Atasının qətlə yetirdiyi azərbaycanlı qadın haqqında film - LAYİHƏ

Atasının qətlə yetirdiyi azərbaycanlı qadın haqqında film - <span style="color:red;">LAYİHƏ
6 fevral 2016
# 08:30

Kulis “Naməlum kino” layihəsində rejissor Mikayıl Mikayılovun “İsmət” bədii filmini təqdim edir.

“İsmət” filminin yaranmasının maraqlı tarixçəsi var. 1934-cü ildə ekranlaşdırılan bu dramın yaranma səbəbi bir neçə motivdən qaynaqlanıb.

M.Mikayılovun bu barədə açıqlaması maraqlıdır: “İsmət ” filmi mənim yaradıcılığımda xüsusi yer tutur. Filmin çəkildiyi dövr ilə bir vaxt idi ki, Azərbaycan qadını çadranı ataraq həvəslə ictimai həyata qoşulurdu. Mən İçəri Şəhərdə yaşayırdım. Bu qala divarları arasında hüquqsuz qadınların min bir müsibətini görmüşdüm. Yaxşı yadımdadır. Bir gün qonşumuzda bir qadın neft töküb özünü yandırmışdı. Bu hadisəni mən öz gözlərimlə görmüşdüm. Və o vaxtdan sonra uzun müddət həmin qadının faciəsini unuda bilmirdim. Qadınlarımızın taleyi həqiqətən də acınacaqlı idi. Hətta bir gün rus şairi Sergey Yeseninlə İçəri Şəhərin küçələrində gəzərkən dediyi bu sözlər indi də qulaqlarımda səslənir: “Doğrudanmı, sizin qadınlar küçələrə çıxmır, üzü açıq gəzmirlər? Bu ki, faciədir.” Ancaq ən dəhşətli hadisə ilə mən bir az sonra qarşılaşdım. İndiki Səadət sarayında o vaxt qadınlar üçün kurs təşkil olunmuşdur. Kursa gələn Səriyyə Xəlilova adlı bir qadının vəhşicəsinə öldrüldüyünü eşitdim. Həmin matəm mərasimində mən də iştirak etdim. Orada qadınların başlarından çadranı çıxarıb ayaqları altına atdıqlarının şahidi oldum. Təxminən həmin dövrdə mən qəzetdə Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyova haqqında bir məqalə oxudum. Bundan sonra Leyla haqqında bir sənədli film də çəkdim. Lakin qala divarları arasında rastlaşdığım o dəhşətli hadisələr, Leyla Məmmədbəyova haqqında bədii film çəkmək arzusunda idim. Nəhayət, “İsmət” filminin ssenarisi üzərində işləməyə başladım. Və bu mövzuların hər üçünü birləşdirdim. “İsmət” filmi hazır olduqdan sonra Moskvada onu məşhur kinorejissor Sergey Eyzenşteynə göstərdim. Çox bəyəndi”.

ısmet.jpg görüntüleniyor

Digər adı "Adətin məhvi” olan filmdə rejissor qeyd elədiyi müxtəlif qadın obrazlarını İsmətin simasında ümumiləşdirib.

Süjeti: Papaqçı Səmədin uşağı olmur. O, ikinci dəfə evlənməyə qərar verir. Hökmlü anasının da təkidi ilə gənc İsmətlə evlənir. Qaynanasının, ərinin təhqirlərinə dözməyən birinci arvadı özünü toy günü yandırır. Bu nikahdan İsmətin də uşağı olmur və əri yenə də bütün günahı arvadında görür. O, üçüncü dəfə evlənməyə hazırlaşır. Həkim isə İsmətə sonsuz olmadığını deyir. Bunu ərinə deyən İsmət evdən gedir, toxuculuq fabrikində işə düzəlir, bir neçə dəfə ərinin və onun dostlarının təşkil etdiyi sui-qəsd planından xilas ola bilir. Günlərin birində fabrikə təyyarəçilər qonaq gəlir. Onlar fabrikin əməkdaşlarını təyyarə gəzintisinə dəvət edirlər. Birinci İsmətə təyyarədə gəzmək təklif edilir. Hadisələrin sonrakı gedişatında İsmətə təyyarəçi olmaq təklif olunur və o, bunu qəbul edir.

Digər əski filmlərimiz kimi “İsmət” də hər şeydən əvvəl sənədlilik - o dövrün real mənzərələrini, insanlarını, məişətini, geyim-keçimini əks olunması baxımından maraqlıdır.

Toy səhnəsində İsmət evləndiyi kişinin birinci arvadının intihar xəbərini eşidəndə, o, qüssədən və qorxudan gəlinlik örpəyinə bürünür, onun altında gizlənərək əzilirək yumağa dönür. Və İsmət sanki metamorfoza məruz qalır, yəni bir anda xoşbəxt gəlindən qapalı, girdə prerdmetə “çevrilməsi” onun vəziyyətinin çıxılmazlığını, gücsüzlüyünü göstərir.

Ümumiyyətlə, filmdə qadın örtüyünün istifadəsi çox plastikdir. Yəni o, mühüm ifadə vasitələrindən birinə çevrilir, daxili mahiyyət daşıyır. Məsələn, ən yaddaqalan epizodlardan biri İsmətin təyyarədə küləyin çadrasını aparmasıdır. İsmət buna kimi fabrikdə işləsə də, proqressiv qadınlarla tanış olsa da, toplantılara getsə də çadrasından qurtulmağa cəsarət etmir. Əgər M.Mikayılov onun çadrasını atmasını ənənəvi qaydada ifadə eləsəydi (adətən, ekspressiv bədii həll təklif edilir: qadın etiraz olaraq çadrasını yerə atır) bu, ritorik görünərdi. Amma rejissorun təklif elədiyi həll təmkinlidir, spontan baş verir və epizodu pafosdan qurtarır. Həmin epizodda dediyimiz amil təbiət hadisəsinin - küləyin konktekstində həllini taparaq təsadüf olması təəssüratı yaranır və bu təsadüf həm də onun həyatında yeni mərhələyə çevrilir.

İki hadisə - toy və faciənin eyni gündə baş verməsi paralel planlarla ekrana gəlir: birinci arvadının kədəri-təzə gəlinin sevinci əhvalatın kontrastını artırır, dinamikləşdirir, eyni zamnada sonrakı hadisələrin necə inkişaf edəcəyini müqəddiməsini elan edir.

İsmətin ər evindən qaçması, dar, cansıxıcı, cəhaləti andıran qaranlıq küçələrdən, patriarxal mühitdən geniş, işıqlı, müasir məkana cıxması onun yeni həyata qədəm qoymasının simvolik həllidir.

Yeri gəlmişkən, eyni plan-epizod “Sevil” filmində də istifadə olunub.

Səmədin dostlarından birinin oğlunun sünnət məclisi səhnəsi koloritlə işlənib. Süfrədə kişilərin acgözlüklə tıxması, yeməyin onlar üçün həyatda əsas məqsəd olması mesajını verən bu epizodda onlar insan sifətindən çıxaraq heyvaniləşir, həm də situasiya “Molla Nəsrəddin” karikaturalarının intonasiyasını xatırladır.

Maraqlı olan digər səhnə, atasını yoluxmağa gedən İsmətin axşam, qaranlıq küçədə tək addımlaması, ərinin onu öldürmək məqsədilə təqibi, eyni zamanda kasıb daxmasına narahatlıq keçirən, intuitiv olaraq nəsə pis bir şeyin baş verəcəyini hiss edən atanın həyəcanı bu səhnəyə eskpressiya gətirir. Epizodun ritmi, kameranın həyəcan diktə edən hərəkətliliyi, dinamik kadr növbələşməsi, həyəcana adekvat qurulan işıq-kölgə, kimsəsiz, qorxulu küçələr nuar filmlərinin effektini verir.

Maraqlı səhnələrdən biri İsmətin qaynanasının və ara həkiminin aerodroma gedərək İsmətə atasının xəstə olduğu barədə yalan demələridir. Əsas məqsəd İsmətin əri tərəfindən öldürülməsinə şərait yaratmqdır. Məşqdə olan İsmət onların qarşısına şortikdə çıxanda, qadınlar mədəni şok yaşayır. Onların jestləri, mimikaları vəziyyətə münasibətlərini o qədər aydın ifadə edir ki, titrlərə də ehtiyac qalmır.

Filmdə diqqətimi bir xəta çəkdi. Papaqçı Səmədin evində Nəriman Nərimanovun portreti asılıb. Amma sonrakı kadrlarda bu, gözə dəymir. Görünür, yaradıcı heyət sonradan duyuq düşərək onu yığışdırıb. Maraqlıdır ki, bir neçə yerdə, məsələn, aerodromda Leninin yox, məhz Nərimanovun portreti gözə dəyir.

Film toxunduğu mövuzlarla – sonsuzluq probleminin qadında axtarılması, ailələrin nə olur-olsun bir varisinin olması, ailədaxili münasibətlər, dini cəhalət, hamamda qaynannın qız bəyənməsi (indi toylarda və ya toy disklərinə baxıb qız bəyənirlər) bu gün də aktualdır.

“İsmət” yadıma rejissor Əli İsa Cabbrovun 2002-ci ildə ekranlaşdırdığı, eyni problemləri araşdıran “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” sənədli filmini yada saldı.

Təsəvvür edin ki, bu iki film arasında 68 illik zaman məsafəsi var, problemlər isə aktualdır. Bir də təsəvvür edin ki, “İsmət” 1934-cü ildə, təhsilin, açıq fikirliliyin daim təhlükəyə məruz qaldığı mühafizəkar, çətin dövrdə çəkilib. Yaradıcı heyət bununla da sözün əsl mənasında həyatlarını risqə atıb.

“İsmət” ilk azərbaycanlı qadın təyyarəçi Leyla Məmmədbəyovaya ithaf olunub. Film haqda L.Məmmədbəyova deyir:

“Kinorejissor Mikayıl Mikayılovla mən 30-cu illərin əvvəllərində fəal ictimaiyyətçi, Bakıdakı Əli Bayramov adına Qadınlar klubunun yaradıcılarından biri Səriyyə Xəlilovanın faciəli surətdə həlakından sonra tanış olmuşam. Səriyyəni yaxşı tanıyırdım. Ailəsi razılıq verməsə də klubda fəallıq göstərirdi. Dini fanatik əhval-ruhiyyəli doğmaları bunu ona bağışlamadılar. Səriyyənin dəfn mərasimi əsl nümayişə çevrildi. Onun faciəli ölümü – atası və qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilməsi hamımızı, o cümlədən Mikayıl müəllimi də sarsıtmışdı. O, bu əhvalatı film vasitəsilə tamaşaçılara çatdırmağı qərara aldı. Lakin bir filmdə iki insan taleyini birləşdirdi: Səriyyənin və mənim taleyimi”.

İsmət rolunu Juka Mixelson haqda təəssüf ki, əlavə məlumata rast gəlmədim.

Səməd rolunun ifaçısı Xeyri Əmirzadə Krım türküdür, “Kəndlilər”, “Bəxtiyar” və s. filmlərdə rol alıb. İsmətin qaynanasını oynayan Əzizə Məmmədova milli teatrın ilk peşəkar aktrisalarındandır, “Ögey ana”, “Görüş” və s. filmlərdə çəkilib.

İfası və fakturası ilə diqqəti çəkən, ara həkimi rolunun ifaçısı Panfiliya Tanailidinin çox kədərli taleyi olub. Milliyyətcə yunan olam Tanailidi İrəvan xanlığında doğulub. Ailəsi bura Qarsdan gəlib və bir müddət yaşayandan sonra Tiflisə köçüblər. Tiflisdə teatrda "Zəngəzurskaya" və "Sürəyya" təxəllüsləri ilə çıxış edib.

Ayrı-ayrı illərdə Bakıya gələrək müxtəlif teatr tamaşalarında oynayıb.

1937-ci il repressiyaları zamanı həbs olunub. İşgəncəli istintaq uzun müddət davam edib və aktrisanın güllələnməsi barədə hökm çıxarılıb. Tanailidi 1938-ci ilin oktyabrında Bakıda gullələnib. Məzarı yoxdur.

Filmin ssenarisini M.Mikayılov Qriqori Braginski ilə birlikdə yazıb. Operatoru isə Fyodor Novitski olub.

Qeyd: Faktların çoxu kinoşünas Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” kitabından götürülüb.

# 2634 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #