Həmidə Ömərova: "Elə bir kişiyə rast gəlmədim ki, ona arxayın olum”

Həmidə Ömərova: <span style="color:red;">"Elə bir kişiyə rast gəlmədim ki, ona arxayın olum”
5 yanvar 2017
# 12:28

Kulis.az Həmidə Ömərovanın yenicag.az-a müsahibəsini təqdim edir.

– İllər sonra biz yenə üz-üzə oturduq. Və etiraf edim ki, səninlə hər görüşdən sonra beynimdəki Həmidə Ömərova portretində bir cizgi də tamamlanır.

– Sən də darıxdığım insanlardansan. Əgər bilmək istəsən jurnalistlər arasında içi sənqarışıq çox gözəl dostlarım var. Mən elə sənət adamı tanıyıram ki, jurnalistlərdən qaçır. Mən isə heç vaxt nə jurnalistlərdən qaçıram, nə də onlardan küsürəm, çünki onlar qorxulu adamlardır (gülür). Jurnalistika ilə aktyorluq sənətini birləşdirən ümumi cəhət çoxdur. Hər iki peşənin sahibləri böyük psixoloqdurlar, tez ünsiyyət tapırlar, bir-birilərini bircə baxışdan anlayırlar. Və həmişə fikirləşmişəm ki, yaxşı jurnalistlə yaxşı aktyor vəhdətdə olarsa, onlar böyük bir əsər, hətta möhtəşəm bir film də yarada bilərlər. Mən buna misal olaraq, Federiko Fellini yaradıcılığını misal çəkə bilərəm. O dahi italyan rejissorunun da yaradıcılığı jurnalistikadan başlanıb. Amma ən qəribəsi o idi ki, bu dahi rejissor öz işlərini ekrana köçürə bilmirdi. Və o bir gün öz həmyerlisi olan Tonino Quera kimi istedadlı yazıçı-jurnalistə rast gəlir və öz hekayətlərini ona danışır. Quera isə hər şeyi o qədər gözəl, bədii dillə təsvir edir ki… Fellini baxır ki, onun film kimi gördükləri kağızdadır. Və həmin yazılanları götürüb, əsrarəngiz ekran əsərlərinə çevirir.

– Yaxşı… sən indi Fellinisən, yoxsa Quera?

– Sən mənim Queramsan. Qoy jurnalistlər məndən inciməsinlər: çox müsahibələrim olub ki, həyatımla, keçmişimlə, hisslərimlə bağlı danışmışam. Amma oxuyanda görmüşəm ki, yox, bu, o deyil. Amma ilk dəfə idi ki, bir sənin, bir də Nadir Bədəlovun mənim haqqımda yazdıqları ürəyimcə oldu. Mən onları oxuyanda elə bildim ki, özüm yazmışam. Axı mənim də az-çox yazıçılıq qabiliyyətim var.

– Təvəzökarlıq eləmə… 3 dərslik müəllifinin qabiliyyəti az ola bilməz. Üstəlik, publisistikandan da xəbərim var. Yox… məncə sən elə öz həyatını hamıdan yaxşı yazarsan.

– (tərəddüdlə) Öz taleyim haqqında hələ ki, yazmamışam. Amma öz yaşıdlarım, analarımız, nənələrimiz barədə yazıram. Bilirsən, biz həyatda birinci dərəcəliyik. Amma kinoda qadınlar həmişə ikinci dərəcəli, arxa planda olublar. Ona görə də tanış dramaturqlardan həmişə xahiş etmişəm ki, nolar, qadınlar üçün də yazın. Dedim, dedim, yoruldum. Və sonda özüm yazmağa başladım. Bu əsər tanıdığım qadınlar, onların həyatı, gördükləri işlər barədə serialdır. Amma bilirəm ki, bu ssenari işıq üzü görməyəcək. Neyçün? Kimdir ona sponsorluq edən? Onu serial kimi maliyyələşdirən? Bu gün kino iş adamlarının yadına düşmür. Səbəbini onda görürəm ki, bizdə kino-prokat yoxdur. “Prokatın” da olmaması kinonun belini qırır.

Azərbaycan kinosunun dünəni, bu günü məni həmişə narahat edib. Bax, mən dünya kinosundan dərs deyirəm. Ordakı vəziyyəti də görürəm, bizdə olanı da… Bizdə hüquqsuzluq baş alıb gedir.

Oğlum həmişə deyir ki, sən başqaları üçün yaşadın, özünə bir gün ağlamadın. Mən tək özümü düşünmürəm. Bax, mən ölüb gedəcəm. İstəmirən axı məndən sonra gələnlər mənim vəziyyətimə düşsünlər. Mənim kimi çarəsiz olsunlar.

– Səncə bir Həmidə ilə kino düzələcək?

– Yox, düzəlməyəcək. Amma mənim kimi düşünənlər az deyil. Kaş sən biləsən ki, kinonu nə qədər sevən insan var. Mən elə bilirdim ki, televiziya kinoya çoxdan qalib gəlib. Amma elə deyilmiş. Biz “Professional Kino Aktyorları Gildiyasi”nın saytını yaradanda Azərbaycanın rayonlarını, kəndlərini qarış-qarış gəzdik. Elə qocaman, istedadlı aktyorlar gördük ki, kino onlar üçün “ağlayır”. Amma təəssüflər olsun ki, onları heç kim tanımır. Və biz bu yaratdığımız saytda Azərbaycan kino və teatr sənətinin tanınan və tanınmayan aktyorları barədə məlumat verdik. Əsas odu ki, məhz bu saytla biz aktyorlar bir-birimizi tanıdıq. Və bu sayta daxil olan hər bir rejissor istədiyi aktyoru öz filminə dəvət edə bilər. Burada hamıya şans verilir.

– Bu qədər problemlərdən, qayğılardan sonra yenə aktrisa olduğun üçün fəxr etdiyini deyəcəksən?

– Əlbəttə. Mən sənətimlə qürur duyuram. Baxmayaraq ki, biz – itirilmiş bir nəslin nümayəndələriyik. Amma fəxr edirəm ki, məhz bizim nəslin nümayəndələri yenə azdan-çoxdan milli kinomuzda nəsə öz imzasını qoya bildi. Mən bu gün də səhnədəyəm. Sənətim məni darıxmağa qoymur. İncəsənət universitetində dərs deyirəm, rollar oynayıram.

– Amma zaman hamı kimi bizi də qarət edir. İllər keçir, yaşa doluruq.

– İllərdən danışma… Təsəvvür edirsən, bu il mənim yubileyimdir. (əli ilə 6 rəqəmini göstərir) Necə gəlib keçdi bu illər, heç bilmədim ki…

– (heyrətlənirəm) Nə danışırsan? Heç sənə o yaşı vermək olmaz.

– Deyəsən, son illər bizim yer kürəsində nələrsə baş verir. Günlər tez keçir, orqanizm isə cavan qalır. Əsas insanın özünü neçə yaşında hiss etməsidir. Amma onu da deyim ki, mən ağ saçlarımdan utanmıram. Düzdür, onları hənalayıram (gülür), amma mən onları sevirəm.

– Belə bir deyim var: səhnə də məşuq kimidir; nə qədər ki, gənc və sağlamsan o, sənə qoynunda yer verir, elə ki yaşa doldun, səni özündən uzaqlaşdırır.

– Fransız aktrisası məşhur Sara Bernard əlil arabasında səhnəyə çıxıb, klassik əsərlərdə oynayıb. Bəs onda qoca kişi, qadın rollarını kim oynasın? Cavanlar? Məsələn, mən hazırda Rafiq Əzimov və Hacı İsmayılovla birgə Teatr Xadimləri İttifaqının Zəfər studiyasında Ejen İaneskonun “Stullar” tamaşasında oynayıram. Orada 95 yaşlı qadın obrazını yaradıram. İndi səncə bunu kim oynamalıdır? 20 yaşlı qız? Ona görə də dediyin fikirlə razılaşmıram. Bir onu bilirəm ki, səhnə onu sevənlər üçün ağlayan məşuqdu.

– İllər sonra səninlə yenə bu evdə görüşdük. Və içəri girən kimi elə bil ananın ətrini hiss etdim.

– Gör ağlada bilirsən məni?… Ona görə çalışıram ki, bu evə az-az gəlim, qaçıram burdan. Hər küncündə anamın nəfəsini hiss edirəm. Elə bilirəm, yenə oturub o divanda… Yenə məni “Həmiş” deyə çağırır. Bu ev anamın ocağı idi. O, məni təkbaşına böyütdü. Mərd adam idi. Hamı deyirdi, Nəsibə xanım kişi kimi qadındır. Əslində, mən bu fikrin əleyhinəyəm. Qadın niyə kişi kimi olur? O qədər zülümlər çək, sonda da elə… yazıq anam…

– Mən biləni ananı Respublikanın baş psixiatrı Ağabəy Sultanov müalicə edirdi.

– O məgər müalicə idi? Aparmışdım yanına, nə qədər dərman yazdı. Həmin dərmanlardan sonra anamın huşu tamam itdi. Mənim adımı unutdu. Qonşuda təmir gedirdi, anam gedib orda mahnı oxuyurdu. Zəng edib dedim ki, Ağabəy müəllim, anamın vəziyyəti pisdir. Rəhmətlik qayıtdı ki, eybi yox, dərmanları kəsmə. Mən isə daha vermədim.

– Ağabəyə “rəhmətlik” sözü düşür?

– Bilirsən, mən ibadət edəndən sonra çox hadisələrə başqa gözlə baxmağa başladım. Allah bilən məsləhətdir. Əcəl özü anamı göndərdi Ağabəyin yanına… Çünki ondan əvvəl mən anamı Tibb Universitetində bir professor vardı, onun yanına aparmaq istədim. Orda mənə dedilər ki, doktor ancaq rayon adamlarını qəbul edir. Bu söz mənə toxundu. Dedim, indi Bakı camaatı nə etməlidir? Xeyli əsəbdən, get-gəldən sonra başa düşdüm ki, cəhdim əbəsdir. Və mən anamı Ağabəy Sultanovun yanına aparmalı oldum. Yazıq arvad, biləndə ki, onu Ağabəyin yanına aparacam, dedi a bala, onun özünün başı xarabdır, məni hara aparırsan? Elə bil ürəyinə dammışdı…

– Ananı yuxunda görürsən? Nə istəyir səndən?

– Bu üzüyü görürsən? (əlindəki nişan üzüyünü göstərir) Bu, anamındır, sonradan alıb amma…. O, atamdan ayrılanda çox gənc olub. Yaraşıqlı, gözəgəlimli qadın imiş… Yəqin ki, küçədə – filanda sataşmasınlar deyə, bu üzüyü alıb taxıb. Ölənə qədər də bu nişan üzüyü barmağında idi. Anamı aradabir yuxuda görürəm. Sonuncu dəfə də mənə dedi ki, götür mənim üzüyümü tax. Odur-budur, üzük barmağımdan çıxmır.

– Bayaqdan fikrimdə oğlunun sözü dolaşır. Doğrudan da sən niyə heç özün üçün yaşamadın? Axı sən o Həmidə Ömərovasan ki, bircə baxışına, bircə şirin sözünə ayaqların altına milyonlar sərəcək kişilər olub. O şanslardan istifadə etmədiyinə görə özünü qınamırsan?

– Düzdür, məni istəyən çox idi. Amma mən sən dediyin adamlar arasında elə bir kişiyə rast gəlmədim ki, ona arxayın olum.

– Yəni heç kim sənə demədi ki, “Qorxma , mən səninləyəm”.

– Yox, o kinoda olur. Sənə bir şey deyim? Bəlkə də bizim kino 1993-cü ildə böhrana uğramasaydı, mən heç ailə qurmazdım. Buna mənim vaxtım yox idi. Bir gün Bakıda çəkilirdim, bir gün Şəkidə, bir gün İranda… Və İrandakı çəkilişlərin birində bir qadın məndən soruşdu: sənin neçə uşağın var? Dedim, nə uşaq? Mən heç ailə qurmamışam. Dedi, neçə yaşın var? Qayıtdım ki, 34. Dedi, aaa… bəs sən nə vaxt uşaq doğacaqsan? Bu söz elə bil mənim yeddi qatımdan keçdi. Axı Bakıda heç kim mənə bu sözü deməmişdi. Elə bil yuxudan ayıldım. Və qarşıma məqsəd qoydum ki, Bakıya qayıdan kimi ailə quracam.

– Kimliyindən asılı olmayaraq?

– Hə. Özümə söz verdim ki, Bakıya dönən kimi kim mənə birinci evlilik təklif etsə, ona da ərə gedəcəm.

– Sevgisiz?

– Qəribədir ki, mən sevib ailə qurdum. Bakıya qayıdandan bir müddət sonra yoldaşımla tanış oldum. Onun öz aləmi vardı. O, yeganə kişi idi ki, mən bir qadın kimi onu qətiyyən maraqlandırmırdım. Mən də qarşıma məqsəd qoydum ki, onu özümə cəlb edəcəm. Çox quru adam idi. Sonra yavaş-yavaş ünsiyyətimiz yarandı. Qəribə adam idi, açığı mən onu heç vaxt başa düşmədim. Onun sevgi etirafı da qəribə oldu. Həmin gün möhkəm yağış yağırdı. Mən də hər dəfə naharda çıxıb evə gedirdim. Çıxdım bayıra, gördüm dayanıb yağışın altında… Düz 45 dəqiqə saxladı məni, ordan-burdan danışdı, nahara da gecikdim. Sağollaşıb qayıtmaq istəyirdim ki… bircə kəlmə dedi: istəyirəm səni. Çönüb baxdım. Gördüm yağışdan elə islanıb ki… Mən ona inandım.

– Nəticəsi?

– Nəticəsi o oldu ki, bu gün o məhəbbətin bəhrəsi olan yaraşıqlı bir oğlumuz var.

– Amma deyəsən, sən elə onu sona qədər başa düşmədin.

– Sadəcə, anladım ki, biz tamam başqa-başqa adamlarıq. Maraq dairələrimiz özgədir. Ümumiyyətlə, mən belə hesab edirəm ki, çox sənətkarların şəxsi həyatı uğursuz olur. Əgər kiminsə ailəsi dağılmayıbsa, demək onlar öz övladlarına görə yaşayırlar.

– Yaralı qu quşunun sevgi nağılı nə qədər çəkdi?

– Ömrünü saymadın. Amma bir onu deyə bilərəm ki, mən ailəli qadınam.

– Bəlkə özünü ailəsinə qurban vermiş qadın?

– (dərd yağan gözləri yol çəkir) – Hə…..

Zakirə Zakirqızı

yenicag.az

# 1554 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #