Kulis.Az yazıçı Alpay Azərin “Div ata” hekayəsini təqdim edir
Səhrada tüğyan edən küləyin qaldırdığı qum atayla qızına rahat yeriməyə imkan vermirdi. Külək lap şiddətlənəndə, hər ikisi üzünü əks tərəfə çevirib hərəkətsiz dayanırdılar. Beş yaşlı Sevda elə hey deyinirdi: “Eee... ay ata, bu qum məni bezdirdi. Nə vaxt mağaraya çatacayıq, mən yoruldum axı”.
- Darıxma, az qalıb, çatırıq.
Qum Sevdanın dodaqlarının arasına, burnuna dolurdu deyə, tez-tez yaylığı ağzından aralayıb yerə tüpürürdü.
- Axı sən üzünü bağlamısan, bu qum necə ağzına, burnuna dolur, başa düşə bilmirəm, – atası donquldandı, sonra diqqətlə baxıb gördü ki, Sevdanın ağzını örtdüyü yaylıq boşalıb. Bərkitdi.
- Boğuldum, ay ata.
Atası yaylığı bir az boşaltdı və onlar xeyli yol gedəndən sonra qarşılarına çıxan ağacın altında oturdular. Qızı boğçanı açdı, pendir, çörək çıxarıb quma sərdiyi yaylığın üstünə qoydu. Hər ikisi yeməyə başladı.
- Ata, mağaraya hələ çox var?
- Hələ var.
Hələ evdə Sevdaya demişdi ki, mağarada yatan divə baxmağa gedirlər.
- Yaxşı, ay ata, bax, sən evdə demişdin ki, divin üzünə su töksəm də, oyanmaz, şillə vursam da, təpik vursam da. Bəs... bəs... yerdən yekə daş götürüb başına vursam, onda necə?
- Onda da oyanmaz, – atası soyuqqanlılıqla cavab verdi.
Sevda heyrətlə içini çəkdi:
- Yaxşı, sən yerdən yekə daş götürüb bərkdən divin başına....
- Yenə oyanmaz.
- Bəs kim öldürə bilər o divi? – qız gözlərində qorxu soruşdu.
- Başqa div, – atası sakitcə dedi.
- O başqa div harda yaşayır? Başqa mağarada?
- Hə, başqa mağarada.
- O da çoxlu yatır?
- O da çoxlu yatır.
- Onda... Onda, o yaxşı div yuxudan oyananda gedərik yanına, deyərik, gedib pis divi öldürsün, göstərərik yolu ona?
- Hə gedərik, Sevda, gedərik.
- Bəs... ay ata, bəs, sən istəsən, div ola bilərsən?
- Mən? – sualdan çaşdı, - Mən niyə div olum ki?
- Nə bilim, istiyirəm bir günlüyə div olasan, o pis divi yatan yerdə öldürəsən.
- Axı bayaq dedim, o pis divi ancaq yaxşı div öldürə bilər. Başqa mağarada yaşayan div!
- Axı, sən dedin, o biri div yatır. Birdən yaxşı divi oyada bilməsək, onda necə? Ona görə mən istiyirəm, sən birgünlük div olasan, yaxşı div olan kimi gedib o pisi öldürəsən.
- Yaxşı, birgünlük div olaram, – atası bunu deyib, susdu.
- Onda məni də özünlə apararsan ha?
- Yaxşı, apararam.... Sən mənə de görüm... – bir qədər tərəddüddən sonra atası dilləndi, – məni çox istəyirsən, yoxsa ananı? Amma düzünü de, qorxma heç kimə demərəm.
Qızcığaz çaşan kimi oldu, bir az susandan sonra: – Qulağını bura gətir – dedi.
- Kim eşidir ki, bizi?
- Yox, birdən səsimiz gedib evə çatar. Bacılar eşidər, gedib anaya xəbər edər.
- Yaxşı, sən deyən olsun, –atası qulağını qızın ağzına tərəf apardı.
- Səni də, ananı da!
Atasının üzünə qəribə təbəssüm qondu:
- Bunu niyə qulağıma deyirdin?
- Nə bilim, – qız çiyinlərini çəkib bic-bic gülümsədi, bir növ atasına çatdırdı ki, zarafatlaşır.
Pendir-çörəkdən sonra xurmayla su içib yola düşdülər. Sonra atası boğçasından bel çıxardıb yeri qazmağa başladı. Dizə qədər qazanda xeyli tərləmişdi. Sevda başından açdığı yaylıqla tez-tez atasının üzünün, boynunun tərini silir, balaca, arıq əlləriylə saqqalını qumdan təmizləyirdi.
- Hələ çox qalıb su tapmağımıza? – Sevda soruşdu.
- Hələ var, hələ qazmalıyam.
- Çoox?
- Yox, çox qalmayıb. Sən mənə baxma, get o yanda gəlinciyinlə oyna, bir azdan gələrsən.
Sevda atasından aralanıb taxtadan düzəltdiyi gəlinciklə oynamağa başladı. Atası arada su içə-içə, tərini silə-silə işinə davam elədi. Qucaq boyda daşa rast gəldi, üç-dörd yerdən sındırıb, parçalarını kənara atdı. Sonra içindəki suyu içib qurtardığı bardağı yerə qoydu. Qurşağa qədər qazıb quyudan çıxdı.
- Su tapdın? - üstünə balaca parça qırığı sərib gəlinciyini “yatızdıran” qız çönüb atasından soruşdu.
- Tapdım, - atası cavab verdi.
- Nə yaxşı, – tez yerindən durdu, qumun üstündəki boş bardağı götürüb atasına tərəf gəldi. – Məni quyuya sal, sənə su götürüm.
Atası qızının qolundan tutub ehmalca quyuya saldı. Sevda əlində bardaq əyildi ki, suyun çıxdığı yeri görsün. Su tapmayıb dikələndə atası az əvvəl quyunu qazarkən, bellə qırıb qırağa atdığı qaya parçalarından biriylə Sevdanın başına vurdu. Var-gücüylə, qəfildən vurdu zərbəni, səsini çıxarmadan üzü üstə yıxıldı qızı. Sonra “pis divi” öldürməyə söz verən ata quyuya enib dalbadal bir neçə zərbə də vurdu, – işini tam axıra çatdırmaq üçün. Gördü ki, qızı tərpənmir, arxası üstə çevirdi, – üzü al-qan içindəydi, əlləri açılsa da, su bardağının qulpu hələ də ovcundaydı, göyə baxan balaca gözlərində isə heyrət dolu “Niyə?” sualı donmuşdu. Bardağı götürüb var-gücüylə tolazladı. Sonra çalanın qırağında oturub bir müddət qızına baxdı...
Sevda evin ən çirkin qızıydı, anası da atası kimi əminiydi ki, beş yaşlı qız böyüyüb ərlik vaxtına çatanda indiki kimi çirkin qalacaq, onu heç kim almayacaq və buna görə onlar el içində rüsvay olacaqlar. Tərslikdən varlı da deyildilər ki, kimsə tamah salsın. Üstəlik, doqquz, on dörd yaşlı o biri iki qızı ərə vermək dərdi onları qarabaqara izləyirdi. “Yaxşı ki, bunlar Sevda kimi çirkin deyillər!”
...Cahiliyyə dövründə azyaşlı qızların diri-diri basdırıldığı müqəddəs Kəbənin yaxınlığındakı Şübeykə qəbiristanlığına indi tez-tez ağ göyərçinlər qonur...
5 mart – 10 avqust, 2014,
Bakı