Ölülərin istismar olunması haqqında - Seymur Baycan yazır...

Seymur Baycan, yazıçı

Seymur Baycan, yazıçı

29 sentyabr 2022
# 15:00

Kulis.az Seymur Baycanın "Əsasən ölülərin istismar olunması haqqında" adlı yazısını təqdim edir.

Bəzi günlər öz qəribəliyin ala qancıq tayadan düşməmiş büruzə verir.

Adətimə uyğun olaraq səhər tezdən parka getmişdim. Bir az gəzəndən sonra skamyada oturub quşları yemləməyə başladım. Parkda bir qadın göründü. Üç-dörd yaşlı qız uşağını bağçaya aparırdı. Belə ehtimal etdim. Çünki parkın yaxınlığında uşaq bağçası yerləşir. Səhərlər parkda uşaqları bağçaya aparan anaları və ataları, nənələri və babaları tez-tez görmək olur. Bəzi uşaqlar talelərinə tabe olub sakitcə bağçaya gedirlər. Bəzilərin isə hər gün sürüyə-sürüyə bağçaya aparırlar.

Uşaq anasından iki-üç addım arxada gedirdi. Haradasa üç-dörd yaşı olardı. Əlində dondurma vardı. Başı bərk dondurmaya qarışmışdı. Bu mənzərəni görəndə məni heyrət bürüdü. Ağlım kəsmir bir ana şantaj olmadan, öz xoşuna, könüllü surətdə balasına səhər tezdən dondurma alsın. Səhər tezdən bu qızcığaz anasına dondurmanı necə aldırıb? Bu nailiyyətə necə müyəssər olub? Bu qələbəni necə, hansı yollarla əldə edib? Görəsən, nə deyib, nə edib, hansı oyunlardan çıxıb ki, anası ona səhər tezdən dondurma almağa məcbur olub? Yəqin, ağlayıb, üzün cırıb, saçın yolub, özün iki metr göyə qaldırıb şiddətlə yerə çırpıb, damarların doğrayıb, bir ovuc yuxu dərman udub, üstünə benzin töküb, anasını hər cürə şantaj edib… Ananın da əlacı kəsilib. Ona dondurma almağa məcbur olub.

Az sonra dondurma yeyən cavan bir qız gördüm. Daha sonra isə qoca bir kişinin də dondurma yeyə-yeyə parkın düz ortasından keçdiyini görəndə barmağımı dişlədim. Yox, burda nəsə bir iş, nəsə bir əmma var. Nə olub bu adamlara? Nə baş verir? Niyə onlar səhər tezdən dondurma yeyirlər? Hava da bozdur. Külək əsir. Sinoptiklər bu günə yağış deyiblər. Bu boz, bu küləkli havada adamları dondurma yeməyə vadar edən nədir? Bəlkə, bu gün dondurma yemək günüdür?

Bu suallara beynimdə cavablar axtara-axtara metroya tərəf getdim. Neçə gündür saatım dayanıb. İşləmir. Batareyasını mütləq dəyişməliyəm. Deyirlər saatın dayanması pis əlamətdir. Saat dayananda saatın sahibi də ölür. Saatsazı neçə gündür yerində tapa bilmirdim. Elə bil saatsaz deyil, nazirdir. Bu dəfə saatsaz yerində idi. Ona dedim ki, sən batareyanın bir il işləyəcəyinə zəmanət vermişdin. Batareya heç beş ay işləmədi. Neçə gündür saat dayanıb. Sizi də yerinizdə tapa bilmirəm.

Saatsaz saatın arxa qapağın açdı. Qapağın için göstərərək cavab verdi ki, mənim qoyduğum batareya bir ildən də artıq işləyib.

Sən demə saatsazların öz sistemləri var. Saata batareya qoyanda arxa qapağın içinə vaxtı yazırlar.

Deməli səhv etmişəm. Saat zənn etdiyim kimi beş ay deyil, bir ildən də artıq işləyib. Bəs, görəsən, niyə bir il mənə beş ay kimi görünüb? Buyur, daha bir sual?


Saatsazın yanından çıxıb tərəvəz köşkünə getdim. Tərəvəz köşkü deyəndə xeyli təmtəraqlı səslənir. Qoca bir arvad qadın salonu ilə aptekin arasındakı dar keçidin girişində pomidor, xiyar, soğan, sarımsaq, kartof, göyərti satır. “Köşkün” alış-veriş üçün əlverişsiz yerdə qursa da, daima müştəriləri olur.

Mənə elə gəlir ki, adamlar onun qocalığına, nur yağan sifətinə hörmət edirlər. Ona görə də təmtəraqlı, səliqəli, bol çeşidli tərəvəz köşklərin iqnora qoyub bu arvaddan tərəvəz alırlar. Qoca arvadın olduqca pozitiv sifəti var. Elə bil nağıllardan çıxıb bizim dünyamıza gəlib. Bu qoca arvadı görəndə həm də istər-istəməz Elem Klimovun “Gəl, gözlərinlə gör” filmini xatırlayıram. Tərəvəz satan qoca arvad eynilə filmdə faşistlərin “doğub-törəmək üçün” çarpayıda çölə qoyduqları qoca arvada oxşayır. Klimov haradan tapıb o sifəti, o arvadı? Necə dəqiq bilib ki, məhz bu qadın, məhz bu kadrda çəkilməlidir. Dahilik budur. Bir kadrla tamaşaçının tüklərin biz-biz edirsən. Bircə kadrla bir sifəti yaddaşlara pərçimləyirsən.

Qoca arvaddan nə az, nə çox düz üç kilo çəhrayı pomidor aldım. Mayın axırlarından oktyabrın ortalarına qədər müxtəlif yollarla, müxtəlif vasitələrlə hər gün yalan olmasın azı yarım kilo pomidor yeyirəm. Pomidorun qabığını mütləq soyuram. Həkimlər pomidoru qabığı soyulmuş halda yeməyi tövsiyə edirlər...

Üç kilo çəhrayı pomidorla evə gəldim. Pomidor çığırtması bişirdim. Toqqanın altın babat bərkitdim. İki stəkan çay içdim. Balkona çıxıb bir siqaret yandırdım. Aşağıda möhkəm tıxac vardı. Maşınlar bir-birinin belinə minmişdi. Paralel küçədə təmir gedir. Ona görə də binanın qarşısındakı küçədə səhər saat səkkizdən axşam saat on birə kimi tıxac olur. Tərslikdən bir təcili yardım maşını hay-həşir salaraq sıx tıxacda özünə yol axtarırdı. Səs-küy aləmi bürümüşdü. Ürəyim sıxıldı. Siqareti vaxtından əvvəl söndürüb tez evə girdim. Dedim bir filmə baxsam yaxşı olar. Son vaxtlar qırxıncı illərdə çəkilmiş, “Böyük Vətən Müharibəsindən” bəhs edən sovet filmlərinə baxıram. Qırxıncı illərdə çəkilmiş filmlərdə təbliğat-təşviqat söhbətləri fəvvarə vurur. Filmlərdə alman ordusunu monqol-tatar ordusu kimi göstəriblər. Qırxıncı illərdə çəkilmiş sovet filmlərində qəribə-qəribə alman sifətlərinə rast gəlirsən. Bu sifətlərə baxmaq, onların söhbətlərinə qulaq asmaq mənim üçün çox maraqlıdır.

Xülasə, niyyətim filmə baxmaq idi. Sən saydığını say, gör fələk nə sayır. Yutubda qarşıma bir video çıxdı. Məntiqlə o video qarşıma çıxmalı deyildi. O videonun qarşıma niyə çıxdığının səbəbini bilmirəm. Açığı, bu kimi məsələlərdən çox xəbərsizəm. Deyəsən, videonu pullu reklama qoymuşdular. Ağlıma başqa variant gəlmir.

Videoda sifətinə bolluca məsum, kədərli ifadələr vermiş bir qız rəhmətə getmiş sevgilisi haqqında danışırdı. Necə tanış olublar, haralarda görüşüblər, haralarda gəziblər, hansı arzuları qurublar…

Sifəti, səsi, jestləri ilə özünü həyat tərəfindən şiddətlə cəzalandırılmış, həyat tərəfindən amansızcasına sındırılmış, taleyi darmadağın olmuş kimi göstərsə də qızın danışığından belə başa düşdüm ki, oğlan ölüb və özü də bilmədən canın bunun əlindən qurtarıb. Əgər sağ qalsaydı bu qız onu zərrə-zərrə, qram-qram, məşəqqətlə öldürəcəkdi və bu qız zərrə-zərrə, qram-qram, məşəqqətlə insan öldürmək prosesini qarşı tərəfə bir sevgi, bir şıltaqlıq, bir xoşbəxtlik aktları kimi təqdim edəcəkdi. Qarşı tərəf də zərrə-zərrə, qram-qram, məşəqqətlə öldürülməyi, bu amansız təqdimatı elə bir sevgi, bir şıltaqlıq, bir xoşbəxtlik aktları kimi qiymətləndirəcəkdi.

Hə, indi bu qız sevgilisinin ölüm mövzusunu bacardığı qədər istismar edəcək. Bacardığı qədər bu mövzudan xal toplayacaq. Paralel olaraq gözə görünməyən, yapışqanlı, məkrli torun qurub öz növbəti qurbanın gözləyəcək. Elə bir tor ki, orda tərpənəndə, xilas olmaq istəyi ilə çapalayanda daha dərinə batırsan. O tordan xilas olmağın yalnız bir yolu var: Ölmək.

Kimsə, hansısa bədbəxt sevgilisi rəhmətə getmiş bu qızı həyata qaytarmaq, yaraların sağaltmaq, yenidən bu qızda həyat eşqi, yaşamaq eşqi yaratmaq istəyəcək. Elə biləcək yaxşı iş görür. Ta bilməyəcək ki, gözə görünməyən, yapışqanlı torun qayəsi, məzmunu, mahiyyəti budur; Ölümün mümkün qədər istismarı, ölümdən mümkün qədər xal toplamaq və bununla bərabər tor qurub növbəti qurbanı gözləmək. Onu da zərrə-zərrə, qram-qram, məşəqqətlə öldürmək, bu məşəqqətli ölümü qarşı tərəfə bir sevgi, bir şıltaqlıq, bir xoşbəxtlik aktları kimi təqdim etmək.

Əslində, mən sevgilisi rəhmətə getmiş qıza qarşı, bəlkə də, ədalətsizlik etdim. Çünki bir çox kişilər zərrə-zərrə, qram-qram, məşəqqətlə ölməyi xoşlayırlar. Necə deyərlər, alan razı, satan razı. Həyat geniş mənada götürəndə başdan-ayağa kliplərə çəkilməkdi. Dahilərdən biri (deyəsən, Tolstoy, ola bilsin Anri Barbüs) bütün bu kimi söhbətlərə çox dəqiq ad qoyubdur: “Uşaqlar oynamırlar…”

# 4567 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #