Firəngiz Mütəllimova: "Kaş 15 gün Şuşada ola biləydim"

Firəngiz Mütəllimova: "Kaş 15 gün Şuşada ola biləydim"
30 aprel 2013
# 07:45

Firəngiz Mütəllimova - 1959-cu ildə Ağcabədi rayonunda doğulub. 1980-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışır. Teatr tamaşaları ilə yanaşı, iyirmidən çox teletamaşada, filmlərdə oynayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2002-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adları verilib. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülüb.

- Alo, salam. Hardasınız?

- Evdə deyiləm (gülür).

- Boş vaxtlarınızda nə edirsiniz?

- Qardaşımgilə, bacımgilə gedirəm. Rəfiqələrimlə görüşürəm.

- Hansı kitabları oxuyursunuz?

- Əsasən universitetlə bağlı kitablara üstünlük verirəm. Aqata Kristini, Stanislavskini yenidən oxuyuram. Bir də dualar.

- Dinlə maraqlanırsınız?

- Yox, mən elə həmişə dualar oxumuşam. Allah hamının dualarını qəbul eləsin.

- İnternetlə aranız necədir?

- Əla. Tez-tez girirəm. Saytlara baxıram.

- Hansı saytları oxuyursunuz?

- Kulis.az, Lent.az, Day.az saytlarına baxıram. Qəzetlərin saytlarına da baxıram.

- Sosial şəbəkələrdə varsınız?

- “Facebook”da hesabım, xeyli dostum var. “Twitter”i də izləyirəm. Xoşuma gəlir.

- “Facebook”da sevgi mesajları yazanlar var?

- Hə, o qədər. Bu yaxınlarda görürəm bir kişi İspaniyadan nəsə yazıb mənə ingiliscə. Qardaşımın uşaqlarına göstərdim ki, görün nə deyir bu. Dedilər, hərbiçidir, yazıb, nə şirinsən, gözəlsən, tanış olmaq istərdim (gülür).

- Dostluğa kimləri qəbul edirsiniz, kimləri etmirsiniz?

- İt-pişik, gül, uşaq şəkilləri qoyan hesabları saxta sayaraq qəbul etmirəm. Hesabın saxtalığı o saat bəlli olur onsuz da. Hər halda saxtanı həqiqidən fərqləndirəcək qədər həyat təcrübəm və ağlım var (gülür).

- Qadın, sizcə, hansı yaşdan sonra özünə baxmalıdır?

- Elə həmişə! Qadın baxımlı olmalıdır. Ağlı kəsəndən özünə qulluq etməlidir.

- İdmanla məşğul olursunuz?

- Əvvəl çox məşğul olurdum, indi o qədər də yox. Səhhətimlə bağlı bir az ara vermişəm.

- Pəhriz necə?

- Elə də güclü pəhriz saxlamıram. Amma axşamlar yemək yeməməyə diqqət edirəm.

- Bir ara aparıcı kimi fəaliyyət göstərdiniz. Niyə davam etdirmirsiniz indi?

- 8 il aparıcı kimi işlədim. Verilişlər də canlı yayımlanırdı. Çox vaxtım gedirdi. İndi həftənin 3 günü universitetdə oluram, teatra gedirəm, serial çəkilişləri olur. Bircə bazar ertəsi və nisbətən cümə axşamı boş vaxtlarım olur. Televiziyaya vaxtım yoxdur.

- “Yaxşı ki etməmişəm” dediyiniz olubmu?

- Düzü, elə bir səhv etməmişəm ki, sonra peşman olum və “yaxşı ki etməmişəm” deyim. Amma əvvəllər çox sadəlövh idim. İndi deyirəm, gərək elə olmayaydım. Heç kimi incitmək, qəlbinə dəymək istəməmişəm, üzüyumşaq olmuşam. Demə, bəzilərini vaxtında yerində oturtmaq, sözünü demək lazım imiş.

- Bəs nələrə “Kaş ki etməyəydim” demisiniz?

- Şuşada olan vaxtlarda Bakı üçün ürəyim darıxırdı, deyirdim kaş 15 gün tez keçəydi, Bakıya tez qayıdaydım. İndi deyirəm kaş 15 gün Şuşada ola biləydim.

- Şuşanın ən çox nəyi üçün darıxırsınız?

- Ən çox məhəlləmiz üçün darıxıram. Ailəm, təbiət, bulaqlar, küçələr, qohum-əqrəbam, dumanlı Şuşam üçün burnumun ucu göynəyir.

- Ən çox nədən qorxursunuz?

- Təbii fəlakətlərdən.

- Ən böyük arzunuz nədir?

- Qardaşımın, bacımın balalarının xoşbəxtliyi. İnanın, anam vəfat edəndən bəri ilk dəfə qardaşımın oğlunun universitetə girməyinə ürəkdən sevinmişəm. Onların sevinci, uğuru elə bil mənimkidir. Təki onlar xoşbəxt olsunlar.

- Nə planlarınız var qarşıda?

- Tələbələrim imtahanlara hazırlaşırlar. Bilirsiniz ki, prezident peşəkar milli teatrın yaradılmasının 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Biz də əlimizdən gələni etməyə çalışırıq, Elçinin “Şekspir” əsəri əsasında tamaşa hazırlayırıq. Mayın axırınacan işimizi yekunlaşdırıb tətilə çıxmağı planlaşdırıram.

- Yayda harda dincəlmək istəyirsiniz?

- Hələ bilmirəm, amma uzağa getmərəm yəqin. Çox vaxt ailəmizlə ata yurdumuz Qəbələyə gedirik. Rayonlarımızda dincəlmək hamısından yaxşıdır.

- Getdiyiniz ən uzaq ölkə hansıdır?

- İngiltərə.

- Necə idi oralar?

- Soyuq ölkədir də. Mən soyuq havanı sevmirəm. İnsanları da fərqlidir. Düzdü, ingilislər almanlar kimi soyuqqanlı deyillər, amma yenə də sevmirəm.

- Hansı ölkəni sevirsiniz bəs?

- Türkiyəni. Havası, təbiəti çox gözəldir.

# 3913 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
 Fidan Bayramova:  Hər adına bir arvad - Yeni imza

Fidan Bayramova: Hər adına bir arvad - Yeni imza

17:00 25 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
#
#
# # #