Məmur olmalı idi, bəstəkar oldu

Məmur olmalı idi, bəstəkar oldu
13 dekabr 2012
# 11:31

1850-ci ildə, Pyotr İliç Çaykovskinin on yaşı olan zaman dekabristlərdən hələ sağ qalmış, keçən əsrin birinci rübünün ən namuslu, ən istedadlı, qabaqcıl adamları Sibirdə və Qafqazda yavaş-yavaş sönüb gedirdilər. Rus inqilabçılarının ikinci nəsli katorqada ölür, dəli olur, qüvvədən düşürdülər. Şevçenko Xəzərətrafı susuz səhralarda əsgərlik edirdi. Şair Pleşşeyev sürgün vaxtını Orenburq xüsusi batalyonunda keçirirdi. Sonralar Çaykovski onun şeirlərinə bir sıra romanslar bəstələmişdi.

Dostoyevski Omsk həbsxanasında katorqa işləri görərək cəzasının nə vaxt bitəcəyini gözləyirdi.

Birinci Nikolayın əmrilə, “Olmuşlar, olacaqlar, düşüncələr” əsəriylə tanıdığımız Gertsen qiyabi olaraq ömürlük sürgünə məhkum edilmişdi. İmperatorun göstərişi ilə böyük rus dramaturqu Ostrovski polis nəzarəti altına alınmışdı.

Qərbdə baş verən 1848-ci il inqilabi hadisələrindən və Rusiyanın özündə inqilabi yüksəlişin ilk əlamətlərindən sonra senzura nəzarəti elə güclənmişdi ki, rus ədəbiyyatının tezliklə məhv olması təhlükəsi yaranmışdı. Feodal-təhkimçi üsul-idarə can verməkdəydi və öz labüd ölümünü nəyin bahasına olursa-olsun uzatmağa çalışırdı.

Belə bir zamanda on yaşlı bir uşaq həyatında ilk dəfə olaraq Qlinkanın dahiyanə operasını dinləyirdi. Sonralar böyük bəstəkar olacaq bu uşağın hafizəsində “İvan Susanin” operası silinməz iz qoydu. Sonralar I Nikolayın şəxsi arzusuyla bu əsərin adı dəyişdirilərək “Çar yolunda” qoyulmuşdu.

Qlinkanın musiqisi Çaykovskinin yetişməsinə vəsilə oldu.

Pyotr Çaykovski 1840-cı ilin 25 aprelində anadan olub. Atası İlya Petroviç dağ mühəndisi idi və gələcək bəstəkar anadan olmamışdan üç il əvvəl Kama-Votsinsk dağ dairəsinin rəisi təyin olunmuşdu. Çaykovski də bu fəhlə qəsəbəsində dünyaya gəlmişdi.

Pyotr İliçin ulu babası Fyodor Afanasyeviç XVIII əsrin əvvəllərində I Pyotrun qoşunlarında xidmət etmiş, yüzbaşı rütbəsində aldığı yaradan dünyasını dəyişmişdi. Bəstəkarın atası İlya Petroviçin səciyyəvi xüsusiyyəti bütün həyatı boyu teatra və musiqiyə bəslədiyi ehtiraslı marağı olub. Bacısı Yekaterinada qeyri-adi musiqi istedadı vardı, o, həmyaşıdları arasında həvəskar müğənni kimi də tanınırdı. Balaca Petyanı ilk dəfə fortepiano yanına gətirən anası olub. O, anasının zümzümə etdiyi mahnılarla böyüyürdü və bu uşaq üçün anasının oxuduğu mahnılardan gözəl mahnılar yox idi.

Çaykovskinin yaxın dostu Kaşkin öz xatirələrində qeyd edir ki, Pyotr İliç artıq Moskva Konservatoriyasının professoru olan zaman, uşaqlıqda şahidi olduğu və yaxud məruz qaldığı hansısa ədalətsiz bir hadisəni nəql edərkən hirsindən səsi titrəyir, ağappaq ağarır və həyəcan keçirirdi, sanki həmin hadisə indicə baş vermişdi.

O, həyatı dərk etməyə başlayandan musiqi dinləmişdi və musiqini anlayanda isə öz bəstələrini yaratmağa başlamışdı. O, həm də şeirlər yazırmış.

Atası istefaya çıxdıqdan sonra onların ailəsinin sıxıntılı günləri başlanır. Ailə əvvəl Moskvaya, sonra isə Peterburqa köçür. Peterburqa gələn kimi onun üçün Filippov familiyalı yaxşı bir musiqi müəllimi axtarıb tapdılar. Eyni zamanda onu xüsusi pansiona verdilər. 1848-ci ilin dekabrında keçirdiyi qızılca xəstəliyi gözlənilmədən onun əsəb sisteminin pozulmasına, ürəkkeçmə xəstəliyinə tutulmasına səbəb olur. Bu xəstəlik irsən keçmişdi, babası da ürəkkeçmə xəstəliyindən əziyyət çəkirdi.

Bir il sonra onlar Urala köçürlər. 1850-ci ildə Petya Peterburqdakı hüquq məktəbinin hazırlıq sinfinə daxil olur. Məktəb qapalı tədris müəssisəsi olsa da burada tərbiyə işləri bir növ ev tərbiyəsi xarakteri daşıyırdı. Petyanın bəxtindən burada musiqiyə çox böyük əhəmiyyət verirdilər.

1849-cu ildə Petraşevskinin inqilabi dərnəyi aşkar edildikdən sonra hüquq məktəbinin də dinc həyatına son qoyulur. Təhsilin səviyyəsi də aşağı düşür. Həmin dövrdə Gertsen yazırdı ki, uşaqların ruhunun korlanmasının məsuliyyəti dəhşətli Nikolay çarlığının üzərinə düşür.

1854-cü ildə bəstəkarın anası vəba xəstəliyindən dünyasını dəyişir. İ. Kunin “Çaykovski” kitabında yazır ki, ömrünün axırına qədər anası kimi ona yaxın və əziz olan nə bir dostu, nə də bir rəfiqəsi olub.

Hüquq məktəbində təxminən 9 il oxudu. Çaykovski məktəbdə oxuduğu dövrdə bir dəfə də olsun cəzaya məruz qalmamış, karserə salınmamışdı. Onunla birlikdə oxumuş A. V. Mixaylov adlı bir şəxs xatırlayır ki, Çaykovski günün böyük hissəsini royal arxasında keçirirdi. Onun ruhi inkişaf prosesi və yetkinləşmə dövrü çox namünasib şəraitdə keçirdi. Hüquq məktəbi onun musiqi inkişafını xeyli ləngitmişdi.

Onun təhsil illəri böyük əhəmiyyətli hadisələrlə eyni vaxta düşür. Müharibənin qızğın vaxtında I Nikolay ölür. Onun ölümü bütöv bir tarixi dövrün sonu hesab olunur. Bütün ölkəni dağınıq, dəhşətli kəndli üsyanları bürüdü. Çaykovskinin oxuduğu sinifdə gənc şairlərin bütöv bir nəsli meydana çıxmışdı. Onların arasında ən görkəmli yeri “Məktəb xəbərləri”nin redaktoru olan Aleksey Apuxtin tuturdu. Puşkinin bütün əsərlərini əzbər bilən bu mavi gözlü xəstə oğlanla dostluq Çaykovskidə ədəbiyyata tükənməz həvəs, sevgi oyatmışdı. Çox güman ki, Çaykovski Gertsenin əsərləriylə Apuxtin vasitəsilə tanış olmuşdu. Sonralar Gertsen bəstəkar haqqında demişdi ki, “o, çox ağıllı və istedadlı bir adamdır”.

Məktəbi bitirdikdən sonra qulluq dövrü başlanır. Çaykovski üçün bu iş dözülməz idi. Departamentdə məmurların xırda didişmə-çəkişmələri onda ikrah hissi doğururdu. O anladı ki, heç vaxt məmur ola bilməyəcək.

İnqilabi məzmunlu opera

Vaxtının çoxunu musiqiyə həsr edən bəstəkar Puşkinin və Afanasi Fetin sözlərinə bir neçə romans bəstələyir. O, boş vaxtlarını musiqiyə sərf edir. Mənəvi zənginliyi onu xilas edir.

Yetkinləşmiş tələbat artıq yavaş-yavaş özünə yol açırdı. Bəstəkarlıq niyyətlərini həyata keçirmək üçün kübar cəmiyyətindəki əyləncələrdən ayrılır və vaxtını, enerjisini yaradıcılığa sərf edir.

1861-ci il payızın axırlarında Çaykovski musiqi nəzəriyyəsini öyrənməkdən ötrü Rus Musiqi Cəmiyyəti Peterburq şöbəsinin nəzdindəki musiqi sinfinə daxil olur. Peterburq Konservatoriyasının banisi Anton Qriqoryeviç Rubinşteyn onun musiqi təhsilinin zənginləşməsində böyük rol oynayır.

Çaykovski sinifdə başqalarından kənarda əyləşər, əllərini döşündə çarpazlayıb diqqətlə qulaq asırdı.

O, şagird orkestrlərində, habelə xüsusi konsertlərdə fleytaçı kimi uğurla çıxış edirdi. Rubinşteynin keçdiyi məşğələlərdə o, nəinki musiqi haqqında danışmağa qadir, həm də onu yaratmaq iqtidarında olan bir sənətkarı görürdü.

Beləliklə, Çaykovski tərk etdiyi qulluğun əvəzində böyük sənətə yiyələndi, bəstəkarlıq texnikasını mənimsədi. Hətta sonralar müəlliminin məsləhəti ilə konservatoriyadan kənarda fortepianodan, musiqi nəzəriyyəsindən dərs deməyə başladı.

Onun yaradıcı dühası parlayırdı. Çaykovskinin ilk böyük əsəri olan “Qış xəyalları” simfoniyası Rubinşteynin məsləhəti ilə yazılıb və ona həsr olunub. Bu əsər həm də bəstəkarın Moskva dövrünün başlanğıcıdır. Bəstəkar sonrakı illərdə “Yevgeni Onegin”, “Cadugər qadın”, “Qaratoxmaq qadın” əsərlərini yaratdı.

Çaykovskinin Rusiyadakı şöhrəti “Opriçnik” operasıyla başlanır, lakin bu opera qadağan olunur, belə hesab edirlər ki, əsərin məzmunu inqilabi ruh daşıyır.

Çaykovski də bütün yaradıcı insanlar kimi tənhalığa meylli olub. Məşğələlər zamanı nəinki insanlar, hətta sevimli iti də ona mane olurdu. Orta hesabla gündə səkkiz saata yaxın işləyirdi. Bəstəkar həm də yorulmadan mütaliə edir, Qoqolun, Tolstoyun, Turgenevin, Ostrovskinin, Floberin əsərlərini oxuyurdu.

Çox sürətlə yazır və oxuyurdu. Gündəlik rejimə alışdığından tənbəlliyin nə olduğunu bilmirdi. Amma nə qədər lazımdırsa, istirahət edir, bir dəqiqəsini belə hədər vermirdi. Zehni əməyin bu yüksək mədəniyyəti, ciddi şəxsi intizam Çaykovski üçün çox vacib idi.

1887-ci ildə ilk dəfə xarici ölkələrə səyahətə çıxan Çaykovski Hamburqda, Berlində, Praqda, Parisdə və Londonda öz əsərlərindən ibarət və özünün idarə etdiyi konsertlər verir. Onun bundan sonrakı həyatı dünyanın müxtəlif ölkələrində konsertlər verməklə keçir.

Bəstəkar 1893-cü ilin oktyabrında vəba xəstəliyindən dünyasını dəyişir.

# 2481 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #