“Ayə, bəsdi...”

“Ayə, bəsdi...”
9 may 2013
# 07:30

LAYİHƏ - “Başıma gələnlər”

Lətifnən Akif Səmədin yanına getmişdik.

Bıy, yadımdan çıxmışdı, Lətifi, axı, tanımırsınız. Haqqında bir kaç kəlmə deməliyəm.

Lətif mənimlə tələbə yoldaşı olub. Tələbə yoldaşı deyəndə ki mən instituta qəbul olanda Lətif qiyabi şöbədə dövlət imtahanını verməyə gəlmişdi. Elə onda tanış olduq Moskvada. Ədəbiyyat İnstitutunun azərbaycanlı alkaş tələbələrinin ən alkaşı o idi. İmtahanlarını verəndən sonra da aylarla Moskvada qaldı. Sonra gəlib bizimlə tanış oldu. İçdi, Barışın mahnılarına oynadı, türk xaqanlarından, türkçülükdən danışdı.

Bizdən fərqli olaraq, rusca təmiz danışırdı.

Lətifi sonralar Bakıda tapdım, ola da bilər o məni tapdı, dəqiq xatırlamağa vaxtım da yoxdu. Gözəl şeirlər yazırdı, publisistikası harika idi. Yaşı qırxı ötmüşdü, ancaq evlənmirdi. Başını götürüb Türkiyəyə getdi, on ildən çox olar, bilmirəm Türkiyənin hansı şəhərində yaşayır. Yəqin hələ də sağ olar.

Lətif arağı su kimi içirdi, lakin sonralar arağın daşını atdı. Niyə atdı? Atmasa lap dəli olardı. Dəli deyəndə ki, artıq dəli olmuşdu, onda “ağ isitmə” xəstəliyi əmələ gəlmişdi. Son vaxtlar Lətifi “KQB izləyirdi”. Harada otururduq, deyirdi, bax, o qalstuklu kişi məni izləyir. Yanımızda fotoaparatla şəkil çəkən olanda “bunlar bizim şəklimizi çəkməyə gəlib” deyirdi. Pişik asqıranda da deyirdi, bunu KQB məni izləməyə göndərib. “Manya prisledovaniya” məhv eləyirdi onu.

Lətif Mustafaoğlu. Arağı buraxandan sonra bir neçə dəfə ruhi dispanserdə yatanda ona yemək, siqaret daşımışam. Bir dost kimi mənim içməyimi qəti arzulamırdı. Dəli olduğunu hərdən özü də etiraf eləyirdi, “içkini atmasan sən də mənim kimi dəli olacaqsan”, deyirdi.

Elə məclislər olub, Lətif zorla badəni əlimdən alıb arağı yerə töküb. Ona görə Lətifi içki məclislərimizə dəvət eləmirdik.

1996-cı il idi deyəsən, Lətif dedi, Akif Səməd Bilgəh sanatoriyasında ürəyindən müalicə olunur, gedək ona dəyək. Akif artıq iki dəfə mini, bir dəfə də ölümcül infarkt keçirtmişdi.

Dedim, gedək. Bir az mer-meyvə alıb getdik Bilgəhə. Burası dəniz sahilində yerləşən gözəl bir pansionat idi. Akif bizim gəlişimizə xeyli sevindi. Ancaq gətirdiyimiz meyvələrə gözünün ucu ilə də baxmadı.

Bir azdan palataya Akifi müalicə eləyən xoşsifət bir həkim də gəldi. Həkim dedi, Akifin şeirlərini sevirəm, ona görə şairi bacardıqca çox yaşatmaq istəyirəm, ancaq bilirsiniz ki, infarkt keçirtmiş adama qətiyyən araq içmək olmaz, siz də yaxın dostları kimi onu içməyə qoymamalısınız. Lətif dərhal mənim üzümə baxıb “eşitdin, doxdur nə deyir?” dedi. Mən də gülüb dedim, ay Lətif, doxdur Akifdən danışır, infarktı keçirdən odu. Lətif dedi, noolsun ondan danışır, belə davam eləsən sən də infarkt olacaqsan. Dedim, ay Lətif, əl çək, qoy, bir dəfə də mən infarkt olum, onsuz da axırda hamımız öləcəyik.

Nə isə, Akiflə bir az deyib-güləndən sonra sağollaşıb ayrılası olduq. Akif dedi, sizi avtobus dayanacağına kimi ötürməliyəm. Əynini dəyişib bizimlə sanatoriyanın həyətindən çölə çıxdı.

Biz avtobus dayanacağına tərəf gələndə Akif mənim qolumdan tutub: “Ayə, burda bir yaxşı kafe var, gəl bir “əlli-əlli” vuraq, sonra gedərsiniz” – dedi. Onun təklifindən üzüm güldü. Baaaa! Akifin bu sözlərini Lətifin qulağı aldı, nə aldı! Səsi oralarla bir oldu: “Ayə, utanmırsınızmı, ayə, bəs deyilmi, ayə, niyə canınıza yazığınız gəlmir, ayə, bu alkaşlığı havax qurtaracaqsınız!”

Akif mısmırığını sallayıb Lətifə cavab hücumu elədi: “A Lətif, ölən mənəm, yoxsa sən? Nə işinə qalıb biz nağayrırıq? Adamın əsəbinnən oynama! Qoy, müalicəmizi eləyək, dəə!”

Lətif acıq eləyib bizdən aralandı: “Sizin kimi axmaq adamlarla oturmaram!”

Biz kafeyə girdik. Yeməyə nə var? Dedilər, filan-filan, piti də var. Hərəyə bir piti sifariş elədik. Piti gələnə qədər Akif arağı açıb badələrə süzə-süzə: ”Aaəə, mən bilmirəm bu Lətif nə qədər yaşamaq istəyir?” dedi.

Piti gələndə Lətif də içəri girdi. Onun qaşqabaqlı zühuruna qanımız qaralsa da üç olmağımıza sevindik. Lətif yenə başladı: “Mən heç nə demirəm, için, ancaq xahiş eləyirəm, butulkanın hamısını içməyin! Akif, adamlığın olsun, sistem altından indicə qalxmısan, bu şeytana qoşulma!”

Əvət, şeytan deyə Lətif məni nəzərdə tuturdu.

Mən Akifin sağalmasını, tezliklə Bakıya qayıtmasını arzu eləyən sağlıqlar deyirdim. Akif də Allahdan Lətifə ağıl diləyən sağlıqlar söyləyirdi.

Nə isə Lətifin əlimizi, ağzımızı güdən baxışları altında arağı vurub dibinə çıxdıq. Sonra adama “yüz-yüz” də sifariş eləyəndə Lətif dəli oldu və yumruğunu stola vurub: “Ayə, bəsdi, oğraşlığı qurtarın!”- dedi və bayıra çıxdı...

# 3595 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #