Gürcüstanda “Dolu”nu Günəş kimi qarşıladılar
Biləcəri sindromunu belə sındırarlar. “Dolu” Azərbaycanın sərhədlərini aşdı. Moskva, Sankt-Peterburq, Yekatrinburq və Tbilisi də oldu. Kiyevə də gedəcək, Ankaraya da. London da “Dolu”nu” gözləyir. Qənaətim belədi, Londondan sonra Paris də “Dolu” istəyəcək, Praqa da, Brüssel də. Mən Tbilisidə gördüyümü gördüm.
Belə komandayla ancaq "DOLU" filmi yaratmaq olar
Film paytaxtın ən məşhur kinoteatrı “Amirani”də göstərildi. Seans saat 14:00-a təyin olunmuşdu. Xəbər aldıq ki, saat 12:00-dan tamaşaçılar kinoteatra axışır. Ətrafdakı afişalar böyük zövqlə hazırlandığından kənardan gəl-gəl deyirdi. Gürcü tamaşaçıların sayı yerli soydaşlarımızdan az deyildi. Aralarında nazir, deputatlar, müxtəlif nazirlik əməkdaşları, məşhur kino xadimləri də vardı. Əvvəldən bilirdik ki, belə olacaq. Filmin yaradıcı heyəti “Dolu”nun coşqu ilə qarşılanacağına inanırdı. Hər yerdə belə olmuşdu. ““Dolu”Azərbaycanın müharibə kinosu tarixinə indidən möhürünü vurub” - bu fikri həm dövlət xadimləri, həm də kino mütəxəssisləri az işlətməyib. Həqiqətdi. Bakıdan Tbilisiyə uzanan yol boyu “Dolu”nun ssenari müəllifi, deputat Aqil Abbas, rejissoru Elxan Cəfərov, aktyorlar və texniki heyətin üzvləri ilə təmasda olduqca, onları dinlədikcə, münasibətlərindəki səmimiyyəti duyqduca həqiqətin aydınlığının dopdolu olduğunu görürdüm. Bu qədər dəqiq təşkil olunan komandayla ancaq DOLU film yaratmaq olardı. Belə filmin onlara qonaq gəlməsini hansı əcnəbi istəməz?
“Amirani”də dolu-dolu hıçqırıqlar
Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiyasının vitse-prezidenti Tamar Lamparadze bizi Tbilisidə qarşılayanda “Dolu”nu çox bəyəndiklərini və gürcüstanlıların da bəyənəcəyini əminliklə vurğuladı. Dedi ki, ərazisi işğala məruz qalan hər kəsin bu filmə baxmasını istəyir: “Gürcüstan da işğala məruz qalıb. “Dolu”dakı hadisələr gürcülərin də başına gəlib. Ona görə də bu film həm də bizimdi”.
Hə, “Dolu” əbədi mövzuya həsr olunub. Dünya tarixi yazılandan cəmi 28 il müharibə olmayıb. Dəhşət deyilmi? “Dolu”dakı dəhşətləri bəlkə də yaşamayan xalq yoxdu. Azərbaycanlılar və gürcülər isə hələ də yaşayır. Onların “Amirani”də hıçqırıqlarını eşidirdik. Zalda boş yer yox idi.
Gürcü nazir: “Adətən gürcülər Azərbaycana kino göstərirdi, indi Azərbaycan gürcülərə kino göstərdi”
Ekranda 20 Yanvar - Bakının qana boyandığını göstərən şəkil həkk olunmuşdu. Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseyn səhnəyə çıxdı. Sovet imperiyasının hər iki ölkədə qətliam törətdiyini xatırlatdı, şəhidlərin ruhuna bir dəqiqəlik sükut elan olundu. “Dolu”nun yaradıcı heyəti bir neçə saat əvvəl 1989-cu il aprelin 9-da rus ordusunun qətlə yetirdiyi gürcülərin xatirəsini əbədiləşdirən heykəlin önünə gül qoymuşdu və həmin süküta orda da dalmışdı. Filmin nümayişinə qədər ümummilli lider Heydər Əliyevin adına salınmış parkda da olduq. Heydər Əliyevin heykəlini ziyarət etdik. “Dolu”nun ssenari müəllifi Aqil Abbas Azərbaycan televiziyalarının yerli bürolarına səfərin məqsədi barəsində açıqlama verdi. Gürcülərlə həmdərd olduğumuzu xatırlatdı. Səfir də “Amirani”dəki çıxışında taleylərimizin oxşar olduğuna diqqət çəkdi. Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paada Zakareişvilinin səhnəyə dəvəti filmə olan marağın yüksək səviyyəsindən xəbər verirdi. Nazir danışdı. Artıq dünən yanvarın 20-də filmin Gürcüstanda ilk tamaşaçılarından olduğunu dedi və Azərbaycan kinosuna qürur verən fikirlər səsləndirdi: “Adətən gürcülər Azərbaycana kino göstərirdi, indi Azərbaycan gürcülərə kino göstərdi. Azərbaycan filminin tamaşasına yığışmışıq. Bu çox maraqlı və ürəkaçan hadisədir”.
Eldar Şengelaya: “Çox sevinirəm ki, bizə qardaş olan xalqın belə filmi var”
Tamaşaçıların arasında dünyaca tanınmış gürcü rejissor Eldar Şengelaya da vardı. “Dolu”nun məzmunundan xəbərdar olduğunu bildirdi. Azərbaycan kinosuna və yaradıcı heyətə uğurlar arzuladı: “Kino çəkmək çox böyük hadisədi. Siz bu hadisəni yaratmısız və bu hadisə sizi yaşadır. İndi filmə baxacağıq. İnanıram ki, çox gözəl səhnə əsəri ilə tanış olacam”.
Tanış oldu. Təəssüratını isə belə bölüşdü: “Çox maraqlı film idi. Sanki bizim taleyimizdən bəhs edir. Dünyanın diqqətini Azərbaycan kinosuna və işğalına cəlb etmək mümkündür. Çox sevinirəm ki, bizə qardaş olan xalqın belə filmi var və bundan sonra da olacaq”.
Elxan Cəfərov: “İstəyirik “Dolu” filmi bütün dünyaya sübut etsin ki, Azərbaycanın ərazisi işğal olunub”
Səfir “Dolu”nun yaradıcı heyətini səhnəyə çağıranda tamaşaçıların alqışları ilə müşayiət olundu. Regissor Elxan Cəfərov kollektivi təqdim etdi. Müharibənin bütöv bir xalqa vurduğu zərbələrin “Dolu”da əksini tapdığını xüsusi vurğuladı: “Biz bu filmlə müharibəni təbliğ etmirik. İstəyirik “Dolu” filmi bütün dünyaya sübut etsin ki, Azərbaycanın ərazisi işğal olunub və biz istəməyərəkdən müharibəyə cəlb olunmuşuq. Gürcü xalqı da bu müsibətləri yaşayıb. Gün gələcək ədalət bərpa olunacaq. Müharibədən bəhs edən filmlərdə isə tarix əbədi yaşayacaq”.
“Niyə bu qədər təsirli oynamısız? İndi durun zalı sakitləşdirin”
Film başladı. Əlində çəlik yeyin-yeyin bir kişi addımlayr. Sanki insanın beynində gəzir. İkinci epizod: Təbiətin dolusu qrad dolusunun yanında səsini kəsir. Bir anlıq arxaya boylanıb tamaşaçılara baxıram. Əksəriyyət gənclər əlləri üzlərində donub qalıblar. Filmdəki qəhrəmanların “Komandir” - Məmməd Səfa, “Drakon” - Rza Razayev, “Pələng” - Elvin Əhmədov, “Döyüşçülər” - Cavanşır Hacıyev, Vüqar Vəlixanova yaxın yerdə oturmuşam. Müşahidə edirəm. Həyəcanlıdırlar. Sanki canlı müharibənin içindədirlər. Düşmən əsgərlərimizə atəş açır, ölənlər, yaralananlar var. Arxadan, qabaqdan, soldan, sağdan tamaşaçıların səslərini eşidirəm: “Yazıq”, “Heyf”, “Əclafa bax e...”. Hərə bildiyi dildə reaksiya verir. “Pələng” ölür, arxada oturan azərbaycanlılar heyfslənir: “Niyə axı?.. “Drakon” düşmən tankının qarşısına çıxıb onu partladır və özünü güllələrə sipər edir. Sağımdan hıçqırıqlı səs eşidirəm: “Niyə belə elədin?..” Başqa bir reaksiya: “Bəs neyləsin, tankın qabağını almaq olmurdu”... Döyüşçümüz - Cavanşir əlində mina tankın altına tullananda isə mən dözə bilmirəm. Gözümdə yaş var. Birində. O biri ilə aktyorlara deyirəm ki, “niyə bu qədər təsirli oynamısız? İndi durun zalı sakitləşdirin”.
Gürcü deputat: “Əla ssenari, gözəl aktyor oyunu, möhtəşəm final”
“Dolu”nun finalı: Komandir və arxasınca bütün qəhrəmanlar işğalda olan torpaqlarımıza doğru gedir. Birlikdə, qəhrəmancasına. Sonra öyrənirəm ki, bu səhnə gürcü deputat Demur Başeleişvilni çox təsirləndirib. “Əla ssenari, gözəl aktyor oyunu, möhtəşəm final” - deputat ssenari müəllifi ilə söhbətində təəssüratını belə bölüşüb. Çox güman final gürcü deputatın diqqətini ona görə bu qədər cəlb edib ki, o torpaqların Azərbaycanın olduğunu bilir, necə ki, biz rus işğalındakı torpaqların Gürcüstanın olduğunu bilirik.
Gürcü tamaşaçı: “Elə bildim “Pələng” mənim oğlumdu”
Filmin nümayişi sona çatır. Zal işıqlanır. Tamaşaçılar qəhrəman obrazlar yaradan aktyorları yanlarında oturan görürlər. Film qədər baxılmalı səhnədi. Göz yaşı içində Aqil bəyi, Elxan bəyi, Nadir bəyi, Elvin bəyi, Rza bəyi, Cavanşir bəyi, bir sözlə, hər kəsi təbrik edirlər. Bir gürcü qadın göz yaşını silmir ki, silmir. Öyrənirəm, Abxaziyadan qaçıqn düşüb. Ağlaya-ağlaya dərdini danışır: “Filmdəki müharibəni biz də yaşamışıq. Abxaziyadan qaçqın düşmüşəm. Bizim oğullarımızı da düşmən belə qırıb. Elə bildim “Pələng” mənim oğlumdu”.
Azərbaycan dövləti və prezidenti gürcü jurnalistləri təəccübləndirdi
Hə, filmin təəssüratından qurtula bilmirdilər. Kinoteatrın salonunda, həyətdə qələbəlik xeyli müddət davam etdi. Hər kəs razılığını bildirdi. SOKAR-ın dəstəyi və Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının təşkilatçılığı ilə baş tutan film nümayişinin ovqatı “Rustavi2”, televiziyasina “RİA Novosti” agentliyni də əhatəsinə aldı. Ssenari müəllifi Aqil Abbas, regissor Elxan Cəfərov və filmin icraçı prodüsseri Nadir Əliyev hər iki media orqanına dəvət olundular. Geniş reportaj hazırlandı. Aparıcı biləndə ki, filmin maliyyə dəstəkçisi Azərbaycan dövləti, xüsusən də cənab prezident İlham Əliyevdi heyrətləndi. Məlum oldu ki, Gürcüstanda dövlət film çəkilişlərinə pul ayırmır və 5 ildən çoxdur ki, bir dənə də olsun gürcü filmi çəkilməyib”.
“Dolu”nu günəş kimi qarşılayan hər kəsə minnətdarlıq
“Dolu”nun yaradıcı heyətinin şərəfinə verilən ziyafətdə cənab səfir Azər Hüseyn və səfirliyin əməkdaşları da qatıldı. Gürcü kino mütəxəssilər ilə bir arada idik. Sağlıqlarının əvvəli də Azərbaycan kinosu oldu, sonu da. Bir ağızdan vurğuladılar ki, “Dolu”nun simasında Azərbaycanın kino sənayesinə həsəd aparmamaq mümkün deyil.
Bakıya qayıdırıq. Bizə göstərdikləri diqqət və qayğıya, xüsusən SOKARA və onun regional meneceri Şövqi Mehdizadəyə, Tamar Lamparadzeyə, Gürcüstanın Azərbaycandakı səfiri cənab Azər Hüseynə dərin təşəkkürümüzü bildiririk. Çox razı qaldığımızı deyirik. Onlar isə bizi növbəti səfərə dəvət edirlər. “Gürcüstana yeni filmlə gəlin, biz sizin yolunuzu həmişə gözləyirik” - yola salma mərasimində eşitdiyimiz bu fikrin qanadında Azərbaycana uçuruq. “Dolu”nun yolunu gözləyən neçə şəhər var hələ.
Ceyhun MUSAOĞLU