Kökaltı Aytən: “Fiquram buna uyğun deyil” MÜSAHİBƏ

Kökaltı Aytən: “Fiquram buna uyğun deyil” MÜSAHİBƏ
18 iyul 2013
# 08:00

Kulis.Az-ın “Ekran üzü” layihəsinin budəfəki qonağı ANS ÇM radiosunun “Hər səhər” proqramının və ANS televiziyasında yayımlanan “Kökaltı” verilişinin aparıcısı Aytən Səfərovadır.

- Müsahibələrinizdə demisiniz ki, ANS-ə gəldiniz və orada böyüdünüz. Peşəkarlarda isə adətən yerdəyişmə olur.

- Mənə elə gəlir ki, peşəkarlarda yerdəyişmə olmur. Jurnalist faktiki döyüş bölgəsində işləyir. Sosial döyüş var, kriminal döyüş var və sair. Peşəkar əvvəldən axıra kimi döyüş bölgəsində qalır, bütün çətinliklərə dözür, püxtələşir və oranı tərk eləmir. Mən belə düşünürəm. Amma hər şeyin əvvəli olduğu kimi sonu da var. Hələ bilmək olmaz, sabah nə olacaq. 15 ildir ANS-də çalışıram. Buna görə təəssüflənmirəm.

- Kanal bağlananda da ayrılmaq fikriniz yox idi?

- Kanal bağlananda analıq məzuniyyətində idim. Bəziləri elə bildilər ki, məni işdən çıxarıblar və yaxud da özüm getmişəm. Gördülər ki, Aytən yoxdur. Amma dediyim kimi analıq məzuniyyətində idim. Kanal bağlananda mənə iki televiziyadan, hətta bir nazirlikdən iş təklifi gəlmişdi. Mən o təklifləri qəbul etmədim. Çünki ANS-ə qayıtmaq istəyirdim.

- “Xəbərçi”də çalışdığınız zaman daha çox rəsmi şəxslərlə, məmurlarla işləyirdiniz. Onlarla işləmək çətin deyildi ki?

- Bilirsiniz, məmura məmur kimi baxanda insan sıxılacaq və özünü çərçivəyə salacaq. Amma məmur da adi insandır. O da hamı kimi axşam yatıb, səhər oyanır, televizora baxır, nahar edir və sair. Bunları düşünəndə insanın içindəki xof müəyyən dərəcə aradan qalxır. İndiyə qədər, elə bir məmurla rastlaşmamışam ki, mənə kobud cavab versin. Məmur görəndə ki, jurnalist özünə hörmət edir, o da jurnalistə hörmət etməyə başlayır. Burada söhbət maddi hörmətdən getmir.

- ANS ÇM radiosunun rəsmi saytında ixtisasınız haqda belə yazılıb : “Əşyaların differensial axının xaotik istiqamətlənməsinin fiziki-riyazi əhəmiyyətli ədədlər prizmasından yanaşılması tempinin bissektrisavari hesablanmasının tədqiqatı üzrə mütəxəssis. Qısası bağça müəllimi və beynəlxalq hüquqşünas”.

- (gülür) Mən bağça müəllimindən, beynəlxalq hüquqşünasdan əvvəl anayam. Evdə balaca uşaq varsa, orda anaya nə vəzifə yazırsansa yaz, hamısı gedəcək. Çünki uşaq insanı elə vəzifələrin öhdəsindən gəlməyə vadar edir ki.

- Aparıcılığın tərifi necədir sizcə?

- İnsanların başında müxtəlif fikir olur, onlar stress yaşayır. Aparıcı fikri bir nöqtədə dayanan tamaşaçını o nöqtədən qoparmağı bacarmalıdır. Yəni, aparıcı tamaşaçını öz fikirlərinin arxasınca aparmalıdır. Tamaşaçı plastilin kimidir. Bir saat ərzində sənə baxan insan başındakı fikirləri kənara qoymalıdır.

- Siz rus dillisiniz. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli rus dilli insanların televiziyalarda aparıcılıq etməsinin çox böyük nöqsanlarla müşahidə olunduğunu söyləyib.

- Rus dilli aparıcıların olması normaldır. Ancaq Azərbaycan dilində nəsə danışan aparıcılar var ki, onlar rus dillilərdən də betər vəziyyətdədirlər. Verilişdə rus dilində “priçem”, “rozetka”, “potomu çto” kimi müəyyən rus sözlərindən istifadə edirəm. Başa düşən insanlar mən danışanda söhbəti tutub gülməyə başlayır. Mən özüm Rusiyada yaşaya-yaşaya Azərbaycanda böyüyüb-başa çatmış, Azərbaycan dilində təhsil almış insanlardan daha mükəmməl, daha gözəl danışıram ana dilimdə. Digər tərəfdən insan nə qədər çox dil bilsə bir o qədər yaxşıdır. Rus, ingilis, yunan dillərində yaxşı danışıram.

- Milli Televiziya və Radio Şurasının apardığı monitorinq göstərdi ki, aparıcılarda ləhcə problemi var.

- Mən razıyam, ləhcə problemi var.

- ANS-in aparıcısı İlqar Mikayıloğlunun Bakı dialektində danışması da xüsusi vurğulandı.

- Onda indiyə qədər ləhcə görməmişəm.

- “Gəlicey”, “gedicey” deyir.

- Sonra deyirlər ki, bizdə yerlibazlıq yoxdur. Məsələn, hər hansı bir dağlı aparıcının Bakı dialektində danışmasını xoşlamaya bilər. Yaxud da mən naxçıvanlıyam, mənə öz ləhcəm xoşdur. Aparıcı Qarabağ ləhcəsində danışanda onu tənqid etməyə başlayıram. Bütün ləhcələr bizimkidir. Amma mən bir aparıcı kimi ləhcədə danışmağı xoşlamıram. Ləhcə dərd yarıdır, ləhcənin üstündə aparıcıların bisavadlığı görünür. Bax, bu böyük problemdir. Səmimi deyirəm, bir aparıcı olaraq əksər verilişlərə baxmıram. Çünki o aparıcı ağzını açanda, onun qabında nə olduğunu görürəm. Məsələn, “avadanlıq” sözü cəmliyi ifadə edir. Aparıcı “avadanlıqlar” deyəndə artıq bilirəm ki, bu adamın savadında problem var. Kəndlərimizdən o qədər ağıllı insanlar çıxıb ki, insanları heyran ediblər. Ləhcə ilə danışa bilərsən, amma gərək insanda savad da olsun. Lap Mozambik ləhcəsində danışsın problem yoxdur, adamın savadı olmalıdır. Mən aparıcıyam, qrimə 15-20 dəqiqə vaxt sərf edirəm. Amma elə aparıcılar var ki, verilişlərini düşünmürlər, “nə olacaq-olacaq” deyirlər, çıxıb efirdə kukla kimi otururlar. Bax, bizim problemimiz odur. Ləhcə-filan bunlar hamısı sonrakı problemlərdir.

- Bisavad aparıcıları ancaq başqa televiziyalarda görürsünüz? Bisavad aparıcılar ANS-də yoxdur?

- Hər halda ANS-də kifayət qədər savadlı uşaq var. Mən doğurdan da onların çalışmağını görürəm. Amma bir neçə il bundan əvvəl bizdə də dediyiniz aparıcılardan olub. Baxırsan ki, adam sadəcə danışır. Yaxşı danışır, amma nə danışdığını bilmir. Olub, necə deyim ki, yox, olmayıb. Düzdür, hər kəsin özünə görə savadı var. Mən özümü dağın başına qoymuram. Mən də çox şeyi bilmirəm. Elə əjdahalar gəlib oturar qarşımda ki, sadəcə yer axtararam getməyə. Özümə nisbətdə elə aparıcılar var ki, onları qəbul etmirəm, onlara baxmıram. Yəni, onlar mənə nəsə yeni bir şey öyrədə bilməz.

- Necə düşünürsünüz, siz tabuları dağıdırsınız?

- Şəhərdə qızımla, valideynlərimlə gəzməyə çıxıram. Bir pensiyaçı mənə yaxınlaşıb deyir ki, qızım, halal olsun, sən onu yaxşı dedin. Müxtəlif yaş kateqoriyasına aid insanlar mənə təşəkkür edirsə, deməli bu veriliş nəyəsə nail ola bilib. “Kökaltı” əslində ağır verilişdir. Onu sadəcə duyan lazımdı. Orda Sabir yumoru, Sabir satirası var. Sabir cəmiyyətdə olan problemləri insanlara gülüşlə çatdırırdı. “İngilis yumoru” var, gülməkdən savayı düşünüb nəticə çıxarmaq lazımdır. Hər hansı bir sözdən sonra telefonuma zəng gəlirsə, artıq başa düşürəm ki, bəli, biz nəyəsə nail olmuşuq.

- Son verilişlərinizdən birində Nadir Qafarzadənin yollarla, tıxaclarla bağlı sərt çıxışını da qeyd etmək olar.

- Avropa Şurası və yaxud kimsə gəlib deyəndə ki, Azərbaycanda söz azadlığı yoxdur, mən gülürəm. Doğurdan gülürəm. Efirə çıxıb heç kimi təhqir etmirəm. Filan sahədə işlər qaydasında getmirsə, tənqid olmalıdır. Mən vətəndaş olmaqla bərabər jurnalistəm. “Kök altı”nda Nadirin danışmağı Azərbaycanda söz azadlığının olmasına dəlalət edir. Bizə baxanlar bisavad deyil, onlar hər şeyi başa düşür. Hətta bir neçə dəfə tədbirlərdə mənə eşitdiriblər ki, bacı, sən o gün filan şeyi yaman dedin haa.

- Məsələn, kimlər deyir?

- Təhsil sahəsində, səhiyyə sahəsində çalışan insanlar, icra orqanlarının işçiləri... İl ərzində 50 dəfə asfalt çəkilir. Allaha şükür Nəqliyyat Nazirliyi yol çəkir. İcra hakimiyyətləri ümumiyyətlə, yol çəkmir. Gəlin Suraxanının yollarına baxın, bərbad vəziyyətdədir. Niyə də bunu deməyim? Kor-kor, gör-gör, zarafatla sözümü deyirəm. Və kimsə bundan özünə nəsə götürürsə bu artıq böyük bir plyusdur. Nadir Qafarzadənin həmin çıxışı da normaldır. Əgər bu adam tıxacda oturubsa, deməlidir ki, əllərinizdən öpürəm? Bizim üçün super tıxaclar yaradırsınız, dünyanın heç bir yerində belə tıxac yoxdur (gülür).

- Yuxarıda dediniz ki, sizə sağ ol deyənlər çoxdur. Ancaq Facebookda verilişinizin rolikinin altında bu cür şərhlərə də rast gəlirik: “Bu qız danışanda onun yerinə mən utanıram”.

- Azərbaycanda bəzi insanlar utanmağı bacarırsa, bu doğurdan da gözəl göstəricidir. Digər tərəfdən mən 100 manatlıq deyiləm ki, hamının xoşuna gələm. Hamı mənə xoş sözlər deyəndə artıq özümü narahat hiss etməyə başlayıram. Düşünürəm ki, ki, nəsə qaydasında deyil. Siz birinci o “kommenti” yazanların profilinə, onların statuslarına baxın. Elə yazanların bəzilərinin profilinə baxıram. Deyirəm ilahi, yaxşı ki, belələri mənim yerimə utanır. Hələ utanmaq hissi qalıb. Onların şəkillərinə baxıram, yazılarında qrammatik səhvləri görəndə, deyirəm ki, şükür allaha ki, bunlar məni başa düşmür. Məni başa düşmək üçün savad, dünyagörüşü plintusdan bir az yuxarı olmalıdır. Mirzə Cəlilin Novruzəlisini tanımayanlar qoy elə utansın. Nəinki mənim yerimə, ümumiyyətlə, utansalar yaxşıdır.

- Verilişdə “Xiyarınızdan muğayat olun” deməyiniz də müzakirələrə səbəb olmuşdu.

- Baş Nazirin xiyarla bağlı açıqlamasına işarə etmişdim. Mən də dedim yaxşı ki, yeməyə xiyar var. Pensiya artanda, mən artıq qorxuram, canıma vəlvələ düşür. Düşünürəm ki, pensiya artacaqsa görəsən xiyarın, pomidorun qiyməti nə qədər qalxacaq. Yəni, həmişə bunu fikirləşirəm. Xiyardan da, badımcandan da, elə kələmdən də muğayat olmaq lazımdır. Ümumiyyətlə, kənd təsərrüfatını qorumaq lazımdır. Bunu hərə özünə görə qəbul edir.

- Bizdə xiyar sözü pis assosiasiya doğurur.

- Mən də yaxşı assosiasiya doğurur. Xiyar deyəndə “staliçni” salata dad verən xiyar yadıma düşür. İslam Konfransı Təşkilatı ölkələrinin dövlət başçılarının Tehranda görüşü keçirilirdi. Sammitdə Abdulla Gül Hatəmi ilə xiyar yeyirdi. İran İslam Respublikasında xiyar susuzluğu almaq üçün normal bir tərəvəzdir. Deyərdim ki, filankəslər xiyar yeyir? Xiyar tərəvəzdir, əgər hər hansı bir fikrin yoxdursa, sən onu normal qəbul edəcəksən. Belə başa düşdüm ki, bunu müzakirə edənlər tərəvəz problemi yaşayıb.

- Verilişinizdə dayanacaqda eşşək şəklini verəndə sizin Azərbaycan xalqını təhqir etdiyinizi yazmışdılar. Deyilənlərlə razısınız?

- Onu yazan insan özü Azərbaycan xalqını təhqir etmişdi. Əgər dayanacaq şəkli varsa və orda uzunqulaq dayanıbsa, həmin şəklə xitabən deyirəm ki, bizim dayanacaqlarda uzunqulaqlar da dayanır. Normal insan başa düşür və gülür. Mən o dar düşüncəli insanı məhkəməyə verə bilərdim. Başa düşdüm ki, yəqin maaşı azdır, ya da ola bilsin adını çıxartmaq istəyir. İşdə xeyli güldük, dedik olan şeydir. İnsan bir az kitab oxusa yaxşıdır. Bizdə insanlar son zamanlar oxumur. Oxuyan insan görəndə ondan avtoqraf alıram.

- Suallarınız ekspromt olur?

- Sualların 90 faizi ekspromt olur. Verilişdən əvvəl cəmi 7-8 sual yazıram. Əsas skeleti yazıram. Adətən deyirlər ki, sən niyə belə hazırcavabsan? Hamısı oxumaqdandır. Mən imkansız ailədə böyümüşəm. Tay-tuşlarım lagerə gedəndə, mən anamın kitablarını oxuyurdum. Dostoyevskini oxuyurdum, müəyyən lətifələr oxuyurdum. “Molla Nəsrəddin”i rus dilində oxumuşdum. Uşaqlıqdan Ömər Xəyyamın vurğunuyam. Uşaqlar yanımda deyirdilər mən filan yerə getdim. Məndən soruşanda ki, sən hara getdin? Deyirdim ki, heç hara getməmişdim. Evdə oturub kitab oxuyurdum . Özümə qapanıb ağlayırdım ki, bu nəyə lazımdır. İndi şükür edirəm ki, nə yaxşı o kitabları oxumuşam. Hazırcavablıq oxumaqdan, kitablardan, qavramaqdan asılıdır.

- Sanki nədənsə narazısınız və veriliş vasitəsilə bir növ etiraz edirsiniz.

- Siz mənə Azərbaycanda bir nəfər göstərin ki, nədənsə tam razıdır. Ümumiyyətlə, elə bir insan yer üzündə yoxdur. Allah insana nə qədər versə də, o, yenə də narazıdır. Sadə vətəndaşam, bahalı villalarım yoxdur. Halal maaşla ailəmi dolandırıram. Gecə saat 3-4-ə qədər kafe, barlarda ləzzətlə oturub sonra efirdə kefi, damağı kök danışmıram. Mən də xalqın içindəyəm. Sadə insanlarla normal danışanda bəziləri mənə təəccüblə baxır, deyirəm niyə təəccüblənirsiniz? Siz də azərbaycanlısınız, mən də. Deyir, yox axı, siz veriliş aparırsınız. Deyirəm ki, nə olsun? Özümü dartmaqla, kənara çəkməklə deyil. Durum Maldiv adalarından, Seyşeldən danışım? Elə yay olur ki, Biləcəridən o yana çıxa bilmirəm.

Məhəllədə domino oynayan pensiyaçı dayday deyir, əşi yenə işığın qiymətini qaldırdılar. Bunu sadə insanlar danışır. Mənə də sadə insanlar baxır. Mən də onların problemlərini bir növ ekrandan deyirəm. ANS-in dəst-xətti xalqa yaxın olmaqdır. Müəyyən köşə yazarlarının yazılarına baxıram. Kimisə hədəf seçirlər və başlayırlar ancaq bu istiqamətdə yazmağa. Allaha şükür mənim heç kimlə problemim yoxdur. Yenə deyirəm, mən heç kimi təhqir etmirəm. Kimisə kəskin söyüm və ya bostanına daş atım, bu, əsla, ola bilməz. Bu jurnalistika deyil, qərəzdir. Tutalım, Azneft meydanından keçəndə üfunət iyi adamı vurur. Elə insanlar var ki, icra başçısıdır, kanalizasiya idarəsinin rəisidir. Oradan keçirlər. Yəqin onlar bahalı, kondisionerli maşında getdikləri üçün bunu hiss etmirlər. Sadə camaat hər gün bu iyin içi ilə hərəkət edir axı. Həmin adi insanlar bunu danışırlarsa, mən də bunu efirdən səsləndirirəmsə və üç gündən sonra doğurdan da ordan iy gəlmirsə, nəyə görə mən bunu deməyim?

- Dediniz ki, sizi daha çox sadə insanlar izləyir. O zaman reytinqlər yüksək olar.

- Reytinqlər gəlir, amma mən sizə deyim ki, Azərbaycandakı reytinqlərə inanmıram. Çünki bir şirkət ölkə üzrə bütün reytinqləri müəyyənləşdirirsə bu artıq monopoliyadır. Bir ANS-çi kimi yox, bir aparıcı olaraq mənim şəxsi fikrimdir. Bəzən baxıram, elə boş verilişlərin reytinqləri yüksək gəlir. Asdım, kəsdim, bu onun saçını yoldu, o bunun saçını yoldu. Belə verilişlərin reytinqi yüksək gələndə deyirəm ki, ya bu reytinqlərdə problem var, ya da cəmiyyətdə. Amma inanmıram ki, cəmiyyətdə problem olsun. Verilişi Youtube qoyandan sonra “inbox”um məktubla dolur. Amerikadan, İsveçdən, Rusiyadan, Ukraynadan, Qazaxıstandan, hətta Çindən də yazırlar. 9 milyonun fikrini 20 min insanın evində olan qurğu ilə müəyyən etmək olmaz.

- Bizdə adətən insanları daha çox ağlatmaqla ekran qarşısına yığırlar. Siz də isə vəziyyət tərsinədir.

- Ekran vasitəsilə kiməsə ağıl öyrədən aparıcı mənə elə gəlir ki, ən ağılsız aparıcıdır. Mən bilmirəm o aparıcılar kimlərdir, çünki yerli kanallara baxmıram. Vaxtım olmur, 9 saat işdə otururam, sonra da gəlib ev işləri ilə məşğul oluram. Hər hansı bir aparıcı özünü ağıllı göstərib, başqalarına da ağıl göstərməyə çalışırsa, vallah, nə bilim.

- Hətta insanları ittiham edirlər...

- İnsanları ittiham edən aparıcı özünə kənardan baxmalıdır. Kənardan özünə baxıb xoşu gəlibsə, psixoloqa müraciət etsə yaxşı olar.

- Kök olduğunuzu qabardaraq sizi ruhdan salmaq istəyən insanlar çox olub?

- Mən fəxr edirəm ki, həmin insanlar mənim köklüyümdən başqa mən də heç nə tuta bilmirlər. Bu onların acizliyindən irəli gəlir. Digər tərəfdən, mən çox təəssüf edirəm ki, bizim cəmiyyətdə insanlığı, insanın mədəniyyətini, insanın statusunu, şəxsiyyətini onun fiziki parametrləri ilə ölçənlər var. Mən şöhrətpərəst insan deyiləm. Bir dəfə kök olduğumu üzümə deyiblər, az qaldım vurub ağzını dağıdam. Filankəs kökdür, filankəsin üzü belədir deyənlər Allahın işinə qarışır. İnsanı savadından tutmaq lazımdır. Mən çox yorulmuşam, ancaq mənim köklüyümdən danışırlar. Oprah Vinfrey dünya şöhrətli, bir nömrəli teleşou aparıcısıdır. O da mənim kimi kökdür. Ancaq amerikalıların hamısı onu sevir, bir nəfər də ona demir ki, Oprah, sən niyə gonbulsan? Facebookda da, Tvitterdə də onu izləyirəm, bir nəfər amerikalı o cür yazmır, çünki onların düşüncələri başqadır. Sara Qədimova, Nəcibə Məlikova, Şöhkət Ələkbərova, Nəsibə Zeynalova kök olublar. Bir nəfər onların kök olmasını qabartmayıb. Kökəm, lap yaxşı olub, xoşun gəlmir, kanalı dəyiş. Mən heç vaxt reyka kimi arıq olmamışam, həmişə toppuş olmuşam. Mən beləyəm, qoy məni belə qəbul eləsinlər. Bir də mənə tez-tez deyirlər ki, yayın istisində uzun paltarda çıxırsan. Kiməsə dekolte yaraşır, elə çıxır efirə. Bu onların şəxsi işidir. Məni heç vaxt efirdə lütlənib çıxan görməyəcəklər. Həm də fiquram buna uyğun deyil (gülür).

# 8963 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #