri, həm düşüncələri, duyumları, atmosferi hiss etmə qabiliyyəti baxımından artıq hazırlıqlı olurlar. Və istər istedadlı, istər istedadsız tələbəylə də eyni formada məşğul oluram.

- Ümumilikdə götürəndə indi bu sənətə gələn tələbələr arasında sənətə sevgi var?

- Açığı bizim dövrdəki qədər deyil. Amma istedadlı və sənət sevgisi ilə gələnlər var. Əslində bütün kursdan nə o dövrdə, nə də indi bütünlüklə istedadlı məzunlar buraxılmır. Əgər bir kursdan iki, üç tələbə etimadı doğruldursa, artıq həmin kurs uğurlu hesab olunur.

- Yaradıcılığına nəzər salanda görürük ki, davamlı olaraq faciəvi qadın obrazları yaratmısınız. Yəni dramatizm yaradıcılığınızdan qırmızı xətt kimi daima keçib. Amma son illər “Xanuma” və “Nazirin xanımı” tamaşasında yumor daha qabarıqdır. Bunu yaradıcılığınızda dincəlmə dövrü hesab etmək olar?

- Dincəlmək dövrü deməzdim. Bu sadəcə olaraq belə alınıb. İsrafil müəllim, o vaxtı məndən soruşmuşdu ki, hansı rolları ifa etmək istəyirsən? Mən də sadalamışdım həmin rolları. Ondan sonra 2011-ci ildə “Xanuma” tamaşasında Xanumanı ifa etdim, 2013-də “Kuraj və övladları”ında Kurajı. Ən sonda isə “Nazirin xanımı”ndakı Jivkanı. “Kuraj və övladları” tamaşası kim nə deyir desin çox gözəl alınmışdı. Tamaşanın rejissorundan, tərəf müqabillərimdən də razıydım. Sadəcə olaraq o vaxtı belə bir fikir irəli sürülmüşdü ki, həmin əsərdə bəhs olunan müharibə bizim dövrlə səsləşmir. Ancaq bunun axı nə əhəmiyyəti var? Müharibə müharibədir. İstər on yeddinci əsrdə olsun, istər indi olsun. O dövrdə də insanlar həlak olur, faciələr baş verir, analar ağlayır indi də. Ancaq bayaq qeyd etdiyim səbəbə görə həmin tamaşanı repertuardan çıxardılar. Sözün düzü mən istərdim ki, o tamaşaya bir də qayıdım. Çünki çox gözəl material idi.

- Bəsti xanım, rolun böyüyü, kiçiyi ifadəsi ilə razısınız?

- Bilirsiniz, mənim istər baş rol, istərsə də epizodik rol ifa edən aktyorların hamısına hörmətim var. Amma rolun böyüyü, kiçiyi təbii ki, var. Siz fikir verin Hökümə Qurbanovanın adı çəkiləndə hansı fikir, ab-hava yaranır, digər epizodik bir aktyorun adı çəkiləndə hansı. Bilirsiniz aktyorluq elə bir sənətdir ki, onun emosional yaddaşının olması mütləq şəkildə vacibdir. Zamanla gördüyü, yaşadığı hadisələr, rastlaşdığı insanların həyatı və.s bütün bunlar hamısı həmin emosional yaddaşa toplanır. Hansı aktyorun ki, belə yaddaşı, bazası var, o daima daxilən dolu olur. Səhnəyə çıxan aktyor başqa müəllifin sözləri ilə çıxsa da, əgər həmin baza boşdursa, tamaşaçı uzağı on dəqiqə aktyorun ayağına, paltarına, gözəlliyinə tamaşa edəcək, ondan sonra əgər ifaçının daxili zəngin deyilsə, o birmənalı şəkildə diqqətdən kənarda qalacaq.

- Hansı rejissorla tandem yarada bilmisiniz?

- Hərdən deyirlər ki, yaxşı rejissor yoxdu, mən bu fikirlə razı deyiləm. Hətta bu fikrin tam əleyhinəyəm. İndiki zamanda yaxşı aktyor problemi ola bilər. Çünki çox vaxt rejissorlar rol bölgüsü edəndə yaxşı aktyor tapa bilmirlər. Amma yaxşı rejissor yoxdur söhbəti doğru deyil. Mən özüm Adil İskəndərovun iki il tələbəsi olmuşam. Tofiq Kazımov məni teatra gətirəndə, onun bir tamaşasında işləmişəm, sonra Tofiq müəllim rəhmətə gedib. Bundan başqa Mehdi Məmmədovun “İblis” tamaşasında da iştirak etmişəm. Yəni demək istəyirəm ki, mən hər üç korifey sənətkarlarla da işləmişəm, müasir rejissorlarla da. Ondan sonra Ağakişi Kazımovun “Solğun çiçəklər”, “Billur sarayda”, “Çahargah fantaziyası” kimi tamaşalarında da işləmişəm.

1980-ci ildə Mərahim Fərzəlibəyov Dram teatrına rejissor kimi, mən isə aktrisa kimi təsdiq olunduq. On il ərzində Mərahim Fərzəlibəyovun heç bir tamaşasına rol təklifi almamışam. Hətta mənim ifamı bir müddət bəyənməyib. Ancaq 1990-cı ildə Mərahim müəllim İlyas Əfəndiyevin “Tənha iydə ağacı” tamaşasını səhnələşdirəndə İlyas müəllim israrla mənim həmin tamaşada iştirakmı arzuladı. Həmin dövrdən üzü bəri mən onun hazırladığı bütün tamaşalarda olmuşam. Hətta o zaman rəhmətlik Həsənağa Turabov mənə rol verilməsinə qarşı olub. Çünki mənim haqqımda gedib ona olar, olmaz sözlər demişdilər. O, da araşdırmadan, eləmədən məndən incik düşümüşdü. Bu səbəbdən də Həsənağa Turabovun direktor olduğu dövrdə Mərahim Fərzəlibəyovdan başqa heç bir rejissor mənə rol verməyib. Bircə Mərahim müəllim deyirdi ki, baş rolda Bəsti oynayırsa, tamaşanı hazırlayıram, oynamırsa, imtina edirəm. Yəni ən çox işlədiyim rejissor Mərahim Fərzəlibəyov olub. Açığı mənimlə işləməyən rejissorlardan da umu-küsü etməmişəm. Heç vaxt həmin rejissorlara deməmişəm ki, siz niyə mənimlə işləmirsiniz və s. Əgər Mərahim məni bəyənirsə, bu o demək deyil ki, bütün rejissorlar məni bəyənməlidir. Misal üçün Mehriban Ələkbərzadə ilə cəmi iki tamaşamız olub. “Poçt şöbəsində xəyal” və “Afət”. Vəssalam. Bu iki tamaşada çox gözəl yaradıcılığımız olub və bu mənə kifayətdir. Bəhram Osmanovla da “Kral Lir”, “Xurşudbanu Nətavan” və “Kaş araba aşmayaydı” tamaşaları üzərində işləmişik. Bu tamaşalardan sonra onunla heç bir əməkdaşlığımız olmayıb. Amma indi mən buna görə onunla küsülülük apara bilmərəm axı... Ola bilsin o, bir rejissor kimi digər tamaşalarında məni görməyib başqa aktrisaları görüb. Olsun. Bu məndə heç vaxt narahatlıq yaratmayıb. Əsas olan odur ki, mən heç vaxt rolsuz qalmamışam. Yəni mənim ən çox işlədiyim rejissor Mərahim müəllim olub.

- Bu qədər vaxt ərzində yəqin Mərahim Fərzəlibəyovdan öyrəndikləriniz də olub?

- Əlbəttə. Mən sizə bir söz deyim 2015-ci ildə tələbələrimlə birgə nağıl-tamaşa səhnələşdirmişdik. Niyə nağıl? Çünki mən nağılları çox sevirəm. Bu günün özündə də nağıl filmlərinə baxıram. Elə dünən oturub “Küllücə” nağılına baxmışam (gülür). Nə qədər kənardan zəhmli, öz haqqını tələb edən aktrisa təsiri bağışlasam da, mənim içimdəki o, balaca Bəsti hələ də yaşayır. Bu günə qədər də mən içimdəki o, təmizliyi qoruyub saxlamağa çalışmışam. Çünki yaradıcı insanam. Əgər yaradıcı insanın daxili çirklənirsə, o, nə ürəkdən gülə, nə də ağlaya bilir.

Həmin tamaşanın eləcə də digər tamaşanın hazırlayan zaman, səhnə mizanlarını işləyərkən hiss etdim ki, mən Mərahim müəllimdən öyrəndiklərimi səhnədə tətbiq edirəm. Təbii ki, mənim öz içimdə də rejissorluq faktoru var. Çünki rejissor bütöv bir tamaşanın rejissorudursa, mən də öz içimdə öz rolumun rejissoruyam.

Amma onunla işləmək mənim üçün çox rahatdı. Düzdür Mərahim müəllimin bu sözdən xoşu gəlmir. Amma bu həqiqətən də belədir. O, heç vaxt pedaqoji fəaliyyətlə məşğul olmadı. Onun tələbəsi yoxdur. Amma bəlkə də yeganə elə onun tələbəsi mən özüməm.

- Yeni tamaşa təklifi varmı?

Bəli. Hal-hazırda yeni bir tamaşa üzərində hazırlıqlar gedir. Bu Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanını yeni versiyada səhnələşdirilməsidir. Tamaşanın rejissoru da Mərahim Fərzəlibəyovdur.

“Qılınc və qələm” romanı Tofiq Kazımovun rəhbərlik etdiyi dövrdə elə Tofiq müəllim tərəfindən bizim teatrda səhnəyə qoyulub. Mən də təbii ki, həmin tamaşanı izləmişəm. Qətibə rolu mənə təklif olunanda açığı mən təəccübləndim, Mərahim müəllimə də dedim ki, axı həmin əsərdəki Qətibə obrazı çox cavandı. O, isə mənə bildirdi ki, tamaşada Qətibənin cavanlığı yox, sürgündə olan illəri, yaşının qürub çağı təsvir olunacaq.

Mən də öz növbəmdə romanı yenidən oxudum, o dövrün tarixinə nəzər saldım, müəyyən araşdırmalar etdim. Artıq tamaşanın hazırlıq mərhələsi başlanıb. /"Ədəbiyyat qəzeti"/

# 2686 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #