Şaxta Baba Yazıçılar Birliyində – YENİ İL ZARAFATI

Şaxta Baba Yazıçılar Birliyində – <span style="color:red;">YENİ İL ZARAFATI
25 dekabr 2014
# 08:30

Kulis.az tanınmış yazıçılarla yeni il zarafatını təqdim edir.

Köhnə söhbət

Şaxta Baba uzun yalvar-yaxardan sonra Anar müəllimin qəbuluna düşə bilir. Anar müəllim:

- İşim çoxdu, nahaq israr edirsiz, mənim üçün Şaxta Baba 40-cı illərdə qalıb...

Şaxta Baba:

- Ona qalsa Anar da mənim üçün 60-cı illərdədir... Dərinə getməyək, bir-biri yola verək, getsin...

Cavanşir Yusifli və Şaxta Baba

Tənqidçi Cavanşir Yusiflinin qapısı döyülür. Qalxıb açır... Şaxta Baba... Gülümsəyir:

- Mən Sartrı orijinaldan oxumuş adamam. Üstəlik bu qədər təcrübəm var. Şaxta Babaya inanası deyiləm indən sonra...

Şaxta Baba:

- Göz muncuğuna inanırsız, Şaxta Babaya yox?

Fikrət Qocanın tövbəsi

Xalq şairi Fikrət Qoca Yeni il ərəfəsi tövbə etmək istəyir. Ona görə işə gedərkən yolüstü kilsələrin birinə dönür:

- Müqəddəs ata, açığı, günahlarım çoxdur, hamı kimi... İstəyirəm, bu yaşdan sonra tövbə edim, yeni ildən başlayaraq dünya malından çox axirətimi düşünüm. Namaz qılım, oruc tutum, Quran oxuyum.

Keşiş:

- Siz məscidə getməlisiniz... Bura kilsədir...

Fikrət Qoca:

- Düzü, ora getmək istəyirdim, tıxaca düşdüm. Vaxt da azdır, çox tələsirəm. Biz bu gün 2015-ci ilin ev, təqaüd və fəxri ad siyahısını nazirliyə təqdim eləməliyik.

Keşiş:

- Siz artıq nirvanadasınız, inanın mənə. Tövbəyə-filana ehtiyac yoxdur...

Çingiz Abdullayevin Yeni il açıqlaması

Müxbir:

- Niyə çox vaxt Yeni ildə Parisə gedirsiz?

- Bilirsiz, Yeni il bizi Şerlok Holms kimi izləyir həmişə... Şərqdən Qərbə qovalayır hamımızı... Mən ilə 365 kitab yazıram. Ona görə bəzən çatdırmıram tamamlamağı. Təyyarəyə minib yaza-yaza Qərbə tərəf uçuram ki, ən azı üç-dörd saat vaxt qazanım.

- Oooo! İlə 365! – müxbir heyrətlənir – günə bir kitab edir bu!

- Yox! Elə il var 366 gündür. Belə olanda ildə cəmi bircə dəfə iki günə bir kitab düşür – deyə Çingiz Abdullayev dəqiqləşmə aparır.

Əsəd Cahangirin Dədə Qorqudu

Əsəd Cahangir səhər işə gələndə görür ki, iş yoldaşı Məmməd Orucun yerində ağ-uzun saqqallı nurani bir kişi oturub.

- Aaaa! Şaxta Baba! – deyib həyəcanlanır Əsəd müəllim.

Nurani kişi dillənir:

- Şaxta Baba deyiləm, Dədə Qorqudam! Gəldim deyəm ki, hansı qocanı tərifləyirsən, təriflə, öz işindir. Amma kimisə tərifləmək üçün məni ayaqaltı eləmə!

İlqar Fəhmiylə söhbət

- Alo! Salam, İlqar müəllim, sizi Azərbaycan Yeniilsevrələr Birliyindən narahat edirəm. Qısa adımız QATAR-dır...

- Salam! Axı düz gəlmir.

- Nə?

- Abbreviatura.

- Məmləkətdə hər şey yolundadır da, bircə bizim adımız qalıb?

Rəşad Məcidə zəng

- Salam! Rəşad Məcidlə danışmaq olar?

- Buyurun, eşidirəm.

- Sizə Şaxta Baba lazımdır?

- Yox. Bizim katiblər Şaxta Babadan daha yaşlı, daha xeyirxah, daha humanistdirlər. Ehtiyacımız yoxdur. Həm də ki, mən gənclər üzrə katibəm, gənc və istedadlı Qar Qızlar varsa, onları göndərin.

- Biri var, amma yaxşı yaza bilmir...

- Ağıllı olsun, yetər, yazılarını Qulu Ağsəsə yazdırarıq.

Rauf Aslanovun təcrübəsi

Yeni il ərəfəsi AYB gücləndirilmiş iş rejiminə keçir, hər yerə kamera yerləşdirilir, buraxılışa yeni, cantaraq mühafizəçi qoyurlar.

Birdən AYB sədrinin müşaviri Rauf Aslanovun daxili telefonuna zəng gəlir. Mühafizəçi:

- Rauf müəllim, bayaqdan bir Şaxta Baba gəlib, yuxarı çıxmaq istəyir, buraxmıram, siz çağırmamısız ki?

Rauf müəllim cəld girişi göstərən monitora baxıb qışqırır:

- Avara! O, Abbas Abdulladı eee... Şaxta Baba deyil. Dədə Qorquda oxşayan adam görsən, onu da burax. Fikrət Sadıq olacaq.

Mühafizəçi:

- Bəs Koroğlu gəlsə necə, İslam Sadığı buraxım?

# 2519 dəfə oxunub

Oxşar xəbərlər

İnsan həyatının absurdluğu - Kamyunun Mersosu ilə Sartrın Roqonteni nəyi anlamağa çalışırdı?

İnsan həyatının absurdluğu - Kamyunun Mersosu ilə Sartrın Roqonteni nəyi anlamağa çalışırdı?

09:00 21 avqust 2025
Azərbaycan təsviri incəsənətinin özünəməxsus üsluba malik neorealist rəssamı

Azərbaycan təsviri incəsənətinin özünəməxsus üsluba malik neorealist rəssamı

13:00 20 avqust 2025
Hər şey yaxşıdır - Alov İnannanın yeni hekayəsi

Hər şey yaxşıdır - Alov İnannanın yeni hekayəsi

09:00 20 avqust 2025
Tapıntı - Səidbəy Arsanovun hekayəsi

Tapıntı - Səidbəy Arsanovun hekayəsi

12:00 19 avqust 2025
Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər