"Azərbaycan" jurnalındakı biabırçılıq

"Azərbaycan" jurnalındakı biabırçılıq
9 iyul 2014
# 11:20

Kulis.Az gənc yazar Səxavət Sahilin məqaləsini təqdim edir

Azərbaycanda ədəbi gündəmi silkələmək, səs-küy yaratmaq indiki dönəmdə elə də çətin deyil. Tutarlı bir roman, ciddi bir tənqid bəs eləyər ki, ədəbi cameə bir-birinə dəysin. Ölkə çapına görə yetrəli qədər ədəbi dərgilər, ədəbi saytlar var ki, gündəmi ələ ala bilər.

Ədəbi dərgilərin Zevsi sayılan “Azərbaycan” jurnalı potensial baxımdan hamısını kölgədə qoyur. Amma və lakin... Bir neçə gün öncə Cəlil Cavanşirin “Bacarıqsız azərbaycanlılar” (http://news.lent.az/kulis/news/9264) adlı bir yazısını oxudum və mən də bu jurnalla bağlı öz fikirlərimi oxucularla bölüşmək qərarına gəldim.

“Azərbaycan” jurnalını hər dəfə vərəqləyəndə utanıram, səmimi deyirəm, həqiqətən utanıram. Utanmaq elə bir hissdir ki, onu yazmaqla izah eləmək müşkül məsələdir. Kimdən və nədən utanıram? Yəni belə çıxır ki, mən bu jurnalı (vallah, dilim gəlmir bu kağız yığınına jurnal deyim) oxuyanda özümdən utanıram, onu vərəqləməkdən utanıram. Yox, elə deyil, özümdən niyə utanım ki, mənim bu jurnalla heç bağlılığım yoxdur. Deyim kimdən utanıram, siz də agah olun. Jurnalın baş redaktoru İntiqam Qasımzadədən utanıram. Hörmətli İntiqam müəllimdən bərk utanıram, lap xəcalət çəkirəm.

Bu günə qədər Azərbaycan adını bu jurnal qədər hörmətsiz edən mənəvi və ya maddi bir zada rast gəlməmişəm. İndi “Azərbaycan” nəinki Zevs, heç Axillesin dabanı da deyil. Bir sözlə, biabırçılıq! Məsələn, jurnalın builki dördüncü nömrəsini vərəqlədikcə “əbədi donma”nın hələ də davam etdiyini görürsən. Elə bil, dərgi robot kimi eyni biçimli sabun istehsalçısıdır. Əhsən belə yaddaşa! Gərək jurnalı qədim yunanların müqəddəs Leto çayının sularında yuyasan ki, yaddaşını unutsun. Biz də ədəbi “sırınma”lardan şəfəq ilahəsi Eosun yoluna çıxaq. İntiqam müəllim mənim nəzərimdə Persofonanı - “Azərbaycan” jurnalını qaçırıb yeraltı səltənətə aparan Aidə bənzəyir.

Kiminsə pulunu saymaq yaxşı deyil, lakin mən kiminsə yox, dövlət büdcəsindən ayrılan pulun aqibətinə, təyinatına diqqət çəkmək istəyirəm. Büdcədən “Azərbaycan” jurnalına illik 120 min manat vəsait ayrılır. Redaksiyanın 25 nəfər işçisi var. Bu 25 nəfərin ən azı 5 nəfərini redaksiyada görənə mükafat təyin etmək lazımdır. Ən yaxşı halda 3 nəfər işə gəlir. Qalanı haradadır və niyə gəlmir? Gərək bu suala baş korrektor cavab versin, baş redaktor xırda işlərə vaxt ayırmır.

25 nəfərlik heyətin ola və lazımsız aylıq kağız topası ortaya çıxarasan, vallah gülməlidir. Bəzən işçilərin maaş azlığını bəhanə edirlər. Çox vacibdirmi aylıq jurnalın 25 nəfər işçisi olsun? Orta hesabla hər işçi 200 manat əmək haqqı alır. Məncə, onların əmək haqqını yüksəltməklə 8-10 nəfərə endirmək olar. Bu qədər adamla yüksək keyfiyyətli, ədəbi prosesə təsir edən jurnal ərsəyə gətirmək mümkündür. Hər nömrəyə əmək haqqı və qonorar da daxil olmaqla 10 min manat düşür. Nəticədə ortada heç 120 manatlıq jurnal da görmürük.

Yüksək büdcən ola, jurnal çap edəsən, heç kimin xəbəri olmaya, ədəbi prosesə quş tükü qədər təsir etməyə?! Dünyanın heç yerində, hətta Tanzaniyada da bu cür absurd həngaməyə rast gəlməzsən.

Bir daha təkrar edim ki, jurnal dövlət büdcəsindən maliyyələşir. Yəni mənim, sənin, onun verdiyi vergi hesabına formalaşan büdcə vəsaiti ilə çap olunur. İstənilən oxucu jurnalın fəaliyyətini araşdıra və qiymətləndirə bilər. Odur ki, bu yazıda qərəz-filan axtarmaq sadəcə diqqət yayındırmaqdır. Şəxsən mən öz məvacibimdən, gəlirimdən verdiyim verginin “Azərbaycan” jurnalının çapı kimi mənasız işə sərf olunmasını istəmirəm!

Bir zad mənə həmişə müəmmalı gəlib. Bu jurnalın baş redaktoru yazıçıdır, şairdir, yoxsa tənqidçi? İntiqam Qasımzadənin indiyə qədər nə şeirinə, nə romanına, nə də tənqidi yazısına rast gəlməmişəm. Bəlkə də var, özü üçün yazır. Bəs, onda deyin görək, yazıçı, şair, ən uzağı tənqidçi olmayan bir şəxs jurnala niyə rəhbərlik etməlidir? Üstəlik, bu işi bacarmırsa və onun 72 yaşı varsa... Axı ötən minillikdən, daha doğrusu, 16 ildən bəri jurnala rəhbərlik edən təqaüdçü baş redaktor bu müddətdə jurnalı heç 16 millimetr də irəliyə apara bilməyib. Sovet dövründən qalma dizayn, bayağı rubrikalar, hər tavrından boy verən zövqsüzlük oxucuları avam yerinə qoymaq deyil, nədir?

Bir dəfə türkiyəli yazar həmkarıma “Azərbaycan” jurnalını göstərdim. Kaş ki, göstərməyəydim, it peşmanı oldum. O, dördkünc şeirlərə, bayağı dizayna, Nikolay dövrünü andıran vərəqlərə baxıb gülməyə başladı. Utandığımdan AYB-nin “padvalı”na girmək istədim.

Ölkə rəhbərlərindən kimsə ədəbi mənzərəni öyrənmək istəsə, ona təbii ki, “Azərbaycan” jurnalını aparacaqlar. Vallah biabırçılıqdır!!!

Əgər mənim yazdıqlarıma inanmırsınızsa, gəlin jurnalı birlikdə vərəqləyək. Vərəqlədikcə dəhşətə gəlirsən. İlahi, balaca bir ölkədə nə qədər bayağı əyalət şairi olarmış?! Onların şeirini oxuyanda şeirlə dəyənəyin (oxu: döyənəyin) fərqini anlamaq olmur. Zaman, aman, kaman, çiçək, ürək və külək qafiyələri göz deşir. Elə bil, İntiqam Qasımzadə Azərbaycan poeziyası ilə düşməndir.

İl ərzində dərc olunan romanlardan yalnız birini oxumaq olur. Baş redaktor həddindən çox eksperimentatr və “yenilikçi”dir. O, roman yazmağı məşq edən şairlərə, tənqidçilərə, hələ bu harasıdır, idarə müdirlərinə böyük həvəslə yer verir. İlahi, İntiqam Qasımzadə nə qədər səxavətlidir! Möhtərəm baş redaktorun roman janrına münasibəti mənim adımla üst-üstə düşdüyünə görə çox dərinə getmək istəmirəm və gələcəkdə jurnalda çap olunmaq şansımı saxlayıram. Həm də nöqsanlar o qədər çoxdur ki, dərinə getsəm, boğula bilərəm.

Jurnalı AMEA-nın elmi dərgiləri ilə səhv salmaq şansımız böyükdür. Yadımdan çıxmamış yazım ki, burda elm sözü dırnaqarasıdır. Çünki bu “elm” sözünün filologiya elmi ilə heç bir əlaqəsi yoxdur. Təkcə builki dördüncü nömrədə 192 səhifəlik jurnalın 52 səhifəsi (?) İsmayıl bəy Qaspıralının Firəngistan məktublarına həsr olunub.

Ha oxudum, tuta bilmədim ki, İ.Qasımzadənin “Azərbaycan”ı uğursuz aspirant və dissertantların sığınacaq yeridir, yoxsa AYB-nin orqanı? Jurnaldakı filoloji yazıların 90 faizi ədəbiyyat tarixi ilə bağlıdır. Görəsən, Qasımzadə cənablarının müasir ədəbi prosesdən intiqam almaqda məqsədi nədir? Çox fikirləşib belə bir qərara gəldim ki, heç bir ədəbi-bədii janrda uğur qazana bilməyənlər bir qayda olaraq öz müasirlərinə qısqanclıqla yanaşırlar.

Yeni çap olunan kitablar haqqında da jurnalda məlumat verilir. Amma necə? Məsələn, 2013-ci ildə çap olunan kitablar haqqında məlumat 2014-cü ilin 4-cü nömrəsindədir. Və ya 2012-ci ilin 3-cü nömrəsindəki “Kitab rəfi” bölməsində haqqında informasiya verilən kitabların hamısı 2011-ci ildə çap olunub. Bunu artıq biabırçlıq saysaq sadəlövh olarıq. Amma nədir, bilmirəm.

Jurnal nəyə görə bu səviyyədə çıxır? Buna kim cavab verə bilər? Məncə, bu sualları Gədəbəy və Lerikin ucqar dağ kəndlərindəki ağsaqqallara verməliyik.

Mütəmadi olaraq hər ay yeni nömrəsi çıxsa da, jurnalda heç nə dəyişmir. On altı il əqdəm necə idisə, bu gün də elədir. Bəlkə, İ.Qasımzadə zamanı “Azərbaycan” jurnalı qismində soyuducuya qoyub?

# 7458 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #