Miniatür rəssamı: “Kor olanacan çəkməyə hazıram”MÜSAHİBƏ

Miniatür rəssamı: “Kor olanacan çəkməyə hazıram”<span style="color:red;">MÜSAHİBƏ
26 sentyabr 2014
# 12:27

Kulis.az yazıçı Şərif Ağayarla rəssam Pəri Miniatürün söhbətini təqdim edir.

- Rəssamlıq təhsilin var?

- Hə. Ancaq məşğul olduğum miniatür sənəti ilə bağlı təhsilim yoxdur. Mənim məşğul olduğum Xudu Məmmədov sənətidir. Xalçalarımızdan gəlir... Bunu elmi tərəfdən öyrəndim bir neçə il. Amma məşğələlər yarımçıq qaldığına görə, o sistemi axıracan öyrənə bilmədim. Buna görə sonralar çox işlədim nələrisə mənimsəmək üçün. Bu sənətin elmi adı kristaloqrafiyadır. Başlanğıcını bizim milli xalçalardan götürür. Bu elə bir incə sənətdir ki, baxdıqca daha başqa şeylər görürsən. Alt yapısı olan sənətdir. Simmetriya üzərində qurulub. Orda görünən fiqurların, blokların, rənglərin, o qədər incəliklərin heç biri təsadüfi deyil. Boş-boşuna bəzəmirlər o rəsmləri...

- Bizdə miniatür ənənəsi güclü olub...

- Hə, güclü olub. Ancaq rəsmlər və əl yazıları çox az gəlib çıxıb zamanımıza. Məlumatlar da elə çox deyil. Bununla belə, miniatürün ən vacib sirri tarixə məlumdur: kim can qoyubsa o, qazanıb! İşıq ucunu tapa bilib!

- İntibah dövründə çox güclü miniatür rəssamları olub.

- Bəli. Ən güclüsü də Təbriz məktəbidir. Amma əlimizdə elə də ciddi əsərləri yoxdur.

- Onlar nəyə çəkirdilər ki? Bəlkə zamanla zay olub gedib bu rəsmlər?

- Yox, İngiltərədə, ABŞ-da, Rusiyada, Türkiyədə nümunələr var. Bizim özümüzdə yoxdur.

- Sizin yolunuz hansıdır?

- Mən klassik yolu götürmüşəm. Amma təbii ki, özümdən də nəsə qoymağa çalışıram. Sizə deyim, bu çox çətindir. Tükənməz əmək və enerji, ən başlıcası böyük eşq istəyir. İndiki işlərim əslində klassika deyil, moderndir. Mən bugünü də işləyə bilirəm. Təbii ki, əsas sistemi saxlamaq şərti ilə...

- Səncə doğrudanmı günəş şərqdən çıxır?

- Şərqi çox sevirəm. Avropanı, avanqardizmi anlamıram. Mənə çatmır. Kimsə deyə bilər ki, geridə qalmışam. Qoy desin. Onları anlamıram. Ayı kuklalarını una batırıb qara fona dağıdırlar, filə fırça verirlər xortumuyla nəsə çəkir, rəngləri fona çırpırlar ki, bu sənət əsəridir. Sənət əsəridir demirəm, sadəcə mən qəbul eləmirəm. Məncə, sənətə əmək və sevgi verməlisən.

- Orxan Pamukun “Mənim adım qırmızı” romanını oxumusan?

- Hə.

- Sən atı harasından çəkməyə başlayırsan?

- Burnundan...

- Mən də uşaqlıqda həmişə atı burnundan çəkmişəm. Əl yaddaşımda indi də qalıb bu vərdiş. Amma ortaçağ ənənələrinə görə miniatürçü rəssam – nəqqaş atı dırnağından çəkməlidir.

- Vərdişdən asılıdır məncə...

- O əsərdə atın şəkli danışır. Deyir, mən həyatda belə deyiləm. Ayaqlarım, başım belə nazik, bədənim belə böyük deyil... Rəssamlardan gileylənir...

- Miniatürdə təxəyyül işləyir. Onlar ata baxıb çəkmir. Ayaqların nazik çəkilməsi rəsmə estetika verir. Məncə səbəb budur. Amma konkret cavabım yoxdur bu barədə.

- Sən də atlarla çox işləmisən. Hətta atlarla simmetriya yaratdığın əsərini də görmüşəm.

- Hə, bax, Xudu Məmmədov məktəbi budur. Bir element, o biri ilə yan yana gələndə, aradakı boşluq üçüncü elementə çevrilir. Bir də elementlərin kənarları var. Yəni burada bir üstəgəl bir iki eləmir. Ən azı üç eləyir. Bəzən dörd və ya beş. Baxır rəssamın gücünə...

- Sən iki birlə üç ala bilirsən?

- Özümü böyük rəssam saymıram. Amma çoxlu işləyəndə nələrsə çıxır ortaya. Əsas odur xaltura etməyəsən. Məsələn, məndə var məscidin minarəsi səcdəyə gedən adamdı, sonra minbərlər dua edən qadınlardı, öpüşən quşlardı... Axtarsan bu rəsmlərdə çox şey taparsan. Birləşən elementlər yenisini yaradır, tamaşaçı onu görüb özü üçün kəşf edir, üzə çıxarır. Bu qəribə duyğudur.

- Gəl yenə Pamukun əsərinə qayıdaq. Şərqdə gələnək o qədər güclü olub ki, bəlli bir yaşdan sonra miniatür çəkən rəssamın, onlar naqqaş deyir hamısına, gözləri tutulmalıdır. Əgər tutulmursa, demək lazımı səviyyəyə qalxma bilməyib. Hətta özünü təsdiq etmək üçün gözlərinə mil çəkib kor edən naqqaşlar olub...

- Sevgidir dəəə... Sevgi yoxdursa heç nə eləmək olmaz. Məsələn, Qız qalasına, Möminə xatun türbəsinə baxan bir nəqqaş, İranda da nəqqaş deyirlər, fərqli şeylər görə bilir. Möminə xatunda kristaloqrafik naxışlar vardı: biri-birinə keçən və davamlı... Rənglər, simmetriyalar elə gözəldi ki... Mən belə abidələrə baxanda düşünürəm ki, əgər eşq-sevgi olmasa, heç bir pul, var dövlət həvəsinə, heç bir hökmdar əmrinə görə belə heyrətamiz incəlikləri yaratmaq mümkün deyil. Orta əsrlərdə elə rəsmlər var ki, kişilərin saqqalındakı tükləri bir-bir çəkiblər. Lupa ilə baxanda ağacların yarpağındakı damarları görmək olur. Bəzi incə xətləri çəkmək üçün iki aylıq pişik balasının əmgək tüklərindən fırça düzəldənlər olub. Bu, sevginin göstəricisidir. Elə bir sevgi ki, gözünün işığını da qurban edirsən.

- Miniatürün o damarlarına getdiyin yerdə qəflətən Mikayıl Abdullayevin “Fəhlələr” əsərinə baxsan, nə hisslər keçirərsən?

- O da onun hissidir dəəə... Əgər bir rəssam adamın başını kvadrat çəkəndə rahatlayırsa, qoy çəksin. Rahatam fərqliliklərə qarşı. İndi dünya o qədər qaranlıq və soyuqdu ki, insanın işıq və isti duya biləcəyi ən adi məqamlara da böyük sayğı ilə yanaşmaq gərəkdir. Yaradıcı adamın içində az-çox işıq var. Kim necə istəyir, necə bacarır bu işığı saçsın. Əslində hər kəsin içində işıq var. Sadəcə içinə enib o işığı kəşf etməlisən. İnsan həmin işığı tapsa, heç vaxt adam öldürməz, qan tökməz, kiminsə evini dağıtmaz...

- İcazə ver, yenə Pamuka qayıdaq. Nəqqaşlar nə zaman qətlə yetirilir? Venesiya rəssamlarının təsiri ilə portret çəkməyə başlayanda... Bu, bağışlanmaz günah, böyük xəyanət, nəqqaşlıq sənəti üçün qarşısıalınmaz faciə kimi qiymətləndirilir...

- Cəmi-ət-təvarixin külliyyatlarının əksərində insanların, hətta heyvanların və quşların rəsminin baş hissəsini pozublar. Bu, dinimizdə Allahın işinə qarışmaq, onunla rəqabətə girib insan yaratmağa cəhd etmək kimi yozulur. Amma mən özüm portretləri sevirəm.

- Məncə çəkmisiniz də...

- Bəli, çəkmişəm.

- Bəs bu Miniatür təxəllüsü nədir? Bir az iddialı deyil ki?

- İddialıdır. Çünki məndən daha gözəl rəssamlar var. Onların biri də mənim müəllimimdir. Amma son vaxtlar mənə qadağa qoyub ki, adını çəkməyim.

- Niyə?

- Deyir, istəmirəm. O, daha dərindir. Dərviş kimi bir adamdır.

- Pünhanlıq məsələsi?

- Bilmirəm. Bəlkə də onu incidiblər... Dəqiq bilmirəm. Deyir, böyük bir şey deyil ki, miniatür çəkirəm də. Onun hədəfləri başqadır. Daha dərinlərə gedir. O, dahidir. Qarşısında diz çöküləsi adamdır.

- Yəqin, o da kor olmaq istəyir...

- (Gülür) O adam miniatür elminin sirr qapısıdır. Ancaq heç kimi emalatxanasına buraxmır. Sadəcə haqqında bir kitab çıxıb – bu qədər.

- Bəs necə yaşayır?

- Akademiyada dərs deyir.

- Bəs sən? Sifarişlərin olur?

- Olur arada...

- Sevdiyin bir rəsmi satanda nə hislər keçirirsən?

- Məcburam. Amma rəsmlər mənə iş prosesində maraqlıdır. Sonrası maraqsızdır.

- Bəs müəlliflik?

- Sadəcə rəsmlərimin üstündə adım var...

- Adam var özünü gizləyir, sən adını yazırsan...

- Fərqimizə baxın dəəə... (gülür) Mən dahi deyiləm axı.

- Əsərlərinizi əsasən kim alır.

- Xaricilər. Bizim insanlar rəsmdən, kinodan, teatrdan, kitabdan zövq ala bilmir. Uşaqlarını da özləri kimi böyüdürlər.

- Xalça toxuya bilirsən?

- Yox.

- Nə əcəb.

- Xalça toxumaq texniki baxımdan çox çətin gəlib mənə. Heç öyrənməyə cəhd etməmişəm.

- Dinə münasibətin necədir?

- Dindar da deyiləm, ateist də. Amma az qala dindarlar qədər inandığım bir şey var. Ətrafımda o qədər dindar görürəm ki, hər gün namaz qılır, amma əməlinə fikir vermir. Namaz qılmaqla borcunu bitmiş sayır. Məncə dindar olmaq, Allahı sevmək – vicdanlı olmaqdır, insanları sevməkdir.

- Miniatür dini dünyagörüşü və təsəvvüflə çox bağlıdır.

- Hə, elədir.

- Sizin Füzuli ilə bağlı da əsəriniz var.

- Hə, çox sevirəm Füzulini.

- Onun qəzəllərinin strukturu da miniatürə bənzəyir. Bir üstəgəl bir bərabərdi üç prinsipi...

- Bəli. Əslində sevgiyə söykənən bütün sənətlər eyni mənbədəndir.

- Gələcək işlərin...

- İşləmək... İşləmək... Bəzən beynimdə şimşək kimi çaxır nəsə, amma yaxalayıb çəkə bilmirəm. Amma çoxlu işləyəndə tutmaq olur o məqamı.

- Həqiqətən sevirsən... Həm də çox...

- Çox!

- Kor olanacan gedə bilərsən?

- Gedərəm (gülür).

- Sənə uğurlar! Sağ ol ki, dəvətimizi qəbul etdin.

- Sən də sağ ol. Dəvətə görə...

# 2615 dəfə oxunub

Oxşar xəbərlər

Seyfəddin Hüseynlinin ədəbi-mədəni körpüsü - Sevinc Mürvətqızı

Seyfəddin Hüseynlinin ədəbi-mədəni körpüsü - Sevinc Mürvətqızı

17:00 24 dekabr 2024
Ukraynada sökdülər Puşkinin heykəlini - Nadir Yalçının yeni şeirləri

Ukraynada sökdülər Puşkinin heykəlini - Nadir Yalçının yeni şeirləri

15:00 24 dekabr 2024
Üçüncü həyat - Əsəd Qaraqaplanın yeni hekayəsi

Üçüncü həyat - Əsəd Qaraqaplanın yeni hekayəsi

09:00 24 dekabr 2024
Mən nənəmi çox sevirəm - Ulucay Akif

Mən nənəmi çox sevirəm - Ulucay Akif

11:00 23 dekabr 2024
4 dəfə evlənən şair kimliyini niyə gizlədirdi? - "Səni düşündükcə o atı da sevirəm..."

4 dəfə evlənən şair kimliyini niyə gizlədirdi? - "Səni düşündükcə o atı da sevirəm..."

09:05 23 dekabr 2024
Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

15:00 21 dekabr 2024
#
#
# # #