Qışqıra-qışqıra yağış yağdıranlar - Kəpənəyin yaratdığı tornado

Qışqıra-qışqıra yağış yağdıranlar - Kəpənəyin yaratdığı tornado
22 noyabr 2023
# 09:00

Kulis.az Simran Qədimin "Determinizm və ya Laplasın şeytanı" adlı yeni yazısını təqdim edir.

“Braziliyada bir kəpənəyin qanad çalması Texasda tornadoya səbəb ola bilər”.
Edvard Norton Lorenz

Həyatın təməl qanunlarından biri, bəlkə də, birincisi səbəb-nəticə əlaqəsidir. Hər şeyin bir səbəbi var, bütün səbəblər müəyyən nəticələr doğurur. Bunu lap qədim zamanlarda ibtidai insanlar da müşahidə ediblər. Məsələn, gün çıxanda torpaq qızır. Günəş şüası (səbəb) torpaqda istilik (nəticə) yaradır. Bu hadisəni müxtəlif hallarda və vaxtlarda görəndən sonra artıq belə bir qənaətə gəlinib ki, gün şüası istiliklə bağlıdır, onun bu cür xüsusiyyəti var.
Ancaq bəzən səbəblə nəticə arasındakı əlaqə doğru qurulmur. Məsələn, yenə qədim zamanlarda, insanlar yağış yağmazdan öncə qurbağaların aktivləşdiklərini, səs-küy saldıqlarını müşahidə ediblər. Fikirləşiblər ki, quraqlıq dövründə eynən qurbağalar kimi səs-küy salsalar, yağış yağacaq. Çığırışmaqla yağışın yağması arasında səbəb-nəticə əlaqəsi qurublar. Amma bu gün belə bir əlaqənin olmadığı hər kəsə məlumdur.

Səbəb-nəticə əlaqəsini anlamaq ona görə vacibdir ki, səbəbləri dəyişməklə nəticələrə təsir göstərə bilərik. Bu əlaqəni nə qədər dərindən öyrənsək, hadisələrin gedişini bir o qədər yaxşı idarə edərik (əlbəttə, səbəblərə müdaxilə edə biləcəyimiz halda). Məşhur deyimdə vurğulandığı kimi: “Eyni addımları atıb fərqli nəticələr gözləmək dəlilikdir”.

Digər tərəfdən, belə bir məqama diqqət yetirək. Əgər pəncərədən əsən külək stəkanı masadan salsa, yerə düşüb çilik-çilik olacaq. İndi deyə bilərik ki, stəkanı yerə salan külək səbəb, onun çilik-çilik olması nəticədir. Sual: bəs stəkan niyə yerə düşdü, tutalım, havadan asılı qalmadı? Cavab: çünki Yerin cazibə qüvvəsi var. Bunu nəzərə alıb hadisəyə başqa cür də yanaşmaq olar. Deyək ki, stəkanın tarazlığını pozan külək (səbəb) cazibə qüvvəsinin onu yerə çəkməsinə imkan yaratdı (nəticə). Ardınca cazibə qüvvəsi stəkanı yerə çırpıb (səbəb), onu çilik-çilik etdi (nəticə). Beləliklə, prosesi hissələrə ayırıb səbəb-nəticə zənciri qurduq.

Aydın məsələdir, “Yerin cazibə qüvvəsi istənilən halda var” deyib onu nəzərə almaya da bilərik. Ancaq fərqli yanaşmalara önəm verməsək, həmişə bir çox faktorları kənara atıb hadisələri ümumiləşdirsək, bəsitləşdirsək, nələrisə gözdən qaçırarıq. Təəssüf ki, çox vaxt elə bu cür də edirik. (Diqqət: yuxarıdakı misalda səbəb deyəndə prosesin yaranmasına təsir göstərən amil nəzərdə tutulur. Məqsəddən, niyyətdən söhbət getmir. Külək əsəndə onun hansısa məqsəd daşıdığını iddia etmək absurd olar)

Qlobal yanaşsaq, hadisələr zəncirində fundamental bir mexanizm var: bugünkü səbəblər sabahkı nəticələri doğurur. Dünənki səbəblər də bugünkü nəticələri yaradır. Belə çıxır ki, bu gün dünənin nəticəsi, sabahın səbəbidir. (Diqqət: artıq burada söhbət tarixdən, sosial-ictimai həyatdan gedir. Ona görə də səbəb deyəndə həm də insanların, cəmiyyətlərin məqsədləri, niyyətləri nəzərdə tutulur)

Əgər bu gün dünənin nəticəsi, sabahın səbəbidirsə, sual yaranır: əslində, hər gün üçün keçərli olan bu qanunauyğunluq bizə nə öyrədir? Cavab: bizim başlanğıc nöqtəsi kimi hansı zamanı əsas götürməyimiz son dərəcə vacibdir. Məsələn, tarixi araşdıranda səbəb-nəticə əlaqəsini hansı dövrdən qurmağa başlayırıq. Əgər 20-ci əsrdəki hadisələr 21-ci əsrin formalaşmasına səbəb olubsa, 19-cu əsrdə yaşananlar da 20-ci əsri yaradıb. Əlbəttə, bir çoxumuz deyəcəyik ki, bu məntiqlə nəinki yüz, hətta min, milyon illər əvvələ də gedib çıxmaq olar. Doğrudur, bu məntiqlə kainatın yaranmasına – “Böyük partlayış”a qədər də gedib çıxa bilərik...

Səbəb-nəticə əlaqəsində məsələni qəlizləşdirən məqam da məhz budur: zəncirin sonsuzadək üzü keçmişə doğru uzanması. Ona görə də istənilən təhlil – xüsusən tarix mövzusunda – mükəmməl olmur, daim böyük xətalara, bəsit ümumiləşdirmələrə yol verilir. Digər tərəfdən, tarix belədir ki, keçmişdən bu günə tək bir yol gəlir, artıq biz onu dəyişə bilmərik. Ancaq bu gündən gələcəyə saysız yollarla getmək mümkündür, seçim bizim öz əlimizdədir.

Səbəb-nəticə əlaqəsini daim riyazi dəqiqliklə hesablamağa çalışan, konkret faktlar, sübutlar ortaya qoyan bir sahə var: elm. Bir çox hallarda elmə aid məsələlərdə gələcəyi proqnozlaşdırmaq olur. Məsələn, alimlər 1000 il sonra Günəş tutulmasının nə vaxt baş verəcəyini müəyyən xəta payı ilə təxmin edə bilirlər (çox güman ki, inkişaf getdikcə daha dəqiq hesablamalarla xəta payı minimuma endiriləcək). Deməli, gələcəkdə nələrin baş verəcəyini lap əzəldən bilmək olar. Sadəcə, səbəb-nəticə əlaqəsi doğru-düzgün hesablanmalıdır.

Fərz edək ki, xaos və təsadüf anlayışlarının da, insan davranışlarının da kökündə səbəb-nəticə əlaqəsi dayanır. Özü də elmi üsullarla izahı olan səbəb-nəticə əlaqəsi. Bu zaman çox mürəkkəb bir fəlsəfi konsepsiyanın – determinizmin meydanına girərik. (Diqqət: indi isə səbəb deyəndə mübahisə doğuran məqsəd, niyyət yox, prosesin yaranmasına birbaşa təsir göstərən, elmi qanunauyğunluqlara tabe olan faktorlar nəzərdə tutulur)

Determinizmə görə, kainatdakı hər şey, hətta bizim düşüncələrimiz, davranışlarımız, qərarlarımız da səbəb-nəticə əlaqəsinə bağlıdır (yəni “azad iradə” anlayışı sadəcə illüziyadır, beynimizdə gedən biokimyəvi proseslərlə konkret şəkildə izah edilə bilər). Odur ki gələcək əvvəlcədən təyin olunub, nəzəri baxımdan onu təxmin etmək mümkündür.

1814-cü ildə fransız riyaziyyatçısı, fiziki Pyer Simon Laplas belə bir düşüncə təcrübəsi irəli sürüb: “Laplasın şeytanı”. Təsəvvür edək ki, hər şeyi nəzərə alıb hesablaya bilən bir varlıq, müasir dillə desək, superkompüter var. Həmin varlıq (superkompüter) kainatdakı ən kiçik zərrəciklərdən tutmuş, kosmosdakı nəhəng ulduzlara, qara dəliklərə qədər hər şey haqda bilir. Hətta ağlımızdan keçən fikirləri də, beynimizdəki neyronların sayını da, oradakı atomların, elektronların yerdəyişməsini də... Bütün data – məlumat ona məlumdur. Bu zaman hər şeyin arasındakı hər bir səbəb-nəticə əlaqəsini hesablayan superkompüter gələcəyi görə bilər (alimlərin Günəş tutulmasının vaxtını hesablamaları kimi). Özü də bu öncəgörənlik tək kosmosa, təbiət hadisələrinə aid olmaz, həm də cəmiyyətlərin, insanların aqibəti, ümumilikdə hər şeyin gələcəyi bilinər.

Məsələ ondadır ki, bizim “Laplasın şeytanı”nı sınaqdan keçirmək, yoxlamaq imkanımız yoxdur. Müəyyən hadisələrin saysız faktorların təsiri ilə qarma-qarışıq şəkildə baş verdiyini nəzərə alanda, bəlkə də, xaosun, təsadüfün varlığını qəbul etməliyik (hər halda, mübahisəyə açıq mövzudur). Digər tərəfdən, “qaydasızlığın”, qeyri-müəyyənliyin hökm sürdüyü çox qəliz bir sahə də var: kvant mexanikası. Bir çox alimlər məhz kvant mexanikasını – hədsiz kiçik zərrəciklərin dünyasında baş verən “qaydasız”, qeyri-müəyyən prosesləri əsas götürür, bununla da determinizmin təkzib edildiyini bildirirlər...

Biz hələ uşaqlıqdan – həyatı, dünyanı təzə-təzə anlamağa başladığımız zamanlardan daim suallar verir, hadisələr arasındakı səbəb-nəticə əlaqələrini anlamağa çalışırıq. Ancaq böyüdükcə hər şey dəyişir, tədricən sualların sayı azalır. Sanki özümüzü çətinə salıb düşünmək, nəyisə araşdırmaq istəmirik. Məhz bu anda da insanlar arasında fərqlər ortaya çıxır, uçurumlar yaranır: məsələlərin dərinliyinə varan, yorulmadan səbəb-nəticə əlaqələrini tapmağa çalışan ağıllı, azad düşüncəli insanlar və heç nəyin arxasınca düşməyən, araşdırmaqdan boyun qaçırıb yalnız vərdişlərlə yaşayan tənbəl, müti insanlar.

# 2051 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #