Obamaya bənzəyən Hamlet - TAMAŞA

Obamaya bənzəyən Hamlet - <span style="color:red;">TAMAŞA
6 oktyabr 2015
# 12:10

Qlobus Teatrının Hamleti haqda

“Hamlet” pyesi beynəlxalq siyasət kimidir, hamı danışır; ölənlər də, öldürənlər də. Hər şey ortadadır, amma nə baş verdiyindən, kimin kim olduğundan şeytan da baş çıxarmaz. Ona görə də illərlə “Hamlet” əsərinin səhnə quruluşlarında rejissorlar (elə ədəbiyyatşünaslar da) ilk növbədə «Hamlet kimdir?” sualına cavab axtarıb. Az qala deyilən və deyilməyən qalmayıb.

Məsələn, elə kinorejissor Aki Kaurismiyakinin “Hamlet biznesə qoşulur” filmində Hamlet atasının qətlində əli olan, bütün bu fəlsəfə təlxəkliyini mənsəb xatirinə və intiqam üzündən edən bir əclafdır. Hansı ki, ondan da əclaf Horatsio onu atasının yolu ilə o dünyaya göndərir.

Ya da Kurasavanın “Bədxahlar sakit yatır” filmində Hamletlə paralellər var - qəhrəman atasının qisasını almaq üçün saxta sənədlər düzəldir, qatilin etibarını qazanır və s. Amma Hamletdən fərqli olaraq mənəvi gücü o qisasdan alır.

Mənim baxdığım bir-iki film, iki-üç tamaşadır, amma yüzlərlə quruluş, onlarla film düşünün. Görünəni “Hamlet” nə udmaq, nə qaytarmaq mümkün olmayan bir tuği-lənətdir...

Qlobus Teatrının “Hamlet” tamaşası Bakıya gəldi. Teatrsevərlər və teatrallar (bunlar ayrı-ayrı təbəqədir) “Olum, ya ölüm?” sualını bir daha eşitmək üçün Akademik Milli Dram teatrına yığıldılar. Bizim tamaşaçıların Hamlet sevgisi bir başqadır. Bu, fəlsəfəyə, kinoya, ədəbiyyata olan sevginin təzahürüdür. Yoxsa islandca “bədbəxt” və “səfeh” mənasına gələn bu adı uşaqlarına niyə qoysunlar? Adam da övladına bədbəxt adı qoyarmı?

Bu, əlbəttə kinonun, ədəbiyyatın, fəlsəfənin həmyerlilərimiz üçün əhəmiyyət kəsb etdiyi ötən əsrə aiddir - indi valideynlər övladlarına dindən adlar seçirlər. Sözümüz onda deyil, sadəcə Şekspirin məhz bu əsərinə diqqət və sevgini xatırlatmaq istədim. Bizim də məhəllə cayılları demişkən, özümüzə görə Hamletimiz var, xatırlatmaq istədim. Tamaşaçı kontingentini düşündüm, vəssalam.

Bu arada foye söz-söhbətlərini də qeyd edim. Və deyim ki, nə Qlobusun tamaşasıdı deyə, gözümüz qamaşmalıdır, nə də “özgəni niyə bəyənirik?” deyib özümüzü qınamalıyıq. Sənət olan yerdə biz onlar yoxdur.

İlk suallar bunlardır: o dəhşət fəlsəfi görünən monoloqu Hamlet harada və necə deyəcək? Axı “Hamlet”in quruluşlarını səciyyələndirən cəhətlərdən biri də budur. Hərçənd bu dəhşət fəlsəfi görünən monoloqa yer tapmaq da asan deyil – bu monoloqu bir yerə aid edə bilmirsən...

Deməli, dünyaca məşhur Şekspir teatrı dünyaca məşhur pyesin tamaşası ilə Bakıya gəlib. Gözlənti çoxdur. Qlobusçuların işi əngəldir - fəlsəfənin ta kəndisini səhnədə diriltməlidirlər.

Qonaqlar minimalist və yəqin ki, səyyar dekorasiyası ilə, aktyorların elə səhnədə və zalda sərbəst gəzişmələri ilə tamaşaçıları göstərəcəkləri tamaşaya hazırlayır. Monumental və ya fəlsəfi tamaşadan xəbər verən dekorasiya yoxdur, səhnədə yalnız aktyorlara ən zəruri şeylər qoyulub. Üstəlik də tamaşa zamanı zalın işıqları söndürülmür, yüngülcə öləziyir. Geyimlər də şərti və minimalistdir. Və bu şərtilikdə bu axşam və buradakılar var. Zəif işığın altında unudulmayan tamaşaçılar var. Aktyorlar müasir gündəlik geyimlərinin üzərindən simvolik bir üst geyimi geyiniblər. Səhnədə minimum adam olması üçün iki obrazda oynayırlar. Xüsusən, Hamlet rolunun ifaçısı obrazının hisslərini müxtəlif ifadə vasitələri ilə çatdırmaq, daxili gərginliyini ötürmək azarında deyil. O, mətnini orta intonasiya ilə, hətta bəzən ismarıc çatdıran kimi söyləyir. Yəni, minimalizm aktyor oyununda da özünü göstərir: Aktyorlardan dərin səhnə yaşantısı gözləyənlər gərək bu başdan məyus olsun.

Amma minimalizm demək “heç nə olmamalıdır” anlamına gəlməz. Əksinə, tamaşa nəsə daha çox deməlidir, ip ucları verməlidir.

Tamaşa hamı kimi bir ifa ilə başlayır. Səhnəyə çıxan hər aktyor bir ağzı qıfıllı sandığı özü ilə sürüyür. Sirr kimi yozulur. Adamlar bildiklərinin əzabı ilədir. Saraydasa hamının bir bildiyi var. Bu da tanış səhnələr: cəhənnəmdən gələn ruh Hamleti intiqama səsləyir. (Tamaşanın bir yaxşı cəhəti ortaya çıxır - o, tamaşaçıya bu Hamlet əhvalatı haqda düşünməyə mane olmur) Şərdir bu! Xəyanət nə qədər ikrahedici olsa belə, Hamlet intiqam arzusu ilə Şərə qoşulur. Və o, bunu bilir: “Əgər mən qoz qabığına sığa bilsəydim, özümü sonsuz fəzaların kralı sayardım”. Elə Hamletin “Olum, ya ölüm” monoloqu da bu şərə qoşulma əzablarının, tərəddüdlərinin ifadəsidir. Bu mənada tamaşada hansı səhnələrin seçilməsi vacibdir. Məsələn, Hamlet mənəviyyat haqda ən çılğın söhbəti Ofeliyayla edir, onu bütün qadınların simasında riyada günahlandırır, amma bu, həm də anasına qəzəbidir - onu bu seçim qarşısında qoymuş anasına... Hamlet məhz bu qısqanclıqla Ofeliyanı qadın olaraq ölməyə - monastıra getməyə səsləyir. Tamaşada “Olum, ya ölüm” monoloqu məhz bu yerə salınıb. “Olum, ya ölüm” seçim anında şüur axını kimidir. Və Hamlet seçimi edir: “Siçan tələsi” dediyi, əslində Hamletin özü üçündür. O, xəyanətkar əmisini və anasını “Qonzaqonun qətli” tamaşası ilə tələyə saldığını düşünür, amma əslində özü tələyə düşür. İntiqam və şər tələsinə. “Siçan tələsi” bu mənada tamaşanın kulminasiyasıdır. Qəhrəmanın məhvinin başlanmasıdır. Yeri gəlmişkən siçan tələsi yüksək səviyyədə stilizə olunmuş hərəkətlərlə, ekspressiv, eyni zamanda mexaniki jestlərlə, seçilən temporitmlə təqdim olundu.

Səhnədəki pərdə ayrıcı funksiyasından başqa ideya qatında da işləkdir. Hamleti güdən, onun “dəliliyinin” səbəbini axtaran saray əhlinin qarşısında bu pərdənin qarşısına çıxan Hamlet də bir tamaşa oynayır. Tamaşada Poloni ölür, Ofeliya ağlını itirir... Bəlli, tamaşalar qurbansız keçmir.

Həm də Şekspirin əsərlərində meyit faciənin barometridir. Sanki suallar çoxluğunda xüsusi olaraq nəfəs çatışmazlığı üçün nəzərdə tutulub. Meyit çoxsa, gərginlik də çoxdur.

Ən əsası da onlar mənəvi cəza çəkmədən, katarsis keçirmədən ölür. Onlar yalnız əzab çəkirlər və öldürülürlər. Tolstoy bu üzdən Şekspiri sevmirdi. Çünki, o, özü qəhrəmanlarına əzabı mənəvi xilas qapısı kimi qoyurdu. Şekspirin qəhrəmanları müəllifin mətnini deməyə məcburdur sanki, bu qədər təsirli mətnə baxmayaraq, biz onların nə düşündüyünü, nə hiss etdiyini bilə bilmirik, (Tolstoy da Şekspiri dilin süniliyində, saxtalığında obraza aid olmamasında ittiham edirdi) eynən beynəlxalq siyasətçilər də elə edir - bu yerdə tamaşadakı qaradərili Hamlet Obama ilə assosiasiya olunur - amma danışdıqları mətn nədən qaynaqlanır? Sual budur bax....

Qlobusun “Hamlet”i isə minimalizmin “kef”ini yaşadır tamaşaçılara - komfortu pozulmur tamaşaçının - “meyitlər” canlanıb yüngül bir rəqsə başlayır. Taxılmayın deyir sanki, tamaşadır baxın, keçin. O məşhur sitatdakı kimi elə bil külək idi əsdi, elə bil bir filmə baxdıq...

# 1734 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #