Pərviz Abubəkirov: "Gürcüstana gedəndə məni terrorçu bildilər"

Pərviz Abubəkirov: "Gürcüstana gedəndə məni terrorçu bildilər"
12 yanvar 2013
# 19:04

Kulis.Az-ın “Ekran üzü” layihəsinin budəfəki qonağı İctimai Televiziyanın “Qanundan kənar” verilişinin aparıcısı Pərviz Abubəkirovdur.

- Televiziyaya gəlişiniz barədə danışardınız...

- Televiziyaya gəlişim qəliz məsələ olub (gülür). Jurnalistika mənim ixtisasım deyildi. Düz 14 il, 1983-cü ildən 1996-cı ilə qədər Rusiyanın Tolyatti şəhərində yaşamışam. 1995-ci ildə ev aldım və 1996-ci ildə Bakıya köçdüm. Tolyattidə “Jiquli” istehsal olunan zavodda sahə rəisi işləyirdim. Sonra zavod dağıldı, mən də vətənə qayıtdım. O vaxt kütləvi işsizlik var idi. İşsiz idim. Ailəmi dolandırmaq üçün video-kamera aldım və qəzetdə ad günü çəkilişi aparmaq üçün elan verdim. 1996-cı ildə ad günü məclisində çəkilişdə olarkən məclisdə olan böyük bir məmur mənə sual verdi ki, siz rus dilində yaxşı danışırsınız, savadlı oğlansınız, niyə görə bu işlə məşğulsunuz? Ardınca da televiziyada operator işləmək istiyərsənmi dedi. Mən də dedim ki, vallah harda desəniz işləməyə hazıram. Çünki pulsuzluq məni öldürüb (gülür). ANS televiziyasına zəng vurub xahiş elədi və ANS-ə yollandım. Mən şirkətə gələndə məlum oldu ki, sən demə onlara operator lazım deyil. Söhbət zamanı dedilər ki, montajçı yeri boşalacaq. Montajı öyrənə biləcəyim təqdirdə işlə təmin olunacaqdım. Və mən analıq məzuniyyətinə çıxan bir qadının yerinə işə götürüldüm. Montajı öyrənən zaman düz yeddi gecə evə getmədim. Birinci maaşım indiyə kimi yadımdadır. 50 dollar maaş almışdım. Çox sevinirdim. Sonra da yavaş-yavaş verilişləri montaj etməyə başladım.

- Kriminal sahəni niyə seçdiniz?

- Şirkətdə bircə kriminal sahə boş idi. Düşündüm ki, televiziyada kriminal veriliş yaratmaq olar. Siyasətlə, şou-biznes və başqa sahələrlə məşğul olan jurnalistlər var idi. Bircə kriminal sahə ilə heç kim məşğul olmurdu. Ağlımdakı fikri ilk olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin o vaxtkı sədri İkram Kərimovla bölüşmək üçün onun qəbuluna yollandım. Birinci dəfə məni qəbul etmədi. İkinci dəfə qəbul etdi və biz saat yarım söhbət etdikdən sonra İkram müəllim dedi ki, bu işdə sənə kömək edəcəm. Birinci verilişimiz xəbər buraxılışı kimi nəzərdə tutulmamışdı. Veriliş keçmişdə baş vermiş ən səs-küylü cinayətlər haqqında olacaqdı. İstintaq hərəkətləri bir qayda olaraq çəkilərək cinayət işinin üstündə sübut kimi məhkəməyə göndərilir. O lentləri əldə etmək istəyirdim. İkram müəllim arxivin müdirini çağırdı və dedi ki, bu oğlan nə material istəsə verin. Səkkiz material hazırlayandan sonra şirkətin rəhbərliyinə təqdim etdim. Rəhbərlik baxıb, bəyəndi. 1999-cu ildə mənim verilmiş “Qatı açılmış cinayətlər” adıyla efirə çıxdı.

- Verilişə reaksiyalar necə oldu?

- İş yoldaşlarımın, yoxsa tamaşaçıların reaksiyasını nəzərdə tutursunuz?

- Hər ikisini.

- Kollektivdə münasibət müxtəlif olur. Mən özüm qubalıyam. Rusiyadan qayıdanda Azərbaycan dilində danışanda ləhcə hiss olunurdu. Adamlar var idi ki, gedib rəhbərliyə deyirdilər ki, o yəhudi kimi, ləzgi kimi danışır. Deyirdilər ki, bu verilişi ondan alıb, başqa birinə vermək lazımdır. Rəhbərlik sağ olsun ki, ara qarışdıranların dediklərinə qulaq asmadı (gülür). O vaxt Azərbaycanda kriminal sahədə veriliş yox idi. İndi hər kanalda var. Mən təzə-təzə rus dilində fikirləşib, Azərbaycan dilində yazırdım. Buna görə başqalarından fərqlənən Azərbaycan dilim var idi. Hadisəni çatdırmağım da digərlərinə nisbətən fərqli idi. Camaat nəsə verilişə çox baxmağa başladı və verilişin reytinqi çox yüksək oldu.

Sonra Vahid Mustafayevə, Mir Şahinə bildirdim ki, veriliş bu formatda nə vaxtsa tükənəcək. Çünki səs-küylü qətllər tutalım 10 il ərzində 20-30 dəfə baş verə bilər. Verilişin formatını dəyişməyi təklif etdim. Onlar dedi nə təklif edirsən, dedim biz bu gün baş vermiş hadisəni də verək. Çünki bu verilişlə biz insanları daha ayıq-sayıq olmağa çağıracağıq. Qoy onlar bilsinlər ki, hər qolunda papka tutan adam qaz idarəsinin işçisi deyil və hər qapı döyənə qapı açmaq lazım deyil. Verilişi iki hissəyə böldük. Birinci hissədə həftə içi baş verən hadisələrdən, ikinci hissədə isə məhkəmə proseslərindən sujetlər verirdik. İkram Kərimov demokratik insan idi. Açıq çəkilişlərə icazə verirdi. Onun yerinə gələn Mahmud Nəbiyev çəkilişlərə qəti qadağa qoydu. Artıq 4 il olar ki, biz Bakı Ağır Cinayətlər Məhkəməsinin qapısından içəri girə bilmirik. Şifahi öyrənə bilirik ki, tutalım Məmmədə 10 il iş verdilər, ancaq prosesi izləyə bilmirik. ANS-dən İctimai Televiziyaya gələndən sonra məhkəmə proseslərini “İcra məmuru” rubrikasıyla əvəz etdim. Rusiyada yayımlanan “Sudebnıy pristav” verilişinə həmişə baxırdım. Həmin verilişdən çox şey götürdüyümə görə düşündüm ki, veriliş tamaşaçıya çox şey verə bilər. Bizim insanlar öz hüquqlarını bilmirlər. Rubrikada çox gözəl izah olunur ki, mübahisəli məsələni yumruqla, dava-qırğınla yox, məhkəməylə həll etmək lazımdır. Bu səbəbdən mən “İcra məmuru” rubrikasını İTV-də reallaşdırdım. Bunun üçün Ədliyyə Naziri Fikrət Məmmədova məktub yazdım. Dörd günə məktuba cavab gəldi və İcra Baş İdarəsinin rəisi general Xanlar Zeynalov məni qəbul etdi. Fikrimi izah etdim ki, bu rubrika həm onlara, həm də tamaşaçılara lazımdır. İcra məmuruna qarşı baltayla, bıçaqla hücum edirlər ki, sən hökmü düz çıxarmamısan. Daha vətəndaş bilmir ki, icra məmuru hökm çıxarmır. İcra məmuru qüvvəyə minmiş hökmün icrasıyla məşğul olur. Müsbət qarşılandı və üç ildir ki, onlarla əməkdaşlıq edirik. Azərbaycana yeni gələn zaman icra xidmətinin avtomobilini görəndə elə bilirdim ki, icra hakimiyyətinin maşınıdır (gülür). Ancaq indi əksəriyyət bilir ki, icra xidməti yazılan maşınlarda icra məmurları əyləşir. İnsanlar bu verilişə baxmaqla maariflənirlər. Sizin suyunuzu kəsən qonşunuzu bıçaqlamaqdansa, onu məhkəməyə verib, işdə qalib gəlin. İcra məmuru da gəlsin məhkəmənin qətnaməsini yerinə yetirib, sizin su xəttinizi onun su xəttindən ayırıb, sizinkinə birləşdirsin. Bizdə çox vaxt dava-dalaşa üstünlük verirlər.

- Bizim insanlar məhkəməyə get-gəl etməkdən qorxurlar...

- Düz deyirsiniz. Ancaq hadisəni törədib üç il həbsxanada yatmaqdansa, bir il məhkəməyə ayaq döyməklə sənə sərf edən qərarı əldə etmək daha yaxşıdır (gülür).

- Verilişinizin reytinqi yüksəkdir?

- Hansısa müğənninin hansı paltarda efirə çıxacağı anonsunu verən verilişlərə insanlarımız daha çox baxırlar. Evlilik verilişlərini maraqla izləyirlər.

- Artıq evlilik proqramlarını bağladılar.

- Əslində həmin verilişləri bağlamaq yox, vətəndaşların intellektual səviyyəsini qaldırmağa çox vaxt sərf olunsa yaxşı olar. Belə verilişlərə baxan insanlar çox da düşünmürlər. Ona görə də o verilişlər çox yaxşı “yeyilir” və maraq doğurur. Mən hesab etmirəm ki, o verilişlər olmamalıdır. Olmalıdır. Həmin verilişlərin tamaşaçısının çox olması insanların intellektual səviyyəsinin əvvəlki illərə nisbətən aşağı olmasının göstəricisidir. Mən rus məktəbini oxumuşam və 14 il Rusiyada yaşamışam. Azərbaycan tarixini pis bildiyim üçün ANS-də görkəmli şəxsiyyətlərimiz müzakirəyə çıxarılan “Dahilərin divanı” verilişinə baxırdım. Mənə o veriliş çox maraqlı gəlirdi. Ancaq o verilişin reytinqi 0 idi (gülür). İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Ona görə də o veriliş sponsora satılmırdı. Çünki heç bir sponsor 0 reytinqi olan verilişi almaq istəmir. Sponsor istəyir ki, 15-20 reytinqi olan verilişi alsın. Kriminal sahə də müəyyən mənada səs-küy yarada bilir. Ona görə də kriminal verilişlərin reytinqi yüksək olur. Amma ki, şəxsən bizim verilişdən söhbət gedirsə bizim xüsusi təqdimat tərzimiz var və ondan qırağa çıxmırıq. Yəqin ki, tamaşaçılarımızı itirməmişik. Deyirlər pis televiziya kanalı yoxdur, pis aparıcı və pis veriliş var. Yaxşı aparıcı hara gedirsə tamaşaçını özüylə aparır.

- ANS-dəki auditoriyanızı İTV-yə apara bildiniz?

- Bizim verilişə bu gün də baxılır və reytinqimiz yüksəkdir. Biz ANS-dən çəkinmədiyimizi verilişin başlama saatını onlarla eyni vaxta salmaqla göstərmişik. Tamaşaçı özü seçim edir, istəsə onlara baxır, istəsə bizə baxır.

- ANS-də verilişi uzun koridorda aparırdınız. Ora hara idi?

- ANS-in yerləşdiyi binanın ikinci mərtəbəsi idi. Bildiyiniz kimi ANS şirkətlər qrupu Zoologiya İnstitutunun binasında yerləşir. Həmin koridor mənə maraqlı gəlirdi. Çünki o uzun koridorun sonunda pəncərədən balaca işıq düşürdü. Hər qaranlıq yolun sonundakı işıq deyiminə simvolizə etmişdim. İnstitutun texniki avadanlıqları həmin mərtəbə yerləşirdi və heç kim ordan istifadə etmirdi.

- Çox adam həbsxana dəhlizinə oxşadırdı.

- (gülür) Həqiqətən çox adam elə bilirdi ora türmədi. Həm də texniki imkan olmadığı üçün o koridoru seçmişdik.

- Verilişi aparanda qollarınızı adətən bir-birinə çarpazlayırdınız. Adət-ənənəyə görə qolları o formada tutmaq bədlik gətirir deyirlər. Qəsdən belə edirdiniz?

- (gülür) Mənim qohumlarım, bütün məni tanıyanlar deyirdilər ki, a bala, əlini elə tutma, bədlik gətirir, belə ola bilər, elə ola bilər. Amma şükur allaha ki, xeyli müddət orda işlədim və heç nə olmadı. Özümdən asılı olmadan qollarımı çarpazlayırdım.

- Kriminal verilişlərin efirdə yayımlanmasının müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. Uşaqlar da bu verilişlərə baxır axı.

- Kriminal veriliş aparıcısı bilməlidir ki, veriliş saat 11-dən sonra da efirə getsə yenə də hansısa uşaq kriminal verilişə baxır. Əslində baxmalı deyil. Çünki Milli Televiziya və Radio Şurasının qərarı var ki, kriminal xəbərlər 11-dən sonra efirə getməlidir. Ancaq buna baxmayaraq mən bilirəm ki, hansısa uşaq baxır. Hər bir ailədə valideyn buna fikir vermir. Özüm də valideyn olduğuma görə bu faktı nəzərə alıram. Ölən insan barədə mütləq deyil ki, onun partlamış başını, ürəyinə sancılmış bıçaqı göstərməlisən. Onun fotosunu da göstərərək qətlə yetirildiyini göstərmək olar. Meyidin qan içində çəkilmiş təsvirinə baxan uşaq əlbəttə ki, gecə yata bilməyəcək. Çəkiliş aparanda asfaltın üstünə töklümüş qan izinin üstünü bağlatdırıram. Mən də valideynəm, mənim də evdə uşağım var, istəmirəm o bunu görsün. Mənim məqsədim insanları şoka salmaq deyil. Ər arvadını öldürübsə, mən ona başa salmaq istəyirəm ki, pis arvadı öldürmək lazım deyil. Onu boşamaq da olar. Sən öldürüb, həbsə düşürsən, arvad da o dünyaya gedir. Uşaqlar yetim qalır. İstəmirik ki, hansısa kadrı bəh-bəhlə göstərib, filankəs-filankəsin boğazını, qulağını belə kəsdi deyək. Kəsilmiş boğazı göstərib, insanları dəli etmək lazım deyil. İnsanları çəkindirmək istəyirik. Düzdü, namus, qeyrət söhbəti bizim mentalitetdə özünə yer edib. O arvadı boşamaqla da namusunu təmizləmək olar. Adını üstündən silirsən, onunla da qurtarır. Mütləq deyil ki, öldürəsən.

- Ancaq namus cinayətlərinin sayı durmadan artır.

- Bu heç də yaxşı göstərici deyil. Belə düşünürəm ki, əgər cütlük bir-birindən narazıdırsa qanun-qayda var. Səni qane etmirsə, get səni qane edəni tap, yenidən ailə qur.

- Bizdə ailənin dağılması faicə kimi qəbul olunur.

- Boşanmaqda qorxulu heç bir şey yoxdur.

- Kriminal verilişdən kənar sahədə özünüzü sınamaq niyyətiniz var?

- Açığını deyim ki, prodüserlərə, rejissorlara çox müraciət eləmişəm. Özümü başqa sahədə də sınamaq istəyirəm. Çünki o vaxt bu sahə boş idi deyə çalışdım. Təəssüflər olsun ki, imicim kriminal xəbər aparıcısı kimi formalaşdığı üçün rejissorlar, prodüserlər təklifimi qəbul etmirlər. Deyirlər ki, Pərviz siyasətdən, sosial problemdən danışsan, tamaşaçı səni qəbul etməyəcək. Çox istərdim ki, radio aparıcısı olum. Nə vaxtsa özümü radio aparcısı kimi sınamaq istərdim. Hər halda hər şey bizdən asılı deyil.

- Pərviz Abubəkirov Azərbaycanda populyardır?

- Küçədə insanlar tanıyır və yaxud da Dövlət Yol Polisi saxlayanda sənədlərimə baxıb, deyir müəllim, siz bizim işimizi təbliğ edirsiniz, gedin yaxşı yol (gülür). Deyim ki, küçədə gəzəndə insanlar tökülüb deyir ki, şəkil çəkdirək, elə bir şey yoxdur. Rahat çıxıb ailəmlə gəzirəm. Ümumiyyətlə, millətdən qorxmuram. Mənə qəribə gəlir ki, beş ay bundan əvvəl efirə çıxan aparıcı deyir ki, ictimai nəqliyyatda gəzə bilmirəm. Özümü narahat hiss edirəm. Mənim maşınım xarab olanda, rahatca avtobusa da, metroya da minirəm.

- Soyadınız da ölkədə nadir soyadlardandır...

- Əslində bizim ailəmizin soyadı Paşayevdir. Əmilərimin, əmi uşaqlarımın hamısı Paşayev gedir. Atamın babasının adı Abubəkr olub. Atam pasport alanda babasının adını özünə soyad seçib. Bununla da Abubəkrov soyadı yaranıb. Nəsildə hamı Paşayevdir. Rusiyada yaşayanda çox adam elə bilirdi ki, çeçenəm (gülür). Bir dəfə Gürcüstana gedəndə məni sərhəddə iki saat saxlamışdılar. Məlum olub ki, orda çeçen terrorçu axtarışdadır. Sonradan aydın oldu ki, onun atasının adı ilə, mənim atamın adı düz gəlmir (gülür). O çeçenin soyadı Abubakarov idi.

- Hansısa təzyiq və yaxud efirə gedəcək sujetin efirdən çıxarılması halları olubmu?

- Təzyiq olmayıb. Həmişə çalışıram ki, yaxşı şeyləri yadda saxlayım. Beş dəfə bizim işiqlandırdığımız işlərdə bəraət hökmü elan olub. Bunu çox böyük uğur hesab edirəm. Qəsdən adam öldürməkdə ittiham olunan oğlanı məhkəmə zalından açıb buraxıblar. Çünki günahı olmayıb. Xaçmazda oğlanı qatar vurmuşdu. Sadəcə nə vaxtsa iki oğlan bir qızı seviblər, münaqişələri olub, anası tutdurmuşdu oğlanı. Deyirdi oğlumu bu öldürüb. Çünki o vaxt həbs olunan oğlan ölən oğlanın qapısının ağzına gəlib deyibmiş ki, sənin oğlun mənim sevdiyim qızı alıb, sizi belə-belə eliyəcəm. Bu sözünə görə onu istintaqa cəlb etmişdilər, iş gəlib məhkəməyə çıxmışdı. Məhkəmə zalından oğlanı buraxdılar. Oğlanın adı indiyə kimi yadımadır. Ruslan Məmmədov.

- Bədbəxt hadisələri işiqlandırmaqdır işiniz. Buna görə qınaqlara, zarafatlara tuş gəlmirsiniz?

- Mən bunda pis bir şey görmürəm. Belə düşünürəm ki, beynimin məhsulunu satıb, bunun müqabilində halallıqla qazandığım pulu evimə aparıram. Kimisə mən öldürmürəm ki. Sadəcə insanlara çatdırıram ki, dünən ölkədə belə bir hadisə baş verib. Son 15 ildə tamaşaçı bunu mənim dilimdən eşitməyə vərdiş edib (gülür). Bundan isə qətiyən əziyyət çəkmirəm. İlin sonunda hazırladığım verilişdə demişdim ki, bizim veriliş cinayətə meylli bir adamı cinayətdən çəkindiribsə bu böyük nailiyyətdir. Gördüyüm işdən utanmıram, ancaq istərdim ki, başqa xoş xəbəri də oxuyum. Həyatdır, mənim taleyimə də belə yazılıb (gülür).

# 4456 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #