Onsuz da qısadır, dönükdür ömür - Dostluq barəsində yazılmış ən gözəl şeirlər

Onsuz da qısadır, dönükdür ömür - Dostluq barəsində yazılmış ən gözəl şeirlər
7 sentyabr 2021
# 15:45

Kulis.az dostluq barəsində yazılmış ən gözəl şeirləri təqdim edir.

Hafiz Baxış

“Bizim dost itirən vaxtimiz deyil”

Gəlin itirməyək dostları, qardaş!
Onsuz da çox deyil yaxşı dost, sirdaş.
Dostluq qalasından bir kərpic, bir daş
Uçurub aparır hər saat, hər il -
Bizim dost itirən vaxtımız deyil!

Bir könül həmdəmi tapana qədər
Can evi illərlə olur dərbədər.
Var-dövlət dünyada gəlib də gedər,
Hər şeyə göz yumub dosta et meyil-
Bizim dost itirən vaxtımız deyil!

Tutmursa xasiyyət, tutmursa ürək,
Havayı duz dadıb, kəsməyək çörək.
Dostun hər cövrünə qatlaşıb gərək,
Olaq yaxşısına, pisinə qayil -
Bizim dost itirən vaxtımız deyil!

Onsuz da qısadır, dönükdür ömür,
Tale biz deyəni həmişə demir.
Ey dost, biz nə daşıq, nə də ki, dəmir,
Əsl dost yolunda ikiqat əyil-
Bizim dost itirən vaxtımız deyil!

Dünyanı tutub ha qalan deyilik,
Əbədi məskən də salan deyilik.
Ömrü bir də satın alan deyilik,
Dostluqda hər anın qiymətini bil-
Bizim dost itirən vaxtımız deyil!

Canını istəsə, dosta qurban de,
Dərdinə çarə qıl, ona dərman de.
Dost sənə "çor" dese, sən ona "can" de,
Düşməni dost edir xoş söz, şirin dil-
Bizim dost itirən vaxtımız deyil!

Hafiz, dar ayaqda dosta ol dayaq,
Dostluğu müqəddəs bir nemət sayaq.
Fitnə-fəsadlara məhəl qoymayaq,
Çəkək nankorların gözlərinə mil -
Bizim dost itirən vaxtımız deyil!

Qalib Nuri Arif

“Dost”

Axşamdır, atamla söhbət edirəm

Bir sirri açmağa dedim acizəm.

Atam dedi: Oğul, nədir ki, o sirr,

Səni aciz bilib əzab yedirir.

Atamdan soruşdum, dedim dost nədir?

Atam dedi: Oğul, dost xəzinədir,

Şekspir çağırmış dostu bu adla,

Qəlbin xəzinəsi deyə inadla.

Fəqət, haram şeylər düşünən bir kəs

O xəzinəyə əl uzada bilməz.

Dəyəri dünyanın dəyərindən çox,

Ölçüdə, çəkidə bərabəri yox.

Ancaq dost sözünün hər bir hərfinin

Gərək dost axtaran anlaya sirrin.

D- hərfi dumandır, görünmür sonu

Kəşf etmək çətindir kim olduğunu.

Bu tüstülü hava şaxtaya deyil,

Oda çevrilərsə, xeyrinədir bil.

Bu hal təbiətdə görünür aydın,

İstilik üzünü açır dumanın.

O - hərfi oddur ki, yandırar səni

Bişirib anladar məhəbbətini.

Deyə bilərsən ki, oddan-alovdan,

Necə ilham alar yanan bir insan?

Təbiət məktəbdir, diqqət yetirsən,

Açıq-aydın özün baxıb görərsən.

Dəmir yana-yana bişməsə oğul,

Əsər ola bilməz, bunu yaxşı bil.

Şəms Təbriziyə rast gəldiyi zaman

Mövlana alışdı Şəmsin odundan.

Dedi: Əvvəl xamdım, yandım, bişdim mən.

Şəmsin atəşiylə doğdum yenidən.

Alov alışdıqca buxar yaradar.

Yanmağın sonunda saflıq var, su var.

Mənası olmalı yanmağın da bil,

Mənasız od-alov məhəbbət deyil.

S- hərfi sudur ki, söndürür odu,

Saflıqla yaradır öz qanununu.

İki sifəti var, fəqət suyun da,

Lazımsız yerlərdə sevilmir o da.

Nizami söyləmiş suyun sirrini,

Hikmətlə göstərmiş onun yerini.

Bir inci saflığı olsa da suda,

Artıq içiləndə dərd verir o da.

Nizami dosta da məlhəmdir deyir.

Dost məlhəm olaraq rahatlıq verir.

Bütün yarananlar, dünyada nə var,

Su ilə həyatda dirilik tapar.

Hava, od, su oğul, kəşf edilməsə,

Torpaq öz sirrini deməz heç kəsə.

T - hərfi torpaqdır, nə əksən bitir.

Çəkdiyin zəhməti qiymətli edir.

Hətta şoran belə olsa da torpaq,

Yenə yovşan kimi gülü olacaq.

Səxavət, ədalət, sevgidir torpaq,

Nə əksən əmanət deyib alacaq.

Elə ki, bu hallar yarandı səndə,

Demək, FUAD gözü açdı qəlbində.

Mövlana dostu görməyən gözü,

Deyir dost saymayın aldadır sizi.

Çünki, həqiqi göz dostu görəndir,

Onu dərk eyləyən, idrak edəndir.

Anladınmı oğul, dostu olmayan,

Dünyada qəlbi kor keçirir dövran.

Tarixə diqqətlə yanaşsan əgər,

Kor Homeri tarix sənə göstərər.

Məşhur “Odissey”i, “İliada”nı

Homerin qəlbinin dastanı tanı.

Gözdən kor olsa da yazdı, yaratdı.

Dünyaya əbədi bir imza atdı.

Oğul, qəlbi gördü böyük Homerin,

Qəlbinin nuru ilə yazdı əsərin.

Çünki, qəlb axirət dəftəridir, bil,

Qəlbdən heç bir əməl gizlində deyil.

Ancaq qəlbi əqli vəhdət quranlar

Dost xəzinəsinə sahib olarlar.

Bu böyüklüyüdür türk dilimizin,

Bizi təfəkkürlə eyləyir mətin.

Təfəkkürsə RƏBBin dərgahındadır.

İnsan pak olanda ora yol tapır.

Çünki, qəlb saf, təmiz olmasa əgər,

Təkəbbür deyilən çirkaba düşər.

Kimin dostu varsa dünyada inan,

Böyük mükafatdır ona ALLAHdan.

Dost olan könüldə iman var, haqq var.

Yalnız imanlı qəlb cənnətə çatar.

Dost sözü hecaya bölünmür oğul,

Çünki qəlb sözü də bölünən deyil.

Dostu qəlb kəşf edib seçdiyi üçün,

Ölçüsü, çəkisi eynidir bütün.

Qəlb sevgi, məhəbbət məmləkətidir,

O qəlb eşqi bizə ərməğan edir.

Eşqə hardan baxsan atalar deyir,

Orda açıq-aşkar ALLAH görünür.

ALLAHı seyr edən gözlərsə, inan,

Günahdan yan qaçar, qorxub ALLAHdan.

Necə ki, nizamlı qurulmuş dünya,

Nizamla yanaşaq gərək biz ona.

Ölçüdən kənara çıxan nə varsa,

Sonda məhkum olur, dönür iflasa.

Ancaq, atalardan belə misal var,

Hər gözəl olanın bir eybi olar.

Eyibsiz dost gəzən, axtaran kəsi,

Dostsuz qala bilər söyləmiş Tusi.

Deməli, ALLAHın mərhəmətindən,

Özündə nümunə etməlisən sən.

Bu əməl göylərə ucaldar səni,

Dostluqda artırar məhəbbətini.

Görürsənmi, oğul, dost olmaq nədir?

Dostluq insanlıqda bir nümunədir!

# 9735 dəfə oxunub

Oxşar xəbərlər

"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

09:00 16 yanvar 2025
Həm savaşdım, həm sevişdim bu qızla - Həmid Herisçi

Həm savaşdım, həm sevişdim bu qızla - Həmid Herisçi

17:00 14 yanvar 2025
Əli bəy Hüseynzadə sovet təhlükəsini rənglərlə necə ifadə etmişdi? - Tanrıverdi Əliyev

Əli bəy Hüseynzadə sovet təhlükəsini rənglərlə necə ifadə etmişdi? - Tanrıverdi Əliyev

15:00 14 yanvar 2025
Qayıdış - Şərif Ağayarın yeni hekayəsi

Qayıdış - Şərif Ağayarın yeni hekayəsi

09:00 14 yanvar 2025
Adadan əsirləri oğurlayan Sona xanım kim idi? - Nargindən reportaj

Adadan əsirləri oğurlayan Sona xanım kim idi? - Nargindən reportaj

09:00 10 yanvar 2025
Milyonçu yazıçımız - Heydər Əliyev onun kitabı haqqında nə demişdi?

Milyonçu yazıçımız - Heydər Əliyev onun kitabı haqqında nə demişdi?

09:00 8 yanvar 2025
#
#
# # #