Məşhur türk müğənnisi: “Nazim Hikmətin şeirini oğurladım”

Məşhur türk müğənnisi: “Nazim Hikmətin şeirini oğurladım”
9 iyul 2013
# 12:36

Kulis.Az “Ot” jurnalı əməkdaşının türkiyəli sənətçi Yıldız Tilbe ilə söhbətindən maraqlı hissələri təqdim edir.

Ailədə altı uşaqdan ən kiçiyi mənəm. Anam Tuncelidən, atam Ağrıdandır. Əslən kürdəm. Sadəcə kürdəm... İngilis olsaydım, ingilis qızı deyəcəkdim, bu qədər. O yan-bu yanı yoxdur...

Yaş yarımlıq olanda qaynar çaydanı üstümə aşırıb özümü yandırmışam. Bu hadisədən sonra sağ qulağımın pərdəsi deşilib. Bir neçə ay xəstəxanada yatdım. Həkimlər “Aparın, öləcək!” deyirdi, amma yaşadım.

Ailəmiz İzmirə 50-ci illərdə köçüb. İzmirdə anadan olub elə orda böyümüşəm. Ana dilimiz kimi türk dilini öyrəndik. Kürd dilini isə Gültəpədə, gecəqondu məhəlləsində yaşayan zaman mahnılardan öyrəndim. Atam monopolistlərin fabrikində fəhləlik edir, anam kiçik ərzaq dükanı işlədirdi.

Bacılarım Orxan Gencebaya, Hakkı Buluda, Ali Gencebaya, Seyfi Doğanaya qulaq asırdı. Uşaqlıqdan yaxşı səsim olub. 6 yaşımda mahnı oxutdururdular mənə. Qonşudakı qızlar aşiq olanda, tez məni çağırırdılar. Onlara mahnı oxuyurdum, onlar da ağlayırdı.

Məktəbdə də mahnı oxuyurdum. Musiqi müəlliminin məndən xoşu gəlmirdi. Səbəbini bilmirdim. Sinifdə iki qız idik, ikimizin də səsi yaxşı idi. Hamı səsimi bəyənsə də, musiqi müəllimi bəyənmirdi. Hətta “Beş qəpiklik səsin yoxdur!” deyirdi. Belə münasibətinə görə notları da öyrənə bilmədim. Məsələn, imtahan götürəndə mənə deyirdi ki, “0” yazmağa utanıram, ona görə “1” yazıram. Musiqim 1-ə bərabər idi... Bu qədər... Hisslərim çox güclüdür. Musiqi haqda kim nə qədər bilirsə, mən ondan daha çox bilirəm, çünki bunu hiss edirəm.

Uşaqlıqdan həmişə içimdə bir səs vardı, mahnı oxuyurdu. Sonra böyük qardaşlarımın evə gətirdiyi vallardakı mahnı mətnlərini əzbərləyirdim. Anamın qulaq asdığı kürdcə mahnılar, sənət musiqiləri... 70-ci illərdə televizor aldıq, ilk dəfə türk sənət, türk xalq musiqilərini televiziyadan dinlədim. Daha sonra pop musiqisinə türkcə sözlər yazıldı, Ajda Pekkanlar və sair... Pop musiqi ilə də elə tanış oldum, sonra bütün müğənniləri tanıdım. Sezen Aksu, Ajda Pekkan, Nilufer, Nükhet Duru...

1990-cı il idi. 24 yaşında idim. Şeir yazırdım, səsimin gözəl olduğunu bilirdim. Tuncelidən olduğumuz üçün evimizdə saz vardı. Qohumlarım saz çalar, mən türkü oxuyardım. Restoranda oxumağa başladım. Səhv etmirəmsə, 1990, ya da 19991-ci il idi. Çingiz Özşeker “Gəl başla” dedi... Çox yaxşı insan idi. Çingiz, “Sənə gülmək yaraşır deyərdi. Səhnə adımı Gülən qoymuşdu. Bunu heç vaxt unuda bilmərəm.

Daha sonra Sezen Aksuyla tanış oldum. Onlar İzmirdə sərgiyə gəlmişdilər. Mən “Broadway”da çalışırdım. Sezenə İzmirdəki tanışlarından biri məni dinləməyi təklif edir. O zaman onun mahnılarını oxuyurdum. Mən sərgiyə getmədim, onlar mənim işlədiyim yerə gəldilər. Sezen “Çıx bir mahnı oxu” dedi. Oxudum. “Bir daha oxu” dedi, yenə oxudum... “Ne kavgam bitti, ne sevdam” və “Adını sen koy”u oxudum... Bəli, onu çox sevdiyim üçün qızımın adını Sezen qoydum. Heç peşman da deyiləm... Sonra mənə telefon nömrəsi verdilər. Nömrəni alandan sonra təbii ki, hər gün zəng etməyə başladım. Sonra İstanbula getdim, doqquz ay yanında vokalçı kimi çalışdım. Evində yaşadım. Doqquz aydan sonra İstanbulun musiqi bazarında iki il tək duruş gətirdim. Albom hazırlamağa başlasam da, mahnı tapa bilmədim. Düşünürəm ki, qismət deyilmiş... Qəzavü-qədərə inanıram.

Əslində Sezenə ən yaxın mən idim, bəlkə də mənə elə gəlirdi. Yəni, hər kəs özünü ona ən yaxın hesab edirdi. On ildən artıqdır ki, Sezenlə görüşmürəm. Mənim ona qarşı münasibətim pis olmayıb. Sezeni görsəm, dindirərdim. Sezenin evində yaşamışam, daha nə qədər yaxın olmaq olar?

İki-üç albomu bitirəndən sonra Sezen o mahnılara qulaq asdı. Bundan sonra həyatın ritmi dəyişdi. Daima onun fikirlərini əsas tutdum. İlk albomum hazır olanda, yanına getdim, baxdı. “Yeni bəstələdiyim bir mahnı var, bunun sözlərini yaz. Uzay hazırlasın, sonra albomuna salarsan” dedi. Mahnını alıb sözlərini yazdım. Mahnını Uzaya verdim, o həftə Uzay öldü. Yenə də deyirəm, qismət deyilmiş.

Sevginin acısı qorxunc olur. İndi yatmağı da sevgi adlandırırlar. Ürəkləri isə istəməyəndə deyirlər “sevgim tükənib”.

Şeiri çox sevirəm. Dünya şairlərini, türk şairlərini... Bəzən şairlərin kitablarını alıb, “görəsən filan şeirə mahnı bəstələyə bilərəmmi” deyə düşünürəm. Çünki mən sözləri musiqiyə görə yazıram. Pablo Nerudanı oxumuşam. Rus şairlərini də çox bəyənirəm. “Değerini bilmek gerekir aşkın” adlı bir şeirə mahnı bəstələdim. Elə bilirdim ki, şeirin müəllifi Pablo Nerudadır. Sən demə şeir rus şairlərindən birinə məxsus imiş. Ona görə də şeirin tərcüməçisi Ataol Bəhramoğlu tərəfindən məhkəməyə verildim.

Bir dostum mənə şeir kitabı verdi. Öz kitabımda bəyəndiyim şeir olan kimi dərhal həmin səhifəni cırıram. Amma bu kitab mənə məxsus olmadığı üçün Nazim Hikmətin “Bence artık sen de herkes gibisin” şeirini dəftərə köçürdüm ki, mahnı bəstələyim. Şeir yadımdan çıxdı. Aradan bir neçə il keçəndən sonra qaralamalarımın içərisində bu şeiri tapdım. “Necə də gözəl yazmışam” dedim. Şeirin altına da şairin adını yazmaq yadımdan çıxıb. Sonra musiqi bəstələdim. Yeni albom çıxarmağa hazırlaşırdım. Gökhan Özen zəng edib “Yeni mahnın varmı, albom hazırlayıram” dedi. Gəldi, bir neçəsini verdim, baxdı. Həmin şeiri də bəyəndi. Albomu hazırlamağa başladı. Ancaq Mədəniyyət Nazirliyindən dedilər ki, bəs şeirin müəllifi Nazim Hikmətdir. Yazdılar ki, Nazim Hikmətdən oğurlayıb. Bunu yazanları söymək istəyirdim, amma söymədim. Bəzən belə şeylər də olur.

Kişilərin dünyasında yaşayırıq. Qadınlara qarşı haqsızlıq hər yerdə var. Küçədə, evdə, xəstəxanalarda, gecə klublarında, bir sözlə hər yerdə qadınlara qarşı incə bir zülm edilir. İnsan sevdiyi üçün ölər deyiblər. Amma qadınlar öldürülür. Bu, rəsmən terrordur. Qadınlar rahat yaşayanda, kişilər də rahat yaşayacaq. Bir qadının kişisindən başqa ilk pilləyə qoyacağı heç kim və heç nə yoxdur. Adət-ənənəni əldə bayraq edib qadınları öldürürlər.

Ahmet Kayaya Allah rəhmət eləsin, onu kim sevmirdi ki! Ona qarşı edilənlər haqsızlıq idi. “Kürdcə oxuyacağam” dedi. Həmin kadrları indi yayımlayan çox kanal var. Deməli Vətəni tərk edib, həsrətdə ölməyə əsas vermirdi söylədikləri. Vətəninə həsrət qaldı. Kürd dilini Ahmet Kaya kəşf etməmişdi, kürd dili ondan əvvəl də vardı.

Orxan Gəncəbaydan mahnı almadım, çünki ondan mahnı almaq çox çətindir, özü də heç kimdən mahnı almır. Son albomuna çətinliklə daxil oldum. Mahnını da özüm seçdim.

“Üç maymun” və “Brokeback Mountain” filmlərində də musiqimdən istifadə olunub. Sonuncu filmdə səs, sözlər, musiqi mənə məxsus olduğu halda heç kim icazə almadı. Onsuz da heç kim məndən icazə almır. Demək olar ki, hər gün məni parodiya edirlər. Səsi, xarici görünüşü mənə bənzəyənlər həddindən artıq çoxdur...

Başqa müğənnilərin oxuduğu, mənə məxsus 30 mahnı var. Məsələn, “Kış güneşi” Tarkanın ifasında tutdu. “Kandıramazsın beni” Gülbənə uğur gətirdi. Mahnım tutduğu zaman çox sevinirəm. Sifarişlə yaza bilmirəm. Ümumilikdə 200 mahnım var. Bu da təxminən ön dörd saata bərabərdir. “Delikanlım”ı istənilən dövrün sevgi mahnısı adlandıra bilərik. Heç kim bir daha kişilərə bu cür xitab edə bilməyəcək.

Mahnı sözlərini yazan zaman və yaxud bəstələyəndə heç kimə göstərmirəm. “Kaş yazmasaydım” dediyim mahnı yoxdur.

İnternetdən mahnılarımı yükləsinlər. Şikayətim yoxdur. Mən də yükləyirəm. Hamının disk almağa pulu yoxdur. Hamı yükləsin. Bütün mövzularda əfv etməyi bacarmaq lazımdır. Əgər bir şeyin axırında ölüm yoxdursa, insanlar bağışlamalıdır.

Musiqi bazarında dostluqlar, yoldaşlıqlar səhnədən səhnəyə olur... Onun əri var, mənim uşağım var... Hamıda “başa düşərlər” anlayışı var.

Tərcümə etdi: Fərid MİRZƏYEV

# 3265 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #