Şəki festivalının təəssüratları SORĞU

Şəki festivalının təəssüratları <span style="color:red;">SORĞU
22 sentyabr 2014
# 16:09

Şəkidə ilk dəfə keçirilən beynəlxalq teatr festivalı sentyabrın 19-da başa çatdı. Xatırladaq ki, festival Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Teatr xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilib.

Sentyabrın 10-dan 20-dək davam edən festivalda öncə ev sahibi - Şəki Dövlət Dram Teatrı görkəmli dramaturq İlyas Əfəndiyevin «Sevgililərin cəhənnəmdə vüsalı» faciəsini təqdim edib. Beynəlxalq statusla keçirilən festivalda cəmi iki xarici teatr- Kalmıkiya Milli Dram Teatrı («Mən aktrisayam» əsəri ilə) və Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı (İran-Qayıpın «Yestay və Korlan» məhəbbət dramı) iştirak edib.

Festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı L.Nurenin «Qızlar, mən gəldim («Müharibə»)», A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı «Çanta trio», Gəncə Dövlət Dram Teatrı böyük rus yazıçısı N.V.Qoqolun «Evlənmə» (rej. İradə Sayya), Şuşa Dövlət Musiqili Dram Teatrı M.F.Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» (rej. Loğman Kərimov) komediyası ilə, Lənkəran Dövlət Dram Teatrı italyan dramaturqu E. Filipponun «Ruhlar» əsərinin tamaşası ilə (rej. Tural Mustafayev) təmsil olunub.

Tamaşaların sonunda iştirakçı kollektivlərə Mədəniyyət və Turizm Nazirliyinin xüsusi diplomları, Şəki Şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim edildi.

Bəs bu festivalın teatr prosesində yeri nədir? Festival hansı yeniliyi etdi?

Kulis.az bu suallara cavab tapmaq üçün festivalda iştirak edən teatr adamlarını danışdırdı:

Tural Mustafayev: (Lənkəran dövlət Dram Teatrının baş rejissoru)

“Festival böyük hadisədir. Bizim teatr məkanında belə hadisənin baş verməsi özü-özlüyündə böyük layihələrə, çağdaş teatr proseslərinə toxunmağa və aktiv iştirak etməyə, dünya teatrı ilə intensiv dialoqa girməyə təkan verə bilər.

Bu festival bölgələrə teatrın lazımlılığının göstəricisi ola bilər. Həm də teatrlarımızın arasında qırılan xətti bərpa edə bilər. Azərbaycan teatrının bu gün dialoqa ehtiyacı var. İnanmaq istəyirəm ki, Şəkidəki teatr festivalı bunun bünövrəsini qoyub. Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala bəyə, direktoru Hikmət bəyə minnətdarlığımı bildirmək istəyirəm ki onlar Şəki Teatrının işığını hələ də saxlayıblar. Teatrın binasının təmir olunmağı onlara gələcəkdə daha böyük işlər keçirməyə imkan verəcək. Festivala böyüməyi, böyük teatrları festivala dəvət etmək imkanı arzu edirəm. Bizəsə festivalı açılışdan bağlanışadək izləmək imkanı... ”

Vaqif Əsədov (rejissor):

“Festivala hər bir teatrın ehtiyacı var. Həm də bu ilk beynəlxalq festivaldır. Bu festivalda Qazaxıstandan, Kalmıkiyadan gəlmiş teatrlar iştirak edirdi. Bizim teatrlar da tamaşalar göstərdi və biz teatrlarımızın hansı vəziyyətdə olmasını, hara getdiyini müəyyənləşdirə bildik. Kollektivlər bir-birini görür, dialoqa girir. Mən bunu çox yüksək qiymətləndirirəm, təşkilati işlər də çox yaxşı idi. Festivaldan nə əldə edirlər? Prosesləri görə bilirsən, müxtəlif adamlar, müxtəlif ideyalar görürsən. Kollektivlərimiz Qazaxıstanda hansı teatr prosesinin getdiyini yəqin ki, görməyəcəkdi, əgər festival olmasaydı. Festival teatrımızın inkişafında böyük hadisədir”.

İlqar Cahangir (aktyor, əməkdar artist):

“Mən yalnız festivalın açılışında oldum. Şəki Teatrı “Sevgililərin cəhənnəmdə vüsalı” tamaşasını təqdim etdi. Eşitdiyim qədər, başqa tamaşa ilə hazırlaşıblarmış, amma açılışa bir gün qalmış dəyişiblər.

Kalmık Teatrının tamaşasına baxmaq istədim, o da olmadı. Proqramı dəyişmişdilər, icradan göstəriş var idi.

Festivalın keçirilməsi mənə çox xoşdu. Sevindiyimdən bilmirdim neyləyəm ki, Azərbaycanda beynəlxalq teatr festivalı keçirilir. Özü də Şəkidə-bir əyalət şəhərində. Amma vallah o festival kənardan Kommunist Partiyasının qurultaylarına oxşayırdı. Heç sənət bayramı əhvalı yoxdur. Şəhərdə də gəzdim, soraq etdim, festivaldan çoxunun xəbəri yox idi. Görünəni, icra orqanlarının təşkili ilə gəlib tamaşaya baxıb gedirdilər. Festivala da axı göstərişlə gəlirlər. Belə festivaldansa, olmasa ondan yaxşı idi.

Nə bilim, bəlkə birinci festivaldır deyə. Bəlkə gələcəkdə daha yaxşı olacaq. Bilirsiniz mənə elə gəlir ki, festivala maliyyəni dövlət ayırmalıdır, amma yaradıcı adamlar keçirməlidir. Məmurlar yox...”

Vəfa Novruzova (Mədəniyyət və Turizm Nazirliyi, teatr sektorunun məsləhətçisi):

“Bilirsiniz ki, regionların inkişafı ilə bağlı dövlət proqramı var. Biz də istədik ki, regionun mədəni həyatında canlanma yaradaq. Teatrın xüsusən gənclərin və yeniyetmələrin kamilləşməsində oynadığı rolu nəzərə alaraq kollektivlərin ümumi yaradıcılıq səviyyəsini daha da yüksəltməli, mili teatr mədəniyyətinin üçüncü minillikdə baş verən real proseslərini analiz etmək, xarici dövlətlərin teatr işlərinin Azərbaycan tamaşaçılarına təqdim etmək məqsədilə Mədəniyyət və turizm nazirliyinin dəstəyi ilə, 2014-cü ildən başlayaraq, iki ildən bir Şəkidə beynəlxalq teatr festivalı keçiriləcək... Təşkilati məsələləri özümüz həll etdik, təbii ki, Şəki Şəhər İcra Hakimiyyətinin də dəstəyi oldu, amma biz daha yüklü idik, məsuliyyət üzərimizdə idi. Festivalın uğurlu olub-olmamağından danışırıqsa tamaşaçıların reaksiyasından danışırıq ilk növbədə. Tamaşalar iki məkanda nümayiş olundu: Şəki Dövlət Dram Teatrında və amfiteatrda. Tamaşaçılar tərəfindən də gözəl qarşılandı. Qaldı iştirak edən xarici ölkələrin teatrına... Bilirsiniz, hətta bir xarici ölkə də iştirak etsə, o festival beynəlxalq hesab olunur. Həm də bu birinci işdir. Təcrübi olaraq necə qarşılandığını, reaksiyaları bilmək üçün. Gələcəkdə yəqin nominasiyalar da olacaq”.

Ülviyyə Heydərova (“Pəncərə” jurnalının əməkdaşı, yazıçı-publisist):

“Festivalın bir yaxşı cəhəti var ki, sənət adamlarını birləşdirir. Mən bu işdə bir pozitivlik gördüm. Göstərilən tamaşaların əksəriyyəti repertuarda olan tamaşalar idi, amma o festivalın mühiti, yeni sənət adamları ilə bir yerdə söhbət etmək, müzakirə baxımından mənə xoş oldu. Xüsusən, teatrşünas Aydın Talıbzadə, rejissor Bəhram Osmanov, aktyor İlqar Cahangir, jurnalist Gülcahan Mirməmmədli, nazirliyin teatr sektorunda çalışan Vəfa xanımla, Naidə xanımla görüşlər, söhbətlər... Nəsimidən vurub Baxdan çıxdıq...”

# 1550 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #