Gənclər "O olmasın, bu olsun"a üsyan etdi

Gənclər "O olmasın, bu olsun"a üsyan etdi
10 aprel 2014
# 14:10

Kulis.Az "O olmasın, bu olsun" filmi ilə bağlı gənc kinematoqrafçıların fikirlərini təqdim edir.

İntiqam Hacılı: “O olmasın, bu olsun” filmi birinci yerə layiq deyildi. Bu filmin əsas uğuru musiqisində və aktyor oyunundadır. Sovet dövründə əsl kino standartlarına uyğun daha tutarlı filmlərimiz çəkilib. Yəqin ki, sorğuda aktyorlar çoxluq təşkil etdiyi üçün “O olmasın, bu olsun” birincilik qazanıb. Rejissor və ssenaristlərin bu filmə üstünlük verməsinə bir o qədər inanmıram. “Ölsəm bağışla”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim” filmləri birinci yerə layiq filmlər idi, nəinki “O olmasın, bu olsun”.

Rejissor Tahir Əliyev: “Xalq uçun belə filmlər həmişə lazımdır. Nəzərə alsaq ki, bu film dahi Üzeyir Hacıbəylinin məlum əsəri əsasında çəkilib, ondan heç vaxt boyun qaçıra bilmərik.

“O olmasın, bu olsun” bizim mentalitetimizi ortalığa qoyan film olduğu üçün dəyərlidir və mən bu filmi çox bəyənirəm”.

Kinoşünas Aygün Aslanlı: “Biz təbii ki, “O olmasın, bu olsun” kultundan xilas olmalıyıq. Bunun üçün şübhəsiz, həmin kultu dağıtmaq lazımdır. Kultu dağıtmaq üçün isə, yeni filmlər çəkilməlidir. Yeni və müasir standartlara cavab verən filmlər…

"O olmasın, bu olsun" filmini bu qədər şişirtmək lazım deyil. Sadəcə bir şey uzun müddət göz önündə olanda, yerinə heç nə qoyulmayanda əvvəl ona alışırıq, sonra hətta sevirik.

"O olmasın, bu olsun" ekranlara çıxdığı vaxt böyük uğur qazanıb, sonra televiziyanın sayəsində populyarlığını qoruyub. İndiki sevgi sadəcə nostalji yüklüdür. Film sovet dövrünün simvollarından birinə çevrilib.

Digər tərəfdən də son illər demək olar, komediya çəkilmir. Buna heç cəhd də olunmur. Ona görə "O olmasın, bu olsun" populyarlığını itirmir.

Yeri gəlmişkən, o film ekranlara çıxanda hamam, bazar, qonaqlıq səhnələrinə görə ciddi tənqid olunub. Ancaq onu kinoya oxşadan da elə həmin səhnələrdir. Onlarsız lentə çəkilmiş teatrdır. Aktyorların oyunu, mizanlar teatraldır, kamera statikdir...

Filmdə o dövrün məşhur aktyorları çəkilib. Yəni film muzey materialı kimi dəyərlidir... Qoyursan muzeyə, o aktyorları görmək istəyənlərə göstərirsən.”

Kinorejissor Əli İsa Cabbarov: “Şübhəsiz ki, kinoda həqiqət olmalıdır. Bu baxımdan “O olmasın, bu olsun” filmində böyük həqiqətlər var. Üzeyir Hacıbəyovun konsepsiyası həqiqətin sevə-sevə təqdim olunmasıdır. Azərbaycan tamaşaçısının kodeksi də təxminən belədir: o, sərt, sevgisiz həqiqəti qəbul etmir. Ona görə də bizdə sərt, publisistik, ali filmlər reytinqli olmur. “O olmasın, bu olsun” filmi azərbaycanlı haqqında, onun mənəviyyatı haqqında sevgiylə çəkilmiş filmdir. Ona görə də, bu filmi həm xalq sevir, həm də peşəkarlar qiymətləndirir. Sırf peşəkar baxımdan rejissor Hüseyn Seyidzadənin filmdə böyük uğurları var: aktyor ansamblının seçilməsi, mizan həlli və həmin dövrün atmosferinin yaradılması... Mənə hətta qəribə gəlib ki, Azərbaycanda olan, yaşayan xaricilər də bu filmi, Məşədi İbad obrazını maraqla qarşılayır. Yeri gəlmişkən, bu da bizim fürsəti fövtə verdiyimiz məqamlardandır. Biz Məşədi İbad obrazını Mikki Maus və ya Betman kimi brend obraza çevirə bilməmişik. Məşədi obraz ən azı güclü vizual obrazdır, həm də güclü xarakterdir. Səhv etmirəmsə, Rəhman Bədəlovun bir fikri var idi ki, tipik azərbaycanlı həm də Məşədi İbad obrazını, "Qaynana"dakı Cənnət qarını sevən bir adam olmalıdır.

“O olmasın, bu olsun” şəksiz peşəkar filmdir. Sadəcə mən o filmi ona görə qeyd etməmişəm ki, həqiqətlərin sərt olaraq təqdim olunduğu filmləri seçmişəm. Biz köhnə filmlərə o dövrün sənədi kimi baxırıq deyə, pis film olanda da qüsur axtarmırıq. “O olmasın, bu olsun”un yeganə ciddi qüsuru “Molla Nəsrəddin” redaksiyasındakı səhnədir. O səhnə Sərvər obrazını açmaq üçün işlənsə də, didaktik və pafoslu təsir bağışlayır.”

# 4345 dəfə oxunub

Oxşar xəbərlər

Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

15:37 17 sentyabr 2024
Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

11:00 17 sentyabr 2024
“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

17:00 16 sentyabr 2024
Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

12:00 16 sentyabr 2024
Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri

Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri

14:08 15 sentyabr 2024
Barmaqlığın o üzündə qalan atam - Manana Dumbadze

Barmaqlığın o üzündə qalan atam - Manana Dumbadze

12:00 14 sentyabr 2024
# # #