Niyə kinoteatrda popkorn yemək olar, ancaq teatrda yox?-"Məzəli sorğu”

Niyə kinoteatrda popkorn yemək olar, ancaq teatrda yox?-<span style="color:red;">"Məzəli sorğu”
28 aprel 2014
# 13:59

“Məzəli sorğu” layihəsi

“Nə üçün kinoteatrda popkorn yeməyə icazə verilir, amma teatrda bunu etmək olmaz?”

Kulis.az bu sualla sənət adamlarına, yazıçılara müraciət edib.

Günel Mövlud (publisist, teatrşünas): “Ona görə ki, teatr sənət məbədidir. Oranın öz qaydaları var. Tamaşaçıların xüsusi rituala əməl etmək tələb olunur. Teatra ən gözəl paltarını geyinib getməli, aktyorlar üçün gül almalı, orda sakit və ağayana oturmalı, təmkinli və mədəni olmalısan. Telefonla danışmaq, nəsə yemək, nəsə içmək sənət ayininin sehrini pozar. Bu, bir mədəniyyət aktıdır. Qaydalarına əməl etmək isə bütün mədəni insanların borcudur. Bizdə isə bunu nəinki sadə xalq, heç ziyalılar da düz-əməlli bacarmır. Bir dəfə “Azdrama”ya getmişdim, bir oğlan səs salırdı. Nəzarətçi oğlana xəbərdarlıq etməyə macal tapmadan xalq artisti Nurəddin Mehdixanlının səsi bütün zalı götürdü. Qışqırdı ki, çoban teatra getməməlidir. Əslində isə onun bağırtısı tamaşaçıları daha çox narahat elədi, nəinki səs salan cavan oğlanın. Bacarmırlar da, mədəni ritual bizim xalq üçün deyil. Bizimkilərinki elə odu ki, gedib Park-Bulvarda tıxışdırandan sonra bir kulyok yemək alıb girsin axmaq bir filmə baxsın, kino gedən ərəfədə də özünü qoysun axırıncı yola. Nə deyim ee, qəlizdi, çətindi”.

Aygün Aslanova (kinoşünas):

“Bu barədə heç vaxt fikirləşməmişəm. Amma indi niyə kinoteatra heç vaxt tək getmədiyimi anladım. Popkorn xırçıltısı siçanları yadıma salır. Qaranlıqda oturmusan və ətrafdan xırç-xırç-xırç səslər gəlir. Mən də siçandan qorxan. Ona görə kinoya tək getmirəm. Vahimə basır. Nə teatrda yesinlər, nə kinoteatrda. Çıxsınlar bayırda yesinlər.

Qaldı teatra, təsəvvür edin ki, tamaşa canlı getdiyi üçün o xırçıltı təkcə yanında oturana yox, səhnədə oynayan aktyora da mane ola bilər. Kİnoteatrda isə belə deyil. Həm də teatr lap əvvəldən ciddi sənət sayılıb. Kino isə əyləncə, sənaye elementi kimi yaranıb. Popkorn da həmin əyləncə - "əylənirəm, mənim üçün göstərirlər" duyğusunu gücləndirir”.

Sevda Sultanova (kinoşünas):

“Çünki kinodan fərqli olaraq teatr və opera elitar sənət növü, kralların, saray əhlinin sevimlisi idi. Kino sənətinə uzun müddət əyləncə, qeyri-ciddi yanaşıblar. Luis Bunuel "Mənim son nəfəsim" kitabında bunu daha dəqiq xarakterizə edir: "Yarandığı ilk 20-30 ildə kinoya heç bir bədii gələcəyi olmayan, sadə xalqa uyğun vulqar yarmarka əyləncəsi kimi baxırdılar. 1928 və ya 1929-cu ildə anama deyəndə ki, ilk filmimi çəkmək niyyətindəyəm, o, şok keçirdi, demək olar ki, ağladı. Sanki ona "mən təlxək olmaq istəyirəm" demişdim".

Düşünürəm ki, kino kralların sevimli sənəti olmadığına görə teatrdan və operadan daha azaddır, radikaldır, nonkonformistdir. İnsanların popkorn yeməsi məni qıcıqlandırsa da, bu, yəqin ki, onların kinoda özlərini daha sərbəst, çərçivəsiz hiss etmələri ilə bağlıdır.”

Ramilə Qurbanlı (jurnalist): “Film canlı deyil, orda popkorn yeməklə kiməsə hörmətsizlik etmiş olmursan, amma teatr canlı sənətdir, səhnədəkilərə qarşı hörmətsizlik olar”.

Seymur Baycan (Yazıçı): “Mən nə teatrda, nə də kinoteatrda popkorn yemişəm”.

Nurlan Rüstəmov (aktyor): “Ona görə ki, teatr canlıdır, popkorndan aktyorların da meyli çəkər”.

Tural Mustafayev (teatr rejissoru):

“Ona görə ki, teatr elitar sənətdi....kinoteatr isə əyləncəvidir...

Bir də burada yəqin ki, bir menecment yanaşması var. Kinoteatrda maksimal dərəcədə ev şəraiti yaratmaq. Axı kinoya evdə baxmaq olar, amma teatra evdə baxmaq olmur”.

Elnur Məmmədov (truppa müdiri):

“Kinoda səs güclü olur deyə, xırçıltı eşidilmir”.

# 3387 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
#
#
# # #