Qıraqdan baxan nə deyər?!

Qıraqdan baxan nə deyər?!
9 sentyabr 2013
# 12:41

Dünyaya gəlmək istəyirdim. Evdəkilər harada doğulmağımı götür-qoy edirdilər. Nənəm dedi gərək özəl klinikada doğulam.

Atam soruşdu:

“Niyə?”

Nənəm dedi:

“Qıraqdan baxan nə deyər?!”

Səhəri gün mənə ad qoyulacaqdı. Atamgil qərara gəldilər ki, milli adlarımızda olan “Öztürk” adını qoysunlar. Nənəm atamı bir qırağa çəkib “Atanın adı dura-dura niyə türk adı qoyursan?”

Atam narazılığını bildirəndə, nənəm dedi:

“Qıraqdan baxan nə deyər?!”

Bir yaşıma çatmışdım. Valideynlərimin imkanı ürəkaçan deyildi. Doğum günümü evdə qeyd etmək istəyirdilər. Babam dedi:

“Heç elə şey olar?”

Soruşdular: “Niyə?”

Babam dedi:

“Qıraqdan baxan nə deyər?!”

Atam yaxınlıqdakı məhəllə məktəbinə getməyimi istəyirdi. Anam “mütləq liseyə getməlidir”-deyə etiraz etdi.

Atam soruşdu:

“Niyə?”

Anam dedi:

“Qıraqdan baxan nə deyər?!”

Orta məktəbin son siniflərində idim. Evdə tək başıma universitetə hazırlaşırdım.

Anam dedi: “Gərək sənə müəllim tutaq”.

Soruşdum “Niyə?”

Dedi:

“Qıraqdan baxan nə deyər?!”

Məktəbi bitirdim. Sənədlərimi filologiya fakültəsinə vermək istəyirdim.

Atam ciddi ifadə ilə “mütləq hüquqşünas olmalısan”-dedi.

Soruşdum: “Niyə?”

Dedi:

“Qıraqdan baxan nə deyər?!”

Yaşım iyirmi dördü haqlamışdı. Artıq ailə qurmaq vaxtım idi. Valideynlərim sevdiyim qızın olub-olmamağını öyrənmək istədilər. Məndə öz növbəmdə orta məktəbdən bəri istədiyim qızın adını, valideynlərinin kim olduğunu onlara dedim. Biləndə ki, qız savadsızdır, atası da fəhlədir, onda anam dedi ki, o qızı gəlin gətirmək üçün gərək mənim meyitimin üstündən keçəsən.

Soruşdum ki, niyə?

Dedi:

“Qıraqdan baxan nə deyər?!”

Nə isə dedikləri ilə razılaşdım. Özlərinin münasib gördüyü bir qızla evləndim. Toyumuzun qeyd ediləcəyi yeri dəqiqləşdirməli idik. Onlara sadə, dəbdəbədən kənar, bağımızda toy etmək istədiyimi dedim. Atam razılaşmadı.

Səbəbini bilmək istəyəndə dedilər:

“Qıraqdan baxan nə deyər?!”

Aylar, günlər, saatlar bir birini əvəz etdi. Yaxın zamanlarda övladım dünyaya gələcək. İndi onun harada doğulmasını düşünürəm. Düşünürəm ki, qıraqdan baxan bizə nə deyər?!

Şahverdi Şirinli

# 3637 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

Ölməzdən əvvəl mütləq baxmalı olduğunuz 10 bioqrafik film - Siz bunlardan neçəsini izləmisiniz?

15:00 6 iyul 2026
Hitlerin vətəndaşlıqdan çıxardığı Nobel mükafatçısı - Dahi yazıçının gizli gündəliklərində nə yazılmışdı?

Hitlerin vətəndaşlıqdan çıxardığı Nobel mükafatçısı - Dahi yazıçının gizli gündəliklərində nə yazılmışdı?

10:00 6 iyul 2026
Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər