“Biz çuşkalıqla mübarizə aparırıq” - MÜSAHİBƏ

<b>“Biz çuşkalıqla mübarizə aparırıq” - <span style="color:red;">MÜSAHİBƏ </b>
21 may 2018
# 09:00

Kulis.az “DədəBaba” qrupunun üzvləri Orxan Musayev (basgitaraçı-vokalçı) və Əli Nəsib (baraban) ilə müsahibəni təqdim edir.

- Bir az əvvəl biz gələndə siz məşq edirdiniz. Məşqləriniz hər gün olur?

Orxan Muayev: - Bu məşqin “DədəBaba” qrupuna heç bir aidiyyəti yoxdur. Bir dostumuz var, xahiş elədi, biz də kömək məqsədi ilə onun oxuyacağı mahnıları məşq edirik.

- Bəs “DədəBaba” qrupu olaraq tez-tez məşq edirsiniz?

O.M.: - Əlbəttə. Məşqsiz necə olar?

Əli Nəsib: - Məşqlərimiz daha çox təzə treklər yazılan zaman və konsert qabağı intensivləşir.

- Qrup sizin daimi qazanc yerinizdir, yoxsa başqa sahədə də çalışırsınız?

O.M.: - “DədəBaba” qrupundan başqa bizim ayrı-ayrılıqda da qruplarımız var. Ümumiyyətlə musiqi ilə məşğuluq.

- Azərbaycanda rokun geniş kütlələrə nüfuz etməməsi bir musiqiçi-rokçu kimi sizi düşündürübmü?

O.M.: - Düşündürüb və cavabını da bilirik. Bizdə qruplar var, ancaq Azərbaycan dilində oxumurlar, çoxu rusca və başqa dillərdə oxuyurlar.

- Problem Azərbaycan dilində oxumamaqdır? Yəni rok qrupları öz milli köklərinə yaddırlar?

O.M.: - O cür deməzdim. Sadəcə roker oxuyanda dinləyicilər onu başa düşməlidir. Bizim rok qrupların çoxları kover mahnılar, yəni xarici mahnılar ifa edirlər.

- Bizdə ümumiyyətlə nə qədər rok-qrup var?

Ə.N.: - Hardasa ona yaxın rok-qrup var.

O.M.: - Siz yalnız xarici qrupların mahnılarını oxuyan qrupları nəzərdə tutursunuz, yoxsa özləri yaradıcılıqla məşğul olan qrupları deyirsiniz?

- Mənə elə gəlir ki, bizdə yaradıcılıqla məşğul olan, özləri mahnı yazıb ifa edən qruplar yox dərəcəsindədir.

İkisi də: - Var-var. Niyə yoxdur?

- Qrup üçün xalqa yaxın ad seçməyiniz və Azərbaycan mahnılarına daha çox aksent etməyiniz sizi digər rok qruplarından fərqləndirir.

O.M.: - Məncə “DədəBaba” rok qrupunun məşhurlaşmasının səbəbi tematika ilə bağlıdır. Mahnılarımızın mövzusu, mətni bizi daha çox diqqət mərkəzində saxlayır.

- Bizə qonşu olan Rusiya və Türkiyəyə nəzər yetirəndə görürük ki, rok-musiqi geniş yayıldı, xalq tərəfindən sevildi. Onlarda xalq musiqisi ilə rok musiqini sintez edənlər oldu. Bizdə bu proses niyə baş vermədi?

Ə.N.: - Bilirsinizmi, doxsanıncı illərə qədər Bakı çoxmillətli şəhər idi deyə burda Azərbaycandilli rok qrupunun yaranmasına ehtiyac qalmırdı, əsas dil kimi rus dilindən istifadə edilirdi. Və ümumiyyətlə istər rok, istər estrada musiqisi olsun, musiqi həmişə Bakıda təmərküzləşib. Mən bilən Gəncədən və Sumqayıtdan bir neçə rok-qrup var idi, ancaq geniş yayılmamışdı.

- Bizdə rok musiqiçisi kimi tanınan sima belə yoxdur.

Ə.N.: - Elədir, şou-biznesdə və ya ümumiyyətlə rokçu kimi tanınan müğənnilərimiz yoxdur, olanlar da geniş kütlələr tərəfindən tanınmır. Bizim xalqın nəyəsə görə roka marağı yoxdur.

O.M.: - Rok etirazçı janrıdır, bəlkə buna görə bizdə həmişə rokçular təqib olunub, televiziyalara, radiolara çox buraxılmayıblar. Bu amil də təsir edə bilər.

Ə.N.: - Reperlər də təbiətən etirazçı olduqlarına görə onları da televiziyada görə bilməzsiniz.

- Rok hələ də protest musiqisi hesab olunur, yoxsa ötən əsrin yetmişinci illərində formalaşmış bu imaj artıq yox olub?

Ə.N.: - İndi o cür tendensiya demək olar ki, yoxdur. Rok-qruplar əvvəllər əsasən hər hansı bir protest fikirlə çıxış edirdilər, musiqidən əlavə sanki ideoloji fikirləri də olurdu, amma hazırda dünyadakı rok qruplar daha çox şou-biznesə, qazanc əldə etməyə meyl edirlər.

- Sizin də dediyiniz kimi adətən rok qruplarının özünəməxsus fəlsəfəsi, mesajı olur. “DədəBaba” qrupunun belə bir mesajı, missiyası varmı?

O.M.: - Bizim məqsədimiz insanların düşüncələrini dəyişməkdir. Və məncə bir az alınır.

Ə.N.: - Biz daha çox cəmiyyətdə mövcud olan problemlərə gülmək istəyirik. Çünki ən gözəl inqilab başlarda olan inqilabdır. Biz bu problemlərə nə qədər çox gülsək o qədər tez yox olarlar.

- Hansı problemləri nəzərdə tutursunuz?

Ə.N.: - Bizim mahnılara qulaq assanız qaldırdığımız problemləri görə bilərsiniz; növbə, pensiya problemi, küçələrin zibillənməsi, falçılara inam və sair.

- Mətbuatda həmişə aktual olan iki mövzu var: yengə və azad seks. Bu sahədə bəlkə yüzlərlə publisistik məqalə yazılıb. Siz də bu mövzuda “Öldür yengəni” adlı mahnısı ifa etməklə o cərgəyə qoşuldunuz.

O.M.: - Yox, biz oxuduğumuz “Yengə” tamam başqa yengədir. Biz beyinlərdə olan yengələrdən oxumuşuq, toy gecəsi gəlib qapının dəliyindən baxan yengədən oxumamışıq. Biz yengə deyəndə onun-bunun dalınca danışan, başqalarının işlərinə qarışan adamları nəzərdə tuturuq.

Ə.N.: - Elə adətlərimiz var ki, müasir dövrlə heç uyğun gəlmir.

O.M.: - Bizim mahnılarımız cəmiyyətdə baş verən problemləri əks etdirir.

- Belə başa düşdüm jurnalistlərin, misal üçün Seymur Baycanın publisistik məqalədə sözlə dediyini siz musiqi ilə deyirsiniz.

Ə.N.: - Mən heç bilmirəm o kimdi.

O.M.: - Mən də tanımıram.

- Seymur Baycan adlı yazıçı tanımırsınız?

O.M.: - Onun haqqında eşitmişəm, amma əsərlərini oxumamışam. Amma bizə deyiblər ki, sizin yaradıcılığınız Mirzə Ələkbər Sabirə, Mirzə Cəlilə yaxındır.

Ə.N.: Bizimki sırf satiradır.

- Ümumiyyətlə, peşəkarlığı artırmaq, daha geniş mövzulara toxunmaq üçün mütaliə edirsiniz?

Ə.N.: - Orxanın yaxşı bir sözü var. Deyir, bir dəfə avtobusa minib Bakını gəzmək bəs edir ki, təzə mahnı yazasan, hətta albom çıxarasan.

O.M.: - Bəzən mövzular bitir.

- Bəs onda nə edirsiz?

O.M.: - Dincəlirik. Bir müddət fasilə veririk.

- Mahnılarınızın mətnlərini təkmilləşdirmək üçün şairləri, şeir kitablarını oxumursunuz?

Ə.N.: - Mahnı mətni üzərində bu qədər çalışmağa gərək olmur. Bizə şeir sanki kosmosdan gəlir. Oturub fikirləşmirik ki, filan mövzu barədə şeir yazaq.

- Mahnı sözlərini özünüz yazırsız?

O.M.: - Bəzi mahnıların mətnlərini mən yazıram. Ancaq rusdilli olduğuma görə bir də görürsən çətinlik çəkirəm. O zaman ideyanı repçi İbrahim İbrahimov və yazıçı Cavid Osmanova danışıram. Onlar ideya əsasında mətn yazırlar, biz də oxuyuruq (gülür). Bəzən ideya da, musiqi də hazır olur, ancaq ortada mətn olmur. Həmin vaxtı onlarla görüşürəm, ideyanı danışıram, onlar da mətn yazırlar. Bizim üçün əsas ideyadır, sonra mətn. Mahnının musiqisi isə çox vaxt əvvəldən hazır olur.

- Heç olubmu ki, konsert zamanı ekspromt şəkildə bir mahnı yaransın?

O.M.: - Yox, elə şey olmayıb.

Ə.N.: - Bir də görürsən konsert vaxtı hər hansı bir improvizasiya edirik və ya yeni mahnının ideyasını, girişini tapırıq.

- Konserti müəyyən bir mahnı ilə başlamaq və ya bitirmək kimi adətiniz varmı?

O.M.: - Konserti həmişə “Mən azərbayacanlıyam” mahnısı ilə bitiririk, axır vaxtlar isə çox vaxt “Dağların başı” mahnısı ilə başlayırıq.

- Ən çox sevilən mahnınız hansıdır?

O.M.: - Yəqin elə “Mən azərbaycanlıyam” mahnımızın adını çəkmək olar. Ən çox o mahnımız sevilib, nəqarətində də Səməd Vurğunun şeirindən istifadə etmişik (gülür).

- Bir mahnınız da geniş yayıldı, “Molotov kotleti”ni deyirəm. Deyəsən o mahnıya klip də çəkdirmisiz.

O.M.: - Bu mahnımız böyük sevgiylə qəbul olundu, biz də qərara gəldik ki, buna klip çəkdirək.

- Necə maraq doğurub ki, Youtube-da izləmə sayı o qədər də çox deyil.

Ə.N.: - Youtube-da 3 min baxışı var, əsasən Facebook səhifələrində paylaşılır, ümumilikdə izləmə sayı 60 mini keçib.

O.M.: - Əgər əvvəllər insanlar tanınmaq üçün televiziyalara can atırdılarsa indi sosial şəbəkələr bu funksiyanı yerinə yetirir. Orda da reklam yerləşdirmək pulludur, ancaq çarə yoxdur, görək ödəyəsən. Əsas xərclərimiz klip çəkilişlərinə çıxır. Düzdür, “Molotov kotleti” klipinin çəkilməsində bizə “Bumeranq” studiyası böyük dəstək oldu.

- Yeni klip barədə düşünürsüz?

Ə.N.: - Əlbəttə, düşünürük. Hər təzə mahnımıza klip çəkdirməyi düşünürük (gülür), ancaq təəssüf ki, sponsor tapmaq çətindir.

- Siz də şou-biznes müğənniləri kimi sponsor axtarırsınız?

Ə.N.: - Sponsor yox, daha çox mesenat, filantrop axtarırıq ki, ideyamızı bəyənib qəbul eləsin. Daha bizə kommersiya layihəsi kimi baxmasın.

O.M.: - Bizə indiyə kimi bu cür adamlar köməklik göstəriblər; avadanlıqla, klip çəkilişi ilə.

- Bütün gəlirləriniz konsertlərdəndi?

O.M.: - Bəli.

- Azərbaycanda musiqiçilərin əsas gəlir yerləri toylardır. Siz nə əcəb toylara getmirsiniz?

O.M.: - Mən arzulamıram ki, bizi toylara çağırsınlar. Təklif edirlər, ancaq imtina edirik.

Ə.N.: - Bizim musiqimiz fon musiqisi olmamalıdır. O toya gedərik ki, orda bizi əvvəldən axıra kimi dinləmək istəsinlər, belə deyək də “kul” toy olsun.

- Şou-biznesə də qatılmırsınız.

O.M.: - Bizim ən böyük problemimiz bilirsinizmi nədir? Ölkədə turne şəklində çıxış etmək imkanımız yoxdur. Bakının mərkəzindən başqa harda konsert verəsən?

Ə.N.: - Maksimum Bakı, Sumqayıt, Gəncədə konsert verə bilərsən, Şəkinin özündə bizi dinləyərlərmi, bilmirik.

O.M.: - Mən Türkiyənin rok qruplarına baxıram, onlar bütün Türkiyəni gəzirlər.

Ə.N.: - Əsas problem kütlə problemidir. Bizdə roku dinləyən kütlə çox azdır. Çoxu cavanlığında rok dinləyir, ancaq yaşlanandan sonra başqa janra keçir.

- Problem kütlədədir?

Ə.N.: - Kütlə çox azdır. Axı sən kim üçün ifa edəcəksən? Bizi dinləyənlər gərək sərbəst adam olsunlar.

- Mənə elə gəlir ki, bizim xalqın roku sevməməsinin problemi ondadır ki, rokçularımız xalqın içindən çıxmayıblar. Buna görə də xalqla rok musiqiçiləri arasında böyük uçurum var. Məsələn, türk rokunda geniş yayılıb; xalq mahnıları, türküləri, arabesk mahnıları rok kimi ifa edirlər. Bizdə nədənsə bu üsul geniş yayılmayıb.

O.M.: - Rokun geniş yayılmamasına əhalinin sayının da təsiri var. Bizim cəmi on milyon əhalimiz var, tək İstanbulda isə 20 milyon insan var. İndi özünüz fərqi görürsünüzmü?

- Ancaq siz başqa rok qruplarımızdan fərqli olaraq eksperimentlərə gedirsiniz, məsələn, Niyaməddin Musayevin “Dünya-sənin, dünya mənim” mahnısını rok kimi oxuyub ona başqa don biçdiniz.

O.M.: - Əslində mən Niyaməddinin konsertinin afişasını gördüm və dedim ki, gəl bunu oxuyaq. Elə olmadı?

Ə.N.: - Elə oldu və hamı tərəfindən sevildi.

- Gələcək planlarınız nədir?

Ə.N.: - Musiqiçilərin gələcək planları nə ola bilər? Yeni-yeni albomlar və konsertlər haqqında düşünürük. Təəssüflər olsun ki, rokçuların musiqi ifa etməsi üçün məkanlar çox azdır. Biz demək olar ki, açıq məkanlarda konsert verə bilmirik. Konsertlərimiz əsasən qapalı məkanlarda keçirilir. Belə yerlər də şəhərdə çox azdır. Biri indi olduğumuz bu məkandır və bundan başqa da bir-iki belə kafe-bar var, vəssalam.

O.M.: - Bir də imkan olsaydı xarici ölkələrə, məsələn, Türkiyəyə konsert verməyə gedərdik. Çox istəyərdim İranda konsert verim. Novruz bayramında o biri qrupumla konsert verirdim, zal iranlılarla dolu idi. Mən orda iranlılardan soruşdum ki, sizdə də belə konsertlər olur, dedilər ki, olur, amma gizli məkanlarda, gərək bayıra səs də çıxmasın. Mən onlara mahnılarımı, kliplərimi göstərdim, dedim ki, imkan olsa çağırın gəlib İranda konsert verək.

Ə.N.: - Bizim məqsədimiz mentalitetimizdəki saxtakarlıqlarla mübarizə aparmaqdır. Mən buna daha çox çuşkalıqla mübarizə deyirəm, biz musiqi vasitəsi ilə buna qarşı mübarizə aparırıq. Amma gülərək, satira ilə.

- Maarifçilik funksiyasını öz üzərinizə götürmüsünüz...

Ə.N.: Məqsədimiz maarifçilikdir. Əgər ailədə qadını ilə düzgün rəftar edə bilməyən bir adam bizim konsertə gələndən sonra düşüncəsi dəyişirsə deməli bu elə maarifçilikdir. Biz Mircə Cəlilin, Sabirin maarifçiliyini davam etdiririk. Əsas odur ki, axırda bizi də Sabir kimi daşlamasınlar (gülür).

# 2634 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #