Kosa: “Subliminal danışmaq istəmirəm”

Kosa: “Subliminal danışmaq istəmirəm”
19 mart 2014
# 11:56

Aktyor Əflatun Abdulayev. Kosalıq təcrübəsi üç ildir. Çıxışlar arası onu bir neçə dəqiqəliyə oğurlamışıq. Üzünə demək olmasın, dinamik, empatik və simpatik kosadır. Hətta mən deyərdim intellektual kosadır, heybəsində Nitşenin kitabını gəzdirir. Buna baxmayaraq, özünəxas nüanslarla camaatı güldürür. İşin “razqar” vaxtında onu çox saxlaya bilmərik. Aktyor adamdı, kosa olub bir oyun eləməlidi, quzunu qoyun eləməlidi, bəlkə lap toyun eləməlidi…

- Ay Kosa, aktyorların maaşı azdı, bayramlarda çömçəni doldura bilirsən?

- Deyirlər yeməklə doymayan yalamaqla doymaz! Bu sualı uzatmayaq, yoxsa kosanın ürəyi qanla dolar, bir saatdan sonra səhnəyə çıxıb uşaqlarla gülə bilmərəm.

- Onda sənə şən sual verim. Arvadın niyə ölür hər dəfə? Qışdan çıxa bilmir?

- Arvadım niyə ölür? Mənə də maraqlıdı. Elə maraq üçün öldürürəm (Gülür). Həm də ki, o ölməsə bayram olmaz, o ölməsə bayramda kosa ağlaya bilməz. Lap açığın deyim, o ölməsə çömçə dolmaz.

- Bu Keçəldən niyə gözün su içmir?

- Keçəl yaxşı adamdı, amma bir az başı boşdu. Başıboş adamla da kosanın başı tutmaz. Açığı deyim hər bir yaraşıqlı adam özünə çirkin rəfiq tapır ki, onun yanında parlaq görsənsin. Elə ona görə bu Keçəli seçdim. Həm də Keçəl bir az safdı, bu saflığı olmasa apar tulla Keçəli. Yanımda gəzməsə, tək qalsa, pis ola bilər. Lap açığı deyim gözüm su içmir Keçəldən. Dalaşırıq ona görə ki... Atalarımız deyib: "İtlə dostluq elə, amma, çomağı yerə qoyma."

- Əflatun, niyə aktyorların çoxu kosa olmağı ar bilir?

- Kosa olmağı ar bilənlərə sözüm yoxdu. Əvvəllər "mən"imə o qədər don geyindirdim ki, kosa obrazına yer qalmamışdı. Sonra düşündüm ki, ay dadi-bidad, deyəsən mən tamaşada alim, cəngavər libası geyinib özümü alim ya da cəngavər sanmışam. Artist, elə artistdir ki, var. Yəni, Sözü at yerə, yiyəsi götürsün, yiyəsi götürə bilməsə də, “elin gözu tərəzidi"

- Novruz bayramında ən çox nədən əsəbiləşirsiz?

- Əsəbiləşdirən nüanslar çox olur. Biz bu geyimdə çalışırıq uşaqlara xoş anlar yaşadaq. Amma bir də görürsən, valideynlər uşaqları unudub, keçirlər ön sıraya. Adamda belə bir hiss olur ki, eeee adamda yoxe, kosada, kosada belə bir hiss olur ki, deyəsən bu valideynlər bu kosa və keçəlin real olub olmamağını hələ də bilmirlər. Subliminal danışmaq istəmirəm, açığı, valideynlər kosa və keçəl şousuna uşağın baxa bilməsi üçün gəlsəydilər əntiqə olardı. Mən gedim, keçəl məni gözləyir.

- Deyəsən keçəlsiz qalammırsan?

- Hə, öyrəşmişəm ona.

- Heç başına bu çıxışlarda gülməli iş gəlib?

- Bayramda başıma gələn əhvalatı o qədər danışmışam ki, keçəlin olan qalan tükləri də tökülüb....

# 2060 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #