Kilsədə muğam konserti keçirilib

Kilsədə muğam konserti keçirilib
27 sentyabr 2019
# 18:14

Fransanın Strasburq şəhərində İmadəddin Nəsiminin 650 illiyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə “Qarabağ” muğam qrupunun ifasında konsert keçirilib.

Bu barədə APA-ya Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən məlumat verilib.

Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının Strasburqun mərkəzində yerləşən qədim Sən-Pyer-lö-Jön (Saint-Pierre-le-Jeune) kilsəsində birgə təşkil etdiyi konsertdə Avropa Şurası rəsmiləri, diplomatik korpusun təmsilçiləri, yerli akademik və ictimai dairələrin nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Musiqi mərasimini giriş sözü ilə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov açaraq, Avropanın paytaxtı kimi qəbul edilən Strasburq şəhərində təşkil edilən bu mədəniyyət tədbirinin məqsəd və məramı haqqında məlumat verib, dahi ədib və filosof İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatına yetirdiyi misilsiz töhfədən danışıb. O, eyni zamanda Azərbaycan milli musiqisinin incisi olan muğamdan bəhs edib və tədbirdə səsləndiriləcək Nəsiminin qəzəllərindən ibarət konsert proqramının şairin mistik ədəbiyyat dünyasına bir səyahət təşkil edəcəyini qeyd edib.

Daha sonra UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, səfir Elnur Sultanov Nəsimi yaradıcılığından söz açıb, Azərbaycan dilinin inkişafındakı rolunu vurğulayıb və onun əsərlərində insanın mərkəzi yer tutduğunu diqqətə çatdırıb. E.Sultanov Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin UNESCO-nun görkəmli şəxsiyyətləri və əlamətdar hadisələrinin yubileyləri siyahısına daxil edildiyini və beynəlxalq miqyasda qeyd olunduğunu bildirib. Ölkə Prezidenti İlham Əliyev tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın imzalandığını qeyd edən səfir, eyni zamanda, dövlət başçısının digər Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə "Nəsimi ili” elan olunduğu barədə məlumat verib. Diqqətə çatdırıb ki, bu sərəncamlara əsasən, Nəsiminin 650 illiyinin ölkəmizdə və onun hüdudlarından kənarda geniş şəkildə qeyd edilir. Bu, mütəfəkkir şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir. O, 25 illiyi tamam olan UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının fəaliyyət istiqamətləri və Azərbaycanla UNESCO arasındakı əməkdaşlıq haqqında məlumat verib, bu əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərini vurğulayıb.

Azərbaycanın Xalq artisti Mənsum İbrahimov və gənc xanəndə Sədəf Budaqova, Əməkdar artistlər Elçin Haşımov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) müşayiətində Nəsiminin qəzəlləri üzərində köklənən füsunkar muğam nümunələri ifa ediblər.

Musiqi proqramı Sən-Pyer-lö-Jön kilsəsində toplaşan geniş auditoriya tərəfindən böyük rəğbət və sürəkli alqışlarla qarşılanıb.

# 2433 dəfə oxunub

Oxşar xəbərlər

"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

18:45 18 noyabr 2025
Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

17:53 17 noyabr 2025
Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

10:40 17 noyabr 2025
Kommunizmi sufi təliminə dəyişən yazıçı - O, Nobel mükafatını  niyə “lənətli fəlakət” adlandırmışdı?

Kommunizmi sufi təliminə dəyişən yazıçı - O, Nobel mükafatını niyə “lənətli fəlakət” adlandırmışdı?

10:00 17 noyabr 2025
XIX əsr Paris modasının siması  - O, hansı məşhur rəssamların sevimli modeli idi?

XIX əsr Paris modasının siması - O, hansı məşhur rəssamların sevimli modeli idi?

17:15 14 noyabr 2025
Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

12:10 13 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər