Yalan teatrı

Yalan teatrı
13 mart 2013
# 08:30

Aliyə

Üç gün əvvəl Azərbaycan teatrının 140 yaşı tamam oldu.

Bizim leksikonumuzda “teatr çıxarmaq” kimi bir ifadə var. Əslində, bütün xalqlarda var- komediya oynamaq, artistlik etmək... “Yalanmışdan” oynayanda deyirlər-nə teatr çıxarırsan?

Teatr deyəndə adamları ilk qıcıq edən budur- Arto buna qarşı çıxırdı. Teatrı gözdən salan da budur. O insan haqqında həqiqətləri öz ifadə vasitələri ilə göstərdikcə də teatrdır, saxta ah-ufları, pafosu, snob ədaları ilə ürək çəkdikcə də “teatr”dır. Teatrın bu lovğa xanım ədalarından, qanlı bayraqdarlığından boğaza yığılmış kinonun ona bir ironik yanaşması var:

Emir Kusturitsanın «Underqraund» filmində qəhrəman «Çernıy» ləqəbli silah alverçisi aktrisa sevgilisini aparmaq üçün tamaşa gedə-gedə aktrisanın yalançı ah-uflarına alqış yağdıran zalın qarşısında səhnəyə daxil olur, özündən sözlər əlavə edir, şaşqın aktyorları şillələyir və səhnədən tamaşa zalına atəş açı r- bu kinonun teatra, onun «yalançı» ah ufuna ironiyasıdır. «Yalanmışdanlıq» teatrın canındakı şərtilik deyil, inanmaq və inandırmaq məsələsidir.

Tarix: neft milyonçuları, çadralı qadınlar, bığlı Leyli...

Bu əsrlərlə peşəkar ənənəsi olan teatrın xəstəliyidir. Yuvarlaqlaşdıraq bizim peşəkar teatrımızın bir əsr yarım tarixi var. 140 il bundan əvvəl maarifçi ədiblər Şərqdə ilk dramaturqun Mirzə Fətəli Axundzadənin bir komediyasını tamaşaya hazırlayıb və biz də «teatr azarı»na yoluxmuşuq. İlk peşəkar Azərbaycan teatrı maarifçi-didaktik missiyada idi. Maarifçi-realizmin publisistika kimi bir qolu da teatr idi, amma bu sahədə.

Ölkədə yaşanan neft bumu Qərb mədəniyyətinin daha çox Şərq ölkəsi olan Azərbaycana yol açmasına əsas səbəb oldu. Əsrin əvvəlləri üçün teatrın sosiallaşmasında Qərb dəbinin təsiri az olmadı. Milyonçu Tağıyevin tikdirdiyi teatr binası ilə yanaşı, digər azəri milyonçusu italiyalı opera müğənnisi olan gözəl bir xanım üçün əla opera teatrı tikdirdi.

Hərçənd bu vaxtlar teatrlarımız aktrisa qıtlığından əziyyət çəkirdi və adətən qadın rollarını kişilər ifa edirdi. Məs. Yazıçı Ümbülbanu (Banin) «Qafqaz günləri» əsərində bığlı Leylinin yoğun səslə ariya oxuduğunu və bunun necə gülüş doğurduğunu xatırlayır («Leyli və Məcnun» operasında).

Tamaşaçıların bu tamaşalara münasibəti necə idi? Onlar yalnız söz atmırdılar, əllərinə keçəni «mütrüb» dedikləri aktyorlara atırdılar. İfadə vasitələrinə, yaradıcı metodlara gəlincə Azərbaycan teatrı rus realist teatrının ənənələrinə söykənmişdi. Mənbələr teatr işlərinin nə müsibətlə təşkilatlandığı barədə yazırdı. «İncəsənət qurban tələb edir» sözü bir zarafat deyildi. Hüseyn Ərəblinski teatra sevgisini həyatı bahasına yaşadı.

Teatrın ideoloji rupor olduğu illər oldu. Daha sonra əllinci və nəhayət altmışıncı illər... Onlarla dramaturqun, aktyorun, aktrisanın adını çəkmək olar. Onlar teatrın məşhur simaları oldular. Nəhayət ki, teatrda rejissor əsas yaradıcı fenomen olaraq üzə çıxdı: Tofiq Kazımov, Mehdi Məmmədov kimi rejissor isimlərilə başlayan siyahı bu günümüzə qədər uzandı.

Dünyada əsrin əvvəllərində teatrın yaradıcı olaraq kəşf olunmuş rejissor bizim teatrda əsrin ikinci yarısından tanınmağa başladı. Beləliklə, dünya teatrının əsrlərlə keçdiyi yolu milli teatrımız 140 ilə keçdi. Bizim teatr yola Axundovun mükəmməl komediyalarıyla başlamışdı.

Bu gün bahar...

Günəşli bir gündə teatr deyəndə hər adamın içi titrəməz. Teatr sözü belə havalarda qaranlıq, ürəksıxan, arxaik, mağara kimi bir yer assosiasiya ötürür. Havaların bir təqsiri yox, teatr keçmişdən qopmalıdır. Bu yerdə kiçik bir nəfəsdərmə! Və...

140 il sonra cild-cild tarixi məqalələrdən, monoqrafiyalardan, teatrın ən xırda hadisəsini fakt kimi göstərən salnamələrdən sonra ilk dəfə bir vacib həqiqəti oxuyuruq:

«Azərbaycan teatr mədəniyyətində indi həmişə keçmişin sənət dəyərləri müstəvisində, kollektiv yaddaşın qoruduğu tarix kontekstində qiymətləndirilib: indi keçmişlə müqayisə edilib və bu müqayisə heç vədə indinin qələbəsilə nəticələnməyib. Odur ki, teatrın indisi keçmişə münasibətdə sanki həmişə xəcalətli bir durumda, əskik bir durumda olub, sanki mütəmadi aşağılanıb. Azərbaycan teatr mədəniyyətində keçmiş elə bil ki indinin üfüq xətti kimi yozulub, qavranılıb; elə bil ki teatrın qarşısında daim bir vəzifə qoyulub: qaçıb keçmişə çatmaq. Ona görə də Azərbaycan teatrının davamlı indisi öz davamlı keçmişi önündə bir natamamlıq, naqislik kompleksi qazanıb və bu kompleksdən heç cür qurtula bilməyib. ... Azərbaycan teatrı isə sanki həmişə keçmiş üçün, keçmişin xoşuna gəlmək, keçmişə özünü bəyəndirmək üçün yaşayıb. Ona görə də zaman-zaman Azərbaycanda müasir teatr özünü tarıb təsdiqləyə bilməyib. » (Aydın Talıbzadə «Milli teatr düşüncəsi» )

Üç gün əvvəl milli teatrın ad günü idi. Akademik Milli Dram teatrında ilk dəfə 140 il əvvəl oynanılan «Lənkəran xanının vəziri» tamaşası yenidən oynanıldı. Teatrsevərlər «burada və indi»nin mistik hökmranlığında olmaq üçün ora toplaşmışdılar. Amma elə yenə də «burada və ondakı kimi» bir fikir sızdı. Aydın müəllim haqlıdır. Amma məyus olmağa dəyməz. Əsas məsələ həqiqəti tapmaqdır. Yalanla yüklənən teatra həqiqətdən böyük hədiyyə yoxdur. Teatrımız mübarək olsun!

# 3778 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər