“O kloun mənəm”

“O kloun mənəm”
22 iyun 2013
# 08:00

Təsəvvür edin ki, Pantomim Teatrına “Tıq-tıq xanım” nağılına tamaşa etməyə gəlmisiniz. Tamaşanın o yeridir ki, Siçan bəy dost axtaran nazlı-duzlu Tıq-tıq xanımı qarşılayır və bu mahnını oxuyur:

Çox gözəl gündü, hava da sərin

Beynimdə dolaşır fikirlər dərin

Bülbüllər oxuyur, cəh-cəh vururlar

Göydə durnalar qanad çalırlar

Səmada günəş parlayır necə,

ay yox günəş dedim, ay olur gecə,

Yaşıl çinarlar göyə yüksəlir

Ordan gözəl bir qız buraya gəlir

Belə pozitiv, gülümsər siçan Tıq-tıq xanımı anlaya bilmir. Pantomim teatrında bu siçan Ceyhun Dadaşovdur. Mənə inansaz, bu, Ceyhunun teatrda yaratdığı ən bitkin və maraqlı roludur. Üstəlik o yuxarıdakı mahnı parçasını obrazı üçün yazmaqla öz pozitiv siçanının əhvalını da tamamlayıb. Onunla söhbəti sizə təqdim edirik.

- Niyə aktyorluğu seçdin? Deyəsən, qardaşın da aktyordur.

- Hətta bacım da İncəsənət Universitetini bitirib. Pantomimanı isə özüm istədim. Bizdə alternativ teatrlar azdır. Məsələn Pantomima Teatrının janr olaraq alternativi yoxdur. Mən də bu janrı seçmişdim və bura gəldim. Həm də burada sərbəst hiss edirəm özümü. Hisslərin ötürülmə forması var-mən də fikirdən çox hissə üstünlük verirəm.

- Mən əksini deyəcəkdim. Fikir üzərində ən çox qurulan tamaşalar səninkilərdir, “Katarsis”i xatırladım, “Mən və mən” kimi sözlü monoloqlu mono tamaşa da sənindir...

- Məncə bu kontrast yaratmır, düşünüb fikrin yaratdığı hissi də ötürmək olar. Vacib o fikrin hansı hissi oyatmağıdır. Qaldı düşüncə üzərində qurulan tamaşalara... Sizə Qrotovskinin bir aktyorla əhvalatını danışım, o tanıdığı bir rejissor haqda deyib ki, ondan yaxşı rejissor olmayacaq, çünki onun dünyaya sualı yoxdur. Sənət adamı sual vermirsə o necə maraqlı olacaq?

- Tamaşana gələnlərə hansısa fəlsəfi düşüncələrini danışır, ya da dediyin kimi sual qoyursan. Bəs tamaşaçılarını tanıyırsanmı? Onların nə fikirləşdiklərini, nə ilə yaşadıqlarını bilirsənmi?

- Bu gün tamaşaçı ilə ünsiyyət üçün imkanlar genişdir. Sosial şəbəkələr, sənət portalları var, ordan onların rəyini görə bilirik. Bu gün tamaşaçı istənilən vasitə ilə fikrini çatdırır. Tənqid, ya tərif, fərq etməz.

- Bəs sənin tamaşaların tamaşaçıya nə verir?

- “Teatr məktəbdir” fikri mənə yaddır. Mən kimisə öyrətməyə çalışmıram. O tamaşaçıların içində dünyagörüşü, təcrübəsi məndən çox olanlar var. Məni narahat edən sualı qoyuram, düşündüklərimi deyirəm və bunu onların da bilməsini istəyirəm. Fikrim on tamaşaçıdan ikisinə çatırsa, buna reaksiya varsa deməli, bu, kosmik ideyalar deyil, mən kiməsə təkan verirəm. Məsələn “Mən və mən” tamaşasında ikiüzlülük, simasızlıq göstərilir.

- “Mən və Mən” tamaşasında qəhrəman bir əhvalat danışır: “Biri tanış satıcıya çox pis darıxdığını, kədərli olduğunu deyir. Satıcı ona küçədə yaşayan klounun yanına getməsini məsləhət görür: “Çox bacarıqlı adamdır, səni güldürər, əyləndirər”. Adam qayıdır ki, o kloun mənəm”. Bu kloun dolayısı ilə sənin qəhrəmanın, alter eqondu?

- Əlbəttə. Demək olar.

- Bəs o klounun vasitəsilə verdiyin kədər, darıxmaq nədəndir?

- Axı o kədərli olmasa güldürə bilməz. Kloun qrimində mütləq iki damla göz yaşı olur. Çox qəribədir, həmişə gülür, güldürür, amma göz yaşı əskik olmur. Bəlkə də bu onun alt qatıdır, batinidir. Mənə elə gəlir ki, xoşbəxt, hər şeyi olan adam düşünə bilmir. Gərək nəyinsə fikrini çəkəsən. Arzuları az olan adam xoşbəxtdir. Xoşbəxt adamın sualı yoxdur. Deməyəcək ki, ay Allah, mən niyə xoşbəxtəm? Kloununsa dünyaya sualı var. Qaldı, kədərə, belə danışırıq, amma kimsə düşünməsin ki, mən bədbəxtəm, ya da yaradıcı adamlar bədbəxtdir, yox. Hər şey normaldı, qaydasındadı.

- Forma, janr, texniki baxımdan bu teatr səni qane edirmi?

- Burada “Mən və mən” tamaşasını hazırlamışam, sözlü tamaşa idi. Yəni forma baxımdan məhdudiyyət olmadı. Fikri çatdırıramsa, mənə nə mane ola bilər? Texniki baxımdan problem olması mümkündür. Məsələn, bir tamaşa hazırlamaq istəyirəm, amma orda tamaşaçıları ənənəvi “İtalyan qutusu”nda olduğu kimi oturtmaq istəmirəm. Üstəlik də bizdə kulis çox yaxındadır. Addımlarımın səsi eşidilir. Texniki baxımdan təbii ki, imkanlar istədiyimiz deyil.

- “Tıq-tıq” xanımdakı siçanın çox pozitivdi. Amma bir dozanqurdunun nazını çəkə bilmir.

- Həyatda da belə olur e. Yaxşılıq etmək istəyirsən anlamırlar. Ümumiyyətlə mən yaxşılıq edəndə bəzən pis alınır. Mən də pis vəziyyətə düşürəm. Axı, nə olsun pis alındı, sən niyyətə bax da, axı mən yaxşılıq etmək istəyirdim...

- Niyyət demişkən, deyəsən dindarsan...

- Dindar deməzdim, namaz qılıram. Qatı dindar, fanat deyiləm, amma ibadət edirəm.

- Bayaq sual qoymağı bacarmaqdan danışdıq. Dindəki müxtəlif məqamlarla bağlı sualların yaranmırmı? Bu, kortəbii ibadətdir? Əlbəttə sonuncu şəxsi işindir, cavab verməyə bilərsən...

- Bayaq dedim ki, mövhumatçı deyiləm, elə olsaydı teatrla məşğul olmazdım. Əslində dində bunlar günahdır. Axtarıb analiz edən adamam. Amma müəyyən məqamları analiz etməkdən qaçıram. Mən namaz qılandan çox rahatlıq tapmışam. Müəyyən zamanda işimdə boşluq vardı. “Quran”ı oxudum və o borcu hiss etdim. Mən Ona inanıram. “Quran”ın onun kitabı olduğuna, oradakı sözlərin həqiqiliyinə yüz faiz inanıram. Amma bir zamanlar mənim şübhələrim vardı. Amma indi namaz qılmaq şərti vacib oldu.

“Quran”dan hansısa ayəni götürüb, əzbərləyib bu günə və ya hansısa ayəyə şamil edirlər. Bu, düz deyil, onu bütöv qəbul etmək lazımdır. Şeri parçalamaq olmadığı kimi, onu da ayə, ayə tətbiq etmək düz deyil. Böyük alimlər heç vaxt xırda məsələləri müzakirə etmirlər. Əgər tutaq ki, “cəzalandır” deyən ayə varsa, “bağışla” deyən də var. Hərə özünə sərf edəni götürə bilməz.

-“Katarsis” tamaşanızda depressiv əhval-ruhiyyə var. Məqsəd nə idi? Tamaşaçıların da katarsis keçirməyi?

- Ordakı fikirlər əvvəlcə tamaşa üçün yazılmayıb. Mən özüm üçün yazmışam, Nargilə özü üçün. Amma nəticə belə alındı. Bunu bəyənən də, bəyənməyən də oldu. Bəziləri dedi, bu nə tamaşadır? Hərəkət azdı, bu niyə pantomima olur? Teatrdır da, nə edək ki, adı Pantomimadı? Mütləqdir ki hamısı pantomima ola?

- Dedin ki, özün yazmısan. Orda tez-tez təkrarlanan bir fikir var-“Mənim olmayanı itirməkdən qorxuram”. Bu nə qorxudu? Bu barədə danışa bilərsən?

- Məndən çox şey var orda. Mən də riskdən, səhv buraxmaqdan qorxuram. Amma bunu bir insanın qorxuları kimi qəbul edin. O adam sevməkdən, sonra sevdiyini itirməkdən qorxur.

- Yaradıcı şəxs olaraq azadlığın məhduddur?

- Ola bilər, amma burda kiminsə təqsiri yoxdur, yaradıcı adamın maneəsi elə özüdür. Maneə varsa mən özüməm-qorxularım, qadağalarım, kodekslərim, olar-olmazlarım.

- Bayaq dünyaya sualı olmaqdan danışdın. Bu gün səni cəmiyyətdə narahat edən nədir?

- Onları tamaşalarımda demişəm.

- Onlar keçmiş tamaşalardır.

- Nə olsun, bu gün də oynayıram axı...

- Bugünkündən danışaq...

- İnsanla bağlı hər şey. Mən məsələlərə qlobal yanaşıram-məni təbii fəlakətlər, terrorlar, insan itkiləri narahat edir. Kəpənək effekti kimidir - o biri yarımkürədə kəpənəyin qanad çalması, bu biri yarımkürədə tornadoya səbəb olur...

- Nə oxuyursan, nəyə baxırsan?

- Vaqif İbrahimoğlunun “Amma və lakin” kitabını oxuyuram. Erik Bernin də kitabını başlamışam. Son zamanlar türk qısametrajlı filmlərinə baxıram. Son vaxtlar Kim ki Dukun filmlərinə baxıram.

- Kinoya çəkilmirsən, amma səni hamı Tim Rota oxşadır...

- Hə, oxşayıram. Tim Rotu çox sevirəm. Ona oxşamaq da əladır. Nə bilim yəqin bizdə Tarantino kimi rejissor yoxdur ki, məni kinoya çəksin...

# 3348 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #