Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?
11 aprel 2024
# 15:00

Kulis.az Alov İnannanın “Qadın fallik söyüş nəsnəsi kimi” yazısını təqdim edir.

1. SÖYÜŞ NƏDİR?

Ömründə ən azı bir dəfə də olsun söyüş söyməyən adam olmaz. Acıq, nifrət, sataşma, həqarət, məsxərə, bəzən səmimiyyət ifadəsi, bəzən də haqsızlığa reaksiya kimi söyüş – kültürün bir parçasıdır. Adam söyüşlə bir yandan özünü rahatlaşdırır, o biri yandan isə qarşı tərəfə psixoloji zərbə vurmaqla, onu incitməklə, alçaltmaqla, onun dəyərlərini heç etməklə söyüləni cəzalandırıb ondan qisas alır.

Söyüş – qarşı tərəfin müqəddəs saydığı dəyərlərini (vətən, bayraq, millət, dini simvollar), mərhəm yerlərini (ailə üzvləri, qohumlar) və şəxsiyyətini hədəf seçərək, onları alçaltmaq məqsədi güdür. Söyüş – psixoloji zorakılıq növlərindən biridir.

Söyüşlər məzmununa görə fərqlidir:

1. Sosial yönlü söyüşlər: etnik söyüş (qaraçı, erməni,..), ideoloji söyüş (faşist, anarxist,..), dini söyüş (kafir, imansız,..), sinfi söyüş (kəndçi, sonradan görmüş,..), cinsi söyüş (arvad, qızbibi,..)

2. Fiziki xüsusiyyətləri, xəstəlikləri ifadə edən söyüşlər: gombul, kar, kor, topal, şikəst, vərəm,..

3. Zehni xüsusiyyətləri ifadə edən söyüşlər: səy, gic, idiot, axmaq, sarsaq, zırrama,..

4. Heyvanları nəzərdə tutan söyüşlər: Eşşək, qancıq, itbalası, qoyun, donuz,..

Söyüşün alternativi qarğışdır, ancaq söyüş maskulin akt kimi kişilərin, qarğış isə feminin akt kimi qadınların monopoliyasına aid sayılır. Başqa sözlərlə desək, söyüş söyən qadını pis mənada kişiyə, qarğış edən kişini isə pis mənada qadına bənzədib əksildirlər.

Bilindiyi kimi, söyüşlərin ən bağışlanılmazı, qəbuledilməzi qadınlara ünvanlanan cinsi məzmunlu söyüşlərdir. Niyə?

2. QADIN BƏDƏNİNİN EROTİK NƏSNƏYƏ ÇEVRİLMƏSİ

Monoteist dinlərin ortaya gəlişi kültürləri daha da maskulinləşdirdi və qadın bədəninə münasibəti kökündən dəyişdirdi. İnsanı aylarla içində bəsləyən ana rəhmi, onun dünyaya çıxış qapısı – analıq orqanı, doğulduqdan sonra körpənin qida anbarı – ananın döşləri, habelə qadının aybaşısı, zahı vəziyyəti, bir sözlə, insanın qadın tərəfindən (xronoloji götürsək) yaradılması, doğulması, qidalandırılması – hər şey fərqli gözlə görülməyə başladı. Öncə qadın sirrsiz və sehrsizləşdirildi, sonra gözdən düşürüldü, daha sonda murdar və şeytani elan edildi.

Ancaq bu prosesdə bir ziddiyyət ortaya çıxırdı: bir yandan qadın bədəni pislənilir, başqa bir yandan isə həzzverən erotik nəsnə kimi arzulanırdı.Beləliklə, bir zamanlar yaradıcı sayıldığı üçün tapınılan, and yeri və ilahi güc simvolu olan qadın analıq orqanı, qadın döşü, qadın saçı bütünlüklə erotikləşdirildi.

Bu, indi də belədir, qadın cinsiyyət orqanı adı çəkiləndə kimsə bir zamanlar dünyaya gəldiyi analıq yolunu düşünmür, doğuş səhnəsi heç ağıla da gəlmir, dərhal gözlər qarşısında pornoqrafik bir mənzərə canlanır.

Bu sözləri qadın saçları haqqında da demək olar. Vaxtıilə günəşi qadın kimi təsəvvür edirdilər, günəş şüaları ilə qadın saçlarını eyniləşdirirdilər. Bu münasibət bizim dilimizdə özünü “saç” və “saçmaq” sözlərində göstərməkdədir. Göründüyü kimi, nənə-babalarımız günəşin işığını qadın saçına bənzətdiklərinə görə günəşin şüalandırmasını “saçmaq” feli ilə ifadə ediblər. İnsanın ruhunun, fiziki və mənəvi gücünün saçda gizlənməsinə inam, bir çox xalqlarda olduğu kimi bizdə də hələ yaşayır, məsələn gecə vaxtı saçkəsmə qadağası, saç tükündən cadu-pitikdə istifadə edilməsi, bakirə olmayan qızı cəzalandırmaq (gücsüzləşdirmək) üçün saçının dibindən kəsilməsi və s. Amma sonralar ilahi güc simvolu kimi tapınılan qadın saçının da sirrini, sehrini yox elədilər, əvəzində ona erotik məna verdilər. Hicab-çadra-burka söhbəti – bu mənalandırmanın davamıdır.

Matriarxat kültürlərdə qadın bədəni utanılacaq nəsnə deyildi, buna görə də gizlədilmirdi. 7 min ildən 40 min ilədək yaşı olan, dünyanın müxtəlif yerlərində tapılan heykəllərdə, qaya və divar rəsmlərində təsvir edilən qadın gövdəsi dolğun, təcrübəli, yaşlı, hökmlü, olduqca kök, bərəkət rəmzi kimi südlə dolu, iridöşlü, qabarıq analıq orqanıyla diqqəti cəlb edir. Bu heykəl və rəsmlər ən başlıcası, örtülmüş, bürünmüş halda deyil – çılpaq halda yaradılıblar. Belə təsvirlər Quranda yazıldığı kimi “döşləri tumurcuq kimi” 10-12 yaşlı körpə, arıq qız uşağını imitasiya edən huri vücuduna və yaxud bu günümüzün “maneken” ölçülərinə əsla uyğun gəlmir. Qadın bədəninin tabulaşması, seksin və cinsiyyət orqanlarının müqəddəs deyil, ayıb və söyüş ünsürü sayıldığı paternalist dünyada reallaşmağa üz qoydu.

Nə üçün söyüşdə passiv tərəf kimi qadın, aktiv tərəf kimi kişi iştirak edir?

Nə üçün cinsiyyət üzvlərinin adı söyüşə daxil olanda həmin söyüş bir o qədər yandırıcı, təsiredici olur?

Nə üçün ən qəbuledilməz və bağışlanılmaz söyüşlər fallik söyüşlərdir? Hətta belə söyüşlər bu gün belə, ölümədək varan saysız-hesabsız cinayət səbəbi sayılmışdır və sayılmaqdadır.

Söyüş nə üçün “kişi peşəsi”dir?

Patriarxal sistemin meydana gəlməsiylə dini və sosial həyatda maskulinləşmə özünü göstərməyə başladı. Elə bil kişilər “səssiz müqavilə” ilə birləşdilər: matrilokal ailədən patrilokal ailə formasına keçildi, əvvəl dayı, sonra ata ailənin başçısı oldu, uşaqlar əvvəl dayıya, sonra ataya aid sayıldı, qadınlardan örtünmək və ərə gedərkən bəkarət tələb edildi, qadınlar sosial həyatın qaynar yerlərindən uzaqlaşdırıldı: onlar təkcə siyasi-iqtisadi deyil, həm də dini institutlardan qıraqda saxlanıldı.

Ananı mərkəzə yerləşdirən matriarxal dövrlərdə insan yaratmanın səbəbi kimi seks müqəddəs idi və dini ayinlərə daxil idi. Qadının öz bədənindən bədən yaratması, doğub-törəməsi, doğuşdan sonra körpəsini illərlə əmizdirib qidalandırması kişimərkəzli dünyagörüş meydana gələndən sonra müqəddəsliyini itirdi. Əks-təbliğat məqsədilə qadın bədəninin hər üzvü murdar, lənətlik, şeytani, həqarətlik-söyüşlük sayılmağa başladı.

3. SAVAŞ VƏ SÖYÜŞ

Qadınlara yönələn cinsi məzmunlu söyüşlərin ən kəskini – təcavüz səhnəsini canlandıranlardır. Təcavüz – savaşların nəticəsi kimi meydana gəlib, bu baxımdan seksual aclıqdan çox qalibiyyət, intiqam duyğularını təmin edən bir fenomendir.

Savaş kişi tapıntısıdır.

Cinsi məzmunlu söyüş – təcavüz xarakteri daşıyır.Savaşlarda yenən tərəf basılan tərəfin yalnız siyasi, hərbi, iqtisadi sistemini çökdürmürdü, həm də dini sistemini dağıdırdı. Bir-birinin tapındıqları bütləri və müqəddəs saydığı əşyaları sındırmaq, kitablarını yandırmaq, həmin bütlərin və yaxud inanc nəsnəsinin müqəddəsliyini heç eləmək məqsədilə onlara söymək belə dağıtmaya daxildir. Hələ də Azərbaycanın şimal-qərb zonalarında bir-birinin allahını cinsi məzmunda söymək ənənəsi qalır. Əgər nəzərə alsaq ki, bir zamanlar qadın cinsində olan tanrılar kişi cinsində olan tanrılardan daha çox olub, söyüşlərdəki qadın ünvanı izah oluna bilən hala düşür. Söyüşün daha təsirli olması üçün, söyüş söyən, qarşı tərəfin ən dəyərli, ən müqəddəs saydıqlarını hədəfə alır. Buradaca söyüş-qadın əlaqəsinin başqa bir ziddiyətli bucağını görürük: ən uca olanının əksidilməsini. Yaxud, əksildilənin ən uca olmasını. Qadının indi söyüş ünvanı olması, onun prehistorik-matriarxat dövrdəki müqəddəs statusundan qalma izdir. Belə də demək olar: And yeri söyüş yerinə çevrilib.

Qadına yön alan cinsi məzmunlu söyüşləri xəyali təcavüz adlandırdıq. Bəs nə üçün acıqlanmış, nifrət dolu bir kişi özünü onu acıqlandıran, onda nifrət hissi oyadan birinə qadın ünvanlı təcavüz xarakterli sözləri deyib rahatlıq tapır? Cinsi münasibət cəza və intiqam vasitəsidirmi? Elədirsə, insanlar niyə sevdiklərini seksual obyekt kimi arzulayırlar, yaxud evlənirlər? Ziddiyyətin qütb səviyyəsinə baxın, eyni hadisə həm acığın, nifrətin, intiqamın, həm də sevginin son ucu kimi xəyal edilir! Bir əmələ söyüş, söygü, o biri əmələ isə sevgi, sevişmə adını qoyurlar.

İslam ölkələrində təcavüzə meyl və kişilərin qadını bir insan kimi deyil, cinsi varlıq kimi görmələri xristian ölkələrindən qat-qat daha çoxdur. Burada statistikaya əsla müraciət etməyəcəyəm, çünki, Şərq olkələrində ən çox gizlədilən, ortaya çıxarılmayan və cəzasız buraxılan cinayətlərin başında qadınlara edilən cinsi təcavüz gəlir. Qərb ölkələində bir qadının öz rəsmi əri tərəfindən cinsi zorakılığa məruz qalması statistikaya cinsi zorakılıq aktı kimi salındığı halda Şərq ölkələrində nəinki belə hadisə normal sayılır, hətta buna din səviyyəsində icazə verilir: “Qadınlar sizin tarlanızdır, ora istədiyiniz vaxt daxil ola bilərsiniz.” (Bəqərə, 223).

Xristian ölkələrində qadına baxışda onun cinsiyyətinin az rol oynaması, xristianlıqda seksin, seksuallığın həm qadın, həm də kişilər üçün az qala günah sayılmasıdır. Özlərini İsa nişanlıları sayan və heç zaman ərə getməyən rahibələr, eləcə də özlərini İsaya bənzədərək evlənməyən keşişlər cinsi münasibəti ümumiyyətlə şeytani sayırlar. Xristianlıq hətta kişilərin qadına şəhvani baxmasını belə zinaya bərabər hesab edir. İslam dinində isə cinsi toxluq yalnız qadınlardan tələb olunur. Kişi bu dünyada dörddən artıq qadınla evlənə bilər, evindəki cariyələriylə cinsi münasibətdə ola bilər, o dünyada cənnətə düşdükdə isə onu saysız-hesabsız hurilər gözləyir. Cənnət təsvirlərinə diqqət edilsə, vurğu ən çox seks üzərinə düşür, yəni cənnət az qala seks məkanı mənasına gəlir. Bəzi islam alimləri cənnətdə iki cür xidmətçidən bəhs edirlər, yemək-içmək verən, hardasa saqilik edən xidmətçilər – qılmanlar, seksual xidmətçilər – hurilər. Cənnət huriləri açıq-aydın şəkildə kişilərin qadın zövqünə uyğun təqdim edilir; onların gözlərinin rəngi, iriliyi, üzlərinin gözəlliyi, yumurtaya bənzərliyi, hamarlığı, ağlığı, döşlərinin hansı böyüklükdə olması, əl dəyməmiş, bakirə olmaları, hətta əyinlərinə geyindikləri parçanın çeşidi (ipəkdən olması) və s. Göründüyü kimi, cənnətdə yalnız kişilərin seksual partnyorlarının necəliyindən danışılır, bu söhbətlərin cənnətə düşəcək qadınlara əsla dəxli yoxdur. Qadınlar bu dünyada ailə quranda yalnız bir kişi ilə kifayətlənməlidir. Cənnətə düşəcəkləri halda isə, onların kişilərdən fərqli olaraq cinsi partnyorları haqqında heç bir məlumat yoxdur. Bu barədə səhih hədislərdə isə cənnətə düşəcək qadınların ya ərlərinə, ərləri olmayıbsa din yolunda şəhid olmuş kişilərdən birinə (əgər onların da hurilərdən başları ayılarsa) veriləcəkləri deyilir.

Beləliklə, qadının həm bu dünyada, həm də axirətdə insan kimi deyil, seks vasitəsi kimi qavranılması bütün islam ölkələrində qadın problemlərinin kökündə duran ana səbəblərdən başlıcasıdır. Bu səbəb Qərb ölkələriylə müqayisədə Azərbaycanda da “ana-bacı söyüşü”nün daha kəskin və ölümcül qarşılanmasını qismən izah edir.

# 3107 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #