Məşhur yazıçı: “Qadınlardan doymuşam”

Məşhur yazıçı: “Qadınlardan doymuşam”
8 sentyabr 2015
# 11:05

Yazıçı, ədəbi tənqidçi, play-boy kimi tanıdığımız Frederik Beqbederi bu gün kinorejissor kimi kəşf edəcəyik. Bu eks-utanmaz insan tərki-silah olur və davamlı romantizmin ən pik zirvəsini xəyal edir. O, tamamilə çılpaq şəkildə özünü ifadə edir.

Mariya Klara: Bizim fotolarımızda siz tamamilə çılpaqsınız.

Frederik Beqbeder: Bəli. Amma bununla belə çılpaq olmaq mənim tərzim deyil. Çox utancağam. Bədənimi sevmirəm, əzələli deyiləm, qıçlarım çox arıqdır, qarın buraxmağa başlayıram. Amma əksər utancaq insanlar kimi masa üstündə ayaq üstə yanbızlarımı göstərə bilərəm. Mən çox şey etmişəm, diqqət çəkmək üçün tez-tez içmişəm.

- Siz həmişə qızarırsınız?

- Bəli. Buna nifrət edirəm. Üz qızarması çox bezdiricidir. Xüsusilə də kiminləsə qadın cinsindən danışanda.

- Utancaqlığınız zamanla keçirmi?

- Onun keçməsini istəyirəmmi, bilmirəm. Özünü narahat hiss etməyi, naməlum şəxslərlə arada problem olmasını, mənə xoş gəldiyi üçün bir gənc qadınla danışmağı bacarmamağı normal hesab edirəm. Əgər gözəllik məni silkələməsəydi, məni kəkələyərək danışmağa vadar etməsəydi, mən bunu kədərli hal hesab edərdim.

- Bəli, amma utancaqlıq həm də bir şikəstlik kimi yaşaya bilər.

- O, mənə çox əzab verib, illərlə məni dünyanın qalan hissəsindən ayrı salıb, amma eyni zamanda mənə oxumaq, yazmaq, güldürmək istəyi verib. Bir gün ondan qurtulacağıma inanmıram.

- Sizin filminizin adı “Məhəbbət üç il yaşayır”dı. Sizin sevgi əhvalatlarınız heç vaxt daha çox davam etməyib?

- Xeyr, hərdən bir neçə ay artıq olub. Bununla belə məhəbbət hələ də məni xəyala daldırır. Problemi həll etməyin ən yaxşı yolu onu kənara tullamaqdır. Beynimizə girmiş zaman məsələsini nəyə lazımdır? Amma davamlı sevgi arzusunda olan bir qızım var (gülür).

- Həyatınızı eyni qadınla keçirtməyi istəyərdinizmi?

- Əlbəttə. Mən çox gənc yaşımda evlənmişəm, bu, bir pəri nağılları kimi idi. Dünyanın ən gözəl, mükəmməl bir qadını ilə mütləq bir sevgi. Sonra mən oyandım. Başqa bir yerdə olan o da həmçinin. Mən uzun müddət məhəbbəti birləşmə ilə qarışıq salmışam: hər şeyi paylaşırsan, hər şeyi birlikdə edirsən. Bu gün mən məsafəli məhəbbəti daha üstün tuturam.

- Buna nail ola bilirsinizmi?

- Hal-hazırda hər şey yaxşıdır, göz dəyməsin.

- Aşiqsiniz?

- Bəli. Eyni ölkədə yaşamadığımız bir insanla tanış olmuşam, bu daha erotikdir. Arzunun köhnəlməsindən, boğulmaq qorxusundan sıxıldıqda, bu yaxşı həldir.

- Məsuliyyətdən bu qədər qorxursunuz?

- Mən hər zaman işin içərisindəyəm: iki dəfə evlənmişəm, iki dəfə boşanmışam. Çox vaxt darıxmaqdan qorxuram. Kiminləsə birlikdə darıxmağı heç vaxt qəbul etməmişəm. Xoşbəxtliyin sirri, şübhəsiz, səssizliklərə yol vermək, danışmadan restorana getməyi qəbul etməkdir. Mən hələ sakitləşməmişəm.

- Siz sadəcə ikilikdə gündəlik həyatı yaşaya bilmirsiniz.

- Xeyr. Mən kamil insan deyiləm, coşqunu, elektriki sevirəm, ürəyin həyəcanlı döyüntülərini, ailə səhnələrinə bağlıyam. Gündəlik həyatı bilirəm, qadınlarla birgə yaşamışam, bir uşağım olub. Problem bundadır ki, tez-tez özümü bezmiş halda görürdüm, zəhərlənmiş hiss edirdim. Mən keçmiş haqqında danışıram. Ümidimi itirmirəm. 46 yaşım var və bir az yorulmuşam. Bara gedib qızlarla yaxınlıq etməyə, eyni nəticələri verəcək eyni zarafatları təkrar etmək və günahla dolu sabahlar açmağa az həvəsliyəm.

- Siz hələ də çıxırsınız?

- Bəli, amma bu fərqlidir. Bəlkə də, boşluğunu doldurmalı oluğum itkilərim, əvəzini çıxmalı intiqamım vardı. Mən artıq doymuşam, bilirəm ki, hər şey qaydasındadır.

- Həqiqətən, bir insan doya bilərmi?

- Bəli, hətta bu, arzuolunandır. Amma buna vaxt sərf etməyə məcbur deyilik. Platonik sevgi hətta darıxdırıcı “one night stand”dən daha maraqlıdır. Sevgi və həzdən qarşısı alınmayan bu axtarış tükənmiş həyat tərzi ilə gedir – alkoqol, gecə gəzintiləri, narkotik. Bu həyat məsələsidir, daha çox, iyrənc bir söz işlədək – xoşbəxtlik. Mən sakitlik və tarazlılığı xəyal edirəm. Mən həmçinin bir analiz də etmişəm.

- Onu bitirmisiniz?

- Bir gün psixikam mənə dedi: “İnanıram ki, siz yaxşısınız, biz bir daha görüşməyəcəyik - oh, yox! Amma mən özümlə saatlarla danışmağı sevirəm, bəs bundan sonra mən nə edəcəm?” Mən xoşbəxt olmağı fikirləşmirəm, amma on il vardır ki, eyni insan olmasam belə siz məni onunla qarşılaşdırardınız. Filmdəki özünə qəsd səhnəsi məni kövrəltdi, çünki o, mənə tamamilə təcrid edilmiş, ümidini itirmiş, bu axmaq insanı xatırladır.

- Özünüzü öldürmək istəmisiniz?

- Tez-tez özümü öldürmək haqqında fikirləşmişəm, amma bunu edə bilməmişəm, çünki zərif və qorxaq birisiyəm. “Məhəbbət üç il yaşayır” əsərimdə depressiyamdan danışmışam. Ayrılığım mənim gözlərimi açdı, əqli bakirəliyimi pozdu. Həmin vaxta qədər mən reallıqdan tamamilə uzaq burjua tərbiyəsi ilə qorunmuşdum.

- Siz sevgidən deyil, daha çox həvəsdən danışırsınız.

- Həqiqətdə, aşiq olmağı sevdiyimi fikirləşirəm. Tez-tez bizə izah edirlər ki, böyük S hərfi ilə yazılan sevgi bir həvəs deyil, amma bu mürəkkəblik illərin axarında kişi və qadın arasında möhkəmlənmişdir. Bu məni məhv edir, bu, anti-seksdir, bu, mənim üçün boyun əymək deməkdir. Jan Öboşun “Ana və fahişə”sindəki kimi: mən elə bir qadın istəyirəm ki, məni sakitləşdirsin, təsəlli versin, xəstə olduğum zaman ana kimi mənə nəvaziş göstərsin, nəvazişli öpüşlər versin, maraqlı şeylərdən danışaq, çiynini çılpaq gördüyüm anda isə üstünə atılım və söhbət etmədən divara doğru itələyim (gülür). Mən yağ və yağın pulunu istəyirəm. İstəyirəm ki, nəvazişli və axmaq olaq.

- Cinsi münasibətə aid fikirlərinizdə siz atanızın tərəfini tutursunuz.

- Bəli. Mən normal bir kişiyəm. Normal kişi seks fikri beynindən çıxmayan bir şəxsdir. Bu, hər vaxt sevişmək arzusudur, bu, sağlam bir fikirdir. Bir kişinin çox qadınla öpüşmək istəməsi biabırçılıqdır - dediyimiz bəsdir.

- Hansı tip qadınları xoşlayırsınız?

- Bütün qadınlar mənim xoşuma gəlir, mənim üçün özəl bir tip yoxdur.

- Məndə belə bir təəssürat var ki, siz çox gözəl qadınları sevirsiniz.

- Hm... Eyni suala bilmirəm hər hansı bir kişi necə cavab verərdi. Bu doğrudur, mən daha çox zahiri görkəmdən danışıram.

- Bunu etiraf edirsiniz.

- Əgər bilmək istəyirsinizsə, ideal modellər xaric, mənim üçün qadın tipi yoxdur. Mən bunu bilmirəm, bu mənə rahatlıq verir. Çünki, bəlkə də, uşaq vaxtından mən özümü çirkin hesab edirdim, başgicəlləndirici gözəlliyin əhatəsində olmağı sevirəm. Nə isə bir şey məni əsrarəngiz gözəlliyin sehrinə salır. Belə fikirləşirəm ki, mənim bütün problemlərim kokteyl və çoxsaylı isveçli manekenlərin iştirakı ilə atamgildə təşkil edilmiş o axşamdan başlayır... 11 yaşım var idi. Balaca çəkmələrimlə ev paltarında idim. Deyib-gülən sarışın gözəllərin əhatəsində... Marixuana çəkərək, şən bir qadın səsi gələn Aphrodites Child mahnısını dinləyirdilər. 11 yaşımda bunu eşitmək, bu qədər tam azadlıqda böyümək bir az qəribədir. Həmişə belə bir axşamı yenidən təşkil etmək istəmişəm, qəhqəhə ilə gülən, əllərində içki tutmuş son dərəcədə gözəl qadınlar...

- Siz qadında daha çox nəyə fikir verirsiniz?

- Dişlərinə, makiyajlı olub-olmamasına, saç düzümünə. Əslində, mən bir dəliyəm. Sümükləri sevirəm: almacıq sümükləri, çənə, körpücük sümükləri, onurğa sümüyü, azca irəli çıxmış yanlar... Amma çox da arıq qadın yox...

- Siz, atanızın gənc qızlar barədə zövqünün irsən sizə keçdiyini yazmısınız.

- Atam razı qalmayacaq. Mən vampirəm. Daha gənc insanlarla birlikdə olanda, daha çox yaşamaq haqqında fikirləşirəm. Vicdanla deyim ki, öz həmyaşıdlarımı daha kədərli görürəm. Eyni yaşda olduğum çoxlu dostlarım var: onlar hamısı mənim kimi gecikmiş yeniyetmələrdir.

- Yaşlı olmaq kədərlidirmi?

- Bəli, çünki mən ölməkdən qorxuram. Özümü əbədi yeniyetmə təsəvvür etmək istəyirəm. Seks və ölüm – mənim iki hərəkətverici qüvvəm bunlardır.

Çevirdi: Sədəf Bağıyeva

# 2049 dəfə oxunub

Oxşar xəbərlər

Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

15:37 17 sentyabr 2024
Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

11:00 17 sentyabr 2024
“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

17:00 16 sentyabr 2024
Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

12:00 16 sentyabr 2024
Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri

Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri

14:08 15 sentyabr 2024
Barmaqlığın o üzündə qalan atam - Manana Dumbadze

Barmaqlığın o üzündə qalan atam - Manana Dumbadze

12:00 14 sentyabr 2024
# # #