Azərbaycanlı rejissorun çəkiliş vaxtı intiharı

Azərbaycanlı rejissorun çəkiliş vaxtı intiharı
20 fevral 2013
# 08:45

Ramilə Qurbanlının “Dubl bir, kadr iki” layihəsində “Qarabağnamə”

Soyuq, divarları adamın başına tökülən dəhlizlə addımlayırsan və adama elə gəlir ki, burda nə insan var, nə də hər hansı bir iş gedir. Sadəcə nə vaxtsa yaşadığı qaynar həyatı indi arxada qalmış bir binadır, öz bədbəxtliyinə sığınıb dağıdılacağı, yaxud bərpa olunacağı (buna özü inanmır) günü gözləyir.

Dəhlizin birindən o birinə keçirsən, aha, iki-bir, üç-bir adam çıxır qarşına. Qapıların üstündə istehsalata buraxılmış filmlərin, rejissorların kabinetlərinin üstünə onların adları yazılıb.

Çəkiliş pavilyonuna aparan dəhliz isə əməlli-başlı işdən xəbər verir. Cavan uşaqlar belədən-belə, sonra da əksinə iti addımlarla gedir, əllərində müxtəlif əlbəsələr, texniki vasitələr aparırlar.

Cavid Təvəkkülün yerini soruşuram, hesabla pavilyonda olmalıdır, amma otağı göstərirlər, keçirəm içəri, burda da iş gedir, hazırlıq işləri.

“Azərbaycanfilm” kinostudiyasında müsahibələrdə, kino çəkilişlərindən reportajlarda çox olmuşam. Bundan əvvəlki reportajlarımda bu soyuq divarlar arasında işləyənlərin davranışlarında bir “başından eləmək”, “can harayı iş görmək” mərəzi hiss eləmişəm. Qınamaq da olmur, çünki buna səbəb çoxdur.

Bu gün otaqdakı çəkilişə hazırlığı müşahidə edərkən, istər yaradıcı kollektivlə söhbət əsnasında, istərsə də çəkiliş prosesində bunları hiss etmədim, əksinə məndə bir işıqlı ümid yarandı ki, bu dəfə alınacaq.

“Qarabağnamə” adlı tarixi filmin çəkilişlərindəyəm. İdeya İctimai Televiziya və onun rəhbəri İsmayıl Ömərova məxsusdur. Ssenarini tarixi faktlar əsasında Mirzə Camal Cavanşır yazıb.

Filmin kreativ prodüseri, dəst-xəttini, estetikasını çox sevdiyim rejissor Cavid Təvəkkül deyir ki, bu film tarixə ekskursdur: “Hər biri 60-70 dəqiqədən ibarət 9 seriyalı bədii televiziya filmi olacaq, üstəgəl bir saat yarımlıq tammetrajlı bədi film”.

Birlikdə pavilyona gedirik, çəkiliş başlayır, Cavid deyir ki, üst paltarını bərkit, pavilyona giririk. Döşəmədən baxanda tavanı səma kimi görünən çəkiliş pavilyonu elə açıq hava kimi bir şeydir – qışın günündə, özü də axşam vaxtı. Soyuq, qaranlıq.

Bununla belə həm də indi burda qala, hücrələr, zirzəmi, taxt-tac, ümumiyyətlə xanların saraylarına məxsus bir görkəm var. Bunlar dekordur, çox məharətlə işlənmiş bir dekor. Çox böyük layihədir, Fərid Yusifoğlu qrafik ustasıdır, onunla bahəm Rusiyadan dəvət olunmuş daha bir qrafika mütəxəssisi işləyir.

Filmin quruluşçu rəssamı Əziz Məmmədovdur.

Mən çəkilişi Cavidlə birgə monitordan seyr edirəm. Səsimizi içimizə salıb oturmuşuq, birdən özümü unudub yavaşca öskürürəm, arxada durmuş qrim ustası Elbrus Vahidov da mənə qoşulur. Adını çəkmişkən, əlavə edim ki, Elbrus Vahidov bizim kinonun ustad qrimçisidir. Hərdən düşünürəm ki, bu adam yaşlaşır artıq, onu kim əvəz edəcək? Yəqin bunu kino rəhbərləri də düşünüb bir yol taparlar. Filmdə İbrahim xan rolunu oynayan Elşən Rüstəmov üç yaş dövründə qrimlənir-gənc, orta yaş və ömrünün sonlarında çox yaşlı. Elbrus Vahidovun qrimi sayəsində aktyor üç vəziyyətə görkəm baxımından məharətlə salınır. Hə, qayıdaq vəziyyətə, daha doğrusu mənim yaratdığım vəziyyətə - Cavid Təvəkkül hirslənmək əvəzinə gülümsəyir.

Bu yerdə adamı çəkilişdən bayıra atarlar, çünki Azərbaycan filmi tarixində bir dəfə olub, ya olmayıb belə iş, kino canlı səslə yazılır, yəni səs yerində yazılır, mən də bu işi korladım deyəsən.

Amma cəzalandırılmıram, üstəlik rejissor köməkçisi Royal Əliyev mənə də, rejissora da isti çay gətirir. Düşünür, ki, soyuqdan bu hala düşdüm. İsti çay stəkanını ovcuma alıram ki, bir az istilik versin. Bu arada Cavid Təvəkkül bizə çay verən assisentindən danışır: “Mədəniyyət və İncəsənət Universitetini qırmızı diplomla bitirib, bir neçə filmdə bir yerdə işləmişik. Həmişə də məni qınayır ki, müsahibə verəndə onun haqqında heç nə demirəm. Hə, indi dedim”.

Aydındır, demək jurnalistə belə canıyananlıq etməyinin səbəbi varmış. :)

Növbəti kadr çəkilir, Vüsal Murtuzəliyevin kadrıdır. Aktyor Mirzə Camal rolundadır ki, bütün tarixi o yazır, yazdıqca nəql olunur. Ətrafı kitablarla əhatə olunmuş bir hücrədə, o dövrün qiyafəsində, bardaş qurub oturub. Hə, yeri gəlmişkən, geyim rəssamı Məlahət Qafurzadədir. Bütün bu təsvir etdiyim məkana, obraza əvvəlcə operator kameranın gözü ilə baxır. Məlum olur ki, kitab rəflərindən birində boşluq var, ora kitablar əlavə olunur. Bunu adi gözlə görmək olmur. Operator Emin Rəhimovdur. Kitablar isə sadəcə dekordur, kitaba çox oxşayan dekor. Kinoda bunu hiss etməyəcəksiniz. Filmin çəkilişləri həm də Azərbaycanın rayonlarında – Şəkidə, Qubada, Qusarda və Gürcüstanda olacaq.

Çəkiliş başladı. Dubl-filan, kadr-filan deyib o qayçıya oxşayan kino alətini şıqqıldadırlar e, çox xoşum gəlir o prosesdən. Kamera kitabların üzərindən Mirzənin simasına doğru gəlir, Cavid çəkilişi - dayandırın!-deyir, sən demə kamera surətlə keçid edib. Həmin yer yenidən çəkilir, bir də, rejissor – var-deyincəyə qədər.

Cavid Təvəkkül çönüb mənə “10 ilim getdi” - deyir. Öz-özümə düşünürəm görəsən, bu hesabla rejissorların nə qədər ömrü varmış və nə qədər qalıb?! Allah ömür versin. Verər e, siqaret imkan versə, gərginlikdən özü də hiss etmir ki, siqaretin birini o birinin oduna yandırır. Açıqca intihar edir çəkiliş vaxtı.

Rejissor demiş, bayaq dedim, bu filmdə rejissor kimi Bəhram Osmanovun adı gedir, filmi çəkən isə Caviddir, ona görə elə rejissor onu deyib durmuşam. Kamran Ağabalayev ikinci rejissordur. İşindən və filmdən çox böyük şövqlə danışır.

Aktyorlar isə, elə Azərbaycan xanları kimi çoxdur - Qurban İsmayılov, Elşən Rüstəmov, Rasim Cəfərov, Vüsal Murtuzəliyev, Kəmalə Hüseynova, Elxan Abbasov və başqaları.

Filmin məzmununa gəldikdə, aydındır ki, Qarabağ, onun tarixi və müəyyən bir dövrü üçün ümumən Azərbaycan tarixini əks etdirir.

“Kino ideoloji maşındır. Bu filmlə dünyaya sübut etmək olar ki, Dağlıq Qarabağdakı ilk dövlətçilik Azərbaycan adı ilə bağlıdır, ermənilərin iddiaları əsassızdır ”- bunu kreativ prodüser deyir.

Soruşuram ki, bəs, dünyaya çıxmaq üçün texniki standartlar necə, lazımı qədərdir? Deyir, camaat mobil telefonla kino çəkib dünyaya çıxır, texniki standartlara uyğun gəlmir söhbəti bəhanədir: “Əlimizdən gələni edirik ki, layiqli iş çıxsın ortaya. Filmin çəkilişlərində bütün standartlar müasir kinonun standartlarıdır. Xarici dillərə tərcümə olunub yayılacaq. Sağ olsun “Azərbaycanfilm” kinostudiyası da köməklik göstərir. Tamaşaçılar Pənahabad şəhərini 1757-ci Pənah xan ora köçəndə necə idisə o formada görəcəklər. Yekə çıxmasın kinoda indiyə qədər istifadə olunmayan yeniliklərimiz olacaq, onları desəm yaxşı düşməz, eləyək, sonra deyək. Şiraz, Xorasan, Boyat olduğu kimi dekorasiyalarımızda öz əksini tapıb. Çox məşhur iki-üç türk aktyoru dəvət olunub, natura çəkilişlərində iştirak edəcəklər. Ona görə yox ki, bizdə aktyor yoxdur, yox, dünyaya çıxış üçün kinoda bu üsullar da keçərlidir”.

Çox tarixi şəxsiyyətlər var filmdə. Cavid deyir, bu bizim üçün çox böyük məsuliyyətdir: “Çəkildikcə montaj gedir. İndiyə qədər tarixi filmlər hamısı tammetrajlı olub. İki aydır hər gün çəkirik. 40 çəkiliş günü var, cəmi 7 gün istirahət. Aktyorlar sağ olsunlar, dözürlər. Məsləhətçilərimiz tarixçilər Qasım Hacıyev, Eyyub Şirdanlıdır - Pənahabadda doğulub, Cıdırda böyüyüb”.

Qalır kinoçəkənlərin məharəti. Mən daha soyuğa tab gətirməyib, bu fədakarlara uğur arzulayıb çıxıram pavilyondan. Sonra iki gün qlandaların şişməsindən əziyyət çəksəm də böyük zövq aldım çəkiliş prosesindən.

İnşallah, 2013-ün sonunda premyeradan da eyni zövqlə çıxmaq arzusu ilə.

# 5607 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #