Şəfa tapmaq üçün monastıra gələn qızla sevişən rahib - Ömər Xəyyam

Şəfa tapmaq üçün monastıra gələn qızla sevişən rahib - Ömər Xəyyam
11 dekabr 2023
# 14:06

Görkəmli rejissor Kim Ki Dukun anım günüdür.

Kulis.az Ömər Xəyyamın “Yaz, yay, payız, qış… və yaz“ filmi haqqında "Ariran, ariran…” adlı yeni yazısını təqdim edir.

Duk məndən ötrü Allahın yerin üstündəki, göyün altındakı bəbəklərindən biri idi… tutuldu… göyün altından, yerin üstündən çəkildi… həqiqətə qovuşdu.


Duk ölən günü mən kənddə idim.
Kəndimizdəki gölün kənarında “Ariran, ariran, arariyo” – Cənubi Koreya xalq mahnısını mızıldadım, qurbağaları daşladım, xəyali mistik qapıdan görkəmli kinopritça ustasının tənhalığına keçdim; doğuluşun kədərinə, mövcudluğun can sıxıntısına, taleyin qarğaşasına özümün də başa düşmədiyim dildə bayatı çağırdım.

Orijinal, özünəxas kino dili olan ustanın gözəllik şərqiləri məni təkrar-təkrar həyəcanlandırıb.

Heç kim atasından artıq kişi olmur, yaxud katarsis


“Yaz, Yay, Payız, Qış və yenə Yaz” filmi ümumumi mənada katarsis – təmizlənmə haqqındadır.

Doğulursan, böyüyürsən, sənə ad verirlər, o adın altında özündən uzaqlaşırsan, uzaqlaşıb ölürsən, ölüb təmizlənirsən, təmizlənib özünə dönürsən...

Proses, dövriyyə mağaranın çölündə - meşədə baş verir. Meşənin çıxışı isə meşənin girişindədir… Prosesin sonu başlanğıca qovuşur. Dairə qapanır.

Dairə qapanır, fəqət missiya atanı yenməkdir, atadan qurtulmaqdır. Missiya bir növ, belinə bağlanmış “oğul”, “qardaş”, “ər”, “qonşu”, “millət vəkili” təyinlərindən, - daşlardan xilas olmaqdır.


Duk filminə xas qəddarlığın, qan/qadanın, intiharın mahiyyəti də arınmadır, qurtulmaq xarakterlidir.

Ağrı xatırladır. Xatırlaya-xatırlaya təmizlənirsən... Dirilməkdən ötrü ölməlisən.

Özünü, özündəkiləri öldürməlisən. Sən belindəki daşdan – atandan, anandan, qardaşından, baçından, eşindən-dostundan, yerüstü çərçivələrdən, - elə hər şeydən qurtulmasan, haman daşa çevrilicəksən...

Buddist monastrında yaşayan ustadla şagirdin münasibətləri – yəni ata-oğul aktı meditasiyalarla, dualarla çulğalaşır, fəqət şagir hələ özünütərk mərhələsinə, həqiqətdə yoxalma mərtəbəsinə - nirvanaya yüksəlməyib, kamil deyil: Balığın, qurbağanın, ilanın belinə daş bağlayır. Elə beləcə - onları əlinə götürür - yəni insan məqamına qaldırır, hələ xilas olmadığı təkəbürrüylə heyvanlara gülür; mövcudluğunun dözülməz facisəsinin fərqində deyil, - şeşələnir...

Ustad təmkinlidir, həqiqətlərdən agahdır. Nə edir? Elə həmin gün şagirdinin belinə daş bağlayır...

Əlbəttə, şagird heyvanları azad edir... Qayda budur: mənəvi əzablar instiktiv olaraq qəddarlaşdırır!

Biz gözəllikdən, həqiqətdən, elə azadlığın özündən, ləzzətli hər şeydən fitrətən agahıq, ruhən gözəlin nə olduğunu görmüşük, ən dadlı olanı dadmışıq, azadlığın içərisindən zamana düşmüşük – həbs olunmuşuq və bütün bu həqiqətlər dad kimi, şəkil kimi yaddaşımızın uzaq, unudulmuş küncündə mamırlanmış...

Ani gözəllik, yaxud müvəqqəti azadlıq bəsdir ki, o müqəddəs nöqtə qıdıqlansın, xatırlatmağa cəhd etsin... – bax budur bizə mənəvi əzab verən... mənəvi əzabın səbəbləridir bizi qəddarlaşdıran...

Kinopritçanı buddizmin, buddist arınmanın bədii-vizual həlli də adlandırmaq olar.





Katarsis, arınma, yaxud nəfslə mübarizə



Nəfsanilik sansara çarxının hərəkətvericisidir.

Qurtuluş həm xəyali, həm də maddi çərçivə boyu hərəkət etmək, o xətti tapdamamaq, aşmamaqdadır.

Monastrda divar yoxdur, qapı var, fəqət ustad da, şagird də otağa həmişə qapıdan daxil olurlar.

Xəyali divar, uzun boşluq keşişdən ötrü necə divardırsa, şagird üçün də eləcə divardır.

Bəs nəfs gənc buddistə necə qalib gəlir?


Bəli, o şəfa tapmaq üçün monastra pənah gətirmiş qızın otağına qapıdan yox, məhz xəyali divardan keçir...

Onlar sevişirlər. Sehr pozulur.

Təzə-təzə qızı buddizmin, müəlliminin mediativ simvollarından uzaqlaşdıran şagird, məhz onlar sevişdikdən sonra heykəlciklərə biganələşir...

O, unudur... Sirr itir.

Nəfsanilik şagirdin sahiblənmək duyğusunu da cücərdir...

O, sahiblənir, özünə yenilir...

“Bağlıdır” sözü yazılmış kağızlarla gözünü, ağzını, qulaqlarını qapadan ustad isə nəinki sahiblik duyğusundan, özündən imtina etmiş, maddi olandan vaz keçib əsl olanla bütünləşməyin mümkünlüyünə yetişmiş...

O, özündən imtina edir, sirrə vaqif olur... gözüylə gölə təsir edir...

Və şagird monastrı tərk edir...

Haman qadının dalınca şəhrə gedir.

Bir neçə ildən sonra xəbər çıxır, məlum olur ki, o şagird o qadını öldürüb...

Necə öldürüb, niyə öldürüb? – rejissor bu haqda məlumat vermir. Heç şəhərdə olanlar önəmli də deyil, önəmli olan, şagirdin sahiblənmək hissinin cücərməyi, sahiblənmək istədiyi qadını öldürməyi və qanlı bıçaqla müəlliminin – həqiqətin yanına dönməyidir.

Katarsis... arınma...

Heç kim atasından yaxşı kişi olmur, yaxud sonun başlanğıcı...

Həqiqətdə görüşənədək, ustad!

# 4539 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #