Ənvər Məmmədxanlının bacısıyla təsadüfi görüş...

Ənvər Məmmədxanlının bacısıyla təsadüfi görüş...
19 fevral 2013
# 11:18

Ənvər Məmmədxanlının “Karvan dayandı” hekayəsini yeniyetməlik çağlarında oxumuşdum və hekayə mənə möhkəm təsir etmişdi. Hekayənin qısa məzmunu belədir: Hər axşam günbatan çağı meşənin dərinliyindən yanıqlı bir səs eşidilirmiş. Bu səs kimin səsi idi, bilən yox idi. Meşənin kənarındakı kənddə yaşayanlar o səsə doğru getsələr də hər dəfə əliboş geri qayıdırmışlar. Çimnaz adlı bir qız daxmalarının qabağındakı torpaq artırmada oturub hər axşam o səsi dinləyirmiş. Bir gün Əliyar xan nökər-naibləriylə birlikdə ovdan qayıdırmış, oradan keçəndə bu səsi eşidir, ətrafdakılardan soruşur ki, bu oxuyan kimdir? Ona deyirlər ki, bu adamın kimliyini bilən yoxdur, hər axşam bu vədə onun səsi kəndə yayılır, amma onu gördüm deyən tapılmır. Xan deyir ki, bugünkü ovumuz natamamdır və o vaxt tamam olacaq ki, bu gecəki ziyafətimizdə bu səsin sahibi bizi feyziyab edəcək...

Beləcə, xan əmr verir ki, bütün bəndi-bərəni mühasirəyə alın, hər yerdə pusqu qurun, bu gecə həmin səsin sahibini tapıb hüzuruma gətirməsəniz, vayınıza oturacağam!

Çimnaz bu söhbəti eşidir və xanın adamları tədbir görməyə hazırlaşarkən o da kəsə yolla canhövlü meşəyə doğru qaçır ki, o səsin sahibini tapıb onu məsələdən agah eləsin.

O səsin sahibini kənddə odunçu oğlu kimi tanıyırdılar. O, gözünü açandan bu meşədə böyümüşdü. Sözün qısası, Çimnaz odunçu oğlunu tapıb vaqeəni ona xəbər verməyə macal tapmamış xanın adamları başlarının üstünü kəsdirir və hər ikisini qamarlayırlar. Onları saraya gətirirlər, xan ziyafət qurur, adlı-sanlı adamları bu ziyafətə dəvət edir və odunçu oğluna əmr edir ki, bu gecə mənim məclisimdə sən oxuyacaqsan! Amma odunçu oğlunun dili açılmır. Xan ona ən qiymətli hədiyyələr bəxş etsə də odunçu oğlu oxumur ki, oxumur. Axırda binəvanı qırmancın altına salıb ölüncə çırpırlar. Amma yenə də odunçu oğlunun dilinin qıfılını açmaq onlara müyəssər olmur. Onu zindana salırlar, gecə vaxtı xanın qoca bağbanı onu qaçırdır. Odunçu oğlu qocadan sarayda əsir saxlanılan Çimnazı xilas etməyi xahiş edir. Qoca bağban deyir ki, axşamdan o qızın qabağında qızıl sandıqların ağzı açılıb, o, qaçmaq istəsə, ona da kömək edərəm. Sən qaç, canını qurtar.

Çimnaz isə qaçmaq istəməmişdi... Aradan xeyli müddət keçəndən sonra bir gün yenə odunçu oğlunun səsi meşənin başı üstündən havalanıb xan sarayına yetişmişdi. Odunçu oğlunu tapıb yenidən xanın hüzuruna gətirmişdilər. Saraya daxil olanda odunçu oğlu görmüşdü ki, xanın böyründə daş-qaş içində alışıb-yanan bir xanım əyləşib. Həmin xanım Çimnaz idi. Şah bu dəfə də məğlub olmuşdu. Odunçu oğlunun inadını qırmaq mümkün deyildi. Naçar qalan xan xidmətçilərinə demişdi ki, bunu rədd edin, qoy çıxıb getsin.

Çox kədərli hekayədir. İndi deyəsən bu hekayəni orta məktəbin tədris proqramına daxil ediblər. Biz orta məktəbdə oxuyanda “Buz heykəl”i oxumuşduq. Amma “Karvan dayandı” hekayəsi həzin, sızıltılı bir bayatı kimi oxunur, dünyanın vəfasızlığından, insanın dönüklüyündən, etibarsızlığından xəbər verir...

Bu hekayəni xatırlatmağımın səbəbi var. 90-cı illərin əvvəlləriydi. O vaxt Buzovnada yaşayırdım, evimiz İşıq İdarəsinin yaxınlığında yerləşirdi. Şaqqama yay günlərinin birində məhəlləmizdə qara rəngli bir “QAZ-31” dayandı, içindən qarayanız bir qadın düşüb İşıq İdarəsinə girdi və tez çölə çıxdı. Məni görcək soruşdu ki, oğlum, montyorlar hardadır, bilmirsən? Nahar vaxtı idi, işçilər nahara çıxmışdı, telefonçu qızgilin evləri yaxınlıqda olduğundan o da idarəni başlı-başına qoyub getmişdi.

Həmin qarayanız qadın Ənvər Məmmədxanlının bacısı Həbibə xanım idi. Onu tanımışdım.

- Həbibə xanım, onlar nahara çıxıblar. Gəlsələr, nə deyim?

Həbibə xanımın üzü işıqlandı və bu işığa bir az da heyrət ifadəsi qarışdı:

- Məni hardan tanıyırsan? – dedi.

- Şəkillərinizi kitabda görmüşəm. Həm də Anar müəllim “Həyatım ağrıyır” essesində sizin haqqınızda yazıb, - dedim.

- Oooo, sən o əsərləri oxumusan?- deyə soruşdu.

- Bəli,- dedim.

Həbibə xanım onu gözləyən maşının arxa qapısını açıb dayandı və üzündəki həmin işığa qarışmış bir səslə dedi:

- Nə yaxşı, çox sevindim. Montyorlar gəlsə, deyərsən ki, Rəsul Rzanın bağında işıqlar yanmır. Özün də onlarla bağa gəl, yaxşı? Sənə hədiyyə edəcəyəm.

İllərin uzaqlığında qalmış həmin anların sevinci yaddaşımı yara-yara bütün içimə yayılır. O sevinc heç köhnəlməyib, təptəzədir.

Tut ağacının kölgəsində oturub montyorları gözlədim. Nəhayət, bir-ikisi nahardan qayıtdı. Nəriman adlı bir oğlan vardı, mənimlə dostlaşmışdı, ona dedim ki, indicə Rəsul Rzanın bağından gəlmişdilər, orda işıqlar yanmır. Gedirsinizsə, məni də aparın da. Nəriman əlini kürəyimə çırpıb gülə-gülə “Deyəsən montyor olmaq istəyirsən, gedək, bəlkə bizə köməyin dəydi”, - dedi.

Bilmədim ki, Nərimana necə minnətdarlıq edim.

Bağ “Əli ayağı” ziyarətgahının yaxınlığında, “Xəzər” sanatoriyasına bitişik hündür hasarın o üzündə yerləşirdi. Unudulmuş yazıçı Əvəz Sadığın da bağı ordaydı. İndi həmin bağ baxımsızlıqdan viranəliyi xatırladır, küçədən baxanda uçulmuş hasarın arasından ot-alağın adam boyunca qalxdığını görürsən.

Həmin gün montyorlar işini gördü. Həbibə xanım isə mənə Ənvər Məmmədxanlının “Seçilmiş əsərləri”nin ikicildliyini bağışladı.

Nəriman təəccüblə əlimdəki kitablara baxıb “Bunlar səni hardan tanıyırlar?”, –deyə soruşdu.

Gülümsəyib “Tanıyırlar da”, - dedim.

- Həə, indi bildim niyə bizimlə gəlmək istəyirdin,- deyib şəhadət barmağını silkələdi, - sən oxu eee, bizim kimi montyor olma...

# 2905 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #