Pas atmış açarlar – “ƏŞYALAR VƏ SÖZLƏR”

Pas atmış açarlar –  <span style="color:red;">“ƏŞYALAR VƏ SÖZLƏR”
28 aprel 2014
# 12:42

Kulis.Az “Əşyalar və sözlər” layihəsindən Ramilə Qurbanlının “Pas atmış açarlar” yazısını təqdim edir.

Anamgildə dolabda bir topa paslı açar keçdi əlimə. Bir-birinə qəhvəyi iplə bağlanmışdı hamısı, böyüklü – kiçikli... Anamla atam bütün qapıları bağlayıb, açarı da götürüb çıxıblar evdən - həyətdən. “O gün onlara evlərinizi həmişəlik tərk edirsiniz” - deməmişdilər. Elə desəydilər tərk etdikləri evin açarı kimə lazım idi. Demişdilər ki, çəkilin Arazın kənarına, ağır döyüş olacaq, dinc əhali təhlükəsiz yerdə olsun. Açardan başqa əllərində bir də dəhrə olub. Anam deyir, Arazın kənarı meşəlikdir, dedim gecə orda qalmalı olarıq, qurda-quşa rast gələrik, soyuq olar, ağac doğrayıb tonqal qalayarıq:

“Evdə iki dəhrə vardı, atana dedim ki, ikisini də götür, sonradan gördüm ki, birini götürüb, o biri qalıb”.

Üç gecə qalmalı olublar Araz kənarında, soyuqda, qaranlıqda. Dəhrə yaxşı işə yarayıb. Orda olan camaatın hamısı atamın əlindəki bir dəhrənin hesabına ağac qırıb ocaq qalaya biliblər. Anam o üç gecənin hər birində atama irad tutub ki, gərək o biri dəhrəni də götürəydin.

Elə bil yaddaşına o söz həkk olunub, bütün olanını qoyub çıxan adam hərdən dodaqaltı həmin dəhrəyə görə deyinir: “Dedim ki, ikisini də götür, bu kişi məni heç vaxt eşitmədi”.

Bir dəfə soruşdum ki, ay ana, dəhrənin ikisini də götürsəydi nə olacaqdı ki, neyniyrisən dəhrəni, birini dolabda bərk-bərk saxlayırsan, nəyə lazımdır ki?

“Niyə, dəhrədi də, hər işə yarayır, indi dəhrə tapılır?” - dedi.

İndi dəhrə tapılır? – Anam o havadadır, elə bilir, qayıdıb ipəkqurdu saxlayacaq, yarpaq qırmağa dəhrə tapmayacaq. İndi dəhrənin nə olduğunu az adam bilər.

Elə bu bir topa paslı açarın da nə olduğunu hər kəs bilməz. Bu açarların hər gün açıb-bağladığı qapılar vardı. Hər gün işləyərdilər, par-par yanardılar bu açarlar. Bir gün bağladıqları qapıları 21 ildir aça bilmir indi bu açarlar. Bəs, açar bütün bağlı qapıları aça bilərdi? Bəs, bütün bağlı qapıların açarı, bütün açarların açacaqları bir qapı vardı?

Niyə pas atıb bunlar?

Bu pas atmış açarlarmı günahkardır, yoxsa onları əlində tutub dolabın qarşısında hirsindən, emosiyasından, nə bilim daha nəyindən keçib əsən mən?

“Ay bala, diqqətli ol ha, qapını bağla, açarı qoy həmin yerə”, “Qapını bağladınmı, açarı yerinə qoydunmu?”... Anamın bu sözləri qulaqlarımda səslənir.

Gedərdi məktəbə, mən ondan sonra gedərdim dərsə - ikinci növbə! Gedəndə belə tapşırardı, məktəbdə də məni qarşılayıb yenə soruşardı açar barədə.

Açarlar bir-bir baxıram, hər biri hansı qapınındır dəqiq yadımdadır, dolabın da açarı, çamadanın da açarı onların arasındadır.

Bir dəfə qardaşımla oynayanda qaçıb qonaq otağına girmişdik, qapını da arxamızca çırpmışıq. Bir də duyuq düşdük ki, “anqliyski zamok” qapı çırpılanda bağlanır axı, açar isə çöldən qapının üstündədir. Atamla anam işdən gəlincəyə qədər pəncərə “reşotka”sından asılı bayıra baxıb ağlaya-ağlaya qalmışdıq.

Anam əlimdə açar dolabın qarşısında donub qaldığımı gördü. Aldı açarları əlimdən: “Aralarında bircə qonaq otağının açarı yoxdur, haradasa salıb itirmişəm yəqin. O da bunların arasında idi, necə itib bilmirəm” - dedi. Yenidən mənə qaytardı açarları.

Qardaşımın yoldaşı vəziyyəti yumşaltmaq üçün zarafatla: “Açarlarımızı niyə götürmüsən, yoxsa hamıdan əvvəl qaçıb evə sahib çıxmaq fikrin var?” - deyir.

Kaş, elə imkanım olaydı, o evə sahib çıxmaq imkanım... Açarları pas atmış o evlərin bağlı qapılarını aça bilmək imkanım... Hamıdan əvvəl oralara qaçıb getmək imkanım...

# 5028 dəfə oxunub

Oxşar xəbərlər

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

10:00 7 fevral 2026
Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

15:00 6 fevral 2026
"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

15:24 5 fevral 2026
Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda  adı hallanan məşhur sənətçilər kimlərdir?

Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda adı hallanan məşhur sənətçilər kimlərdir?

12:02 5 fevral 2026
Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

10:00 5 fevral 2026
Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

15:00 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər