Yazıçılar Birliyinin bufetində “ac həriflər”

Yazıçılar Birliyinin bufetində “ac həriflər”
16 may 2013
# 11:12

Layihə- Ədəbiyyatın kulisi

Kənan Hacı

Günlər o günlər idi ki, Yazıçılar Birliyinin jurnallarının fəaliyyət göstərdiyi üst qatda xudmani bir bufet vardı və bu bufetdə Məleykə adlı bir qadın işləyirdi. Balaca, dar-düdək yerdə qazan yeməkləri, qutab-peraşki bişirib satırdı. Əli qələm tutan, güzarı Yazıçılar Birliyinə düşən böyüklü-kiçikli bütün yazarlar Məleykə xanımın yeməklərindən dadmış, qoltuqlarında gətirdikləri araqdan yüz-yüz vurub qoltuqlarında gətirdikləri ədəbi məhsulları jurnallara təhvil verib xoşbəxtcəsinə və bir az da məğrur-məğrur daş pillələrlə üzüaşağı enmişdilər.

İndi hanı o günlər?.. Türklər demiş, “nerede eski ramazanlar?..”

Mənim də boş-bekar vaxtlarımda bura yolum düşürdü və həmişə stol arxasında Səyavuş Məmmədzadə ilə Məmməd Orucu, ya da rəhmətlik Səyavuş Sərxanlını şahmat oynayan görürdüm. Fikirləşirdim ki, görəsən bu tanınmış söz adamları yazı yazmağa, yaradıcılıqla məşğul olmağa haçan vaxt ayırırlar?

Bir gün günorta vədəsi özümü həmin o bufetə saldım və 3-4 qutab sifariş verib sakitcə divanda əyləşdim. Sakitçilik idi. “Ulduz” jurnalının redaksiyasında İlqar Fəhmidən başqa bir kimsə gözə dəymirdi, o da deyəsən hansısa mətni tərcümə edirdi, arada dəhlizə çıxıb siqaret çəkirdi və yenidən otağa qayıdırdı. O biri redaksiyaların da işçiləri öz otaqlarına çəkilmişdi. Axırıncı qutabın üstünə sumaq səpib təzəcə bükmüşdüm ki, rəhmətlik Əlislam Bilal gəlib çıxdı (indi gəlməsin). Salamdan qabaq uca səslə “Ayə, bə araqsız qutab olar?”,- dedi. Dedim arağı tək içə bilmirəm.

Gülümsədi.

- İndi tək döyülsən ha. Sən məndən kiçiksən, dur get bir yarım araq al, gəl. Mən də düz-əməlli yemək sifariş verim. Qutabla qarın doymaz.

Rəhmətlik arağın pulunu da özü verdi. Aşağı düşüb mağazadan bir araq aldım və dabanqırma özümü yuxarı mərtəbəyə çatdırdım. Mən gəlib çatanda Əlislam Bilal hansısa əyalət şairinə poeziyadan “mühazirə” oxuyurdu. Baxdım ki, ona deyir:

- Vuran deyilsənsə, səndən şair çıxmaz. Şair araq içər!

Uzun sözün qısası, bu çiçəyi burnunda olan əyalət şairiylə köməkləşib bir şüşənin dalından dəydik, bu dəfə araq dalınca həmin gənc şair getdi. O gələnəcən də məclis böyüdü. Sədi Fətəlizadə, Yafəs Türksəs, indi unutmuşam, bir neçə yazar da gəlib çıxdı. Araqların sayı 5-i keçəndə Məleykə xanım xəbərdarlıq etdi ki, bir azdan bufeti bağlayıb gedəcəyəm. Kim nə istəyirdisə, sifariş vermişdi, yeyilən yeyilmişdi, içilən də içilmişdi. Əlislam Bilal bir neçə şeirini əzbər deyəndən sonra üzünü gənc şairə tutub dedi:

- Birini də sən de.

Gənc şair nəsə mızıldandı, yekə portfelini eşələyib kağız-kuğuzunu çıxardı və şeirə dəxli olmayan bir-iki cızma-qara oxudu. Əlislam şeirin nə demək olduğunu ona izah etməyə başladı.

Beləcə, baş qarışdı. Bir də baxdıq ki, Əlislamla ikimiz qalmışıq. Əlislam üzümə baxıb gülümsədi:

- Səndə bir şey var?

Dedim azdı, 3 “şirvan”ım var. Dedi əəə, bə bunlar kafedə yemək yeyəndə pulunu vermirlər? Çiyinlərimi çəkdim. Başını bulayıb bufetçi xanımdan hesabı soruşdu. Hesab o vaxtkı pulla səkkiz “şirvan” elədi. Əlislamın cibindən 6 “şirvan” çıxdı, üstünü düzəldim hesabı ödədik. Bikeflədiyimi görən Əlislam sonuncu badəni də başına çəkib ayağa qalxdı və dedi:

- Hə, indi şeir yazmaq olar... Cibimiz təmizləndi...

Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər”ini xatırladım.

# 3120 dəfə oxunub

Oxşar xəbərlər

İmpressionizmlə kubizm arasında... - Pikasso niyə  “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

İmpressionizmlə kubizm arasında... - Pikasso niyə “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

16:22 22 oktyabr 2025
Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

13:30 22 oktyabr 2025
"Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir..." - Sartr  Nobel mükafatından niyə imtina edib?

"Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir..." - Sartr Nobel mükafatından niyə imtina edib?

11:30 22 oktyabr 2025
Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

15:30 21 oktyabr 2025
"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

17:00 20 oktyabr 2025
Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

15:50 20 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər