Mehriban Zəki: “Mən o zaman sarsılmışdım”

Mehriban Zəki: <span style="color:red;">“Mən o zaman sarsılmışdım”
15 mart 2017
# 14:48

Səhərin açılmasına az qalıb. Elə gecədən başladığım müsahibənin bitməsinə də… Pəncərəni açıram ayazlı, soyuq hava otağa dolub bayaqdan özünə əməlli-başlı yer eləmiş istinin üzərinə hücuma keçir. Üşüyürəm. Elə bil diktofondan otağa yayılan səs də bir az üşüyüb dayanır. Lakin səsin kəsilməsi məni neçə saatdır daxil olduğum atmosferdən uzaqlaşdıra bilmir. Bu neçə saat ərzində Mehriban Zəkinin səsi otağın divarlarına, əşyalarına hətta mənim üzərimə və bütün ruhuma hopub. Bu səsin ovqatından çıxmaq üçün yəqin ki, bir neçə günün ötüşməsi lazım gələcək.

Əməkdar artist Mehriban xanımla, müsahibədən əvvəl bir neçə yazışmamız oldu. Müsahibənin gününü və yerini müəyyənləşdirəndən sonra aktrisanın dediyi ünvana yollandım. Məkanı tapa bilməyəcəyimdən ehtiyat edib ona qısa bir mesaj atdım: “Ora çatanda sizə zəng vuraram.” Lakin vədələşdiyimiz yeri bir, iki həmlədə tapmaq o qədər çətin olmadı. Kafeyə daxil olanda, orada meyvə şirəsi içən bir cütlükdən başqa gözümə heç kim dəymədi. Keçib boş masalardan birinə əyləşdim. Mehriban xanıma zəng vurub gəldiyimi xəbər verəndə, o, təəccübləndi: Siz artıq çatmısınız? Mən də sizin zənginizi gözləyirdim… İndi gəlirəm.

On beş dəqiqədən sonra mütəvazi geyimli, bəstəboy Mehriban xanım asta musiqi sədası kimi içəri daxil oldu. Mənə yaxınlaşarkən gülümsəyərək dedi: Əgər buranı gəlib tapa bilmisinizsə deməli siz çox qoçaq qızsınız.

Onun ardınca düşüb müsahibə üçün sakit bir otağa keçəndə aktrisa hansısa bir əhvalatı nəql edirdi: Bilirsinizmi, mənim 50 illik yubileyim keçiriləndə də…

Keçiriləndə də sözündən sonra fikrim tamam qarışdı. Necə yəni 50 illik, hansı yubiley?!

Mehriban xanım danışırdı mən isə təəccüblə ona baxırdım. İnana bilmirdim ki, qarşımda əyləşən, bu məsum baxışlı, təravətli, yaraşıqlı qadının əlli yaşı tamam olub. Mən özlüyümdə 40 yaşı güc-bəla ilə onun həndəvərinə yaxınlaşdırmışdım. O, isə artıq əlli yaşla dostlaşıb. Üstəlik bu dostluqdan heç də peşman olmadığını qalib şəkildə vurğulayır.

Aktrisanın mənim donuqluğuma tuşlanan çaşqın baxışlarını görəndə, 50 yaş ilə içimdə başlayan “mərəkə”dən uzaqlaşıb ilk sualımı ünvanlayıram.

- Mehriban xanım, “Küçələrə su səpmişəm” filmində əyalət qadını rolunu ifa edirsiniz. Lakin, faktura olaraq sizə urbanist rollar daha uyğundur. Əyalətçi xarakteri ifa edən zaman psixoloji olaraq diskomfort hiss edirsinizmi?

- Filmin rejissoru rəhmətlik Nicat Feyzullayev həmin filmin ssenarisini Fuad Poladov və mənim üçün yazmışdı. Ssenari mənə təklif olunanda, mən filmə çəkilməkdən imtina etdim. Çünki aktrisa üçün nəzərdə tutulan məbləğ çox az idi. Lakin, Nicat Feyzullayev təkidlə mənim həmin filmə çəkilməyimi istədi. Bu zaman artıq mənim rejissora qarşı hörmətim birə on artdı. Deməli o, məhz mənim üzərimdə inadkarlıq edirdisə, artıq nə istədiyini bilirdi.

Çox vaxtı mən bu sualı mənimlə işləmək istəyən rejissorlara ünvanlayıram: Niyə mən?

Həmin “Niyə mən?” sualına cavab alandan sonra atıq mənim üçün obrazın kəndli və ya şəhərli olması o qədər də məşğul etmir. Çünki ilk əvvəl obrazın psixoloji durumu ilə maraqlanıram. Təbii ki, çəkiliş zamanı rejissorla mübahisələrimiz də olurdu. Amma mən öz müşahidələrimdən yararlanaraq həmin əyalət qadınını canlandırmağa çalışdım.

- Asif Rustəmovun “Axına qarşı” filmində ananın oğlunu itirməsi xəbərini eşidəndə ananın münasibətini ürəkgetmə ilə həll etmisiniz. Bu sizin ideyanız idi, ya rejissorun? Yəni çox işlənmiş həlldir, məsələn onu başqa cür həll etmək istədriniz?

- Bilirsinizmi, bəzən elə situasiya olur ki, rejissor nə etmək lazım olduğunu aktyorun öhdəsinə buraxır. Bəzən isə operatorun məkanda uyğunlaşmağı və perspektivdə nələri götürməsi, hansı kadrda nələri göstərməsi əsas götürüldüyündə aktyor artıq kobud səslənsə də bir detaldan ibarət olur.

Sizin qeyd etdiyiniz səhnənin o cür ifa olunması rejissorun təklifi idi. Amma o, bunu təklif edəndə mən anladım ki, onun görmək istədiyi ovqat çox dəqiq ovqatdır. Həmin məqamda o hissə mənə falş görsənmədi. Çəkiliş zamanı ananın oğlunun ölüm xəbərini alarkən çox ötəri olaraq, fokusdan kənar yerə yıxılması mənə bir az qəribə gəlsə də, montajdan sonra da həmin epizoda baxanda gördüm ki, çox dəqiq bir ovqatdır. Həmin an ananın ürəyinin getməsinin kamera ilə göstərilməsi tamaşaçıda bir az ikrah hissi yarada bilərdi. Amma ananın ötəri halda atanın və polisin söhbəti əsnasında yox olması çox dəqiq təyinat idi.

Bilirsiniz, aktrisa çəkiliş zamanı çox söz deyə bilər. Amma filmin müəyyən bir dəsti-xətti, poetikası, ovqatı olur. Aktrisa öz-özlüyündə ora nəyi isə əlavə etmək istəsə, bu yamaq kimi görünəcək. Yəni rejissorun konsepsiyasından kənar öz düşündüyün kimi ifa etmək düzgün deyil.

- Maraqlıdır, obraz üzərində işə necə başlayırsınız?

- Ədəbi əsər təqdim olunduqda əsərlə, öz obrazınla tanış olursan. Bu tanışlıqdan sonra ilk emosional duyğu çox böyük əhəmiyyət kəsb edir. Bəzən film ssenariləri təqdim olunanda bütün obrazı bir epizodun üzərindəki konfliktə görə qurursan. Və yaxud da hansısa emosional sözə görə hərəkət edirsən. Yox əgər ifa etdiyin obraz baş roldursa, ssenari də doğru-dürüst, peşəkarcasına yazılıbsa, o zaman ifa olunan obraz xətti davamlı olaraq əvvəldən axıra sap kimi dartılır. Belə olanda rol üzərində işləmək daha rahat olur. Amma bir az zəif olan ssenaridə bayaq dediyim kimi bir sözdənmi, epizoddanmı çıxış edərək ilk növbədə əsərin mahiyyətinə, məzmununa uyğun olaraq, məzmun qatından çıxış edərək alt qatda olan paradiqmanı tapırsan. Daha sonra onun formal qatında edə biləcəklərini, bədii təzahürləri formal olaraq məzmun qatının üzərinə geyindirirsən.

Filmdə bunları etmək xüsusi ilə çətin olur. Çünki aktyor burada rejissor və operatorla birgə işləyir. Həm də kameraya görə aktyor üçün müəyyən coğrafi trayektoriyanı diktə edirlər. Xüsusilə filmdə bəzən rejissorla bərabər iş prinsipini qurmağa nail olursan. Mənim özüm üçün ən vacib olan məqam odur ki, obrazın məzmun qatında olan inkişaf xətti itməsin.

Bütün bunlar hamısı riyaziyyat, həndəsə səviyyəsində hesablanmış məsələlərdir...

- Necə bir qadın obrazı yaratmaq istərdiniz və yaxud da dünya klassikasında ifa etmək istədiyiniz bir obraz varmı?

- Bir neçə il bundan əvvəl Lars von Trierin “Melanxoliya” filminə baxandan sonra sarsılmışdım. O zaman içimdə belə istək yaranmışdı ki, mən də qadın və dünya qarşıdurması mövzunda olan obrazı təsvir edib, göstərim. Sadəcə olaraq yaş artdıqca, düşüncələr bir az fərqli istiqamətə yönəlir. Deməzdim ki, maraqlar ölür. Amma anlayırsan ki, sadə, ilk baxışdan bəsit görünə biləcək bir söz, mövzu daha təsirli və daha yadda qalan məqamdır.

Bu baxımdan klassik əsərlər möhtəşəmdirlər.

- Dünyada aktyorluq texnikası ilə bağlı müxtəlif kitablar dərc olunur. Onlardan yararlanırsınızmı?

- Təbii ki, o müəlliflər və kitablar haqqında məlumatlıyam. Amma bütün texnikaların və təlimlərin hamısı “Stanislaviski sistemi”nin üzərində qurulub. İlk olaraq həmin sistemi, sonra isə digərlərini öyrənmək, bilmək lazımdır. İşi sistemli şəkildə qurmaq, idarəetməni bilmək üçün bunları bilmək vacib şərtdir. Çünki aktyorluq bayaq dediyim kimi elə sənətdir ki, birbaşa psixika ilə bağlıdır. Əgər aktyor öz hərəkətlərini beyin və düşüncə ilə idarə etmirsə, müəyyən müddətdən sonra emosiyalar pərakəndə, isterik və xaotik şəkildə aktyoru idarə etməyə başlayır. Bu isə çox pis nəticələrə hətta ruhi xəstəliyə qədər aparıb çıxara bilər.

Əgər bütün bu sadaladıqlarım sistemli şəkildə baş verirsə, deməli aktyor hisslərini, emosiyalarını nəzarətdə saxlamağı bacarır.

Özümü çox bəxti gətirən aktrisa hesab edirəm ki, Vaqif İbrahimoğlu kimi ustadım olub. Vaqif müəllimin özünün sistem şəklində olan metodu olub. Mən həmin metodla öyrənmişəm, işləmişəm və işləyirəm. Amma indi çıxan bu yeni sistemlərlə rastlaşdıqca, görürəm ki, mən onları bilirəm və edirəm. Yəni mən yaşda olan aktyor üçün yeni bir şey yoxdur. Sadəcə olaraq həmin müəlliflər bizim bildiklərimizi sistemləºdirib ona müəyyən adlar qoyub.

- Mehriban xanım, özünüzü yetərincə realizə etmiş aktrisa hesab edirsinizmi?

- Xeyr, hesab etmirəm. Hərdən mənə elə gəlir ki, mən hətta ən vacib əsərlərdəki rolları ifa etsəm belə yenə də məndə həmin hiss olacaq ki, mən özümü tam realizə edə bilməmişəm.

- Xeyli filmə çəkilmisiniz. Hansı rejissorun aktyorla işləmək bacarığı sizi məmnun edib?

- Mənim kinoda ilk işim Rasim Ocaqovla “Otel otağı” filmində olub. Orada mənim rolum kiçik olsa da, ilk film təcrübəm məhz o filmlə oldu. Həmin filmdən əvvəl mənim başqa bir filmə çəkilmişdim. Amma rejissorla kamera qarşısında necə işləmək, rejissorun nə dediyini anlamaq kimi məsələləri çox qısa müddətdə olsa belə mən məhz həmin filmin çəkilişləri zamanı Rasim Ocaqovdan mənimsədim.

Teatrda isə ilk işlədiyim rejissor Vaqif İbrahimoğlu idi. Və mənim zənnimcə bütün rejissorlar bu cür olmalı, aktyorla bu cür işləməlidirlər.

Rasim müəllimlə tanışlığım, filmdəki qısa rolum mənim yaddaşıma necə həkk olunubsa, belə hesab edirəm ki, filmdə rejissor məhz Rasim Ocaqov kimi işləməlidir. Yəni qısa desək rejissor işini dəqiq bilməlidir. Rejissor nə istədiyini izah edə bilməyəndə onunla işləmək çox çətin olur.

Mənim üçün hər rejissorla iş prinsipi fərqli və maraqlı olub. Misal üçün Rasim Ocaqov çox mülayim insan idi. Bizim Rasim müəllimlə yaş etibarı ilə də fərqimiz çox olduğundan o, mənə gənc insana qarşı olan münasibətdə ustacasına, çox böyük mərhəmət göstərərək münasibət göstərirdi. Daha sonra bir neçə yaşlı nəsil rejissorları ilə işləmişəm. Son zamanlar çalışdığım rejissorlar isə yaş baxımından məndən gəncdirlər. Misal üçün sonuncu işlədiyim rejissor məndən xeyli gənc olsa da, mənimlə bir aktrisa kimi çox müdrikcəsinə və mehriban davranırdı.

Bilirsiniz, aktyor səhnədə, çəkiliş meydanında uşaq kimi kövrək olur. O, iltifatı sevir, danlağı yox.

- Bəlkə bu kövrəklik həm də ondan qaynaqlanır ki, aktyor çəkiliş prosesində artıq rejissor tərəfindən idarə olunduğunu daha dərindən dərk edir və bu dərketmə ona toxunur...

- Xeyr, bu barədə heç vaxt düşünməmişəm. Əgər toxunursa, o zaman aktyor gedib elə sənət seçsin ki, heç kim tərəfindən idarə olunmasın. Amma mənim özüm tərəfindən bəzən bir balaca hikkə olur. Yəni anlamaq, hiss etmək üçün çoxlu sual verirəm. Bir az dirəniş göstərirəm. Sual xarakterli müzakirələrim çox olur.

- Stanislavskinin məşhur bir sözü olub: “İnanmıram!” Bu söz həm də onun rejissor fəndi idi. O mənada ki, bu sözdən aktyorun pafosuna, qeyri-təbii ifasına bir növ psixoloji təsir kimi istifadə edirdi. Sizin aktyorluq təcrübənizdə belə hal olubmu ki, hansısa rejissor desin inanmıram! Və ya özünüz bunun fərqində olmusunuz?

- İş prosesində, xüsusən də gənclik illərində mən uzun müddət Vaqif İbrahimoğlundan başqa heç bir rejissorla işləməmişəm. Vaqif müəllim də elə bir rejissor, pedaqoq idi ki, mənə birbaşa “inanmıram” sözünü deməyib. Sadəcə olaraq tutaq ki, məşq prosesini dayandırıb deyirdi ki, burda belə yox, başqa cür olmalıdır. Bu istiqamətləndirmə, yönəltmə məqsədi ilə deyilən söz də təxminən elə inanmıram deməkdir.

İnanmıram sözü qeyd etdiyiniz kimi bir üsuldur. Mənimlə işləyən rejissorların heç biri mənə qarşı sərt münasibətdə olmayıblar. Əksinə mənimlə çox ehtiyatla, mərhəmətlə izah edərək işləyiblər. İstər yaşlı nəsil rejissorları, istərsə də gənc nəsildə mənə qarşı inamsızlıq fikri baş qaldırıbsa da, bunun təzahürünü sərt şəkildə hiss etməmişəm.

- Aktrisa kimi teatrdan uzaq qalmağınızın sizin üçün yəqin ki, mənfi təsiri olur?

- Aktyor teatrda mütləq işləməli və məşğul olmalıdır. Təbii ki, burada kiminlə işləmək, hansı əsərdə iştirak etmək də vacib amil hesab olunur. Əgər aktyor hər zaman bir əsər üzərində, obraz üzərində düşünürsə, onun çalarlarını axtarmağa çalışırsa, deməli onun psixikası da daima məşq edir. Çünki aktyorun birinci aləti onun psixikasıdır, daha sonra fiziki bacarıqlar və digər amillər gəlir.

- Fəxrəddin Manafovla teatrda daha çox tərəf müqabili olmusunuz. Səhv etmirəmsə bir filmdə birlikdə ifa etmisiniz. O da qısa filmdir. Tammetrajlı filmdə necə bir rolda onunla tərəf müqabili olmaq istərdiniz?

- Bu barədə danışmaq bir az çətindir. Çünki hər şeydən əvvəl ssenari olmalıdır ki, ona baxıb öz fikrimi bildirim. Bircə onu deyə bilərəm ki, Fəxrəddin müəllimlə işləmək inanılmaz dərəcədə maraqlıdır.

Fəxrəddin müəllimlə biz ilk dəfə 1990-cı ildə “Yuğ” teatrında “Heydər babaya salam” tamaşasında tərəf müqabili olmuşuq. Və bu mənim teatrda ilk işim olub. İlk film işim olan “Otel otağı” filmində də elə Fəxrəddin Manafovla tərəf müqabili olmuşam.

Tərəf müqabili aktyor üçün çox böyük məna kəsb edir. Fəxrəddin müəllimlə tərəf müqabili olmaq hədsiz dərəcədə maraqlıdır. O, aktyor kimi ilk növbədə özünə qarşı çox məsuliyyətli insandır. Həmçinin çox həssasdır. Ondan qapanmaq, gizlənmək qeyri mümkündür.

Tamaşa prosesində mətnin ən çox hissəsi onda olur. Artıq üçüncü, dördüncü məşqdə Fəxrəddin müəllim vərəqsiz məşq edir. Bu da ondan irəli gəlir ki, o, gecə-gündüz mətn üzərində işləyərək onu əxz edib.

Məşqə gecikmək, hazırlıqsız gəlmək, tamaşaya köklənə bilməmək onun ən acığı gələn hallardır. İlk növbədə özü bütün qaydalara riayət edir və qarşı tərəfdən də bunu tələb edir.

Əsl aktyor məhz bu cür olmalıdır. Mən hesab edirəm ki, Azərbaycan teatr məkanında Fəxrəddin müəllim kimi beş-on nəfər məsuliyyətli aktyor olsa, teatr prosesi xeyli inkişaf edər.

İyirmi yeddi il bundan əvvəl ilk dəfə onunla tərəf müqabili olmuşam. Sonralar da bu imkan olub, yenə də olur. Yenə də arzusundayam ki, o, işləyən tamaşada mən də olum. Çünki onunla iş prosesində mən yalnız öyrənirəm, qazanıram. Çox böyük həsrətlə mən də siz deyən filmi gözləyirəm.

- Aktrisa kimi həmişə formadasınız. Özünüzü təkrarlamırsınız. Belə formada qala bilmək üçün xüsusi reseptiniz var?

- Təbii ki, aktrisanın özünün riayət etməyə məcbur olduğu prosedurlar vardır. Aktrisa olan şəxs formada qalmaq üçün lazım olan qaydalara imkanının yetdiyi qədər qeyri-şərtsiz əməl etməlidir.

Ədəbiyyat qəzeti

# 4778 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #